Yaşasın Kral!

“Maykl” bədii filminin pre-prodakşn mərhələsi hələ bir neçə il öncə elan olunanda böyük səs-küyə səbəb olmuşdu. Həm müğənninin fanatları, həm də ümumi tamaşaçı kütləsi arasında. Bu film eyni zamanda həm gözlənilən idi, həm də gözlənilməyən. Çünki, bu miqyasda və formatda insanı ekranda canlandırmaq olduqca çətin və hətta mümkünsüzdür. Maykl Cekson sadəcə müğənni deyil. Bəstəkar, rəqqas, aranjımançı, şair, rəssam, filantrop və sair keyfiyyətləri bir simada canlandırmaq hər aktyorun işi deyil. Sadaladığım bu məqamları aktyor hiss etməli, Mayklla eyni dalğaya köklənməli və empatiya qurmağı bacarmalıdır. Baş rola müğənninin qardaşı oğlu Cafar Cekson seçiləndə, bu qərara bütün dünya kimi mənim də fikrim birmənalı olmadı. Lakin filmin bugünkü fantastik uğuru – dünya kinosu tarixində ən çox satılan bioqrafik film (978 ABŞ dolları) – seçimin və ümumiyyətlə, layihənin düzgün planlaşdırılmasından xəbər verir. Mayklın 40 illik pərəstişkarı kimi sözügedən film haqda obyektiv fikir bildirmək çətin olduğu üçün bu məqaləni iki hissəyə ayırıram: Ceksonun pərəstişkarı kimi və kinotənqidçi kimi fikirlərimi bölüşəcəyəm.

“Maykl” filmi, əslində, 2025-ci ilin noyabrında ekranlara çıxmalı idi və filmin hazırkı finalı – üçüncü aktı tamam fərqli olmalı idi. Bu haqda filmin rejissoru Antuan Fukua premyeradan sonra verdiyi müsahibəsində də bir daha vurğuladı. Filmin finalının yenidən yazılması və çəkilməsi, filmin premyerasını gecikdirdi. Filmin dünya premyerasına 2 gün qalmış “Rotten tomatoes” (nüfuzlu kino saytı) və bu sıradan olan digər saytlar filmə çox aşağı qiymət verdilər. Onlar bunu, filmin bədii keyfiyyətinin aşağı olması, Mayklın bütləşdirilməsi və onun ümumiyyətlə steril təqdim olunması ilə əsaslandırıblar. Və qeyd ediblər ki, film natamamdır və sonluğu ümumiyyətlə yoxdur. Əvvəla onu qeyd edim ki, filmin davamı olacaq, belə ki, mövcud filmdə, Mayklın həyatı və yaradıcılığı 1988-ci ilə qədər təsvir edilib. İkinci hissə hazırda pre-prodakşn mərhələsindədir. Bu barədə Cafar Cekson müsahibəsində qeyd edib. Xatırladım ki, Maykl Cekson 50 yaşında vəfat edib, 5 yaşından çıxış edən müğənninin 45 illik (!) səhnə fəaliyyəti olub və bunun hamısını 2 saatlıq filmə yerləşdirmək mümkün deyil. Bu səbəbdən filmin müəlifləri müğənninin yalnız 1988-ci ilə – solo artist kimi ilk dəfə “Bad” dünya turuna çıxması – qədərki fəaliyyətini təsvir ediblər.

Kinotənqidçilərlə razıyam müəyyən mənada. Filmdəki hadisələr “tez-bazar” alınıb. Uşaqlığı, yeniyetməliyi və yetkinlik yaşları arasında heç bir “nəfəslik” verilməyib. Hadisələr tez cərəyan edir, Maykl çox tez “böyüyür”, dövrlər arasındakı keçidlər çox tezləşdirilib. Mayklın yaradıcı prosesi, mahnılar, kliplər, rəqslər və s. elementlər üzərində işləməyi demək olar ki təsvir edilməyib. Aysberqin yalnız görünən hissəsi verilib. Bundan savayı, bəzi faktlar təhrif olunub. Mayklın solo karyeraya başlaması və bunun səbəbləri, tətikləyici məqamlar, babasından ona genetik olaraq “yadigar” olan vitiliqo dəri xəstəliyi, ilk dəfə plastik əməliyyatın keçirilməsi səbəbləri və sair nüanslar bədiiləşdirilərək təhriflənib.

Mənim şəxsi gözləntilərim təəssüf ki, puça çıxdı. Cekson olduqca perfeksionist, özünə və ətrafına qarşı çox tələbkar və novator insan olub. Onun studiyasında divara yazıb yapışdırdığı “Bu gün dünənkindən çox, lakin sabahkından az nəticə vermək lazımdır” ibarəsi onun həyat sloqanı olub. O, hər mahnısının üzərində illərlə işləyib və ideal nəticə əldə edənə qədər gecə-gündüz çalışıb. Hətta vaxt itirməsin deyə, yorğan-döşəyini studiyada salıb yatırdı. Bir albom üçün 100-dən çox mahnı bəstələyirdi və yalnız 10-12 ədədini alboma salırdı. Bütün bu məqamlar filmdə qabardılmayıb. “Billie Jean”, “Don’t stop ‘til you get enough”, “Bad” mahnılarının (məhz bu mahnılara filmdə geniş yer verilib) yaranma prosesi təəsüf ki təsvir edilməyib. Hər birinin maraqlı, keşməkeşli yaranma tarixçəsi var, bunlar haqda internet resurslarında oxumaq olar.

Filmin yaradıcıları bir qədər yumşaq dillə desək, xəsislik ediblər. Müəllif hüquqlarına görə çox vəsait xərclənməsin deyə, Mayklın həyat və yaradıcılığının 1969-1988-cı illər aralığında olan bir sıra tarixi məqamlarını filmə salmayıblar. Buna misal olaraq, Mayklın Layonel Riçi ilə 1985-ci ildə birlikdə bəstələdiyi “We are the world” mahnı-layihəsini qeyd edə bilərəm. Sözügedən mahnının ərsəyə gəlməsində o dövrün ən məşhur musiqiçiləri iştirak etmişdi və sinqldan əldə olunan bütün gəlirlər Afrikaya yardım üçün ianə edilmişdi.
Daha bir məqam, “Triller” – tarixin ən uğurlu və ən çox satılan albomunun hazırlanmasına filmdə bir neçə dəqiqə vaxt verilib. Eyniadlı mahnının bəstələnməsi, ona “Triller” adının qoyulması, (mahnının ilkin variantı “Starlight” adlanırdı), o cümlədən, “Billie Jean” mahnısının mövzusunun, sözlərinin və nəhayət musiqisinin ideyasının tapılması (internetdə bu barədə ətraflı məlumat əldə edə bilərsiniz.) filmdə çox maraqlı görünərdi.

Filmin bədii tərəfinə keçək. Əsas rolları canlandıran aktyorlar, xüsusilə, Mayklı oynayan Cafar Cekson çox inandırıcı alınıb. Baxmayaraq ki, bu film Cafarın ilk roludur və buna qədər heç vaxt kamera qarşısında durmayıb, o, əmisinin xasiyyətini inandırıcı təsvir edib, amma, fikrimcə, rəqsləri ortabab alınıb, onları daha da ideallaşdırmaq olardı. Mayklın uşaqlığını oynayan Culiano Valdi haqda isə uzun-uzadı danışmaq olar. O, Cafardan fərqli olaraq balaca Mayklın plastikasını, zirəkliyini, müxtəlif ovqatlarını, uşaqlıq rəqslərini, əlinin, barmaqlarının hərəkətlərinə qədər ən xırda detalları belə zərgər dəqiqliyi ilə canlandırmağa nail olub.

Mayklın valideynlərini oynayan Kolman Dominqo və Nia Lonq da qəhrəmanlarının portretlərinin öhdəsindən gəlməyi bacarıblar. Mayklın bacılarını və qardaşlarını oynayan aktyorlar isə sönük və hadisələrin cərəyan etməsində demək olar ki, iştirak etməyən qəhrəmanlar ansamblı yaradıblar. Bəlkə də bu, rejissorun Mayklı daha parlaq təsvir etmək üçün düşünülmüş addımıdır. Amma realda isə tam əksi olub. Onun qardaşları, xüsusilə böyük bacısı La Toya filmdə mehriban və Mayklı dəstəkləyən kimi təsvir olunsa da, real həyatda Mayklı heç də atalarından az əzməyiblər.


Yeri gəlmişkən, Cozef Cekson filmdə həddindən artıq qəddar və əzazil təqdim olunub. Bəli həyatda da elə olub, hətta Maykl özü müsahibələrində ondan “iyrənc” dərəcədə qorxduğunu, onun tərəfindən nəinki qayışla, hətta dəmir armatur parçası ilə də döyüldüyünü etiraf edib. Lakin, istənilən halda Pop Musiqisi Kralının atasını belə qlobal nifrət obyektinə çevirmək yolverilməzdir. Yeri gəlmişkən, Maykl 2009-cu ildə, son turunun elanından sonra atasına məktub yazaraq onu yenidən menecerliyə dəvət etmişdi. Məktubda belə bir abzas var: “Cozef, xahiş edirəm, gəl, onlar mənim dərimi soyurlar, müflis etmək istəyirlər. Buna nail olmasalar, məni öldürə də bilərlər”. Məktubun əlyazmasının surətini internetdə tapıb oxumaq olar. Ümid edirəm ki, filmin ikinci hissəsində bu faktı təsvir edərək, Cozefə bəraət qazandırarlar.
Gələk, filmdə mövcud olmayan məqamlara. Əvvəldə qeyd etdiyim kimi, bütün dünya kinotənqidçiləri, Mayklın məlum məhkəmə çəkişmələrinin filmdə əks etdirilməməsini əsas gətirərək filmə aşağı bal veriblər. Daha doğrusu, bu da, aşağı bal verilməsinin səbəblərindən biridir. Hələ filmin post-prodakşn dövründə müəlliflər rəsmi bildirmişdilər ki, film 1993-cü ildə baş vermiş ilk məhkəmə iddiası ilə yekunlaşacaq. Bu xəbərdən sonra, Mayklı günahlandıran Çandler ailəsi, onların və Mayklın o dövrkü administrasiyası arasında eyni ildə bağlanan müqaviləni əsas gətirərək, filmin yaradıcılarını məhkəmə ilə hədələyərək, filmdən onlara aid hissənin dərhal çıxarılmasını tələb edirlər. Müqaviləyə əsasən, gələcəkdə – 1993-cü ildən sonra – Maykl haqqında hər hansı bir rəsmi materialda (ədəbiyyat, bədii və ya sənədli film) onların adının çəkilməsi qadağan olur. Bu haqda hətta mən məlumatlı idim, bu faktdan Mayklın indiki administrasiyasının xəbərsiz olması müəmmalı məsələdir. Studiya bu səbəbdən filmin premyerasını təxirə salır və alternativ final üçün yeni çəkilişlərə başlayırlar. Bu faktı nəzərə alaraq, tənqidçilərin neqativ rəyini başa düşmürəm.
Tənqidçilər qeyd edirlər ki, film yarımçıq, natamam və pafoslu təsir bağışlayır. Bir daha təkrar edirəm, Mayklın həyatının hər bir mərhələsini ekrana köçürmək üçün 1 və ya 2 seriyalı film kifayət etmir, buna çoxseriyalı bədii televiziya filminin gücü çatar. Bəli, film natamamdır, Amma, filmin prodüserlərinin məqsədi bu deyildi, onlar Mayklı artıq 17 ildir ki görməyən “ac” fanatlar üçün məhsul istehsal etməyi planlaşdırırdılar və bu da alındı. Elə ilk həftəsonunda film (200 milyon ABŞ dolları) büdcəsini artıqlaması ilə çıxardı. Və yaxın günlərə olan rəsmi göstəricilərə görə film artıq 978 milyon toplaya bilib. Dünya kinoteatrları hazırda konsert salonlarına çevrilib. Filmdə mahnı parçası səslənən kimi fanat-tamaşaçılar özlərini konsertdə hiss edərək, ayağa qalxıb rəqs etməyə başlayırlar. Bu hal hətta yerli kinoteatrlarda da yaşanıb. Fanatların hər biri filmə azı 2 dəfə gedib tamaşa edib, 8 və daha çox baxanlar da olub. Bu fanat ordusuna filmin hansısa mənfi və ya zəif cəhətindən söz açmağın faydası yoxdur.

Filmin müsbət tərəfləri də barmaqla sayılacaq qədər deyil. Misal üçün, “Billie Jean” mahnısının 1983-cü ildə “Motown 25” konsertindəki təqdimatının birəbir təqlidi, “Thriller” klipinin eyni məkanda yenidən canlandırılması, qrim, kostyumların hazırlanması, dövrün ab-havası və s. kimi məqamlar təqdirəlayiqdir. Ən əsası, mən xoş olan məqam, filmdəki mahnıların yeni aranjımanda istifadəsi oldu. “Billie Jean”, “Don’t stop ‘til you get enough” və digər mahnılar film üçün təkrar, müasir səslənmədə aranjıman edilmişdi. Cafar Ceksonun səsinin Mayklın səsinə oxşadılması ayrı cür təsir bağışlayır. Mayklın özünəməxsus və heç kimə bənzəməyən yumşaq səsini ötürməyə müəlliflər yüksək səviyyədə nail olmağı bacarıblar. Mayklın uşaqlıq dövründən cangüdəni işləmiş və daha sonralar ona mənəvi ata olmağı bacarmış Bil Breyin obrazı tamaşaçılar arasında xüsusi müzakirə mövzusuna çevrilib. Yeri gəlmişkən, qeyd edim ki, Mayklın kiçik bacısı Canet Cekson filmdə onun obrazının yaradılmasına qarşı çıxmış və Mayklın qızı Peris isə naməlum səbəbdən ümumiyyətlə filmi boykot edib.


Buna baxmayaraq, “Maykl” filmi müğənninin yaradıcılığına bir də işıq salmış, nəticədə onun hitləri yenidən hit-paradlarda ən yüksək zirvələrdə qərarlaşıb, Spotify platformasında Mayklın dinləyicilərinin sayı aylıq 100 milyonu keçib (premyeradan əvvəl 30 , hazırda isə 108 milyondur) və müğənni, vəfatından 17 il sonra yeni fanatlar qazanıb.
İlqar Quliyev