Az büdcə ilə möcüzələr yaradan rejissor

“B” kateqoriyalı filmlərin kralı hesab olunan amerikalı rejissor Rocer Korman (1926–2024) karyerası ərzində 55 film çəkib, 300-dən çox ekran əsərinin isə prodüseri olub. O, əsasən, aşağı büdcəli qorxu və döyüş filmləri ilə tanınıb. Korman həm də fenomenal sürətlə və minimal büdcə ilə işləmək bacarığı sayəsində şöhrət qazanıb. Məsələn, rejissorun “Dəhşətlər dükanı” (1960) filmini cəmi iki günə, 30 min dollar büdcə ilə çəkdiyi bildirilir.
Kormanın yaradıcılıq fəaliyyətinin ən məhsuldar dövrü 1950–1960-cı illərə təsadüf edir. Bu, həmin illər idi ki, Hollivudun klassik studiya sistemi tənəzzülə doğru gedir, senzura yumşalır, daha cəsarətli, psixoloji baxımdan mürəkkəb filmlər meydana çıxırdı. Eyni zamanda kino sənayesi televiziya ilə rəqabət aparır, yeni nəsil aktyorlara və rejissorlara meydan verilirdi.
Korman belə bir dövrdə fəaliyyətə başlamışdı. Onun tələsik və sadə şəkildə çəkilmiş, kütləvi ədəbiyyata, avanqard sənətə əsaslanan filmləri ilk baxışdan xüsusi bədii dəyəri ilə seçilmirdi. Lakin zaman keçdikcə, bu filmlər kulta çevrildi və onun Edqar Ponun əsərləri əsasında ekranlaşdırdığı qotik ekran əsərləri tənqidçilər tərəfindən yüksək qiymətləndirildi.

Frensis Ford Koppola, Ceyms Kemeron, Martin Skorseze və Conatan Demmi kimi tanınmış rejissorlar karyeralarının ilk dövrlərində Kormanın rəhbərliyi altında çalışmış, onun yanında təcrübə toplamışdılar. Sonralar onlardan bəziləri Kormana minnətdarlıqlarını ifadə etmək məqsədilə öz filmlərində ona epizodik rollar da vermişdilər.
Bundan başqa, Korman Cek Nikolson, Piter Fonda və Robert De Niro kimi aktyorların istedadının üzə çıxarılmasında mühüm rol oynamış, onların karyeralarının əvvəlində dəstək göstərmişdi.
1971-ci ildən sonra isə Korman rejissorluq fəaliyyətini dayandıraraq, prodüser kimi fəaliyyət göstərib.
2009-cu ildə Amerika Kino Akademiyası Rocer Kormana “film sənayesinə və kinorejissorların yetişdirilməsinə verdiyi zəngin töhfələrə görə” fəxri Oskar mükafatını təqdim etmişdi.
Korman, müstəqil Amerika kinematoqrafiyasının yaradanlardan biri idi və yuxarıda dediyimiz kimi o, minimal büdcə ilə film çəkməyin ustası idi.
Rejissorun 1954-cü ildə ekranlara çıxan ilk filmi “Okeanın dibindən gələn bədheybət” adlanırdı. Film cəmi 10 min dollar büdcəyə başa gəlmiş və çox sayda tamaşaçı tərəfindən baxılmışdı. Korman çəkilişlər zamanı hər şeyə qənaət etməyə çalışırdı. Məsələn, bir flmində istifadə olunan rekvizitlərdən sonrakı filmlərində də yararlanırdı.
Kormanın qızıl qaydalarından biri belə idi: filmdəki bədheybət baş rolun ifaçısından daha böyük olmalıdır. O, bu prinsipi 1950–1960-cı illərdə qazandığı təcrübə əsasında formalaşdırmışdı və həmin dövrdə kult statusu qazanmış fantastik qorxu filmləri çəkmişdi (məsələn, “O, dünyanı ələ keçirdi”, “Nəhəng xərçənglərin hücumu” və s).

Bu qaydanın mahiyyəti olduqca sadədir: cüzi büdcə ilə çəkilən filmdə tamaşaçını ekran qarşısında saxlamaq üçün onu qorxulu bir şeylə heyrətləndirmək lazım idi. Nəhəng ölçülü bədheybət (hətta kağız kütləsindən və ya rezin kostyumdan hazırlansa belə) bu məqsədə çatmaq üçün ən yaxşı vasitə idi.
Korman rejissorlara hər şeyə qənaət etməyi, çəkiliş heyətini minimuma endirməyi məsləhət görür: ”Qənaət-maksimum əmək və motivasiya tələb edir”.
İlk filmlərindən biri “Okeanın dibindəki bədheybət”in çəkilişləri zamanı gənc Korman yükdaşıyan və sürücü kimi çalışır, dekorasiyaları sökür, qururdu. O, bunu çəkiliş heyətinə əlavə iş saatlarına görə ödəniləcək vəsaitə qənaət etmək üçün edirdi. Ümumiyyətlə, hər qəpiyin hesabını aparırdı, çünki pulu təkcə prodüserlərdən almır, dostlarından da borc götürürdü.
Kormanın çəkiliş heyətində adam sayı ənənəvi olaraq minimum olurdu və hər kəs bacardığı bütün işləri görürdü.
Rejissor vurğulayırdı ki, ən yaxşı kino məktəbi çəkiliş meydançasında təcrübə qazanmaqdır. Və o, əmin idi ki, səbrli və israrlı insanları həmişə görürlər.
Kormanın fikrincə, əgər kino sahəsində karyeranıza yenicə başlayırsınızsa və ya bu sahədə təhsil almağı düşünürsünüzsə, çəkiliş meydançasında işə düzəlin; işə kino çəkilişlərində istifadə olunan “xlopuşka” ilə başlamaq, işıq texniki kimi çalışmaq, hətta qəhvə daşımaq belə mümkündür.
…Hollivudda yüzlərlə insan məhz Kormanın yanında təcrübə qazanaraq yetişmişdi. Kino tənqidində hətta “Rocer Korman məktəbi” adlı xüsusi termin də mövcuddur. Bu anlayış, 1960–1970-ci illərdə gələcəyin məşhur rejissorlarının, aktyorlarının və operatorlarının yetişdiyi “kadrlar emalatxanası”nı ifadə edir. Çünki Korman yeni başlayanlar üçün bahalı kino məktəblərini real çəkiliş təcrübəsi ilə əvəz edirdi. Və onlara son dərəcə məhdud imkanlar şəraitində işləməyi öyrədirdi. Rejissorlar maksimum qənaət və sürətlə çəkməliydi. Ona görə çəkilişlər adətən cəmi bir neçə günə (bəzən 2–5 gün ərzində) yekunlaşırdı.

Kormanın iş prinsiplərindən biri rejissorlara intizam müqabilində tam yaradıcılıq azadlığı vermək idi. Yəni rejissor, əvvəldən nəzərdə tutulmuş büdcədən kənara çıxmayanda və çəkiliş qrafikinə əməl edəndə, eyni zamanda janrın əsas qaydalarını pozmayanda Korman çəkiliş prosesinə müdaxilə etmirdi. Bu qaydalara bir qədər erotika, yumor, ekşn və yuxarıda qeyd etdiyimiz “bədheybət baş roldakı aktyordan böyük olmalıdır” prinsipi də daxil idi.
Digər prinsip, karyerasına yeni başlayan rejissorun universal bacarıqlara malik olmasıydı. Onlar hər işi özləri görürdülər: kabellər daşıyır, montaj edir, çəkiliş zamanı ssenarini yenidən yazır və dərhal rejissor kürsüsünə əyləşirdilər.
Karyerasının ilk illərində Korman ağ-qara filmlər çəkirdi və bu, azbüdcəli ekran əsərlərinin fərqləndirici xüsusiyyətlərindən biri idi. Yeni əsrin əvvəllərində rejissor rəqəmsal inqilabın potensialını ilk qiymətləndirənlərdən biri oldu. Korman hesab edirdi ki, minimal imkanlarla film çəkən hər kəs kinolentdən istifadə etməyi düşünməməlidir.
“Rəqəmsal kameraların ucuz film istehsalı üçün üstünlükləri göz qabağındadır. Onlardan çəkiliş meydançasında istifadə etmək daha asandır, kompüter effektləri isə rejissora tamamilə yeni imkanlar yaradır… Filmlərin yayımı mərhələsində bu texnologiyalar hətta böyük kinostudiyalarla rəqabət aparmağa imkan verir”.
Kormanın gənc rejissorlara verdiyi məsləhətlər Amerika müstəqil kinematoqrafiyasının əsasını təşkil edən bir düşüncəyə söykənir: “Özün ol, prinsipial ol, yaradıcı impulsunun ardınca get, bazarın təsirindən uzaq dur və heç bir güzəştə getmə”.
Korman deyirdi:
“Mən böyük kinostudiyalarda da çalışmışam, lakin onların mənim əvəzimə hər şeyə qərar verməsi xoşuma gəlmirdi. Əlbəttə, gözləyə, müəyyən güzəştlərə gedə və elə bir səviyyəyə çata bilərdim ki, artıq heç bir güzəştə getməyə ehtiyac qalmasın. Amma mənim səbrim çatmırdı və gözləmək istəmirdim”.
Bunan başqa Korman yeniyetmələr və gənclər üçün çəkilən filmlərin böyük tamaşaçı potensialına malik olması qənaətində idi.
“Böyük kinostudiyaların yay mövsümündə nümayiş etdirilən gənclik filmlərindən pul qazanmağa başlaması üçün niyə 15 il gözlədiyini anlamıram… Belə filmlərin sirri çox sadədir: qeyri-adi və çılğın bir mövzudan bəhs et, çoxlu hərəkət və macəra, bir qədər seks əlavə et və hansısa maraqlı, qeyri-adi fənd düşün”.
Kinoyazar.az