İNDİ OXUYUR
İki qardaş, iki fərqli həyat

İki qardaş, iki fərqli həyat

Bu yaxınlarda Frankofoniya Festivalı çərçivəsində fransız rejissoru Emmanuel Kurkolun “Orkestr qardaşları” filminə baxdım. Film təcili sümük iliyi donoruna ehtiyacı olan, dünyaca məşhur dirijor Tibonun (Benjamən Lavern) hekayəsindən bəhs edir. Bacısı donorluq üçün analiz verdiyi zaman məlum olur ki, Tibo ailənin bioloji övladı deyil, övladlığa götürülüb. Bu gözlənilməz həqiqət, Tibonun həyatında yeni bir səhifə açır. O, doğma qardaşı Cimmini (Pyer Lottin) axtarmağa başlayır və nəhayət, onu tapır.

Film fransız kinosunun ənənələrinə sadiq qalaraq, fərdin daxili gərginliyini, sosial problemlərini və emosional dünyasını tamaşaçıya kifayət qədər uğurla çatdırır. Hekayənin əsasını iki qardaşın həyatları arasındakı kəskin kontrast təşkil edir.


Tibo həyatda qalmaq uğrunda mübarizə apardığı halda, Cimmi sosial statusundan irəli gələn iqtisadi problemlərlə mübarizə aparır. Tibo dünyaca məşhur dirijor olduğu halda, Cimmi yerli həvəskar orkestrdə trombon ifaçısıdır. Bu fərqlilik, yalnız onların sosial vəziyyətlərində deyil, xarakterlərində də özünü göstərir.

Cimmi coşqun, sərt, həyatın çətinlikləri ilə daim üzləşdiyi üçün artıq böyük arzular qurmaqdan belə çəkinir. Tibo isə həyatını bütünlüklə musiqiyə həsr etmiş, bu sahədə arzulaya biləcəyi zirvələrə çatmış, sakit və təmkinli insandır.

Məhz bu kontrast fonunda hər iki personaj qardaşlıq anlayışını yenidən kəşf etməyə çalışır. Onlar bir-birlərini tapmağın sevincini yaşamaqla yanaşı, illər boyu birlikdə ola bilmədiklərinin təəssüfünü də yaşayırlar.

Filmin emosional tərəflərindən biri də Tibonun keçmişi ilə üzləşməsidir. Tibo öyrənir ki, onu övladlığa götürən valideynləri vaxtilə Cimmini də ailələrinə qəbul edə bilərdilər. Lakin öz doğma qızlarını nəzərə alaraq bu addımı atmayıblar.Bu həqiqət, Tibonun valideynlərinə qarşı üsyan etməsinə səbəb olur. O, qardaşı ilə birlikdə böyümək imkanının əllərindən alındığını düşünür. Lakin sonradan ailəsinin həmin qərarı vermək üçün öz səbəblərinin olduğunu anlamağa başlayır.

Beləliklə, film yalnız iki qardaşın bir-birini tapmasından yox, həm də keçmişdə verilmiş qərarların insan taleyinə təsirindən bəhs edir. Burada ailə anlayışı təkcə qan qohumluğu ilə yox, seçimlər, məsuliyyət və həmin seçimlərin doğurduğu nəticələrlə də əlaqələndirilir. Tibo qardaşı ilə yanaşı, onun fəaliyyət göstərdiyi həvəskar orkestrin kollektivi ilə də yaxınlaşır. Bu yaxınlaşma nəticəsində məlum olur ki, kollektivin üzvləri ciddi sosial problemlərlə üzləşiblər. Onların çalışdıqları zavod bağlanmaq təhlükəsi qarşısındadır və bu vəziyyət insanların onsuz da çətin olan həyatlarını daha da mürəkkəbləşdirir.


Beləliklə, iki qardaşın şəxsi hekayəsinə daha geniş sosial müstəvi əlavə olunur. Tibonun fərdi faciəsi ilə Cimminin mənsub olduğu təbəqənin kollektiv problemləri paralel şəkildə inkişaf edir. Bir tərəfdə bütün uğurlarına baxmayaraq həyatı təhlükədə olan insan, digər tərəfdə isə yaşamaq üçün gündəlik mübarizə aparan insanlar dayanır.

Bununla belə, film sosial bərabərsizlik mövzusunu didaktik müstəviyə daşımır. Problemlər personajların gündəlik həyatının təbii hissəsi kimi təqdim olunur. Nəticədə tamaşaçı yalnız onların çətinliklərini deyil, həmin çətinliklərə baxmayaraq qoruyub saxladıqları həyat enerjisini də görür.

”Orkestr qardaşları” kifayət qədər ağır mövzulara toxunmasına baxmayaraq, onları pozitiv tonda və yüngül atmosferdə təqdim etməyi bacarır. Film tamaşaçını hadisələrin ağırlığı altında əzmək əvəzinə, onu personajların dünyasına yaxınlaşdırır. Bunun sayəsində, tamaşaçı hekayəni kənardan müşahidə etmir, sanki həmin insanların həyatına daxil olur, onların sevincini və kədərini bölüşür.

Bütün bu emosional tarazlığın qorunmasında musiqi həlledici rol oynayır. Musiqi filmin müşayiət elementindən çox, onun şah damarıdır. Əslində, iki qardaşın arasındakı ən mühüm ortaq cəhət də məhz musiqidir. Sosial statusları, dünyagörüşləri və xarakterləri fərqli olsa da, hər ikisi özünü musiqi vasitəsilə ifadə edir. Tibo üçün musiqi həyatını həsr etdiyi peşə, Cimmi üçün isə gündəlik problemlərdən uzaqlaşmaq və özünü azad hiss etmək vasitəsidir.

Bu baxımdan filmdə iki fərqli musiqi dünyasının qarşılaşmasını da görürük. Bir tərəfdə peşəkarlıq, intizam və yüksək sənət standartları ilə formalaşmış simfonik musiqi mühiti, digər tərəfdə isə həvəskar ifaçıların səmimiyyəti, kollektiv ruhu və musiqidən aldıqları həzz dayanır. Lakin film bu dünyalardan birini digərindən üstün göstərməyə çalışmır. Əksinə, musiqinin sosial sərhədləri aşaraq insanları birləşdirə biləcəyini nümayiş etdirir.

Musiqi eyni zamanda filmin dramaturji ritmini müəyyənləşdirir. O, emosional səhnələr arasında keçid yaradır, bəzən gərginliyi yumşaldır, bəzən isə zahirən sakit görünən hadisələrin daxili təsirini gücləndirir. Xüsusilə diqqətçəkən məqam odur ki, film hər emosional anı ağır dramatik vasitələrlə vurğulamağa ehtiyac duymur. Bəzən musiqinin özü personajların sözlə ifadə edə bilmədiyi hissləri tamaşaçıya çatdırmaq üçün kifayət edir.

Nəticədə musiqi həm iki qardaşı birləşdirən ortaq dilə, həm də tamaşaçı ilə personajlar arasında emosional körpüyə çevrilir. Film boyu qorunan yüngül atmosferin altında gizlənən kədər də məhz bu vasitə ilə daha aydın hiss olunur. Aktyor seçiminə gəldikdə isə, filmdə iki qardaşı canlandıran aktyorlarla yanaşı,  ümumilikdə bütün aktyor heyəti uğurlu təsir bağışlayır. İkinci dərəcəli personajlar belə hadisələrin fonunda itib-batmır. Onların hər biri öz xarakteri, davranışları və reaksiyaları ilə filmin atmosferinə töhfə verir. Bu mənada aktyor ansamblı əsl orkestri xatırladır. Necə ki, orkestrdə müxtəlif alətlər bir-birini tamamlayaraq vahid musiqi yaradır, burada da fərqli xarakterlər birlikdə bütöv və canlı bir dünya formalaşdırırlar. Heç bir personajın digərini kölgədə qoymasına ehtiyac yoxdur. Çünki filmin gücü həm  fərdi ifalarda, həm də kollektivin yaratdığı təbii münasibətlərdədir.


Burada fransız həyat tərzinin kinoda tez-tez rast gəldiyimiz bir xüsusiyyəti də özünü göstərir: insanlar nə qədər ciddi problemlərlə üzləşsələr də, gündəlik həyatın kiçik sevinclərindən imtina etmirlər. Zarafatlaşmaq, musiqi ifa etmək, dostlarla vaxt keçirmək və adi anlardan həzz almaq onların həyatının ayrılmaz hissəsi kimi təqdim olunur.

Necə deyərlər, ”Fransız xalqı kef edir”. Lakin bu ifadənin arxasında əyləncədən başqa, müəyyən həyat fəlsəfəsi də dayanır. Həyatın çətinliklərini qəbul etmək, amma həmin çətinliklərə bütün sevincləri məhv etməyə imkan verməmək. Filmin kütləvi səhnələrində bu yanaşma xüsusilə aydın hiss olunur. Mənim ən çox bəyəndiyim ikinci dərəcəli personajlardan biri Daun sindromlu Jeremi oldu. Onun səmimiyyəti, davranışlarındakı təbiilik və üzündəki uşaq saflığını xatırladan təbəssüm filmin ümumi ruhunu çox gözəl əks etdirir.

Jereminin iştirakı ilə kollektivin yalnız musiqi ifa edən insanlardan ibarət olmadığını, eyni zamanda fərqli fərdlərin bir araya gəldiyi kiçik sosial mühit olduğunu hiss edirik. Burada insanın dəyəri onun sosial statusu, peşəkarlıq səviyyəsi və ya fiziki xüsusiyyətləri ilə ölçülmür. Əsas olan həmin insanın kollektivin bir parçası olmasıdır. Jereminin obrazında xoşuma gələn məhz bu təbiilikdir. O, tamaşaçıda süni mərhəmət hissi yaratmaq üçün hekayəyə daxil edilmiş personaj təsiri bağışlamır. Əksinə, kollektivin üzvi hissəsi kimi görünür. Onun təbəssümündə filmin əsas emosional xəttini görmək mümkündür: həyat nə qədər çətin olsa da, insanın sevinc duymaq və bu sevinci başqaları ilə bölüşmək imkanı qalır.


Bəlkə də filmin ən böyük üstünlüklərindən biri məhz budur. O, xoşbəxtliyi problemsiz həyatla eyniləşdirmir. Əksinə, insanın ən çətin vəziyyətlərdə belə başqaları ilə qurduğu münasibətlərdən, musiqidən və sadə gündəlik anlardan təsəlli tapa biləcəyini göstərir.

”Orkestr qardaşları” mükəmməl dramaturji həlləri və ya mürəkkəb kinematoqrafik dili ilə tamaşaçını heyrətləndirməyə çalışan film deyil. Onun gücü sadəliyində, səmimiyyətində və yaratdığı insani yaxınlıq hissindədir. Burada əsas məsələ süjetin nə qədər mürəkkəb qurulduğu və ya rejissorun hansı texniki üsullardan istifadə etdiyi deyil. Əsas məsələ tamaşaçının personajlarla birlikdə nə hiss etməsidir.

Bəzən kino bizə böyük həqiqətlər söyləməyə çalışmır. Sadəcə, həyatın özünü göstərir — bütün çətinlikləri, təsadüfləri, itkiləri və kiçik sevincləri ilə.

“Orkestr qardaşları” məhz belə filmlərdəndir. Onu təhlil etmək olar, amma əsl dəyərini hiss edəndə anlayırsan.

Əli Aşumov

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya