İNDİ OXUYUR
İtirilmiş mənəvi bağların hekayəsi

İtirilmiş mənəvi bağların hekayəsi

“Ağac bar verəndə, övlad xeyir verəndə gözəldir”. İlqar Nəcəfin rejissoru və ssenari müəllifi olduğu, 2017-ci ildə çəkdiyi “Nar bağı” bədii dramının məğzini, ideyasını bu atalar sözü ilə əlaqələndirmək yəqin ki, yerinə düşər.

Anton Çexovun məşhur “Albalı bağı” pyesinin motivləri əsasında ekranlaşdırılan film ailə münasibətlərini, ata-oğul münaqişəsini, valideyn məsuliyyətini və doğmalar arasında yaranan mənəvi yadlaşmanı ön plana çıxarır. Çexovun pyesində olduğu kimi, “Nar bağı”nda da bağ – hadisələrin cərəyan etdiyi məkan olmaqla yanaşı, əsərin ideya yükünü daşıyan əsas simvollardan biridir. “Albalı bağı”nda bağın itirilməsi bir dövrün sona çatmasını ifadə etdiyi kimi, “Nar bağı”nda da Şamilin illərlə zəhmət çəkərək böyütdüyü bağ ailənin taleyi ilə sıx bağlıdır. Lakin burada əsas məsələ, yalnız mülkün taleyi yox, ailə üzvləri arasında mənəvi bağların qorunub-qorunmamasıdır.

Süjetin mərkəzində uzun illər ailəsindən uzaq düşmüş Qabilin geri qayıtması dayanır. Onun yoxluğu ailə üzvlərinin həyatında dərin izlər buraxıb. Qayıdışı isə keçmiş inciklikləri, yarımçıq qalmış münasibətləri və doğmalar arasında yaranmış məsafəni yenidən üzə çıxarır. Beləliklə, filmin əsas konfliktini bir insanın evini tərk edib, illər sonra geri dönməsindən çox, bu qayıdışın itirilmiş münasibətləri bərpa etmək üçün kifayət edib-etməməsi təşkil edir. Fiziki olaraq ailənin yanına qayıtmaq mümkündür, lakin illərlə davam edən yoxluğun yaratdığı mənəvi boşluğu aradan qaldırmaq…çətindir.

İlk kadrlarından birində fokus nar ağacına yönəlir. Ardınca Sara ilə oğlu Cəlalın göz həkimində olduğu səhnə təqdim edilir. Cəlal müxtəlif meyvələrin rəngini düzgün müəyyənləşdirsə də, narın rəngini “qara” adlandırır. İlk baxışda sadə görünən bu detal filmin ümumi ideyası ilə səsləşir və sonrakı hadisələrin yozumu üçün zəmin yaradır.


Nar Azərbaycan mədəniyyətində bolluq, bərəkət və həyat rəmzi kimi qəbul olunur. Filmdə isə həyatın və davamlılığın rəmzi olan nar bağı ilə ailənin yaşadığı mənəvi böhran arasında təzad yaranır. Bağ məhsul verə biləcək, həyatı davam etdirə biləcək məkan olsa da ailəni qoruyacaq münasibətlər artıq zədələnib.

Narın çoxsaylı dənələrdən ibarət olması da ailə bütövlüyü ilə əlaqələndirilə bilər. Dənələr meyvənin daxilində bütövlük təşkil etdiyi kimi, sağlam ailənin də təməlində sevgi, etibar və məsuliyyət dayanır. Narın zədələnərək parçalanması və dənələrinin səpələnməsi ilə Şamilin ailəsinin dağılması arasında simvolik paralel yaranır.

Ata-oğul münasibətləri əsas dramaturji xəttlərdən biridir. Qurban İsmayılovun canlandırdığı Şamil ilə Səmimi Fərhadın oynadığı Qabil arasındakı konflikt iki fərqli dünyagörüşün toqquşmasıdır. Şamil üçün ailə, zəhmət və keçmişə bağlılıq mühüm dəyərlərdir. Qabil isə davranışları ilə bu dəyərlərə münasibətdə məsuliyyətsiz mövqe göstərir. Şamil oğlunun keçmişdə törətdiyi səhvlərə baxmayaraq, ona yenidən şans verməyə çalışır. Onun daxilindəki ata sevgisi qəzəb və məyusluq hisslərini tamamilə üstələmir.

Qabilin qayıdışının arxasında ailəsi ilə münasibətləri bərpa etmək istəyindən çox, şəxsi problemlərini həll etmək məqsədinin dayanması ata-oğul münaqişəsini daha da dərinləşdirir. Rusiyada ailə qurmuş Qabil qızının borca görə girov götürülməsi səbəbindən atasının bağını satmaq istəyir. Beləliklə, onun ailəyə qayıdışının əsl səbəbi üzə çıxır. Şamil oğlunun qayıdışında münasibətləri bərpa etmək ehtimalını görür, Qabil isə atasının illərlə zəhmət çəkdiyi bağı öz problemini həll etmək üçün vasitəyə çevirir. Bu ziddiyyət filmin ən ağrılı məqamlarından birini ortaya çıxarır. Ata oğluna yenidən inanmağa çalışdığı halda, oğul həmin inamın mənəvi dəyərini anlamır.

İlahə Həsənova, canlandırdığı Sara obrazının mürəkkəb emosional vəziyyətini dolğun ifadə edir. On iki il ailəsindən uzaq qalmış Qabilin qayıdışından sonra Saranın ona yenidən yaxınlıq göstərməsi tamaşaçıda suallar yaradır. Bu qədər uzun müddətdən sonra keçmiş münasibətə qayıtmaq mümkündürmü? İllərlə yaşanan inciklikləri və yoxluğun yaratdığı boşluğu bir anda unutmaq olarmı?

Saranın davranışını yalnız məntiq çərçivəsində qiymətləndirmək çətindir. Qabilin qayıdışı onun daxilində basdırdığı həsrəti, tənhalığı və ailənin yenidən birləşməsi ümidini oyadır. Çünki Sara üçün qayıdan insan hər şeydən əvvəl övladının atasıdır. Lakin Sara keçmiş münasibətlərin bərpasına ümid etdiyi halda, Qabil ondan yalnız istifadə edir.


Balaca Cəlal (Həsən Ağayev) atasını tanımadan böyüyüb. Qabilin qayıdışı – həyatına daxil olan yad insanın gəlişidir. Ona görə Cəlal atasının onlarla qalmasını istəmir.

Filmin operatoru Ayhan Saların işi hadisələrin emosional təsirinin yaradılmasında mühüm rol oynayır. Kadrların quruluşu, hərəkəti, detallara diqqət filmin dramaturji atmosferini gücləndirir. Vizual həllər personajların daxili vəziyyətinin və filmin ideyasının ifadəsinə xidmət edir.

Nar bağı, ev və yağış filmin vizual dramaturgiyasında xüsusi məna daşıyır. Bağ Şamilin illərlə çəkdiyi zəhmətin, keçmişə bağlılığının və qorumağa çalışdığı dünyanın ifadəsidir. Ev isə ailənin ortaq, münasibətlərin yaşandığı məkan kimi təqdim olunur. Lakin bu məkanın daxilindəki münasibətlər əvvəlki bütövlüyünü itirib. Qabilin qayıtdığı gün yağışın yağması və evə su damması da simvolik məna daşıyır. Yağış ənənəvi olaraq bərəkət və yenilənmə rəmzi sayılsa da, filmdə onun evə vurduğu zərər fərqli məna yaradır. Evə daman su ailənin qorunmalı olan məkanında yaranmış çatları xatırladır. Qabilin qayıdışı zahirən ailənin yenidən birləşməsi ehtimalını yaratsa da, onunla birlikdə keçmişin ağrıları və yeni problemlər də geri qayıdır.

Hadisələr inkişaf etdikcə, nar bağı adi məkan olmaqdan çıxaraq ailənin taleyini ifadə edən mənəvi simvola çevrilir. Ağacların doğranması səsi isə yalnız bağın fiziki məhvinə deyil, ailədə dəyərlərin də itirilməsinə işarə edir. Şamilin illərlə böyütdüyü ağacların kəsilməsi onun zəhmətinin, xatirələrinin və qorumağa çalışdığı dünyanın məhv olmasıdır.


“Ağac bar verəndə, övlad xeyir verəndə gözəldir” atalar sözü filmin ideyasını bir daha tamamlayır. Ağacın dəyəri onun barında, övladın dəyəri isə ailəsinə və ətrafındakı insanlara münasibətində üzə çıxır. Qabil atasının bağını satmaqla maddi problemini həll etməyə çalışır, lakin bu qərarın arxasında dayanan mənəvi itkini görmək istəmir.

Cəlalın narın rəngini qara görməsi ilə ağacların kəsilməsi arasında da filmin ümumi ideyasına uyğun simvolik əlaqə yaranır. Həyatın, bolluğun və bərəkətin rəmzi olan nar münasibətlərin zədələndiyi dünyada ilkin, ənənəvi mənasını itirir. Çünki sevgi, qayğı və səmimiyyət olmayanda, həyatın rəngi dəyişir. Və “Nar bağı” göstərdi ki, ailənin bütövlüyü eyni evdə yaşamaqla ölçülmür, əsl ailənin dəyəri mənəvi bağların dəirnliyində və səmimiyyətindədir.

Sevinc Xanbutayeva

 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ssenari ixtisası üzrə 4-cü kurs tələbəsi

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya