İNDİ OXUYUR
Romantikləşdirilmiş apokalipsis

Romantikləşdirilmiş apokalipsis

Uzun müddətdir məni bu qədər “yüngül hiss etdirən” elmi-fantastika filmi görməmişdim. “Dünyanın sonu” layihəsi” filmi (“Project Hail Mary” rej.Fil Lord və Kris Miller) çox şirin, çox isti, amma eyni zamanda sakitcə ağır suallar verən bir filmdir. Filmin rəng palitrası, kosmos səhnələrinin vizual dili, işıqla qaranlığın balansı bir növ hipnotik təsir yaradır. Kosmos, adətən soyuq, qorxulu və boşluq kimi təqdim olunur, amma burada o, qəribə şəkildə yaşayan, canlı bir məkan təsiri bağışlayır.

Filmboyu çox xoş hisslər keçirdim ki, bu da maraqlıdır, çünki əslində izlədiyimiz şey qlobal fəlakət ssenarisidir. Günəş sönür. Yer məhvə doğru gedir. Amma film bu ideyanı ağır, depressiv, qaranlıq bir dillə yox, daha çox, yumor, sadəlik və humanistlik üzərindən danışır. Sinopsisə baxanda, film çox klassik səslənir: Günəşin enerjisi azalır və bunun səbəbi “astrofaq” adlı mikroorqanizmlərdir. “Astrophage”, yəni “ulduzyeyən”. Bu varlıqlar Günəşdən enerji udur və çoxalmağa davam etdikcə ulduzun parlaqlığını azaldır. Bu, fiziki olaraq maraqlı bir ideyadır, çünki ulduz enerjisinin bioloji varlıqlar tərəfindən istifadə edilməsi konsepti həm absurd, həm də qəribə dərəcədə inandırıcı təqdim olunur. Bioloq və müəllim olan Qreys (Rayan Qoslinq) bu astrofaqlarla bağlı mühüm bir xüsusiyyəti kəşf edir: onlar enerji saxlaya və ötürə bilirlər, hətta nəzəri olaraq kosmik yanacaq kimi istifadə oluna bilərlər.


Beləliklə, “Hail Mary” adlı layihə hazırlanır. “Hail Mary” katoliklərin duasıdır, uğurlu olmaq ehtimalı az olan cəhd mənasını verir. NASA (və digər ölkələr) üç nəfərlik bir kosmik missiya hazırlayır. Onlar artıq bilirlər ki, bu, uğurla nəticələnməyəcək və möcüzəyə ehtiyacları var. Bu, birtərəfli səyahətdir. Geriyə qayıtmaq yoxdur. Yəni bu üç insan faktiki olaraq öz həyatlarını bəşəriyyət üçün fəda etməlidirlər.

Baş qəhrəman Qreys çox maraqlı bir fiqurdur. O, klassik qəhrəman obrazı deyil. Nə cəsurdur, nə də hər şeyi bilən bir dahi. Əksinə, o qorxur, tərəddüd edir, qaçmaq istəyir. Bu səbəbdən onun missiyaya seçilməsi ən narahatedici məqamlardandır. Qreys seçilir, çünki onun həyatı “daha az dəyərlidir”. Onu gözləyən kimsə yoxdur. İnsanın dəyəri nə ilə ölçülür? Onun sosial bağları ilə? Onu gözləyən insanların sayı ilə? Bu məqam mənə yenə mifoloji qurban anlayışını xatırladır. Cəmiyyətin xilas olması üçün fərdin qurban verilməsi çox köhnə və tanış bir mexanizmdir. Bu nöqtədə ağlıma İfigeniya düşür. Yunan mifologiyasında İfigeniya, atası tərəfindən tanrıları razı salmaq üçün qurban verilir ki ordu yola çıxa bilsin, cəmiyyət xilas olsun. Fərdin həyatı bu böyük məqsədin yanında əhəmiyyətsizləşdirilir. Maraqlısı odur ki, bu da rasional qərar kimi təqdim olunur. Sanki başqa yol yoxmuş kimi. Qreysin vəziyyəti də çox fərqli deyil. Sadəcə burada tanrılar yoxdur, onların yerini sistem, elm və dövlət strukturları alıb. Amma məntiq eynidir: biri seçilməlidir. Və o elə birisi olmalıdır ki, itkisi “az hiss olunsun”. Bu çox narahatedici bir fikirdir. Çünki burada qəhrəmanlıq məcbur edilir. Amma maraqlı dönüş nöqtəsi odur ki, sonradan o, öz qərarını özü verir. Xüsusilə Rokki üçün geri qayıtdığı an artıq o, seçən tərəfə keçir. İfigeniya öz taleyini seçə bilmir. Qreys isə sonda bunu bacarır.

Kosmos səhnələri filmin ən güclü tərəflərindən biridir. Qreysin tək qalması, yaddaşının hissə-hissə geri qayıtması, özünü və məqsədini yenidən qurması… O, kimdir? Niyə buradadır? Nə etməlidir? Bu suallar həm də ekzistensialdır.

Missiya zamanı digər iki ekipaj üzvü müəmmalı şəkildə həyatını itirir və Qreys tək qalır. Oyananda isə yaddaşının bir hissəsini itirmiş vəziyyətdədir və həm özünü, həm də missiyanı yenidən kəşf etməli olur. Kosmosda o, yadplanetli ilə qarşılaşır. Daşa bənzəyən bu canlıya Qreys “Rokki” (kiçik daş) adını verir. Onun növü tamamilə fərqli şəkildə mövcuddur: görmə qabiliyyəti yoxdur, əvəzində səslər vasitəsilə görür. Bir növ yarasalar kimi ekolokasiya istifadə edir. Bu detal elmi baxımdan maraqlıdır, çünki fərqli mühitdə inkişaf edən həyat, canlıların necə alternativ duyğu orqanlarının ola biləcəyini göstərir. Yəni “normal” dediyimiz şey əslində çox nisbi anlayışdır.
Rokki ilə qarşılaşma filmi tamamilə başqa bir istiqamətə aparır. Rokki vizual olaraq yad, anlaşılmaz, hətta azca qorxuludur. Amma onun davranışı, məntiqi və məqsədi çox tanışdır. O da qorxur. O da xilas olmaq istəyir. Qreysin Rokki ilə ünsiyyət qurması isə filmin ən gözəl hissələrindəndir. Dil sıfırdan qurulur. Riyaziyyat və səslər vasitəsilə. Bu, bir növ insan sivilizasiyasının başlanğıcını xatırladır. Ünsiyyət üçün ortaq dilə yox, ortaq niyyətə ehtiyac var. Onların münasibəti çox təbii şəkildə inkişaf edir. Əvvəl ehtiyat, sonra maraq, sonra əməkdaşlıq, sonra isə dostluq. Bu dostluq çox safdır, çünki onun içində sosial maskalar yoxdur. Status yoxdur. Rol yoxdur. İşlər elə gətirir ki, Qreys Rokkini xilas etmək üçün geri qayıtmalı olur. Bu, artıq şəxsi bir qərardır. O, konkret bir varlıq üçün risk edir. Bu da qəribə şəkildə Qreysin bəşəriyyəti xilasetmə missiyasından daha emosional, daha insani hiss etdirir.


Filmin bir digər maraqlı tərəfi odur ki, o, tam olaraq uydurma deyil. Məsələn, astrofaq tamamilə uydurma olsa da, onun ideyası real anlayışlara söykənir. Yəni nəzəri olaraq maddədən çox böyük enerji əldə etmək mümkündür. Film sadəcə bunu mikroorqanizm səviyyəsinə endirir. Amma reallıqda bu miqyasda və bu effektivlikdə enerji çevrilməsi mümkün deyil. Başqa maraqlı detal süni cazibədir. Gəmidə cazibə qüvvəsi var və bu, çoxlarına fantastika kimi görünür. Amma əslində gəmi fırlanır və mərkəzdənqaçma qüvvəsi cazibəni imitasiya edir. Bu texnologiya nəzəri olaraq mümkündür və hətta gələcək kosmik missiyalar üçün ciddi şəkildə düşünülür. Tez-tez müzakirə olunan başqa bir mövzu uzunmüddətli kosmik səyahətlərdir. Filmdə ekipaj süni yuxuya (hibernasiya) salınır. Bu da tam fantastika deyil. Hazırda alimlər insan orqanizmini yavaşlatmaq üzərində işləyirlər ki, uzun kosmik uçuşlar mümkün olsun. Yəni bu ideya hələ reallaşmayıb, amma tam qeyri-mümkün də sayılmır. Rokki məsələsi isə ayrıca maraqlıdır. Əsasən düşünülür ki, yadplanetli nə qədər insana bənzəməzsə, bir o qədər realdır. Çünki Yer üzündə həyatın necə formalaşdığını bilirik, amma başqa planetdə həyatın necə olacağını bilmirik. Bu baxımdan Rokkinin görməməsi, amma səslə “görməsi” (ekolokasiya) çox inandırıcı görünür. Bir də ulduz sistemləri məsələsi var. Film tam uydurma qalaktikada baş vermir, əksinə, real ulduzlardan istifadə edir. Məsələn, Tau Ceti və 40 Eridani həqiqətən mövcud olan ulduz sistemləridir və Yerə nisbətən yaxın sayılır. Amma bütün bunlara baxmayaraq, ən çox tənqid edilən məqam yenə astrofaqdır. Çünki bu varlığın Günəş enerjisini belə miqyasda udması və onu yanacağa çevirməsi indiki fizika qanunları ilə mümkün deyil. Film burada açıq şəkildə elmi sərhədi aşır amma bunu o qədər sistemli edir ki, insan buna inanmaq istəyir.


Filmin zəif tərəfləri də xeylidir. İlkin olaraq, süjet məsələsi. Film tez-tez öz orbitindən çıxır. Xüsusilə yaddaşın hissə-hissə geri qayıtması strukturu maraqlı olsa da, bəzən ritmi pozur. Keçidlər hər zaman təbii hiss olunmur. Bəzi səhnələr emosional olaraq güclü qurulur, amma ardınca gələn epizod onları zəiflədir.

Digər tərəfdən, filmin ideya yükü bir az dağınıq təsir bağışlayır. Film çox şey demək istəyir və bəlkə də problem də elə bundadır. Bu, dünyanı xilas etməyə məcbur edilmiş bir insanın hekayəsidir, yoxsa dostluğun sərhəd tanımadığını göstərən bir nağıl, ya da kapitalist sistemin fərdi necə resurs kimi istifadə etməsinin tənqidi? Bu sualların hamısı filmdə var. Amma heç biri sona qədər aparılmır.
Məsələn, Qreysin məcburi şəkildə seçilməsi çox güclü etik konflikt yaradır. “Sənin onsuz da heç kimin yoxdur, get bizi qurtarmaq üçün həyatını fəda elə” — necə də kapitalist səslənir. Bu, müasir sistemlərin insanı necə dəyərləndirdiyini açıq şəkildə ifadə edir. Amma film bu xətti dərindən araşdırmır. İdeya təqdim olunur və sonra arxa plana keçir. Eyni problemi daha geniş miqyasda da analiz etmək olar: Yer kürəsinin taleyi təhlükə altındadır, milyardlarla insanın həyatı təhlükədədir, amma biz bu fəlakətin sosial, psixoloji və siyasi tərəflərini çox az görürük. Dünyanın reaksiyası demək olar ki, fonda qalır. Sanki bütün məsələ bir neçə alim və bir kosmik gəmi ilə həll olunacaq qədər sadələşdirilir. Bu sadələşdirmə bəzən filmin xeyrinə işləyir, onu yüngül və axıcı tempdə saxlayır. Amma eyni zamanda onun dərinliyini məhdudlaşdırır.


Rokki ilə bağlı xətt isə emosional olaraq çox güclüdür, amma burada da müəyyən sadələşdirilmə hiss olunur. Onların ünsiyyət qurması, bir-birini anlaması və sürətlə yaxınlaşması çox gözəl təqdim edilsə də, bəzən həddindən artıq rahat görünür. Fərqli planetlərdən, fərqli bioloji və mədəni sistemlərdən gələn iki varlığın bu qədər tez uyğunlaşması bir az ideallaşdırılmış təsir bağışlayır. Bəlkə də bu, filmin seçdiyi tonla bağlıdır. Film konfliktləri çox uzatmır. Çox ağır mövzular — kütləvi məhv, məcburi fədakarlıq, tək qalmaq qorxusu — çox yüngül, bəzən komik dillə təqdim edir. Bu, bəzi səhnələrin emosional ağırlığını azaldır. Sanki film müəyyən nöqtələrdə öz-özünü yüngülləşdirməyə çalışır və bu da dramatik təsirin tam formalaşmasına imkan vermir. Xüsusilə Qreysin daxili konflikti daha dərindən işlənə bilərdi. Onun qorxusu, qəzəbi, məcburiyyəti çox maraqlı psixoloji materialdır. Amma film bu hissləri tez keçir və daha çox hadisələrin axınına fokuslanır. Və bəlkə də ən böyük tənqid burada yaranır. Film çox maraqlı suallar verir, amma cavab verməyə tələsmir, hətta bəzən ümumiyyətlə cavab vermir. Ola bilsin ki, film bunu qəsdən edir.
Rayan Qoslinq isə filmin əsas sütunlardan biridir. Bu rol əslində olduqca çətindir, çünki o, uzun müddət təkdir. Dialoqun olmadığı səhnələrdə aktyorun özü boşluğu doldurmalıdır. Qoslinq bunu çox təbii edir. Onun oyunu çox insani təsir bağışlayır. O qorxur, panikaya düşür, səhv edir, zarafatla vəziyyətdən qaçmağa çalışır. Xüsusilə tək qaldığı səhnələrdə onun performansı diqqət çəkir. Bəzən heç nə demədən də vəziyyəti çatdırır — baxışla, jestlə, kiçik reaksiyalarla. Yaddaşını itirdiyi və sonra hissə-hissə geri qazandığı səhnələrdə isə başqa bir qat açılır. O eyni anda həm yeni başlayan biridir, həm də artıq bu missiyanın ağırlığını daşımış biri. Bu iki vəziyyət arasında keçidlər çox yumşaq verilir. Tamaşaçı onunla birlikdə xatırlayır, onunla birlikdə anlayır. Rokki ilə olan səhnələrdə isə Qoslinqin oyunu tamam başqa istiqamətə gedir. Burada qarşısında insan yoxdur, amma o yenə də emosional əlaqə yaradır. Səs tonu, pauzalar, reaksiyalar — hamısı bu əlaqəni real edir. Xüsusilə ünsiyyət qurmağa çalışdığı ilk anlarda həm çaşqınlıq, həm maraq, həm də ehtiyat hissi çox yaxşı ötürülür.


Onun performansının ən güclü tərəflərindən biri də transformasiyadır. Filmin əvvəlində biz daha passiv, qaçmaq istəyən, məcbur edilmiş bir insan görürük. Amma zamanla bu dəyişir. O, vəziyyəti qəbul edir, məsuliyyət götürür, amma heç vaxt klassik qəhrəmana çevrilmir. O hələ də insandır, sadəcə seçim etməyə cəsarəti olan insan. Sonlara doğru Qreysin evə qayıtmaq məsələsinə münasibəti çox şey deyir. O nəyi itirdiyini və nəyi qazandığını anlayır və buna uyğun qərar verir. Ev nədir? Sadəcə doğulub böyüdüyün yer? Yoxsa səni gözləyən insanların olduğu yer? Bu sual filmin içində açıq şəkildə verilməsə də, daim hiss olunur. Qreysin Yerə qayıtmaq istəməməsi bir növ qəbuldur. O, artıq başqa bir yerdə məna tapıb. Filmin sonu nə tam xoşbəxt, nə də tam kədərlidir. “Qaya” qrupunun dediyi kimi: “yadlar gəlir, doğma olur, yaxın olur”. Bu fikir bütün Qreys və Rokki səhnələrində hiss olunur. Bəlkə də əsas mesaj budur: insan bəzən doğulduğu yerdə yox, təsadüfən düşdüyü yerdə özünü tapır. Ev — səni anlayan birinin olduğu yerdir. Və əgər səni gözləyən biri yoxdursa, geri dönməyin nə mənası var?

Mövzudankənar bildirmək istəyirəm ki, filmləri öz çəkildiyi dildə izləmək bir imtiyaz olmamalıdır. İngilis dilində olan seansların ya səhər tezdən, ya da axşam çox gec saatlara salınması isə qeyri-funksionaldır. Əslində, məsələ təkcə dil də deyil. Filmi orijinal dildə izləmək, aktyor oyununun, intonasiyanın, emosiyanın daha təmiz və birbaşa formada qəbul edilməsidir. Dublyaj, nə qədər keyfiyyətli olsa da, bu təəssüratı tam əvəz edə bilmir. Ümid edirəm ki, rusca dublyaja ayrılan vaxtın ən azı bir hissəsi filmi ingilis dilində izləmək istəyənlər üçün də ayrılar.

Aytən Abdullayeva

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya