“Mümkün sevgi”nin mümkünsüzlüyü

Cənubi Koreyanın qocaman rejissoru Li Çhan Donun bundan əvvəlki filmi – “Yanma” (2018) yaddaşımda dərin iz buraxmışdı. Çhan Donun, yəqin ki, rejissor kimi yeganə zəif cəhəti filmlərini böyük fasilələrlə çəkməsidir. Onun “Mümkün sevgi” filmi də səkkiz illik fasilədən sonra ərsəyə gəlib.
“Mümkün sevgi” Cənubi Koreyada yaşayan iki cütlüyün həyatına fokuslanır. Cütlüklərdən birinin qadın üzvü Ye-ji (onu “Parazitlər” filmində ana obrazını canlandıran aktrisa Ço Yödjon oynayır) sənədli film çəkmək istəyən rejissordur. Filmin mövzusu da bəllidir: metallurgiya zavodunda ixtisara düşən insanların həyatına fokuslanaraq “görünməz işçiləri” görünən etmək…

Ye-ji bu qərara Qətərə səyahəti zamanı gəlib. Ölkədə yaradılmış süni cənnəti görərkən bu mənzərənin arxasında dayanan işçilərin görünməzliyi onu dərindən təsirləndirib. Bundan başqa, qadının atası da vaxtilə sahibkar olub və bu mövzu Ye-ji üçün xüsusi maraq kəsb edir.
Onun əri San-u isə varlı ailədən çıxan, mirasını uğurla artıran, yaxşı təhsil almış, əsl Koreya burjuasıdır. Ye-ji ilə San-unun yolları Amerikada kəsişib. Hətta Ye-ji deyir ki, sevdiyi kişinin ailəsi bu izdivaca razı deyildi və əgər Amerikada qarşılaşmasaydılar, heç vaxt evlənə bilməzdilər.
İkinci cütlük isə işdən qovulan, tətil etdiyi üçün döyülən və aldığı travmanın təsirindən hələ də qurtula bilməyən Ho-sok ilə onu yenidən həyata qaytarmaq üçün əlindən gələni edən həyat yoldaşı Mi-okdan ibarətdir. Cütlüyün balaca bir oğulları da var. Ho-sok yaşadığı travmalar haqqında danışa bilmədiyindən Mi-ok onun əvəzinə müsahibə verir. Ye-ji ilə keçirdiyi vaxt ərzində isə öz daxili dünyasını rejissora açır.
Çhan Don, bəlkə də, son 15-20 ilin sinfi münasibətlər haqqında çəkilmiş ən yaxşı filmlərindən birinə imza atıb. Cənubi Koreya kinosunun ən yaxşı nümunələrindən sayılan “Parazitlər” də ölkədəki sosial siniflər arasındakı kəskin təzadları göstərməsi ilə fərqlənirdi. Ancaq həmin filmdə obrazlar bəzən fərdi xarakter olmaqdan çıxaraq karikaturaya çevrilirdi. Pon Çjun Honun rejissor gücü və istedadı sayəsində bu məqam – karikaturalaşma aradan qalxır, hekayə inandırıcılıq qazanırdı.

Çhan Donun “Mümkün sevgi”si isə mənə Viskontinin “Yer titrəyir” dramını xatırlatdı. Həmin filmdə kapitalizm və onun işləmə mexanizmi son dərəcə yüksək səviyyədə təsvir olunur, istehsal vasitələrinə sahiblik məsələsi kino dili ilə öz həllini tapırdı. Çhan Donun əsərində isə neoliberal iqtisadiyyatın kapitalizmlə dövlətin gücünü birləşdirərək fərdləri necə sındırdığı, onların arzularının üstündən necə xətt çəkdiyi göstərilir. Bu baxımdan “Mümkün sevgi” son dövrlərdə kimlik siyasətinə fokuslanan filmlər arasında sinfi ziddiyyətləri ustalıqla təsvir etməsi ilə seçilir.
İndi yazdıqlarımdan oxucuda belə bir təəssürat yarana bilər ki, film başdan-ayağa ideoloji mesajlardan ibarətdir. Lakin qətiyyən belə deyil. Rejissorun böyüklüyü ondadır ki, o, dörd obraz arasında mürəkkəb münasibətlər sistemi quraraq sevgini bir Makqaffinə çevirir və bunun vasitəsilə hekayəsini çatdırır. Ye-ji döyülən və təhqir olunan Ho-soka maraq göstərir, Mi-ok isə varlı San-uya meyil edir. Bu münasibətlər zəncirinin doğurduğu əsas sual isə belədir: Müxtəlif, yaxud eyni sinfi mənsubiyyətə malik insanlar arasında sevgi mümkündürmü? Mümkündürsə, bu, necə mümkündür?
Li Çhan Donun üslubunda məni həmişə təəccübləndirən cəhət onun təsvirlərdə naturalist olmaqla yanaşı, poetik qatlara da toxunmağı bacarmasıdır. Film başlayır və ilk baxışdan sənədli film izlədiyini düşünürsən. Maşın hərəkət edir. Mi-okla Ho-sokun oğlu boş çips paketini maşının pəncərəsindən çıxarıb “uçur” deyir. Kamera isə qəhrəmanları “unudaraq” uçan paketin ardınca getməyə başlayır.
Başqa bir səhnədə təsvirlər insanda gərgin seksual təzyiqin hökm sürdüyü erotik-triller izlədiyi hissini yaradır. Ancaq qəhrəmanlar dənizə girəndə birdən-birə tamam başqa bir duyğu yaranır: sanki bəşər övladı su ilə ilk dəfə təmas edir. Belə ustalıqla qurulmuş keçidlər adamı heyrətə salır.
“Mümkün sevgi” Kşiştof Kyeslovskinin “Dekaloq” film silsiləsinin onuncu hissəsinin daşıdığı məna ilə başlayır: “Başqasının malına tamah salmayacaqsan”. Filmin sonunda isə əsərin “Dekaloq”un ssenaristləri Kşiştof Kyeslovskiyə və Kşiştof Peseviçə həsr olunduğu qeyd edilir. Ancaq burada hər hansısa remeykdən və ya birbaşa oxşarlıqdan söhbət gedə bilməz. Hətta deyərdim ki, onuncu əmrin məğzindən başqa, bu iki əsər arasında ciddi bir bənzərlik yoxdur.

Filmin ssenarisini Çhan Don ilə O Çon Mi birlikdə yazıb. Ssenaridə o qədər incə məqamlar, kiçik nüansların içərisində gizlədilmiş o qədər böyük mətləblər var ki, sadəcə, heyran qalırsan.
Məsələn, varlı burjua San-u bağ evinə dəvət etdiyi qonaqlara babasından qalan fiti göstərir. Deyir ki, fit hələ də işləyir və onu çalmağa başlayır. Bu zaman evin xidmətçisi görünür. San-u ona narahat olmamağı, onu çağırmadıqlarını deyir və ardınca vəziyyəti belə izah edir: “Biz uşaq olanda mən nə vaxt oyun oynamaq istəsəydim, bu fiti çalırdım, həmin xidmətçi gəlirdi. Yaşıdıq. İndi də ona görə gəldi. Onun atası da burada xidmətçi idi. Atası ölüb, evin işlərinə indi o baxır”.
Bu kiçik epizod, əslində, filmin bütöv ideyasını özündə daşıyır. Xidmətçinin San-u ilə eyni yaşda olması, lakin nəsillər boyu eyni ailəyə xidmət etməsi sosial təbəqələr arasındakı sərhədlərin nə qədər möhkəm olduğunu göstərir. Bir tərəfdə mirası böyüdərək var-dövlətini nəsildən-nəslə ötürənlər, digər tərəfdə isə öz taleyini belə dəyişmək imkanı olmayanlar dayanır.

Filmə diqqətlə baxan tamaşaçı Cənubi Koreyanın sosial-iqtisadi vəziyyətini, insanların üzləşdiyi çətinlikləri görməklə yanaşı, kapitalist sistemin fəsadlarını da dərk edə bilər. Bu sistemdə niyə horizontal yüksəlişin, yəni eyni səviyyədə imkan və mövqelərin bərabərləşməsinin mümkünsüzlüyünü, əvəzində yalnız şaquli, iyerarxik münasibətlərin hökm sürdüyünü də görmək olar.
Bütün dünyada getdikcə dərinləşən sosial bərabərsizliklər fonunda bu filmin əhəmiyyəti zaman keçdikcə daha yaxşı anlaşılacaq. Əminəm ki, illər sonra “Mümkün sevgi” 2020-ci illərin ən yaxşı filmlərindən biri kimi xatırlanacaq. Zamanı qabaqlamağı sevməsəm də, bunu indidən demək mümkündür.
Hacı Səfərov