Simasızın min siması

«Kleyfeys» (Gil simalı) filmi DC Studios üçün kifayət qədər riskli addım idi. Xüsusilə də yeni kino kainatının hələ formalaşdığı bir dövrdə. Bu risk özünü tam doğrultmasa da, film müəyyən uğur qazana bildi. Kinokomiks üçün nisbətən az sayılan 40 milyon dollarlıq büdcə ilə çəkilən film artıq studiyaya gəlir gətirməyə başlayıb. Lakin filmi izlədikdən sonra məndə müəyyən təəssüf hissi yarandı. Niyə? Bu suala resenziyanın sonunda cavab verəcəyəm. Hələlik isə gəlin filmin özünü təhlil edək.
Əvvəlcə bir qədər tarixə nəzər salaq. Kleyfeys personajı ilk dəfə 1940-cı ildə nəşr olunan “Detective Comics” komiksinin 40-cı sayında meydana çıxıb. Həmin dövrdə personajın heç bir fövqəltəbii bacarığı yox idi. Kleyfeys maskasının arxasında keçmiş kinoaktyor Bezil Karlo dayanırdı. O, vaxtilə rol aldığı filmin yenidən çəkilişində obrazının başqa aktyora həvalə edildiyini öyrəndikdən sonra qisas almağa qərar verir. Maska taxaraq çəkiliş heyətinin üzvlərini bir-bir aradan götürməyə başlayır. Təbii ki, hadisələrə Betmen müdaxilə edir və nəticədə cinayətkarı dayandırır. Maraqlıdır ki, Bezil «Gil simalı» ləqəbini vaxtilə çəkildiyi filmin adından götürmüşdü. Daha sonra, 1961-ci ildə “Detective Comics” komiksinin 298-ci sayında ikinci Kleyfeys — Mett Heygen meydana çıxır. Sələfindən fərqli olaraq, o artıq fövqəltəbii bacarıqlara malik idi. Əvvəllər xəzinə ovçusu olan Mett yeraltı hovuzda müəmmalı radioaktiv maddə ilə təmasdan sonra bədəninin formasını dəyişmək qabiliyyəti qazanır.

1992-ci ildə yayımlanan və artıq kult statusu qazanmış «Betmen» (Batman: The Animated Series) animasiya serialında isə Mett Heygenin hekayəsi tamamilə yenidən işlənir. Bu dəfə o, xəzinə ovçusu deyil, qəza nəticəsində üzü eybəcərləşmiş məşhur kinoaktyor kimi təqdim olunur. Əvvəlki görünüşünü bərpa etmək və karyerasını xilas etmək istəyən Mett, Renuyu adlı eksperimental preparatdan istifadə etməyə başlayır. Lakin itirdiyi simasını geri qaytarmaq cəhdi əsl faciəyə çevrilir. Heygen əvvəlki həyatına qayıtmaq əvəzinə formasız bir məxluqa — Kleyfeysə çevrilir. Ceyms Votkinsin filmində də məhz 1992-ci il versiyasının konsepsiyası əsas götürülüb, lakin bir mühüm dəyişikliklə. Bu dəfə Mettin bacarıqları süni intellektə əsaslanan eksperimental texnologiya sayəsində meydana çıxır. Zədələnmiş toxumaları bərpa etmək üçün nəzərdə tutulmuş nanobotlar faktiki olaraq həmin toxumaları əvəz edir və tədricən insan bədənini dəyişdirirlər. Yaradıcıların müasir texnologiyalarla ayaqlaşaraq Kleyfeysin mənşəyinə yeni izah gətirməsi sevindirici haldır. Bəli, bu, kanondan müəyyən uzaqlaşmadır, lakin konkret hekayə çərçivəsində özünü tam doğruldur və uğurla işləyir.

İndi isə birbaşa filmin özünə keçək. Diqqətimi çəkən ilk məqam aydın və zillət səhnələr arasında qurulan möhtəşəm kontrast oldu. Üstəlik, söhbət təkcə vizual görünüşdən deyil, səhnələrin dramaturji məzmunundan da gedir. Bir an bizə baş qəhrəmanın gözəl, demək olar ki, qayğısız həyatı göstərilir, cəmi bir dəqiqə sonra isə onun üzünün amansızcasına eybəcərləşdirilməsinə şahid oluruq. Başqa bir səhnədə Mett isti günəş şüaları altında basketbol oynayır, dənizdə üzməkdən həzz alır, növbəti səhnədə isə öz bədəni üzərində nəzarəti itirərək eybəcər bir məxluqa çevrilir. Aydınla zillət, gözəlliklə eybəcərlik, sakitliklə dəhşət arasındakı bu kəskin keçidlər yalnız atmosfer yaratmır, həm də baş qəhrəmanın faciəsini daha təsirli şəkildə çatdırır. Vizual kontrast detallarda da davam edir. Bəzi personajların parlaq geyimləri digərlərinin çirkli və tutqun görünüşü ilə qarşılaşdırılır. Qotem şəhərinin özü isə bu estetikanın ayrılmaz hissəsinə çevrilir. Film operator işi və düşünülmüş vizual həlləri ilə heyran edir. Hər kadr sanki Mettin əvvəlki həyatı ilə düşdüyü dəhşətli vəziyyət arasındakı ziddiyyəti vurğulayır. Estetik baxımdan filmi izləmək mənim üçün əsl zövq idi. Hətta risk edib deyərdim ki, vizual cəhətdən «Kleyfeys» «Coker»dən daha çox xoşuma gəldi.

Filmin ikinci mühüm üstünlüyü kimi rejissor işini və nə qədər qəribə səslənsə də, yumoru qeyd edərdim. Əksər kinokomikslərin getdikcə bir-birinə daha çox bənzədiyi dövrdə «Kleyfeys» həqiqətən orijinal həllər təklif etməyi bacarır. Bu, xüsusilə yumorun yer aldığı səhnələrin quruluşunda özünü göstərir. Filmdə o qədər absurd və gözlənilməz bir zarafat var ki, buna bənzər səhnəni başqa yerdə görəcəyinizə inanmıram. Həmin məqamı öz gözlərinizlə görməyi mütləq tövsiyə edirəm. Spoyler verməyəcəyəm, yalnız onu deyim ki, zarafat birbaşa Kleyfeysin bacarıqları ilə bağlıdır. Ceyms Votkinsin rejissor ustalığı qorxu səhnələrində də xüsusilə nəzərə çarpır. Film bodi-horror janrını və 18+ yaş məhdudiyyətini tam doğruldur. Bu janrın əsas məqsədlərindən biri tamaşaçıda güclü fiziki və psixoloji narahatlıq yaratmaq, insan bədənində baş verən dəyişikliklər qarşısında onu dəhşətə gətirməkdir. Film bu vəzifənin öhdəsindən kifayət qədər inandırıcı şəkildə gəlir.

Bu baxımdan film istər-istəməz «Substansiya»nı xatırladır. Üstəlik, hər iki ekran əsərini oxşar ideya birləşdirir: insan karyera, gözəllik və şöhrət naminə istənilən qurbanı verməyə hazırdır. Lakin tamaşaçıya təsir üsulları bir qədər fərqlənir. Əgər «Substansiya» qrotesk bədən transformasiyaları vasitəsilə ilk növbədə ikrah hissi yaratmağa çalışırsa, «Kleyfeys» dəhşətə, təşvişə və qeyri-təbii bir hadisə ilə üzləşmək hissinə üstünlük verir. Burada tamaşaçı baş verənlərə baxarkən iyrənməkdən daha çox insanın nəyə çevrildiyini dərk etdikcə vahiməyə düşür. Kleyfeysin ona zülm edən insanlardan amansızcasına qisas aldığı səhnələri isə ayrıca vurğulamaq istəyirəm. Bu epizodlar o qədər yaradıcı və dəhşətli şəkildə qurulub ki, personaj sanki artıq “Mortal Kombat” oyununda debüt etməyə tam hazırdır.
İndi isə süjet və ssenariyə keçək. Tənqidçilər hadisələrin nəqlində müəyyən qarışıqlıq olduğunu və səhnələr arasındakı əlaqəni izləməyin çətinləşdiyini qeyd edirdilər. Lakin şəxsən mənim üçün hər şey kifayət qədər aydın və anlaşılan idi. Buna görə də hadisələrin ardıcıllığında ciddi problem görmədim. Məncə, filmin əsas çatışmazlıqları başqa məqamlardadır. Buradakı xarici konflikt kifayət qədər banaldır. Baş qəhrəman ona xəyanət edən və üzünün eybəcərləşməsində günahkar olan insanlardan qisas alır. Lakin Mett təkcə fiziki simasını itirmir. O, cəmiyyətdəki mövqeyini, karyerasını, alışdığı həyatı və öz zəhməti ilə qazandığı hər şeyi itirir. Müəyyən mənada, insanlıq simasını da itirir. Üstəlik, onun faciəsində yalnız konkret şəxslər deyil, Qotem şəhərinin özü də günahkardır. Qanunların faktiki olaraq işləmədiyi, qaydaları mafiyanın diktə etdiyi bir şəhər. Öz sakinlərinə, xüsusilə də ictimaiyyətin diqqət mərkəzində olan şəxslərə qarşı amansız davranan bir şəhər. Buna görə də Qotemin özünü Mettin yolundakı əsas maneələrdən biri hesab etmək olar.

Xarici konfliktdən daha maraqlısı isə daxili konfliktdir. Mett şöhrət və tanınmaq arzusunda olan insandır. Onun xarici görünüşü sadəcə peşəsinin bir hissəsi deyil, şəxsiyyətinin əsasını təşkil edirdi. Üzünü itirməklə sanki özünü də itirir. Film onun şəxsiyyətinin tədricən dağılmasını kifayət qədər maraqlı şəkildə göstərir. Faktiki olaraq qarşımızda iki şəxsiyyət dayanır və bu da istər-istəməz Betmenin digər məşhur düşməni — İkiüzlünü xatırladır.
Qətllər törətdikcə Mett öz kimliyini getdikcə daha çox itirir. Bu, xüsusilə klub səhnəsində aydın şəkildə vurğulanır. Orada o, məqsədinə çatmaq üçün davamlı olaraq üzünü dəyişir. Vaxtilə öz xarici görünüşünə böyük dəyər verən insan indi başqalarının simalarından qisas aləti kimi istifadə edir. Və o, görkəmini nə qədər tez-tez dəyişirsə, əvvəlki Mettdən bir o qədər az qalır. Qəhrəman son mənəvi sərhədi də keçdikdə onun yenidən dirçəliş baş verir. Finalda o, eybəcərləşmiş insandan formasız kütləyə — komikslərdən tanıdığımız kanonik Kleyfeysə çevrilir. Bu, sadəcə fiziki transformasiya deyil, onun şəxsiyyətinin məhvinin vizual tamamlanmasıdır. Mett Heygen birdəfəlik yox olur və yerini Gil simalıya verir. Personajın əsas faciəsi də məhz bundadır. Mettin seçim imkanı var idi. O, qisasdan imtina edə, yeni həyatını qəbul edə və hətta qazandığı bacarıqlardan başqalarının xeyrinə istifadə edə bilərdi. Doktor Keytlin Korr da bunu ona faktiki olaraq açıq şəkildə bildirərək mühüm bir sual ortaya qoyur: bəlkə, əsl güc hər şeyə rəğmən yaşamağa davam edə bilməkdədir? Lakin Mett başqa yolu seçir. Buna görə də onun bədheybətə çevrilməsi təkcə eksperimentin deyil, həm də öz qərarlarının nəticəsidir.
Nəticədə yaradıcılar Kleyfeysi DC-nin yeni kino kainatına məntiqli şəkildə daxil etməyi bacarıblar. Əlbəttə, biz bu personajı artıq «Monstr-Kommandos» (Creature Commandos) animasiya serialında görmüşdük. Lakin orada o, mənşə hekayəsi açıqlanmadan, qısa bir görünüşlə təqdim olunmuşdu. Üstəlik, söhbət animasiyadan gedirdi. İndi isə personajın canlı aktyorlarla çəkilmiş filmdə tam mənşə hekayəsini əldə etdik. Əvvəlki Mett Heygendən demək olar ki, heç nə qalmadığı bir vaxtda Kleyfeysin DC-nin gələcək layihələrində necə təqdim olunacağını görmək xüsusilə maraqlı olacaq. Bununla belə, maraqlı daxili dramına baxmayaraq, süjet bəzi məqamlarda zəifləyir. Əsas problem hadisələrin əvvəlcədən təxmin edilə bilməsidir. Film zəngin materiala malik olsa da, onun potensialından tam istifadə etmir. Bu, xüsusilə finalda özünü göstərir. Sonluq məntiqlidir və ümumi hekayəyə uyğun gəlir, lakin gözlənilən o möhtəşəm təəssüratı yaratmır. Tamaşaçı təxminən gözlədiyi nəticəni görür.

Məncə, filmdə «Çexov tüfəngi» düsturu çatışmırdı. Yəni əvvəlcədən hekayəyə daxil edilən, lakin kulminasiyada gözlənilməz və eyni zamanda məntiqli şəkildə həlledici rol oynayan bir detal və ya hadisə. Belə bir dramaturji həll hekayənin daxili məntiqini pozmadan finalı daha təsirli edə bilərdi. Ümumilikdə, «Kleyfeys» izlədikdən sonra bir sıra suallar doğuran və hətta yenidən baxmaq istəyi yaradan filmdir. Aydındır ki, ekran əsərinin düşünülmüş konsepsiyası, maraqlı ideyası, güclü rejissor və operator işi, eləcə də təsirli vizual həlləri var. Lakin banal və əvvəlcədən təxmin edilən süjet, bəzi məqamlarda zəifləyən hadisə axını və güclü təəssürat yaratmayan final filmin öz potensialını tam reallaşdırmasına mane olur. Təəssüf ki, ya da bəlkə də xoşbəxtlikdən, artıq kult statusu qazanmış «Coker»in səviyyəsinə çata bilmir.

İndi isə filmi izlədikdən sonra niyə təəssüf hissi keçirdiyimi izah etməyin vaxtıdır. Bu dəfə səbəb filmin özündə deyil, DC Studios-un onu tanıtmaq üçün seçdiyi yanaşmadadır. Məncə, burada günahın böyük hissəsi studiyanın öz üzərinə düşür. Daha dəqiq desək, DC-nin öz filmlərini düzgün reklam edə bilməməsinə. «Kleyfeys» daha çox diqqət cəlb edə və daha yüksək kassa gəliri əldə edə bilərdi. Lakin zəif reklam kampaniyası onun kommersiya potensialını tam reallaşdırmağa imkan vermədi. Üstəlik, bunun üçün mütləq böyük məbləğdə pul xərcləmək lazım deyildi. Filmi dostumla izləyərkən onun təşviqi üçün bir neçə sadə ideya düşündük. Məsələn, premyeradan bir ay əvvəl sosial şəbəkələrdə reklam kampaniyası başlatmaq olardı. Bu kampaniyada Kleyfeys DC-nin məşhur personajlarının simasına girə bilərdi: Devid Korensvetin canlandırdığı Supermenə, Sülhməramlıya, hətta Zak Snayder kainatının qəhrəmanlarına. Niyə Marqo Robbini Harli Kvinn obrazında bu kampaniyaya cəlb etməyəsən? Axı kainatın kuratoru Ceyms Qann artıq aktrisa ilə birlikdə çalışıb. Belə videolar pərəstişkarlar arasında böyük maraq doğura və yeni tamaşaçı auditoriyasını cəlb edə bilərdi. Təəssüf ki, hətta yeni kino kainatında belə DC marketinq baxımından hələ də Marvel-dən geri qalır. Məgər peşəkar PR meneceri tapmaq və orijinal reklam kampaniyasına vəsait ayırmaq bu qədər çətindir? Bu sualı açıq qoyuram.
Seymur Xəlilov