Festivallara müraciət niyə və necə edilir?

Bu məqaləni hazırlamaqda məqsədim, insanları film festivallarına, laboratoriyalara, beynəlxalq proqramlara müraciət etməyə həvəsləndirmək və praktiki yol göstərməkdir. Hər il dünyanın müxtəlif ölkələrində yüzlərlə film festivalı, ssenari laboratoriyası, rezidensiya proqramı və koproduksiya bazarı (co-market) keçirilir. Bu platformalar yeni filmlərin nümayişi, yeni layihələrin inkişafı və yeni müəlliflərin kəşfi üçün yaradılıb. Necə deyərlər, dünya kino sənayesi genişdir və layihənizlə maraqlana biləcək çoxsaylı prodüser və peşəkarlar mövcuddur. Əsas məsələ, layihəni düzgün və peşəkar şəkildə təqdim etmək və haradan başlamağı və necə müraciət etməyi bacarmaqdır. Bunun üçün rus, ingilis, türk və bildiyiniz hər hansı bir dildə axtarış edə bilərsiniz, amma xarici vörkşop (workshop), istedad proqramlarında (talents programs) iştirak üçün tələb olunan yeganə dil ingilis dilidir.
İlk sual: Niyə müraciət etməliyik və bu bizə nə verəcək? Bu sualın cavablarını bir neçə sxemdə ümumiləşdirək.
- Şəxsi inkişaf. Bu hər şeydən çox bizim inkişafımız üçün faydalıdır. Yeni ölkə, yeni insanlar, yeni ideyalar, filmlər, maraqlı söhbətlər və ən əsası, əlimizdə olan ideyamızın böyüməsi, öz yolunu tapması üçün mühit. Burada həm sizin kimi öyrənmək istəyən iştirakçılar (participants), həm də öyrətməyə həvəsli olan ustadlar (mentors) olur. Siz tamamilə kino mühitinə düşürsünüz.
- Beynəlxalq mentorların köməyilə layihəni inkişaf etdirmək. Təcrübəli beynəlxalq mentorların iştirakı layihənin yaradıcı və struktur baxımından daha da inkişaf etdirilməsinə şərait yaradır. Fərqli fikirlər, yanaşmalar, ustad dərsləri, müzakirələr sayəsində siz ideyanızı inkişaf etdirə bilərsiniz və ətrafınızda olan insanlar adətən ssenarist, prodüser, rejissor və hər hansı festivalın nümayəndələri olur. Bu proses həm layihənin keyfiyyətinə töhfə verir, həm də müəllif kimi bizim peşəkar inkişafımızı gücləndirir.
- Maliyyə və koproduksiya imkanları əldə etmək. Bu həm də sizin filminizə maliyyə tapmaq üçün şans yaradır. Nəzərə almaq lazımdır ki, siz layihəniz üçün maliyyə və tərəfdaş axtardığınız kimi, festival proqramçıları, prodüserlər və investisiya qurumları da dəstəkləyə biləcəkləri yeni hekayələr və istedadlı müəlliflər axtarırlar. Buna görə də festival və laboratoriyalarda iştirak etmək yalnız öz layihənizi tanıtmaq deyil, həm də onun inkişafı və istehsalı üçün potensial tərəfdaşlarla birbaşa əlaqə qurmaq imkanı yaratmaqdır. Bir çox uğurlu beynəlxalq filmlərin maliyyələşməsi və koproduksiya əməkdaşlıqları məhz bu cür platformalarda qurulan ilk tanışlıqlardan başlayıb. Bundan əlavə, bir çox vörkşopların sonunda pitçinqlər olur və burada yer tutan layihələr müəyyən məbləğdə maliyyə ilə təmin edilir.
İkinci sual: Nədən başlayaq və bizə nələr lazımdır? Araşdırma edərkən reqlamenti diqqətli oxumalı və ilk fikir verməli olduğunuz məqam budur, layihə qəbulu üçün nəzərdə tutulmuş ölkələr sırasında Azərbaycan varmı? əksər festivallar, vörkşoplar və talents proqramlarında bunu qeyd edirlər, əgər ölkəmiz o siyahıda yoxdursa qeyd olunan emailə yazıb maraqlanmaq olar, bəzən müəyyən faiz siyahıdan kənar ölkələr üçün yer nəzərdə tutulur. Müraciət üçün tələb olunan materialları adətən eyni olur, hər layihənin loqlayn, qısa sinopsis, uzun sinopsis, tritment, ssenari, rejissor şərhi, prodüser şərhi, büdcə və s. detalları mütləq lazımdır. Adətən vizual materiala üstünlük verilir, motivasiya məktubu da ən vacib detallardan biridir. Hər bir bənd üçün söz limiti var və hər bir proqramın da fərqli tələbləri olur. Bəzi festivallar, proqramlar yaşayış, qidalanma və səfər xərcini qarşılayır, bəzən isə müəyyən hissəsini. Müraciət edərkən bunları da nəzərə almaq lazımdır.
Bunları özünüz üçün dəqiqləşdirin: Layihəniz hansı mərhələdədir? Əgər yalnız ideyanız varsa, inkişaf laboratoriyalarına baxın. Müəyyən qədər yazılmış ssenariniz varsa, ssenari laboratoriyalarına müraciət edin. Filminiz tamamlanıbsa, uyğun festivalları araşdırın. Hər proqramın məqsədi və tələbləri fərqlidir. Uğurlu nəticə üçün hər proqramın məqsədinə uyğunlaşdırılmış təqdimat hazırlamaq lazımdır.
Düşünməyin ki, beynəlxalq festivallar və laboratoriyalar yalnız tanınmışlar üçündür, onlar da yeni müəlliflər və yeni hekayələr axtarırlar. Müraciət etməyin ən böyük üstünlüklərindən biri layihənizin beynəlxalq auditoriyaya çıxış əldə etməsidir. Hətta seçilməsəniz belə, müraciət prosesi layihənizi daha yaxşı formalaşdırmağa, onu qısa və aydın təqdim etməyə, məqsədinizi dəqiq ifadə etməyə kömək edir. Başqa sözlə, hər müraciət layihənizi bir addım da inkişaf etdirir. Yazı və təqdimetmə qabiliyyətinizi inkişaf etdirmək üçün onlayn kataloqlarda təqdim olunmuş layihələri oxuya, onların treylerinə tapıb baxa bilərsiniz. Ən əsası, festivallar yalnız filmlərin nümayiş olunduğu məkanlar deyil. Burada prodüserlər, satış agentləri, festival proqramçıları, distribütorlar və digər yaradıcılar bir araya gəlirlər. Bəzən bir fincan qəhvə fasiləsində qurulan tanışlıq sonradan yeni filminizin istehsalına səbəb ola bilər. Kino sənayesində əlaqələr ən azı istedad qədər vacibdir.
Sonda sizə hal-hazırda müraciət üçün açıq olan bir neçə yer haqqında məlumat verim. Əgər sənədli tammetrajlı film üzərində işləyirsinizsə CHANGE beynəlxalq ko-produksiya (birgə film istehsalı) üzrə təlim proqramına (https://eave.org/news/item/open-call-change-co-production-training-course-2026-2027) və Ji.hlava beynəlxalq sənədli film festivalının tərkibində olan birgə istehsala dəstəyə (https://www.ji-hlava.com/ji-hlava-jb-films) müraciət edin. Maliyyə tapmaq üçün World Cinema Fund müraciət edə bilərsiniz.
Ülviyyə Əhmədova