İNDİ OXUYUR
Arxa pəncərə və ya vuayerizm

Arxa pəncərə və ya vuayerizm

Şəhər həyatının, çoxmərtəbəli binalarda yaşamağın əvəzolunmaz vərdişlərindən biri pəncərədən küçəyə, yoldan ötənlərə, hətta üzbəüz binadakı evlərə baxmaqdır. Xüsusilə, insan yaşadığı dörd divar arasında sıxılanda, ətraf dünya ilə necəsə əlaqə qurmaq istəyəndə bu yola əl atır. Hər kəsin bir nəfər kimi evlərə qapanmağa məcbur qaldığı günlərdə bunu edən minlərlə, bəlkə də milyonlarla insan var idi. Alfred Hiçkokun “Arxa Pəncərə”si də məhz bu cür başlayır: Kamera yavaş-yavaş qarşı binadakı evlərin üzərindən keçir, onların yaşadıqları, gündəlik davranışları göstərilir. Tamaşaçı hələ bu mənzərəni kimin gözündən izlədiyindən xəbərsizdir, sadəcə ekranda ona göstərilənə məruz qalır. Amma bu “məruzqalma” müəyyən bir məqamdan sonra həzzə çevrilir, oradakı insanların nə etdikləri, necə yaşadıqları barədə suallar istər-istəməz beyində canlanır. Bu uzun kadrdan sonra, hadisələrə kimin gözündən baxdığımız aydın olur: Bu ayağı sınmış, ortayaşlı, əlində fotoaparat olan bir kişidir. Alfred Hiçkok Ceyms Stüartla bizi bu cür tanış edir. Eyni zamanda ilk kadrdan etibarən qəhrəmanla tamaşaçını eyni perspektivdən baxmağa məcbur edərək tamaşaçını da qəhrəmana çevirir. Qəhrəmanın subyektiv baxışı ilə tamaşaçının baxışı üst-üstə düşür və şəxsiyyətləri eyniləşir. Hiçkok bunu niyə edir?

“Arxa pəncərə”, rejissor Alfred Hiçkok

Vuayerizm başqalarının davranışlarına onlardan xəbərsiz, gizlincə baxaraq zövq almaq, hətta ehtiraslanmağa verilən addır. Bu davranış insanlarda vaxt ötdükcə vərdişə çevrilə, hətta obsessiyaya dönə bilir. “Arxa pəncərə”nin qəhrəmanı Cefriz də məhz həmin patalogiyadan əziyyət çəkir. Fotoqraf olduğu üçün daim insanları müşahidə edən bu şəxs ayağının qırılması nəticəsində evə məhkumdur və ətrafla yeganə əlaqəsi pəncərədən ətrafa baxaraq insanları müşahidə etməkdir. Digər tərəfdən isə, film izləməyin özü də vuayerizm deyilmi? Tamaşaçı da tez-tez başqalarının həyatına onların xəbəri olmadan baxır, gülür, ağlayır, sevinir, ehtiraslanır, kədərlənir. Hiçkok ilk kadrdan tamaşaçı ilə qəhrəmanı eyni stula oturdur. Ayağı qırılan fotoqraf Cefriz ilə kinoteatrda əyləşən tamaşaçı eyni işi görürlər, başqalarını seyr edirlər. Hiçkokun bu gedişi həm də tamaşaçını hekayəyə qatmağın bir üsuludur. Artıq tamaşaçı qəhrəman ilə eyni yolu getməyə, onun gümanlarını və tərəddüdlərini bölüşməyə hazırdır. Cəmi bir neçə dəqiqəyə tamaşaçı filmi sona qədər izləmək üçün ələ keçirildi! Hiçkokun ustalığı burada başlayır, lakin bununla da kifayətlənmir.

“Arxa pəncərə” filminin çəkiliş prosesi. Rejissor Alfred Hiçkok

Cefrizlə tanışlıq onun yanına gələn Stella və Liza ilə genişlənir. Liza Ceffin nişanlısıdır, evlənmək üçün az qala Ceffi sıxma-boğmaya salır, lakin qəhrəmanımız inadla bu hücumlara sinə gərir. Lizanın neqativdən gördüyümüz fotosu onun haqqında Ceffin fikirlərini ifşa edir. Üstəlik ətraf aləmlə, üzbəüzdəki bina ilə – münasibət həm də qəhrəmanımızın daxili dünyasını işıqlandırır. Çünki həmin binada rəqqas, heykəltaraş, yeni evlənən cütlük, yatalaq arvad ilə əri və başqaları var. Həmin bu şəxslər arasında Ceffin ən çox diqqətini çəkən isə ortayaşlarında olan cütlük olur. Yatalaq həyat yoldaşı ilə aralarında problem yaşayan kişinin – Lars Torvaldın başına gələnlər Ceffin daxili dünyası ilə eynilik təşkil edir. Onun üçün evlilik bir əzab, bir tələdir və bu tələyə düşənlər gündəlik məişət qayğıları arasında vurnuxmağa məhkumdur. İnsanın diqqətini çəkən məqam ən çox özündə gördüyü, ya da özünün qorxduğu məqamdır. Ceff də belə bir qorxu içində olduğu üçün Liza ilə evlənməyin tam əleyhinədir.

Ceffin bütün bu davranışları isə maraq və şübhə ilə tətiklənir. Bunun əsas səbəbi isə Lars Torvaldın həyat yoldaşının həyatına qəsd etdiyi barədə şübhələrdir. Bu şübhələr əvvəlcə baxıcısı Stella və nişanlısı Liza tərəfindən ciddi qəbul edilmir. “Başqalarının evinə baxmaq, onları güdmək düzgün davranış deyil” deyərək Ceffə tənələr edirlər. Bu, cəmiyyətin yaratdığı etik normaların qəhrəmana hücum etməsidir. Qəhrəman isə öz fikrində və şübhələrində inad edir. İnadı nəticəsində Stella və Liza da ona qoşulur, onlar Cefriz ilə birlikdə pəncərədən baxmağa, həqiqətin nə olduğunu araşdırmağa çalışırlar. Hiçkok insanlara dair qatı hökmlər çıxarmır, əvəzində başqalarını güdməyin insani tərəflərini, maraq hissinin insanları necə ələ keçirdiyini tərəfsiz formada göstərməyə çalışır.

“Arxa pəncərə”, rejissor Alfred Hiçkok

Təkcə bir məkanda keçən, milyonlarla büdcə xərclənməyən, sadəcə qəhrəmanın gördükləri ilə məhdudlaşan film tamaşaçı üçün çoxdan darıxdırıcı olmalı idi. “Arxa pəncərə” isə ən yaxşı misteriya-triller janrında filmlərdən biri kimi özünü çoxdan təsdiq edib. Tamaşaçı əvvəldən oturduğu stulu tərk etməli, sıxıntıdan şikayətlənməli idi. Bu baş vermir, əvəzində qəhrəmanın sualları tamaşaçıda da əks-səda doğurur, o da artıq oyunun bir parçasıdır. Əvvəldə zövqlə izlədiyi görüntülər indi onda şübhələr yaradır, bir detektiv ədası ilə qətlin olub-olmadığı ilə maraqlanır.

Hiçkokun qurduğu ətraf dünyadakı obrazlar öz tənhalıqları mübarizə halındadır. Hər biri müxtəlif formada tənhadır, hətta əvvəldə xoşbəxt kimi görünən yeni cütlüyün də arası pozulur, mübahisə etməyə başlayır, bir-birlərindən uzaqlaşırlar. Ceffin marağını bölüşən Liza və Stella onun üçün özünü riskə atmağa başlayır. Qəhrəmanların arasındakı münasibət forması da bu anda dəyişməyə başlayır. Liza Ceff üçün maraq mənbəyinə çevrilir. Uzaqdan Lizanı seyr edən Ceff yumşalır, onun sevgisini qəbul etməyə başlayır. Çünki artıq Liza da onun yanında yox, qarşısındadır. Artıq Liza da nümayiş olunan bir arzu obyektinə çevrilib. Lizanın peşəcə model olması da bütün bu sevginin başlanğıcı barədə bizə məlumat verir.

“Arxa pəncərə”, rejissor Alfred Hiçkok

Detektiv Doyla müraciət isə cinayətin baş verib vermədiyini bilmək üçün kifayət etmir. Doyl gördüklərinə istinad edərək belə bir hadisənin baş vermədiyini iddia edir. Ceff isə bu gördüklərindən əlavə, xırda detalları birləşdirərək həqiqəti sezdiyini bildirir. Əgər detektiv Doylun dedikləri görünənlərdən çıxarılmış nəticədirsə, fotoqraf Ceff isə gördüklərindən əlavə bir çox nöqtələri birləşdirərək yeni bir iddia ortaya qoyur. Bu eynilə usta rejissorların tamaşaçılar üçün həm hekayə nəqli yolu ilə, həm də montajla əl atdıqları hiylədir. Düzülmə ardıcıllığının fərqliliyi montaj yolu ilə görüntülərə necə yeni məna qazandırırsa, Ceffin də hiss etdikləri və duyduqları gördüklərinə yeni məna qazandırır. Artıq tamaşaçı da Ceff kimi son addımın atılmasını, qatilin ortaya çıxarılmasının arzusundadır. Bu arzu hadisələrə tamaşaçı olmaqdan – vuayerizmdən – daha çoxunu özündə ehtiva edir. Bu maraq, şübhə, narahatlıq, həqiqətə hava/su kimi ehtiyac olmasıdır. Hiçkok qurduğu atmosfer ilə həm qəhrəmanı, həm də tamaşaçını eyni hisslərə düçar edir. Elə buna görə də, aradan təxminən 70 ilə yaxın vaxt keçməsinə baxmayaraq, detektiv və triller deyəndə adı çəkilən filmlərdən biri, bəzən hətta birincisi “Arxa pəncərə” olur.

Heç kimin, bəlkə də heç Hiçkokun da ağlına gəlməzdi ki, böyük bir pandemiyadan sonra evlərinə qapanıb qalmış adamların tənhalığını və marağını, ünsiyyət arzusunu bu qədər dəqiqliklə ifadə edə bilərmiş. İnsan təbiətini belə zərgər dəqiqliklə göstərmək, araşdırmaq və sorğulamaq hər rejissora qismət olmur. Nə yaxşı ki, Hiçkok bunu bacarıb və fərqli perspektivlər təqdim edib.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya