İNDİ OXUYUR
Abbas Kiarostaminin “Külək bizi aparacaq…” filminə

Abbas Kiarostaminin “Külək bizi aparacaq…” filminə

…Bir an…

Sonrasa heç nə…

Pəncərədən o tayda titrəyir gecə

Yer bir an dayanır, dönməyir

Bu pəncərə arxasında bilinməz biri

Səni və məni gözləyir.

Ey,

Başdan ayağa yamyaşıl olan

Yandırıb yaxan xatirələrlə dolu əllərini

Eşqdən tutuşan əllərimə qat.

Varlığın istisini duyduran dodaqlarını

aşiq dodaqlarımın nəvazişinə burax

Külək bizi aparacaq

Külək bizi aparacaq.

İranın əfsanəvi şairəsi Füruğ Fərruhzad bu şeirində həyatın, bəlkə də, ən əsas qanununu kəşf edir: Yaşamaq dediyin indidir. İndi duyduğun sevgidir. Özünü bu duyğuya, həyat duyğusuna həvalə et. Bizə məxsus olan yalnız bu duyğudur. Qalanını külək sovuracaq, külək aparacaq, deyir. Biz bu həyat duyğusuna qapılsaq, o əbədi harmoniyaya qovuşacağıq, həm də heç əziyyət çəkmədən – Külək bizi aparacaq…

İran kinorejissoru Abbas Kiarostaminin, adını bu şeirdən götürdüyü “Külək bizi aparacaq” filmindəki mövzulardan biri də budur: özünü həyatın sayrışan sirli işıqlarının seyrinə buraxmaq, heç nəylə müqayisəyə gəlməyən yaşamaq təcrübəsini əldə etmək. Bunun ömrün uzunluğu, ya qısalığı ilə bir əlaqəsi yoxdur.

Zira çox yaşamaq da uzun yaşamaq anlamına gəlmir. Çox yaşamaq çox duyğu yaşamaqdır, çox dərk etməkdir. Yəni bu çox yaşamanı birinə arzu edəndə çox duyğunun içində əzablar olduğunu da gözardı etməyək. Hələ indi bir soruşaq – Çox yaşamaq istərmisiniz?

Sualı elə buradaca açıq qoyub, filmə başlayaq.

Filmin qəhrəmanı Behzaddır, o, yas mərasiminin özəlliyini çəkmək üçün çəkiliş heyəti ilə birgə İranın ucqar bir kəndinə gəlir. Çünki kəndin ən yaşlı sakini ölüm yatağındadır – yemir, içmir, danışmır. Behzad da yas ayinini çəkmək üçün onun ölümünü gözləyir.

“Nuhla yaşıd” qarının ölümü uzandıqca Behzad daralır. Sifarişçi bir yandan, heyət bir yandan onu qısnayır. Uzun yaşamış o qarı ölmək bilmir. Behzad gözləyir və bu gözləyiş filmin əsas süjetidir.

Bəzən bir işin əsl mahiyyəti onu gerçəkləşdirmə çabaları içində unudulur.

Behzadın, çəkdiklərini sənət məhsulu etmək kimi bir dərdi varmı? Bilmirik. Amma onun məşğul olduğu sənətin əsas qayəsi budur: Həyat deyilən o əbədi sirdən nəsə qoparmaq. Yəqin, yaşayan hər kəsin əsas qayəsi də elə budur. Amma məsələ sirrin özündə deyil.

Ən önəmlisi duymaq anı, hiss etmək, kəşf etmək çabalarıdır. Ola bilsin ki, indilərdə ucqar bir kənddə yuxa yayan qarı oxlovun ucuyla ocağa çırpı itələyə-itələyə sözarası yanındakı gözü acışan qonşusuna illərlə təhsil almış bir alimin yazdığı, ya bir rejissorun yüz əziyyətlə çəkdiyi filmin ən ali ideyasını deyir. Əsas məsələ buna özünün gəlməyidir, bu dərketməni yaşamaqdır. Yəni, biri taxıl döyə-döyə, biri kitab oxuya-oxuya dünyanın əbədi sirrindən bir qırıq qopara bilər.

Odur ki, Abbas Kiarostaminin “Külək bizi aparacaq” filmində kamera ot biçən dəryaz kimi, samovarın dəmkeşindəki çaydan kimi sıradan bir aparatdır. Bir üstünlüyü olmayan bir nəsnədir.

Bütün film boyu qarının ölümünü gözləyən Behzad ən sonda niyyətinə çatır. Amma artıq o əvvəlki Behzad deyil. “Heç bilənlə bilməyən bir olarmı?”

İndi məqsədinə çatan Behzadın çəkdiyi fotolarda artıq bütöv bir filmin yükü olacaq. Çünki Behzad bir həqiqətə daha varıb: İnsan bir ömür boyu səyahətdədir (hətta öləndən sonra sümükləri də avtomobillə çayda dolaşa bilir). Kiarostami bizə o fotoları göstərmir. Sadəcə çəkilişi görürük. Modernist dünyadan fərqli olaraq incəsənət əsəri fetişləşdirilmir. O, kəndlinin dama düzdüyü heyvalar kimi, kankan Yusifin quyusu kimidir: ötəri görürük. Stop-kadr kimi iri planda üstündə dayanmırıq. Rejissor da o heyvalar kimi öz kadrı üçün yetişməlidir. Qarının ölümünü gözləməlidir ki, buradakı həyatdan nəsə anlasın, duysun. Qısası, o bir az yaşamalı, modern dünyanın ondan aldığı bu ciddi bir qabiliyyəti bərpa etməlidir – Zamanla məhdudlaşdırılmış icraetmədən imtina edərək, özünü həyata buraxmalıdır.

Ümumiyyətlə, Kiarostaminin bu filmi modern dünya ilə ənənəvi cəmiyyəti qarşı-qarşıya qoyur. Başqasının biçdiyi zaman ritmilə yaşayan, daha düzü, “həyatı icra edən” modern insanla – Behzadla vacib bildiyi, lazım hesab etdiyi və ya ata babalarının qoyduğu qayda ilə yaşayan “Qara vadi” kəndinin insanlarını.

Behzad yas mərasimindən maraqlı görüntülər çəkəcək, ekzotik təsvirləri sifarişçiyə çatdıracaq. Behzad modern dünyanın insanıdır, o artıq dağa Tanrıyla danışmaq üçün yox, sifarişçisiylə telefon bağlantısı qurmaq üçün çıxır. Behzadın həyatında daim bir üçüncü var, o həyatı da sanki onun üçün yaşayır. Bu, sifarişçidir, yoxsa reportajını oxuyacaq oxucudur, ya da sifarişçi-istehsalçı cütlüyüdür, dəqiq deyil. Amma hər şey bu üçüncü üçündür. Behzad, üçüncünü razı salacaq ekzotika axtarışındadır. Modern dünyanın qütblərini asanca tanıyırsan. Bu qütblər arasında qalan yalnız Behzad deyil.

Kəndin müəllimi Behzadla söhbətində ona hansısa ekzotikanın kənardan baxanlar üçün bir aldanış olduğunu deyir. Hər şey sadədir: müəllimin anasının üzündə iki yara izi var. Yasdan qalan izdir. Kəndlərdə arvadlar yasda ölənin necə əziz olduğunu ağlayıb üzlərini cırmaqlamarıyla bəlli edirlər. Müəllimin anasındakı bu yara izləri oğlunun müdiri üçündür (Ana müdirin qohumunun yasında ona yarınmaq üçün daha çox acı çəkdiyini göstərib). Oğlunu işdən atmasınlar deyə, bir ananın gösətrdiyi çabadır. Yəni, Behzadın ayin olaraq çəkmək istədiyinin bir başqa sadə səbəbi ola bilər.

“Külək bizi aparacaq” həyat haqqında kinopritçadır, amma siz buradan yalnız bir fəlsəfə, bir hikmət çıxara bilməzsiniz. Hər bir simvol – Behzadın əlindən düşüb ona yoldaşlıq edən yerli oğlan uşağı Fərzada sarı dığırlanan alma da (günah təklifi kimi), arxası üstə çevirdiyi tısbağa da (həyata qarşı çıxmaq), süd də (sevgi), öz quyusunu özü qazan kankan Yusif də, məzarlıqdakı sümük də nəyisə xüsusilə vurğulamaq üçün deyil, amma nələrsə deyir.

Və sanki filmdə baş verən hər şey Behzada öz dililə söylədiyi şeiri (“Külək bizi aparacaq” Füruğ Füruxzad) çatdırmaq, hiss etdirmək üçündür.

Behzad süd üçün tövlələrinə gəldiyi Zeynəbə (Yusifin sevgilisi) bu şeiri oxuyur. Həm də sevgi kontekstində oxuyur. Halbuki sevgilisinə süd aparan Zeynəb, çox güman ki, bu şeiri yaşayır, bəlkə, bunu bilmir, amma yenə də bu şeirə Behzaddan daha yaxındır. Zeynəbin susqunluğunda nələr gizlənib, biz bilmirik.

Bu arada qonağa yoldaşlıq edən Fərzad obrazı da hadisələrin açılmasında rol oynayır. Fərzad imtahanlarına məsuliyyətlə yanaşır. Belə vacib məqamda o, işini atıb Behzada yoldaşlıq edə bilməz. Amma Behzad üçün bunlar önəmli deyil. Onun fikrincə, çəkiliş hər şeydən önəmlidir.

Kankan Yusifin quyuda torpaq uçqununa düşməsi epizodunda ayıq tamaşaçı Behzadın həyəcanını daha aydın sezir: mahnılarından zövq aldığı kankan ölsə, gözlədikləri yas törəni var deməkdir. Həmkarlarını axtaran Behzad həkimdən gah Yusifin, gah da ölüm yatağındakı qarının səhhəti haqda soruşur; onun işi düzəlsin deyə südündən içib, çörəyindən yediyi kənddə kimsə ölməlidir.

Və bütün bunlarla bahəm, Behzad əxlaqi keyfiyyətini itirməyin narahatlığını da yaşayır. Epizodlardan birində o, Fərzaddan – səncə, mən yaxşı adamammı? – deyə soruşur.

Kiarostami qəhrəmanını fokusdan qaçırmamaq üçün nə kankan Yusifi, nə ölüm yatağındakı “Nuhla yaşıd” qarını, nə Behzadın qəzetçi, rejissor, fotomüxbir həmkarlarını, nə də fotokameraya köçürdüyü fotonu göstərir. Biz bir dəfə də olsun onları ekranda görmürük. Vacib olan onun simasında intellektual (Behzad ara-sıra şeirlər deyir, deyilən şeirləri tamamlayır) daha düzü, intellegent qəhrəmanın çabalarıdır.

Oysa, çabalamaq lazım deyil, deyir film. Külək bizi aparacaq…

Aliyə Dadaşova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya