İNDİ OXUYUR
Ölümün astanasında

Ölümün astanasında

Əgər yenidən dünyaya gəlsəydim, əşyaların maddi tərəflərini deyil, mənalarını qiymətləndirərdim. Az yatardım, çox yuxu görərdim və hər dəqiqə gözlərimi yumanda 60 saniyə işığı itirdiyimi düşünərdim. Başqaları dayananda mən yeriməyə davam edərdim. Başqaları yatarkən, mən oyaq qalmağa çalışardım. Tanrım, bircə udum yaşasaydım… Uşaqlara qanad verərdim. Amma onlara özbaşına uçmağı öyrənməyə icazə verərdim. Yaşlılara öyrədərdim ki, ölüm qocalmaqla deyil, unutmaqla gəlir…

Bu məktub ölməzdən əvvəl həyata vida məqsədilə Qabriel Qarsiya Markez tərəfindən qələmə alındığı zənn edilir. Dadı damaqlarda qalan həyatın sakinindən dünyaya, insanlara “miras”… Bu mirasdan  bir daha məlum olur ki, insan üçün həyatın ən şirin vaxtı ömrün sona yaxın olduğu vaxtdır. Həyat qayəsinin bütləşdirdiyi bədən, yalnız ölümə yaxın olan zaman canlı olduğunun fərqinə varır. “Bax onda, həyatdan, suda saman çöpündən yapışan adam” kimi yapışır. Kinoda bu əllərlə görüşümüz Akira Kurosavanın “Yaşamaq”  filmində baş tutur. “Yeddi samuray”, “Ran”, “Rasyömon” filmləri ilə tanınan Akira Kurosava dram janrında olan bu filmi 1952-ci ildə lentə almışdır. Lev Tolstoyun yaradıcılığına böyük rəğbət bəsləyən Kurosava, müəllifin 1886-cı ildə qələmə aldığı “İvan İliçin ölümü” əsəri əsasında filmi ekranlaşdırmışdır. Lakin bu onun yaradıcılığında rus ədəbiyyatına ilk müraciəti deyil. Kiçik yaşlarından mütaliə edən rejissor, rus ədəbiyyatının böyük simalarından olan Dostoyevskinin “İdiot” əsəri əsasında eyniadlı filmi 1951-ci ildə ekranlaşdırıb.


“Yaşamaq” filmində tamaşaçı, mədə xərçəngi olduğunu bildikdən sonra həyatın mənasını axtaran qəhrəmanın mübarizəsini izləyir. Rejissor, ölümdən çox, boşa keçmiş ömürdən qorxan Kanci Vatanabenin simasında tamaşaçıları məna axtarışına çıxarır. Bir nəfəs qədər yaxın olub, lakin unutduğumuz ölüm qəfil qapımızı döysə ilk edəcəyimiz şey nədir? Ölüm qarşısında ömürboyu savaşdığımız hər şey, nə qədər mənasızlaşa bilər? Film, ailə-dostluq, valideyn-övlad  münasibətləri çərçivəsində işlənir. Müəllif eyni zamanda tamaşaçıları müharibədən yeni çıxmış Tokio, ölüm və həyat, mənəvi keyfiyyətlər və ekzistensial narahatlıqla tanış edir. Rejissor bizi Vatanabenin simasında, yaşadığımız ömrü sorğulamağa, əslində var olduğumuzun insanlığa qatdığı nəsnə haqqında düşünməyə vadar edir. Filmin əvvəlində ömrünün 30 ilini  Tokio bələdiyyəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin bürokrat müdiri kimi keçirən Vatanabenin iş yeri göstərilir. Belə ki, Vatanabe masa arxasında sənədləri möhürləyir. İlk səhnədə məkan olaraq iş yerinin seçilməsinin əsas səbəbi Vatanabenin həyatının bütünlüklə buradan ibarət olmasıdır. Lakin nə onun, nə də digər ofis işçilərinin gördüyü konkret işin nəticəsi göz önündə deyil. Çünki şöbə işçilərini maraqlandıran, insanların problemləri yox, təyin ediləcəkləri yeni vəzifədir. Problemin həlli məqsədilə bələdiyyəyə yaxınlaşan insanları digər şöbələrə yönləndirərək başlarından edib işlərini ləngidirlər.


Bu baxımdan, ofisi Vatanabenin həyatının simvolu adlandırmaq olar. Burada da işlər eynilə Vatanabenin həyatı kimi ləngidilir, uzadılır. Xərçəng olduğunu bildikdən sonra yaranan dəyişikliklər, ofis həyatına da təsir edir. Qəhrəmanın həyatında dönüş nöqtəsi ona xərçəng diaqnozunun qoyulmasıdır. Vatanabenin məna axtarışı, oğlu, iş yoldaşı və yazıçı vasitəsilə baş tutur. Vatanabe, oğlu və gəlini ilə birgə yaşayır. Qoca yaşına qədər oğlu üçün subay qalıb onu böyüdən Vatanabeyə görə oğlu, onun əziyyətinin qarşılığını vermir. Belə ki, gəlini və oğlu ona qarşı kəskin münasibət bəsləyirlər. Vatanabenin gəlini və oğlu həyatlarını asanlaşdıran nankorluğa sahibdirlər. Bəzilərinin işdə gördüyü həyatın mənasını onlar, özlərini xoşbəxt etməkdə görürlər. Və bu xoşbəxtlik Vatanabenin bədbəxtliyindən keçir. Fleşbek səhnələri vasitəsilə, indiki və keçmiş dövrə “səyahət” edərək müqayisə edirik. Bu isə bizə, ata və oğulun münasibətinə daha yaxından nəzər salmağa imkan verir. Belə ki, artıq müstəqilliyə ayaq basmış oğul, atasına qarşı son dərəcə duyğusuz və soyuqdur. Oğlundan fərqli olaraq ona qarşı isti münasibət bəsləyən, aralarında heç bir qan bağı olmayan qızcığaz – Toyodur. İşdən bir müddət ayrı düşən Vatanabenin Toyo ilə tanışlığı küçədə, qızın istefa ərizəsinə imza atmaq zərurətindən yaranır. Bu hadisə hər iki qəhrəmanın həyatında yeni səhifə açır. Lakin, Toyodan fərqli olaraq bu hadisənin Vatanabeyə nə gətirəcəyi sual altındadır.

Filmin irəliləyən dəqiqələrində bir-birilərilə isti münasibət yaradan qəhrəmanlar, tamaşaçıya doğmalığın qanla deyil, insanlıqla bağlı olduğunu göstərir. Bir yanda onu dinləməyən oğlu və gəlini, digər tərəfdə isə, Vatanabenin sadəcə onun yanında olması ilə müsbət enerji və həyat eşqi ötürən qızcığaz. Toyo, Vatanabeyə təsəlli verməklə yanaşı, eyni zamanda, ona oğlunun baxış bucağından baxmağını istəyir. Vatanabenin yaşı və yaşadığı mühitlə əlaqədar olan inancları, oğlu kimi gənc nəsildən olan biri tərəfindən qırılır. Doğulduğu andan etibarən uşaqlarına onlara borclu olduğunu söyləyən valideynlər sayəsində yaxşı və uğurlu işçilər yetişsə də, həyatlarının mənasını tapmaqda aciz insanlar formalaşır. Kim bilir, bəlkə də Vatanabenin uğursuzluğunun səbəbi də budur. O əvvəl yaxşı oğul olması ilə başlayıb, sonradan mövcud olan minnət hissi onu yaxşı ata, yaxşı işçi edib. Amma həyatının sonuna yaxın məna axtararkən, özünü yenidən kəşf etmək məcburiyyətində qalıb.


Valideynlər övladlarını boya-başa çatdırdıqdan sonra, onlara qarşı olan gözləntiləri barəsində ümidləri qırılsa da, heç bir halda onlara minnət edə bilməzlər. Toyonun baxış bucağından nəzər yetirsək, belə qənaətə gələrik ki, övladlar, daşıyacağı mənəvi keyfiyyətlərdən asılı olmayaraq, öz istəkləri ilə deyil, valideynlərinin istəkləri ilə dünyaya gəlirlər. Vatanabenin məna axtarışında süjetin vacib qəhrəmanlarından biri də yazıçıdır. Yazıçı, həyatın mənasını əyləncə mərkəzlərində, içkidə və qadınlarda görür. Onun fikrincə, həyat Tanrı tərəfindən göndərilən müqəddəs hədiyyədir. Və boşa yaşanmış ömür Tanrının hədiyyəsinə qarşı hörmətsizlikdir. Belə ki, yazıçı ilə qarşılaşan Vatanabe bankdan çıxardığı pulun vasitəsilə yazıçının ona yol göstərməsini xahiş edir. O yol ki, qəhrəmanı həqiqətən də yaşamadığı həyatın qoynuna atsın və  qalan ömrü şən yaşasın. Qəhrəmanın həqiqətən də bu günə qədər sürdüyü həyat, həyat deyilmi? Əslində, həyatdan zövq almaq dedikdə, nə nəzərdə tutulur? Bu günə qədər etmədiklərini, bu gündən sonra etməkmi? Yazıçı, həyatın mənasını həqiqətən əyləncədəmi görür? Yoxsa ölümü özündən uzaqda zənn etdiyi üçünmü belə davranır? Vatanabe yazıçıdan uzaqlaşmaqla həqiqi həyatın bunların heç biri olmadığını təsdiq etməklə yanaşı, özündən yaşca kiçik olan Toyoda bütün bu suallara cavab tapır.


Rejissor 30 ildən sonra qürubun fərqində olan Vatanabenin vasitəsilə, əsl mənanın böyük şeylərdə yox, qürubu izləmək kimi kiçik detallarda ola biləcəyini göstərir. Filmin sonlarına doğru tikildiyi məlum olan park, Vatanabenin mirasıdır. Bu park, həyatını yaşaya bilməmiş və mədə xərçəngindən vəfat etmiş bir insanın uşaqlara həddiyyəsidir. Ölməkdə olan adamın dirilər üçün bəxşişi olan park, Vatanabenin insanlara qatdığı son faydadır.

Elza Axundova      

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya