“Vətən”in gətirdiyi məyusluq

Bu silsilə yazılar Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ezamiyyəti çərçivəsində hazırlanır.
Festivalın növbəti günlərində qonaqların sayı artır. Hər kəs yeni film, yeni sensasiya, dünya kinosuna dərindən təsir edəcək sənət əsərinin axtarışına çıxıb. Dünyaya narazı olaraq gəlmiş kinotənqidçilər heç nəyi bəyənmir, “bu film də zəif çıxdı, ümid növbəti filmədir” şüarıyla seansdan-seansa qaçırlar.
İnsan yaxşı mənada təəccüblənir – şəhərin istənilən nöqtəsində, günün 18 saatı qaranlıq salonda gözlərini zilləyib ağ pərdədən ümid gözləyənlər – bu, Kann Film Festivalının əsas rəsmidir.
18 saat sözü təsadüfi deyil. Festivalda nümayişlər səhər 08:00-dan başlayır və düz axşama qədər davam edir. Adətən, sonuncu nümayiş – filmin xronometrajından asılı olaraq – gecə saat 12-də yekunlaşsa da, filmdən doymayanlar üçün xüsusi “Gecəyarı nümayişləri” var. Burada filmlər məhz gecə yarısından sonra başlayır və bəzən gecə saat üçə qədər uzanır. Bu bölmə Kann Film Festivalının janr filmləri (qorxu, triller, macəra) üçün açdığı nəfəsliklərdir. Günə yeni başlayanlar və ya yorulmayanlar bu nümayişlərdə də iştirak edir.
Bu kiçik haşiyə ilə festivalın ümumi ab-havasını təsvir etməyə, bu mətni oxuyan oxucunu da qiyabi həmin məkana aparmağa çalışandan sonra festivalın əsas müsabiqəsindəki filmlər barəsində danışmaq olar. Rejissor Şarlin Burjua-Takın “Bir qadının həyatı” filmi maraqlı strukturu ilə diqqət çəkməyi bacarır. Baş qəhrəman, Qabriel adında həkim qadındır. O öz şəxsi həyatı, münasibətləri ilə işi arasında sıxılıb qalmış ortayaşlı cərrahdır. O qədər çox öhdəlikləri var ki, şəxsi həyatına vaxt ayıra bilmir və nəticədə şəxsi həyatında da problemlər yaşamağa başlayır. Gənc yazıçı Frida isə öz ədəbi materialında istifadə üçün gün boyu Qabrieli müşahidə edir və haqqında qeydlər götürür.

Filmin quruluş olaraq maraqlı məqamı, ekranda çıxan yazılarla hissələrə bölünməsidir. Bu hissələrə verilən adlar özündə həm fiziki dünyanı, həm də mənəvi dünyanı ehtiva edir. Məsələn, “Nəzarətin itirilməsi” başlıqlı hissədə qəhrəmanın anası demensiyadan əziyyət çəkdiyi üçün özünə nəzarət edə bilmir, problemlər yaşayır, digər tərəfdən isə Qabriel də şəxsi həyatına olan nəzarəti itirir və çətinliklərlə üzləşir. Rejissor, Qabrieli izləyəndə dinamik kameradan istifadə edir və bu üsulla onun üzləşdiyi təzyiqi məharətlə göstərir. Qabrielin şəxsi həyatında yaşadığı problemlər isə nisbətən aramla göstərilir, iki dünya arasındakı ziddiyət vurğulanaraq qabardılır.
Hekayənin əsas sualı isə bundan ibarətdir: Karyerası üçün şəxsi həyatını qurban verənlər həqiqətən xoşbəxtdirlərmi? Bu sual müəyyən qədər klişe olsa da, rejissorun qurduğu situasiyalar inandırmağı bacarır. Filmin əsas problemli məqamı Qabriellə Fridanın münasibətlərinin inandırıcı olmaması, bunun nəticəsində də yaratmaq istədiyi emosional təsirin azalmasıdır. Qabriel rolunun ifaçısı Lea Drüker işgüzar qadın obrazı ilə diqqəti özünə cəlb etməyi bacarır. Kamera onun hərəkətlərini izləyərkən bircə an belə boş qalmır, hər anda qəhrəmanın varlığı tamaşaçının diqqətini cəlb etməyə kifayət edir.
Şübhəsiz, festivalda ən çox gözlənilən işlərdən biri, səkkiz ildən sonra çəkiliş meydançasına qayıdan polyak rejissor Pavel Pavlikovskinin “Vətən” filmi idi. Bu filmə görə gözləntilərin yüksək olmasının bir çox səbəbi vardı. Pavlikovski sevimli post-müharibə (İkinci Dünya müharibəsi) mövzusuna bu dəfə Tomas Mannla qayıdır. Hekayə Tomas Mannın müharibədən sonra ilk dəfə Almaniyaya səfərindən bəhs edir. Son illərin ən parlaq qadın aktrisası Sandra Hüller, Tomas Mannın qızı Erikanı canlandırır. Sonuncu, bəlkə də, Pavlikovskinin kino dünyasını sevənlər üçün ən əhəmiyyətli məqam isə quruluşçu operatorun yenə polyak Lukaş Jal olmağıdır. Bu sadalananlar, filmi ümidlə gözləməyə kifayət qədər əsas verir.
Pavlikovski bundan əvvəlki iki filmində də İkinci Dünya müharibəsinin fəsadlarını, bitmiş müharibənin insan həyatı üzərindəki kölgəsini araşdırırdı. “Vətən”də də eyni şeyi bu dəfə iki hissəyə parçalanmış Almaniya vasitəsilə edir. Tomas Mann, qızı ilə birgə əvvəlcə Qərbi Almaniyaya – kapitalist ölkələrin dəstəklədiyi quruluşa, ardınca isə Şərqi Almaniyaya – SSRİ-nin dəstəklədiyi quruluşa səyahət edir. Ağ-qara çəkilmiş “Vətən”, əsasən, statik kamera ilə yol filmi çəkmək cəhdidir. Filmin digər yarışma filmlərinə nisbətən qısa olan xronometrajı (82 dəqiqə) həmin cəhdi uğurla başa vurmağa kömək edir. Rejissor, qəhrəmanları ilə müəyyən məsafə saxlayaraq fokusu təkcə qəhrəmanlara yox, həm də onların mühitlə münasibətinə yönləndirir. Bu mühit təsadüfi deyil – burada hər bir davranış, hər bir obraz alman xalqının öz kollektiv günahı ilə necə mübarizə apardığının təhlilidir. Tomas Mannın timsalında almanların öz böyük mütəfəkkirlərindən, dahi şəxsiyyətlərindən öyrəndikləri və öyrənə bilmədikləri göstərilir. Aliliyə, universallığa iddialı Tomas Mann, Hötedən danışır, Sebastyan Baxın ilk dəfə konsertmeyster olduğu kilsəyə baş çəkir. Ancaq bunu edərkən öz şəxsi həyatında oğlu ilə qurduğu münasibət nə qədər sağlam və möhkəmdir? İronik bir şəkildə bu sual həm də Almaniyanın mədəni irsinə verilmiş sualdır. Böyük mədəni irsə sahib almanlar niyə və necə İkinci Dünya müharibəsi kimi böyük fəlakətə yol açdılar, yekunda isə böyük günahkarlıq hissi ilə qarşı-qarşıya qaldılar? Tomas Mann nə kapitalist Almaniyasını, nə də kommunist Almaniyasını qəbul edir. Bir tərəfdə Mikki Maus, digər tərəfdə isə kommunistlər olduğunu düşünür. Alman xalqı üçün vəziyyət – müharibə sonrası “nə əkərsən, onu da biçərsən”dir.

Pavlikovski, qurduğu dünyada dahi şəxsiyyət və onun mühiti mövzusunu kifayət qədər uğurlu təsvir edə bilsə də, qəhrəmanın psixoloji situasiyasını tam aça bilmir. Xüsusilə, oğlu ilə münasibətinin disfunksionallığı elə təsvir olunur ki, yekun katarsisin potensialına töhfə vermir. Bunun, bəlkə də, əsas səbəbi Tomas Mannın tarixi şəxsiyyət olması və rejissorun, onun mədəni irsinə qarşı ehtiyatlı davranmasıdır. Maraqlı məqam odur ki, “Vətən” filmi ssenaridə olan ardıcıllıqla çəkilib. Bu üsuldan qəhrəmanların psixoloji əhvalının inkişaf dinamikasını düzgün vermək, onların portretlərinin bütövlüyünə nail olmaq üçün istifadə edilib. Lukaş Jalın estetik gözü ilə qavradığımız, dağıntılar içində gələcəyə dair ümid işığı axtaran Almaniyanın portreti diqqət çəksə də, eyni sözü qəhrəmanlar barəsində demək mümkün deyil. Nəticədə emosional təsiri zəif, sosial tərəfi isə güclü 1949-cu il hekayəsi görürük. Sandra Hüller və Tomas Mannı canlandıran Hans Tsişler inandırıcı ata-qız münasibəti göstərir və diqqəti münasibətlərinin dinamikasında saxlamağı bacarırlar.
Nümayişdən sonra ağ pərdədən ümid gözləyənlərin bir qismi zaldan razı, digər qismi isə narazı şəkildə çıxırlar. Mən ikincilərə daha yaxın olduğumu düşünürəm.
Hacı Səfərov