İNDİ OXUYUR
İkinci Kann səfərinin birinci günü

İkinci Kann səfərinin birinci günü

Bu silsilə yazılar Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ezamiyyəti çərçivəsində hazırlanır.

79-cu Kann Film Festivalı 12-23 maya qədər davam edəcək. Festival yenə bütün dünyadan kinematoqrafiya sahəsində professional müxtəlif peşə sahiblərini öz ətrafına toplayıb.

Festival günlərində sanki Kannın ümumi ab-havası dəyişir, şəhər, sözün əsl mənasında, bayram libasına bürünür. Növbələr, film premyeralarına bilet axtaran kinosevərlər, anşlaqla keçən nümayişlər, filmlərin yaradıcı heyətlərinin iştirakı… Qısası, hər şey növbəti bir ilin kino gündəmini məşğul edəcək filmlərin, adların, fikirlərin, ideyaların axtarışındadır.

Festivalın ilk nümayişi “Kann Klassik” bölməsi çərçivəsində meksikalı rejissor Gilyermo Del Toronun “Favnın labirinti” filmi oldu. Kann kinofestivalının prezidenti Tierri Fremo açılış nitqində bu qərarlarını belə izah edir: “Son illərdə festival, açılışını məhz “Kann Klassik” bölməsi ilə edir. Kann Film Festivalı hər nə qədər yeni filmlərin çıxış nöqtəsi olsa da, dünya kinosunun klassik nümunələrini hər zaman diqqətdə saxlayır. Bu bizim keçmişə hörmətimizin əlamətidir. “Favnın labirinti”nin Kannda nümayişinin 20 illiyi münasibətilə filmin bərpa olunmuş versiyasının tamaşaçılara yenidən təqdim olunması festivalın öz ənənələrinə və seçimlərinə qarşı həssaslığının isbatıdır”. Nümayişdə filmin rejissoru Gilyermo Del Toro və Ofeliya obrazını canlandıran İvana Bakero da iştirak edirdilər.

“Favnın labirinti”, fentezi janrındadır (nağıl-film anlayışına da yaxındır) və hadisələr 1944-cü ildə cərəyan edir. İspaniya Vətəndaş Müharibəsindən qələbə ilə çıxan Frankonun orduları İkinci Dünya müharibəsinin başlaması ilə dağlarda, meşələrdə gizlənərək mübarizə aparan qerillalarla (qiyamçı qaçaqlar) üz-üzə gəlir. Onlar Franko rejimini qəbul etmir, bərabərhüquqluluğu, kommunist ideyalarını dəstəkləyirlər. Filmin əsas qəhrəmanı Ofeliyanın anası hamilədir, ögey atası Vidal isə frankoçu qüvvələrin kapitanıdır. Ofeliya nağıllar aləmində yaşayır. O, bu nağıllar vasitəsilə dünya ilə arasındakı əlaqəni qoruyur, özünü dünyanın travmatik hadisələrindən müdafiə edir. Ancaq nağıllar heç də həmişə xoş sonluqla bitmir və qurban tələb edə bilər. Filmin adındakı Favn, Qədim Roma mifologiyasında Meşə Tanrısıdır. O, Ofeliyanın qarşısına çıxır və qıza üç sınaqdan keçəcəyini deyir.


Del Toro bu filmində mifoloji meşə ilə fiziki meşəni birləşdirərək unikal hekayə yaratmağı bacarır. Mifoloji meşədə uşaqlar itkin düşür, azır, amma sonda sınaqdan üzüağ çıxa bilirlər. “Favnın labirinti”ndəki fiziki meşə isə qerillaların gizləndiyi, Frankonun əsgərlərinin yaxşı bələd olmadığı dünyadır. Filmdə bu iki dünyanın – Ofeliyanın nağıl dünyası ilə qerillaların ölüm-dirim mübarizəsi – apardığı dünyanın kəsişməsi ustalıqla göstərilir. Ofeliya bütün sınaqlardan keçərək, özü də bilmədən həm də qerillalara kömək edir, qalib gələn tərəf məsumluğu qorumağı seçən, Şərə xidmət etməyənlər olur.

“Favnın labirinti”ni maraqlı edən və yaxşı mənada fərqləndirən məqam Gilyermo Del Toronun ilk baxışda uzlaşmaz görünən iki məfhumu bir yerə gətirə bilməsidir. Uşaqların nağıl dünyası ilə qerillaların faşist rejimə qarşı mübarizəsi orqanik şəkildə birləşdiyi üçün filmin dəyəri artır. Xüsusilə, fantaziya dünyası ilə sərt real dünya arasındakı keçidlərin bir-birini tamamlaması, sona qədər inandırıcı formada təqdimi, Ofeliyanın transformasiyası ilə iç-içə keçməsi rejissorun ustalığından xəbər verir. Həm də filmin ssenaristi olan Del Toro mifik-arxetipik olanı dövrün atmosferinə elə yerləşdirir ki, bu elementlər bir-birinin ayrılmaz hissələrinə çevrilir. Xüsusilə, hekayənin 1944-cü ilin siyasi atmosferinə yerləşdirilməsi bir uşağın nağıl dünyası və ya transformasiyasını genişləndirməyi bacarır.

Müasiri olduğumuz filmlərin əksəri qəhrəmanların əhval-ruhiyyəsi, şəxsi həyatı ilə maraqlandığı üçün hərdən elə təəssürat yaradır ki, sanki hamısı bir-birinə bənzər hekayələr danışır. Del Toro isə çox vacib bir tarixi anı ekrana gətirərək təkcə fərdin qayğılarını, əzablarını yox, həm də bir xalqın azadlığa susamış mübarizəsinin həllini verir. “Favnın labirintini” də rejissorun son dövrlərdə çəkdiyi filmlərdən də, digərlərindən fərqləndirən əsas üstünlüyü budur.

Qeyri-rəsmi statistikaya görə, Kann tarixində premyera zamanı ən çox alqışlanan film məhz “Favnın labirinti” olub – 23 dəqiqə. 20 il sonrakı nümayişdə o qədər alqışlanmasa da, insanların emosional reaksiyalarından filmin təsirinin hələ də azalmadığı hiss edilirdi. Rejissor da bunu duyduğu üçün xeyli kövrəlib auditoriyaya minnətdarlığını bildirdi: “İncəsənət dünyanı kökündən dəyişmək gücünə malik olmasa da, kiçik dəyişikliklər edə bilər. Məhz bu səbəbdən incəsənət həm də mübarizə növüdür və bunu heç bir süni intellekt əvəz edə bilməz”. Del Toronun bu sözlərinə Tierri Fremo zarafatyana bu cümləni əlavə edir: “Kannın ilk siyasi açıqlaması verildi”.

Hacı Səfərov

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya