“Mikrorayonun” qaldırdığı makro problemlər

“Mikrorayon” teleserialı (İTV və “SFN prodakş”nın istehsalı, baş prodüser və ideya müəllifi Sevinc Əliyeva, quruluşçu rejissor Qulu Əsgərov) gündəlik sosial problemlərə və “məhəllə” mühitində baş verən hadisələrə toxunur.
Rejissor, hekayəni “flashforward” səhnəsi ilə açaraq gələcəkdə baş verəcək hadisəni öncədən təsvir edir. Bu fənd ilk dəqiqələrdən böyük maraq oyatsa da, struktur baxımından süjet üçün riskli sayıla bilər, çünki belə hallarda əsas yük “flashforward” səhnəsinədək olacaq hadisələrin üzərinə düşür. Bu isə serialın böyük hissəsidir və əgər həmin hissə kifayət qədər maraqlı olmazsa, tamaşaçının darıxıb serialdan qopa biləcəyi istisna deyil. İlk səhnədə bütün əsas qəhrəmanlar iştirak edir və səhnənin quruluşu, döyüş xoreoqrafiyası açıq-aşkar digər səhnələrdən daha yüksək səviyyədədir. Hiss olunur ki, ilk səhnəyə xüsusi vaxt və büdcə ayrılıb. İlk seriyada əsas gediş elə bu səhnəyə qoyulur – ya tamaşaçını burada tutacaqsan, ya da itirəcəksən. Maraqlısı odur ki, səhnə həm də serialın tonuna da istiqamət verir, həmçinin süjet düyünlərindən biridir.

Qanlı proloqdan dərhal sonra, diqqət xaosun mərkəzindəki baş qəhrəmana – Adilin (Eltəkin Xan) həyatına yönəlir. O, “üçü birində” personajdır: 11-ci sinif şagirdi, yeniyetmə və atasız böyümüş biri…
Bu yaş mərhələsi özü ilə müəyyən davranış qəlibləri gətirir — impulsivlik, məsuliyyətsizlik, emosional qeyri-sabitlik. Adil də mikrorayon uşağı kimi sadaladığım xüsusiyyətlərin hamısını daşıyır. Bunu, xüsusilə, məhəllə futbolu səhnəsində görə bilərik. Adil “ədalətsizliklə” qarşılaşır və digər komanda ilə kütləvi davaya girir.
Buna baxmayaraq, personajın ekspozisiyası açıq şəkildə tamaşaçının onunla empatiya qurmasına yönəlib. Adilin yalnız səhvləri göstərilmir, eyni zamanda səhvlərinə bəraət verilir. Ətraf mühit — ailə və məktəb — yeniyetmənin davranışlarını cəzalandırmaqdan çox, onların izahına xidmət edir. Bunu, xüsusilə, Zakirin onu “türmədən” qoruduğu səhnədə və anasının “o mənim oğlumdur” kimi yanaşmasında görmək olur. Nəticədə maraqlı ziddiyyət yaranır: Adil eyni hərəkətləri yetkin adam kimi etsəydi, nəticələr tamamilə fərqli və daha sərt olardı. Serial isə onu bu sərt reallıqdan qoruyaraq tamaşaçıda Adilə rəğbət oyatmağa çalışır, ümumi ton olaraq sanki yüngül bir ab-hava yaradır və bu, qəsdən edilir.
Süjetin əsas yükü də məhz baş qəhrəmanın üzərində qurulur. Onun atdığı hər addım birbaşa hekayənin əsas xəttinə təsir göstərir. İkinci plan personajlar isə bu xəttə uyğun şəkildə birləşirlər. Məsələn, Adilin yaxın dostu Fərid (Ülvi Həşim). O, evindəki problemlərini özü həll etməyə çalışır və müəyyən dərəcədə fərdi süjet xəttinə malikdir. Lakin bu xətt, əsasən, onun xarakterini açmağa xidmət edir, ümumi hekayəyə ciddi təsiri yoxdur.

Aziki çıxmaq şərtilə, eyni prinsipi digər personajlara da şamil etmək mümkündür: onların fərdi hekayələri hadisələrin gedişatını dəyişmir, yalnız mərkəzi fiqurun ətrafında kontekst yaradaraq obrazlarını açır.
Bu isə təsadüfi deyil. Görünən odur ki, ssenari müəllifi bütün diqqəti şüurlu şəkildə Adilin üzərində saxlayır, rejissor isə bunu vizual olaraq düzgün vurğulayır. Adilin buraxdığı hər səhv təkcə onun problemi olmur, zəncirvari şəkildə ətrafındakı insanlara da təsir etməyə başlayır. Bu nöqtədə Adil artıq sadəcə problemli yeniyetmə deyil, məsuliyyət tam şəkildə onun üzərinə keçir. Yəqin ki, tamaşaçı bu təsirin miqyasını gördükcə personaja münasibəti dəyişir, ya da dəyişəcək: əvvəl anlayışla qarşılanan davranışlar sonra eqoist seçimlər kimi qəbul olunacaq. Çünki bir personajın seçimləri bu qədər geniş təsir göstərirsə, istər-istəməz günahsızlar ön plana çıxır. Bunu bir səhnədə daha yaxşı görə bilərik. Adil Hikməti məcbur edir ki, o, atasının maşınını götürsün və birlikdə bara getsinlər. Adilin təkidi Hikməti pis vəziyyətdə qoyur. Onun bu addımı təkcə Hikmətə yox, bir neçə insana təsir edir, xüsusilə, anasına.
Məhz burada serial, gözləntiləri sındırmağa başlayır. Daha doğrusu, ideya-struktur dəyişmir, lakin daxili münasibətlər və balans tədricən dağılır. Hələlik bu qırılma tam baş verməyib, hadisələrə sadəcə istiqamət verir. Amma gedişat göstərir ki, Adil klassik “müsbət obraz” kimi qalmayacaq. Əksinə, süjet xətti onu elə bir nöqtəyə aparır ki, ona nifrət etməyə başlayırsan. Düzdür, Adilin dürüstlüyü, mərdliyi yavaş-yavaş təhrif olunsa da, ədalətliliyi ona qarşı rəğbət hissini müəyyən qədər qoruyur və müəlliflər var gücü ilə bu rəğbətdən istifadə edirlər. Lakin məsələyə rasional baxanda başa düşürsən ki, Adilin heç bir səbəbi nəticələri doğrultmur. Məsələn, onun məktəbdəki hərəkətləri anasının işdən azad olunmasına gətirib çıxarır.

Bu məqamda ana rolunu canlandıran Məsmə Aslanın ifasını xüsusi qeyd etmək lazımdır. O, obrazının üzərinə düşən dramatik yükü ustalıqla daşıyır. Mən bir tamaşaçı kimi onun göz yaşlarına inanıram. Məsmə xanımın ana rolunda hisslərini, kədərini, nigaranlığını təbii ifadə etməyi baş qəhrəmana yaranan nifrətdə birbaşa rol oynayır. Buna görə də, ana obrazının canlı və inandırıcı olması şərt idi.
İşdən çıxarılma səhnəsində maraqlı bir detal var: Məsmə Aslanın qəhrəmanı direktorun otağından çıxır və sonda kadr, təxminən, 30 dərəcə çevrilir. Bu, həm personajın dünyasının, həm də hekayənin çevrilməsinə işarədir. Eyni zamanda da Adil xəttinin düyün səhnələrindən biridir. Belə səhnələr vasitəsilə problemin yalnız yeniyetmədə yox, onu bu vəziyyətə gətirən və məsuliyyətdən uzaqlaşdıran böyüklərdə, mühitdə də olduğunu görürük. Adilin bibisinin ərinin (Elşən Rüstəmov) motivasiyası başa düşüləndir — o, Adili atasının yolundan yayındırmağa çalışır və bunu yumşaqlıqla, humanist yanaşma ilə etmək istəyir.
Serial məhz bu məqamda maraqlı sual ortaya qoyur: belə yanaşma həqiqətən çıxış yoludur, yoxsa problemi daha da dərinləşdirir? Bu yanaşmanın nəticələri göstərir ki, hər şeyi anlamaq və bağışlamaq həmişə düzgün yol deyil. Serialda bu ziddiyyət açıq şəkildə tənqid edilir və hadisələr romantikləşdirilmir.

“Mikrorayon” serialında əsas yük Eltəkin Xanın (Adil) üzərinə düşür və gənc aktyor bu yükün öhdəsindən gəlir. Onun oyunu kifayət qədər canlıdır – sanki o, Adilin özüdür. Hiss olunur ki, aktyor şəxsi təcrübəsini də ekrana köçürüb. Eltəkin təbii oyunu ilə personajına əvvəl rəğbət, sonra narazılıq və nifrət qazandırmağı bacarır.
Serialın ən maraqlı və mübahisəli obrazı Orxan İskəndərlinin ifa etdiyi Azikdir. Ümumilikdə aktyor heyəti işin öhdəsindən gəlib, lakin Azik daha qeyri-adi və yaddaqalan alınıb.
Biz kinoda saysız-hesabsız mafioz görmüşük — Al Paçinonun əfsanəvi Toni Montanasından tutmuş Robert De Nironun İrlandiyalı obrazına qədər. Belə rollar artıq müəyyən mənada klişeyə çevrilib və artıq təəccübləndirmirlər. Lakin Orxan mafiya obrazına yeni nəfəs gətirməyi bacarıb. Məsələ ondadır ki, Orxan geniş profilli aktyordur. O öz personajını təkcə “cani” kimi təqdim etmir, onun şəxsiyyətində başqa qatlar da sezilir: antiqəhrəman tonu var, ilk baxışda sadəcə, sərt və təhlükəli görünür, əslində isə mürəkkəb xarakterdir. Azik bir tərəfdən daş kimi sərtdir, digər tərəfdən Adilin atasına görə ona xüsusi münasibət göstərir. Qulaqkəsmə səhnəsində Azik öz gücünü açıq, amma sakit və təmkinli şəkildə ifadə edir. Sanki Adilin ondan həm çəkinməsini, həm də onu anlamasını istəyir. Bu ziddiyyət obrazı canlı edir: zahirən ağır və sərt, daxilən isə günah hissi daşıyan, küsmüş bir insan.
Ona görə də, Azik “mafioz kimi mafioz” deyil. Obraz qəribə, spesifik və yaddaqalandır. İndiki dövrdə mafioz obrazını fərqli göstərmək və bunu inandırıcı etmək asan deyil. Orxan İskəndərli isə bunu bacarır. Azik müəyyən mənada epatajlı obrazdır, halbuki mafioz obrazı, adətən, epataj üzərində qurulmur. Məhz bu, kino şablonunun qırılması kimi işləyir. Onun siması ekranda qeyri-adi atmosfer yaradır. Hətta arxa planda, fokusdan kənarda olanda belə varlığı hiss olunur — emosiyası yenə də oxunur. İlk baxışda sadə görünən Azikin gözlərində ağırlıq və daimi təhlükə var. Obrazın bir neçə çaları olduğuna görə nə düşündüyünü tam müəyyən etmək olmur. Bu da onun hər addımını daha ciddi və vahiməli göstərir. Bunu həm açılış səhnəsində, həm qulaqkəsmə səhnəsində, həm də Adilə olan münasibətində görürük. Hiss olunur ki, Orxan rola şablonsuz hazırlaşıb. O, kitabla oynamır, gözünü bağlayıb yaşayır. Buna görə də obraz həm canlı, həm də müəyyən mənada yad təsir bağışlayır. Bu təsiri gücləndirən məqamlardan biri də onun sakit, hətta bir az təəssüflə dediyi “Niyyətiniz düzdür, amma əməliniz səhvdir” cümləsidir. Bu cümlə, çox güman ki, zamanla el arasında ümumişlək ifadəyə çevriləcək. Necə deyərlər, “meynstrim” olacaq.

İfadə mənə Kristofer Nolanın “Zülmət cəngavəri” (“The Dark Knight”) filmində səslənən məşhur fikri xatırlatdı: “Sən ya qəhrəman kimi ölürsən, ya da kifayət qədər yaşayıb caniyə çevrilirsən”. Belə replikaların mənası zaman keçdikcə dərinləşir və yaddaqalan olur.
Qayıdaq Azikə. Yeganə problemli məqam odur ki, onun şəxsi həyatı, məişət tərəfi və hobbiləri ümumiyyətlə göstərilmir. Halbuki cani də insandır və onun başqa tərəflərinin olması vacibdir. Belə yanaşma bir tərəfdən Azikin obrazını sir pərdəsinə bürüsə də, digər tərəfdən onu tamaşaçıdan uzaqlaşdırır.
“Mikrorayon”un üçüncü seriyasında maraqlı bir məqamı müşahidə etdim: personajlar kifayət qədər maraqlı, hekayə isə o qədər axıcıdır ki, əvvəldə tənqid etdiyim “flashforward” səhnəsini, demək olar ki, unutmuşam. Halbuki resenziyanın əvvəlində bu fəndə skeptik yanaşdığımı qeyd etmişdim. Səbəbi də odur ki, gələcəkdə baş verəcək səhnəni öncədən göstərmək süjeti sadələşdirə, diqqətli tamaşaçı üçün bir çox sualları qabaqcadan cavablandıra və kulminasiyanı zəiflədə bilər. Üstəlik, eyni fənd əksər filmlərdə uğursuz alınıb. Ancaq burada əksinə oldu. Rejissor Qulu Əsgərov və ssenarist Gəray Həsən obrazları maraqlı quraraq, hekayənin axıcılığını saxlayaraq həmin səhnəyə qədər olan yolu kifayət qədər cəlbedici ediblər. Odur ki, bu riskli seçim özünü tam doğruldur.
Həmçinin rejissor süjeti xırda detallarla zənginləşdirib. Bir neçəsini əvvəl qeyd etmişdim, digərlərinə də toxunmaq istəyirəm. Məsələn, Adilin Fəridlə birlikdə qonşunun mebellərini daşımaq istədiyi səhnə. Dostlar şkafı yük maşınından endirməyə çalışanda şkaf qırılır. (H.Seyidbəylinin “Baladadaşın ilk məhəbbəti”nə salamlar) Bu detal sadə, amma ikiqatlıdır: Adilin niyyəti yaxşı olsa da, səhv davranışı ətrafı dağıdır. Yəni əməlin səhvdirsə, yaxşı niyyət belə nəticəni xilas etmir. Başqa bir maraqlı detal isə 200 rəqəmidir. Süjetdə 200 rəqəmi təkrarlanan mənfi işarəli bir motiv kimi istifadə olunur.

Birinci dəfə, Adil bara getmək üçün bibisi oğlu Hikmətdən 200 manat alır. Bu addım onların cinayətə şahid olmalarına və Azikə yaxınlaşmasına xidmət edir. İkinci dəfə Adilə düşmən kəsilmiş sinif yoldaşı Malik ona 200 manat verir. Bu isə daha ağır nəticə doğurur — Adillə anası oğurluqda ittiham edilir, yeniyetmə məktəbdən qovulur, anası da işdən çıxarılır. Beləliklə, 200 rəqəmi süjetdə təsadüfi detal yox, hadisələrin gərginləşdiyi nöqtələrdə ortaya çıxan motiv kimi işləyir.
Serialın quruluşçu operatoru Vasif Vəlizadənin işini də ayrıca qeyd etmək lazımdır. Vizual həllərin ideyanın ifadəli, səhnələrin təsirli alınmasında xüsusi rolu var. Məsələn, kadrın 30 dərəcə çevrilməsi vizual sabitliyi pozaraq daxili gərginliyi hiss etdirir, iri planlar isə tamaşaçının diqqətini personajlardan yayınmağa qoymur və emosiyaları gücləndirir. Kadr kompozisiyasaları səliqəli və mükəmməl qurulub — personajlar tez-tez sıxılmış və məkan daxilində “tələyə düşmüş” kimi göstərilir ki, bu da hekayədəki çıxılmazlıq hissini gücləndirir. Ümumilikdə, “Mikrorayon”un təsvir həlli digər seriallardan fərqlənir, sanki başqa obyektivlə çəkilib. O cümlədən montaj həllində (Fərəc Süleymanov) də kinoestetik yanaşma hiss olunur — səhnələrin qəfil kəsilərək növbəti səhnəyə keçməsi serialın dinamikliyini qoruyur. Bu isə vizual dili tamamlayaraq hekayənin təsirini daha da artırır.
İndi isə serialın ssenari quruluşunu nəzərdən keçirək. İlk iki seriyada ekspozisiya ilə yanaşı süjetin düyünlənməsi baş verir. Həm personajlar təqdim olunur, həm də konfliktin toxumları səpilir. Bu, klassik “təmiz ekspozisiya” deyil — artıq prosesin içində gərginlik var. Üçüncü seriyada isə proses daha da aydınlaşır və süjet tam düyünlənməyə keçir, əvvəldən toxumları səpilən konfliktlər cücərməyə başlayır. Konflikt mərhələli şəkildə qurulur: ilk ipucları birinci seriyada verilir, üçüncü seriyada isə daha konkret forma alır.

Bir az da serialın zəif tərəflərindən danışmaq istəyirəm. Azikin hekayəsinə yuxarıda bir qədər toxundum. Əlavə olaraq, Azikin xətti hələlik boş görünür. Bu obrazın şəxsi hekayəsinin kifayət qədər açılmaması onu tamaşaçıdan uzaqlaşdırır. Halbuki Azik süjetin əsas mühərriklərindən biridir. İlk dörd seriyada bu personajın arxa planına və davranış kodlarına faktiki olaraq toxunulmur, “Azik niyə burdadır? Niyə belə edir?” sualının cavabı açılmır. O, səhnələrdə aktivdir, qərarlar verir və onları həyata keçirir, lakin bu qərarların təməlində dayanan şeylər təsvir edilmir. Nəticədə onun əməllərini təxmin etmək mümkün olsa da, niyə məhz belə etdiyi qaranlıq qalır.
Kino reallığın nöqtəbənöqtə əksi deyil, personajın bütün həyatını açmağa ehtiyac yoxdur, amma onu anlamaq üçün baza verilməlidir. Bəlkə elə buna görə, Azikin xəttində olan konflikt də zəif qalır. Konflikt ideya səviyyəsində var, amma dramatik olaraq işlənmir. Problem tipik mafiya qarşıdurmasında yox, konfliktin hansı personaj vasitəsilə gətirilməsindədir. Əgər bu xətt Azikə qarşı çıxan obraz üzərində qurulubsa, daha geniş açılmalı idi. Hazırda isə o, sadəcə süjetdə funksional fiqur kimi qalır.
Serialın bəzi məqamlarında sosial ton həddindən yüksəkdir. Razıyam, süjet kontekstində bu mövzular işləyir və hekayənin ideyası sosial problemlər üzərində qurulub. Lakin bəzən sosial mesaj hekayədən qabağa çıxır. Məsələn, TikTok-a göndərmə edilən səhnə ümumi ab-havaya yumor qatır və bu baxımdan işləyir. Amma süjetə birbaşa təsir etmədiyinə görə funksional deyil. Bu detal süjetə bağlansaydı, daha effektiv nəticə verə bilərdi.
Serialın musiqi leytmotivi də (bəstəkar Kənan Rüstəmli) hekayənin ümumi tonuna tam uyğun gəlmir. Drek və Amalın ifasında “Gec qayıtmaram” mahnısı yerindədir. Problem ondadır ki, serialın məqsədi banditizmi tənqid etməkdir, amma bu mahnını dinləyəndə cinayət sanki daha cazibədar görünür. Yəni istər-istəməz əks effekt yaradır. Mən burada sözlərdən yox, ümumi ab-havadan danışıram. “Qanqster” ritmi qəhrəmanlıq hissi yaradır və bu, hekayənin verdiyi mesajla dissonans təşkil edir. Halbuki bu leytmotiv daha kövrək, daha minor tonlarda olsaydı, baş verən hadisələrin ağırlığını daha da gücləndirə bilərdi. Lakin qeyd etdiyim məqamlar serialı zəiflətmir, sadəcə onu göstərir ki, serial daha güclü ola bilərdi.

Daha əvvəl qeyd etdiyim kimi, ikinci plan personajlarının xətləri sonda əsas xətlə birləşir. Bu məqam dramaturgiyada “Çexov tüfəngi” prinsipi ilə üst-üstə düşür. Anton Çexovun məşhur qaydasına görə, əgər birinci pərdədə divardan tüfəng asılıbsa, üçüncü pərdədə o mütləq atəş açmalıdır. Amma məsələ təkcə atəşdə deyil. Əsas məqsəd – effektdir. Tüfəng ya tamaşaçının gözləmədiyi anda “partlamalıdır”, ya da gözlənilən səhnədə elə güclü işləməlidir ki, yenə də təsiri gözlənilməz olsun. Yəni, süjetdə göstərilən hər detal sonda öz yerini tapmalı və real təsir yaratmalıdır. Əks halda, o detal sadəcə dekorativ element kimi qalır.
Fəridin xəttində onun bacısı (Aylin Nəcəfli) diqqət çəkir. O, oğlanların marağını cəlb edən obraz kimi təqdim olunur və bunu motosikletçi səhnəsində də görmək mümkündür. Düşünürəm ki, bu xətt təsadüfi deyil və gələcək konflikt üçün zəmin yaradır.
Sabirin hekayəsində isə anası ön plandadır. Kontekst olaraq o, cəmiyyət tərəfindən “ayağısürüşkən qadın” kimi qəbul olunur. Bu da namus-qeyrət zəminində qurulan potensial konfliktə işarə edir. Bundan əlavə, Sabirin marixuana satışı ilə əlaqəsi sonradan süjetdə öz yerini tapa biləcək bir xətt kimi görünür.
Adilin hekayəsində anası və qardaşı (Səməd Yunuslu) mühüm rol oynayır. Bu xəttin istiqaməti artıq müəyyən qədər aydındır və nəticənin bir hissəsini görmüşük. Amma sona hələ çox var.

Hələlik tam yayımlanmamış “Mikrorayon”a 10 ballıq sistemlə hesablasaq, təxminən, 7.5 vermək mümkündür. Amma gəlin bal sistemini kənara qoyaq və daha vacib, daha maraqlı bir məqama toxunaq. Bu serialda daha dərin bir qat — fəlsəfi konflikt mövcuddur. Fəlsəfi konflikt dedikdə, insanın öz səhvlərinə “yaxşı məqsəd” adı ilə bəraət qazandırmağa çalışması və həmin davranışların real nəticələri arasındakı ziddiyyət nəzərdə tutulur. Hekayə niyyət və nəticə arasındakı qarşıdurma üzərində qurulub və göstərir ki, səhv yol “yaxşı məqsəd” ilə haqlı çıxarıla bilməz. “Mikrorayon” suallar verir və bu, daxildə mübahisə yaradır. İdeya baxımından bu serial Azərbaycan teleməkanında keyfiyyətli işlərdən biri hesab oluna bilər.
Yekunda romantizm məsələsinə yenidən qayıtmaq istəyirəm. Azikin həyatına, Daşqının, nənəsinin pensiyasını qumarda uduzub onu aldatmasına, Adilin isə öz hərəkətləri ilə anasını, qardaşını və ətrafını uçuruma aparmasına baxanda bir sual yaranır: siz onlar kimi olmaq istəyərdinizmi? Dürüst cavab sadədir: Əsla. Normal bir yeniyetmə bu obrazların həyatına baxıb onlar kimi olmaq istəməyəcək.
Bu isə o deməkdir ki, serialın əsas ideyası işləyir. Ən vacibi də məhz budur.
Seymur Xəlilov