Builki Kannın qonağı: Yaponiya

Bu silsilə yazılar Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ezamiyyəti çərçivəsində hazırlanır.
Kann Film Festivalında maraqlı bir ənənə var: Festivalın açılış filmi eyni vaxtda Fransa daxilində də nümayişə buraxılır. Bu yolla festival həm həyəcanını bütün ölkəyə yaymağı, həm də film ətrafında xüsusi əks-səda yaratmağı hədəfləyir. Festivalın builki açılış filmi rejissor Pier Salvadorinin “Elektrikli Venera”sı (Fransa) oldu. Ekran əsərində hadisələr 1920-ci illərdə cərəyan edir və romantik komediya janrındadır.
Sirkdə çalışan Suzanın maraqlı peşəsi var – o, insanlarla öpüşür, amma bu, elə-belə öpüş deyil, ona ötürülən enerjini öpdüyü adama da keçirir. Kimisi ona aşiq olur, kimisi heyrətlənir, kimisi üçünsə fərqli bir təcrübə olaraq yadda qalır. Bir gün qadın, spiritist iş yoldaşının yanına gedir və sərxoş Antuanla qarşılaşır. Antuan həyat yoldaşını, onunla birlikdə ilhamını da itirmiş və heç nə çəkə bilməyən rəssamdır. O, Suzanı spiritualist zənn edərək pul qarşılığında ondan həyat yoldaşı ilə əlaqə yaratmasını xahiş edir. Suzan da pul çox olduğuna görə razılaşır.

Filmin ilk bir neçə dəqiqəsində baş verən hadisələr həm ümumi tonu müəyyən edir, həm də əsas qəhrəmanlarımızla tanış oluruq. Keçmişin ağrılarını sakitləşdirmək istəyən rəssamla pula ehtiyacı olan Veneranın məhəbbət hekayəsi məhz bu cür başlayır.
“Elektrikli Venera” 1920-ci illərin atmosferini tamaşaçıya ötürə bilir, üstəlik, qəhrəmanlarının sevimli və zəif tərəflərini də açır. Ancaq hekayə irəlilədikcə obrazların dərinliyinə enmək əvəzinə, yan obrazlara yer verilir ki, bu da gözləntiləri müəyyən mənada boşa çıxarır. Filmin hekayəsi bir neçə mövzuya toxunmağa çalışır, qadınların incəsənətdə gözəgörünməz təsirləri, dostluq, xəyanət və başqa bir neçə məsələləri dərindən araşdırmağa cəhd edir. Ancaq cəlbediciliyini qorumaq və tamaşaçını itirməmək üçün edilən gedişlər, gözlənilməz dönüşlər filmin ümumi ideyasına ziyan vurur. Nə qəhrəmanların ağrılarını yaxından görə bilirik, nə də onların problemlərinə, dərdlərinə şərik oluruq. Buna baxmayaraq, filmdəki komediya elementləri sentimental-melodramatik toxunuşlardan sonra nəfəslik funksiyası yerinə yetirir və diqqəti yenidən özünə cəlb etməyi bacarır. Nəticədə baxarkən xoş təəssürat buraxan, ancaq psixoloji və emosional dərinlikdən məhrum bir film ortaya çıxır.
Fransadakı ilk nümayiş günündə ötən illərin açılış filmləri ilə müqayisədə daha yaxşı kassa yığmağı da “Elektrikli Venera”nın uğurlu kommersiya potensialına malik olduğunu göstərir.
Bu il Kann Film Festivalının xüsusi qonağı Yaponiyadır. Bu münasibətlə istər əsas, istər yan bölmələrdə Yaponiya istehsalı olan bir çox film görmək mümkündür, hətta “Kann Klassik” bölməsində Akira Kurosavanın ilk filmi “Böyük cüdo ustası haqda əfsanə”nin restavrasiya edilmiş versiyası proqrama daxil edilib. Təsadüfi deyil ki, festivalın əsas yarışmasının ilk filmi də rejissor Kodzi Fukadanın “Naqi qeydləri” (“Nagi Notes”) idi. Fukada bu filmində homoseksuallıq tabusundan bəhs edir. Tokioda yaşayıb-işləyən memar Yuri uzaq Naqi bölgəsinə, dostu və keçmiş həyat yoldaşının bacısı Yorukonun yanına qonaq gedir. Onun məqsədi həm dincəlmək, həm də taxtadan insan büstləri hazırlayan Yorukoya modellik etməkdir. Onların hekayəsi ilə paralel, Yorukodan rəssamlıq dərsi almağa gələn iki gənc oğlanın – Haruki və Keitanın münasibətlərinə nəzər salırıq.

“Naqi qeydləri”, qəhrəmanların uzun-uzadı həyat, ölüm, ayrılıq, xəyallar və ümidsizliklər barədə yaxşı yazılmış dialoqlarından ibarətdir. Filmin ssenarisi Orizo Hiratanın “Tokyo qeydləri” pyesinin adaptasiyasıdır (ssenari müəllifi Kudzi Fukodadır). Bir çox pyeslərin adaptasiyası zamanı yaranan problemlər bu filmdən də yan ötməyib. Xüsusilə, qəhrəmanların bitmək bilməyən dialoqları kinematoqrafik həllini tapa bilmir, mizanlar bəsit vgörünür və bir müddət sonra yorucu təsir yaradır. Hər nə qədər mətnin özü yaxşı olsa da, rejissorun yaradıcılığını duya bilməmək filmin əsas probleminə çevrilir. Yasudziro Odzudan bəri davam edən, xüsusilə, son illərdə böyük diqqət çəkən “Maşınımı sür” filmində gördüyümüz sakitlik, dinclik bu filmin də atmosferində var. Kodzi Fukada atmosfer yaratmağı bacarır. Ancaq bu atmosfer hər nə qədər poetik görünsə də, darıxdırıcı ekran işinə çevrilir. Filmin əsas qayələrindən biri də görünən və görülən arasındakı dilemmanı tapıb çıxarmaq, tamaşaçını bu barədə düşünməyə sövq etməkdir. Film, incəsənət yaradanla ona modellik edən arasında qurulan əlaqəni, eyni zamanda, incəsənətin məxluqatı daşıdığı mənadan çıxarıb yeni mənalara gətirmək bacarığını müzakirə edir. Bu baxımdan Yorukonun büstlər ilə yapon cəmiyyətinin görmək istədiyi ideal cəmiyyət konsepsiyası arasında paralellik qurulur. Yoruko öz modellərinin maketini mükəmməl olana qədər yonur və dəyişir. Yaponiya cəmiyyəti də səssiz təzyiqlə insanları ideal cəmiyyətə yaxınlaşdırmağa (homoseksuallıq qadağandır və bu barədə gizli danışıqlar olsa da, açıq bildirmək mümkün deyil) çalışır. Halbuki incəsənət mütləq ideallıqdan ibarət deyil, onu fərqləndirən steril olmamağıdır. Sterilliyə iddiası olanlar isə ya nəyisə gizlədir, ya da yalan danışırlar.
Ümumilikdə, “Naqi qeydləri” ənənəvi yapon poetik kinosundan işartılar daşısa da, altmətnin mətnin özünə çevrildiyi, bədii təsvir gücünün zəif olduğu ekran əsərinə çevrilir.
Hacı Səfərov