Maskanın arxasındakı adam

Devid Linçin 1980-ci ildə çəkdiyi “Fil adam” dramı gözəl qadın təsviri ilə açılır. O, filmin qəhrəmanı Con Merrikin anasıdır. İlk səhnədəcə gözəl qadının təsvir edilməsində məqsəd nədir?
Rejissor bu səhnəylə ananın gözəlliyi ilə Merrikin (Con Xört) faciəsi arasında təzad yaradır. Çünki Merrik anadangəlmə qüsurluydu, başı həddən artıq böyük idi, yalnız sol qolu işləyirdi, bədəninin bel hissəsində şişlər vardı. Lakin ananın gözəlliyinin filmin başlanğıcında vurğulanması yalnız fiziki təzad yaratmaq məqsədi daşımır. Bu səhnə, eyni zamanda, filmin əsas ideyalarından birinə — zahiri görünüşlə daxili gözəllik arasındakı qarşıdurmaya işarə edir.
Merrik gənc yaşlarında anasız qalmışdı. Ananın ölməsi və ya onu tərk etməsi haqda müəllif məlumat vermir. Lakin bununla belə, hadisələrin inkişafında ana obrazı haqda xırda para detallar vasitəsilə nələrsə öyrənirik…
Merrikin kimsəsizliyindən istifadə edən Bayts (Freddi Cons) onu sirkdə tamaşaçılara göstərərək qaşılığında pul qazanır. Çalışdığı xəstəxanın sayılıb seçilən həkimlərindən biri Trevis (Entoni Hopkins) Merriki müayinə məqsədilə xəstəxanaya gətirir. O, xəstəxanaya gətiriləndə başına maska keçirilir. Maska müxəlif mənaları ehtiva edir. O, Merriki cəmiyyətdən qoruyur, həqiqi kimliyini gizləyir, eyni zamanda başqa mesaj da ötürür: cəmiyyətdə zahiri görünüşün nə qədər önəmli olmasını. Merrikin zahiri görünüşünün cəmiyyətdə necə reaksiya doğrumasını ifadə edən maraqlı bir səhnə də var: xəstəxanada tibb bacısı onunla sərt davrananda Merrik ona mehribanlıqla yanaşan Trevisə sığınmağa çalışır. Bu, Merrikin zorakılıqla üzləşdiyinə, mülayim davranışa ehtiyacına işarədir. Bir tərəfdən də maska Merrikin cəmiyyətin ona biçdiyi rolu qəbul etməsinin nümunəsidir. Merrik yalnız başına maskanı keçirərkən səsi xırıldayırdı. Bu, onun cəmiyyətdə boğulmasının, daxilində yığılıb qalan ağrının, ifadə olunmamış duyğularının səsi idi.

Merrikin xəstəxanada yeni həyatı başlayır. Tamaşaçıya Merrikin daxili dünyası, həqiqi kimliyi məhz burada açılır: onun necə maraqlı insan olduğu, daxili zənginliyi, istedadı, bacarığı…
Merrikin yaşadığı çətin həyatın əslində insan üçün layiqli həyat olub-olmadığı da filmdə sorğulanır. Cəmiyyətin Merriklə amansız rəftar və istismarı, onun həyatını “insan həyatı” çərçivəsindən çıxarır və rejissor bu suala cavab axtarır: Həyatın həqiqi dəyəri maddi rifahda, zahiri görünüşdə, cəmiyyətdə qazanılan hörmətdədirmi, yoxsa insanın mənəvi bütövlüyündə və ləyaqətinin qorunmasında?
Merrikin sədası artıq bütün şəhərə yayılır, hətta qəzetlər onun barəsində yazır. Daxili zənginliyi ilə hamının qəlbində toxunan Merrik diqqət mərkəzinə düşür. Hətta həkim Trevis Merriki evinə çay içməyə qonaq aparır və burada təsirli bir hadisə baş verir. Həkim Merriki xanımı ilə tanış edəndə Merrik ağlamağa başlayır. Səbəbini soruşanda “Gözəl bir qadının mənə yaxşı davranmasına vərdiş etməmişəm” deyir.
Gözəl bir qadının ona mehribanlıqla yanaşması Merrikin daha əvvəl təcrübə etmədiyi duyğuya səbəb olur: O, insan kimi görülür və dəyərləndirilir. Bu səhnə göstərir ki, adi yaxşılıq belə insanın dünyasını dəyişə bilər. Amma hələ də Trevisə Merrik “qəribə” və qorxulu biri kimi görünürdü. Çünki cay süfrəsində Merrikin gözü Trevisin qohumlarının şəklinə sataşır. Şəkillərin içində Trevisin uşaqlarının da şəkli vardı. Merrik uşaqları soruşanda Trevis tutqun halda “Onlar dostlarıgilə gediblər” cavabını verir. Bu, Merrikin cəmiyyətdə hələ də “qorxulu”və “təhlükəli” adam kimi qəbul edilməsinin incə göstəricisidir. Sözügedən epizodun başqa bir səhnəsində Merrik böyük həvəslə: “Mənim də anamı görmək istəyirsinizmi” sualını verir. Trevisin xanımı şəkli görərkən:“axı axı…..” kəkələyir. Onun nə demək istədiyi məlum idi. Bəli, Merrik anasına oxşamırdı. Bəs Merrikin anasının şəklini göstərməkdə məqsədi nə idi? Həvəs? Əslində hadisələrin gedişatında Merrik insan olduğunu sübut eləməyə çalışır. Şəkli göstərməklə “mən də sizin kimi bir ailəyə, sevən bir anaya sahib idim” demək istəyir.
Trevisin ailə şəkilləri “normal” və adi ailə həyatını təmsil edir. Merrikin anasının şəklini göstərməsi isə onun fərqli həyat yaşasa da, ailə sevgisinə ehtiyacının olduğunu vurğulayır.
Xəstəxanaya qayıdan Merrik zibil qabından karton parçalarını götürərək otağına gəlir. Otağın pəncərəsindən görünən kilsənin maketini karton parçaları ilə inşa etməyə başlayır. Kilsənin maketini hazır etmək çətin idi, çünki Merrik yalnız kilsənin bir hissəsini görürdü, qalan yerlərini isə öz təxəyyülünün gücünə güvənərək hazır etməliydi. Merrik xarici dünyadan təcrid olunmasına baxmayaraq, yaradıcılığı vasitəsilə özünü ifadə edə bilir. Kilsənin maketinin tikilməsi onun daxili gücünü və müqavimətini simvollaşdırır. Bu səhnədə başqa bir detal da diqqət çəkir. Merrikin çəkdiyi iki şəklin birində yataqda dərdli oturan insan təsvir olunub. Bu, Merrikin indiki halının təsviri idi. Çünki Merrik normal insanlar kimi yox, oturaq vəziyyətdə yatırdı. (Merrikin başının arxa nahiyəsi böyük olduğundan, o, uzanaraq yata bilməzdi, əks halda ölə bilərdi). Digər şəkildə isə yatağında normal vəziyyətdə yatan adam təsvir edilmişdi. Bu şəkil Merrikin bir növ xəyal dünyası idi. Olmaq istədiyi, amma ola bilmədiyi bir insan. Bu istək Merrikin öz dilindən də səslənir:
– Kaş ki normal insanlar kimi yata bilsəydim…
Maraqlı epizodlardan biri, məşhur teatr aktrisası Xanım Kendlin onu ziyarət etməsidir. Aktrisa ona “Romeo və Cülyetta” kitabını və imzalı şəklini verir. Merrik xanım Kendlın şəklini çox özəl bir yerə, anasının şəklinin yanına qoyur. Yəqin ki, bununla rejissor anasının oğluna münasibəti haqda informasiya verir: çox güman ki, Merrikin anası onun gözəl həyat sürməsini, sevgi və hörmət görməsini istəyirdi. Aktrisanın Merrikə göstərdiyi diqqət bəlkə də onun anasının arzularının qismən reallaşmasıydı. Onlar “Romeo və Cülyetta” kitabından bir dialoqu oxuyub bitirdikdən sonra aktrisa Merrikə: “Siz Fil adam yox, əsl Romeosunuz” deyir.
Təbii ki, reallıqda xarici görünüş baxımdan Merrik heç vaxt Romeo ola bilməzdi. Amma bəlkə də rejissor ona eyham edir ki, Romeo da daxili gözəllikdə Merrikə çata bilməzdi. Bu epizodda aktrisa Merrikin daxili aləminin gözəlliyini və başqalarına qarşı dürüst, təmiz münasibətini qiymətləndirir. “Əsl Romeosunuz” ifadəsi ilə Merrikin daxili keyfiyyətlərinə heyran olduğunu göstərir.

“Fil adam” filmində Devid Linç sosial mühitin alt qatını, insanların əsl niyyətini müxtəlif vəziyyətlərlə göstərir. Tibb bacısı Merriki ziyarət edən insanların niyyətlərinin səmimiliyidən şübhə edir. O, düşünür ki, bu insanlar Merrikə həqiqi mərhəmət göstərmək üçün yox, öz yaxşılığını reklam etmək məqsədilə gəlirlər. Bu, cəmiyyətin başqalarının dərdinə həqiqətən empatiya göstərmək əvəzinə, özünü yaxşı göstərmək istəyini vurğulayır. Merrik sanki toplumun qəbul etməkdən qorxduğu şeylərin simvoluna çevrilir: fərqlilik, normallıqdan kənar və təcrid.
İş o yerə çatır ki, artıq həkim Trevis də öz vicdanını sorğulamağa başlayır. O, Baytsla məqsədinin oxşarlığından, Merriki yenə maraq oyektinə çevirdiyindən, tez-tez qəzetlərə müsahibə verərək məşhurlaşdığından narahatlıq keçirir. Amma Trevisin fərqi vicdanını sorğulamağındadır və o, mərhəmətlə eqo arasında balansın itdiyini bilir. Ona görə özünə sual verir: “Mən həqiqətən Merrikə kömək edirəm, yoxsa onun qeyri-adiliyindən faydalanmağına şərait yaradıram”? Daxili mübarizə onun əsl niyyətlərinin saf olub-olmadığını araşdırdığını göstərir. O, Merrikin insan kimi yox, bir obyekt kimi qəbul edildiyindən narahatdır. Merrikin məkanı dəyişsə də ona münasibət dəyişmirdi. Hamı onun üçün yenə pul ödəyərdi. Bir müddətdən sonra Merrik xəstəxanın daimi üzvünə çevrilir. Ona ömrünün sonuna kimi burada qalmağa icazə verilir. Marağa ac insanlar xəstəxana işçisinə rüşvət verərək, Merriki toplu şəkildə “ziyarətə” gəlirlər. Kimisi zorla ağzına içki tökür, kimisi qızla öpüşdürür. Ziyarət zamanı Merrikin hazırladığı kilsənin maketi dağılır. Kamera (operator Freddi Frenses) maketin dağılmasını xüsusi vurğulayır. Maketin dağılması ilə insanların Merrikin həyatını alt-üst etməsi eyniləşdirilir. Dağılan kilsə yox, Merrikin həyatı idi. Çünki kilsə Merrik üçün təkcə maket deyildi, həm də daxili dünyasının, xəyallarının rəmziydi. Bu, sanki Merrikin ümidlərinin çöküşü idi.

Müəllif Baytsın Merriki qaçıraraq onu yenidən insanlara pulla nümayiş etdirməsi səhnəsi vasitəsilə yeni suallar qoyur. Merrik səhnədə huşunu itirəndə, tamaşaçılar Baytsı qınayaraq, onun üzünə tüpürürlər. Ortaya belə sual çıxır: axı, onlar Merriki görmək üçün pul ödəyib, dəridən qabıqdan çıxırdılar. İndi vicdanları oyandı? Merrikin səhnədə özündən getməsiylə, onun insan kimi həqiqi zəifliyi və ağrısını görürlər, məhz bu nöqtədə “təlxək” yox, insan olduğunu dərk edirlər. Onun fiziki halı, unutdurqları insani dəyərləri yenidən xatırlamalarına səbəb olur.
Merrikin mənən və fiziki cəhətdən çöküşünü göstərən təsirli hissələrdən digəri vağzal epizodu idi. O, bilmədən azyaşlı qıza dəyərək onu yıxıdır və vəhşiləşmiş kütlə onu təqib edir. Merrik insanların əlindən qaçaraq vağzaldaki ayaqyoluna girir, aqressiv kütlə onu küncə sığışdırır. Küncə sığışdırarkən, 21 ildi ona qarşı yad münasibəti görən Merrik ağlayaraq haqyqırır:
– Yooox, mən heyvan deyiləm, mən heyvan deyiləm! Mən insanam!
Bu, filmin demək olar ki, ən təsirli səhnəsidir. Artıq Merrik cəmiyyətdən insanlıq tələb edirdi. Bu, cəmiyyətə qarşı güclü bir hayqırtı idi. O, fiziki görünüşün kimliyi müəyyənləşdirmədiyini anlatmağa çalışır. Məhz daxili gözəlliyin, mənəvi dəyərlərin əsl insani xüsusiyyətlər olduğunu qəbul etdirmək istəyir. Bu səhnə ilə rejissor fərqliliklərə qarşı cəmiyyətin qəddar münasibətinin portretini qurur.
Teatr epizodunda aktrisa Kendl Merriki insanlara çox özəl biri kim təqdim edir və onu ruhlandırır, hamı onu ayaq üstə alqışlayır. Final səhnələrindən birində Merrik ən böyük arzusunu reallaşdırır: o, divarda dizini qucaqlayıb oturan adam şəklinə yox, normal yatan insanın şəklinə baxır. Anasının şəklinə baxandan sonra yatağın üstündəki bütün döşəkləri bir yerə yığır və uzanaraq yatır.
Sonda isə yenə ilk səhnədə olduğu kimi gözəl qadın təsviri verilir. Anasının təsviri bu səhnədə onun artıq əzablardan qurtulması və çox arzuladığı sakitliyə qovuşmasını simvollaşdırır.
Qeyd edim ki, filmin ssenari müəllifləri Devid Linç, Erik Berqren və Kristofer De Vordur.
Hüseyn Sarıyev
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinoşünaslıq ixtisasının 4-cü kurs tələbəsi