İNDİ OXUYUR
İfşanın məqsədi nə idi?

İfşanın məqsədi nə idi?

Stiven Spilberqin “İfşa günü” (“Disclosure Day”) filmi maraqlı və böyük potensial daşıyan bir sualdan başlayır: əgər ABŞ hökuməti onilliklər boyu yadplanetlilər haqqında dolaşan  şayiələrin doğru olduğunu bir gün rəsmi şəkildə etiraf etsə, nə baş verər?

Bu, elmi fantastika üçün kifayət qədər tutarlı başlanğıcdır. Belə bir mövzu cəmiyyətin, siyasətin, elmin, dinin və insan psixologiyasının müxtəlif qatlarını araşdırmaq üçün geniş imkanlar yaradır. Lakin film bu potensialdan, demək olar ki, istifadə etmir. Ortada maraqlı ideya var, amma onun ətrafında qurulan hekayə nə məntiqi, nə də emosional baxımdan işləyir.


Filmin əsas problemi ssenaridir. O, davamlı olaraq özünü ağıllı, dərin və çoxqatlı göstərməyə çalışır. Personajlar böyük ideyalardan danışırlar, hadisələr qlobal təhlükə və tarixi həqiqət fonunda təqdim olunur. Lakin bütün bunlar zahiri təəssüratdan o yana keçmir. Personajların qərarları və davranışları o qədər məntiqsiz qurulub ki, tamaşaçı baş verənlərə inanmaqda çətinlik çəkir. Film ciddi görünmək istəyir, amma daxili məntiqi buna imkan vermir. Nəticədə dramatik təsir yaratmalı olan səhnələr belə istər-istəməz gülüş doğurur.

Ssenarinin zəifliyi xüsusilə yadplanetlilərin təqdimatında özünü büruzə verir. Film onları texnoloji baxımdan insanlardan qat-qat üstün bir sivilizasiya kimi təqdim edir. Lakin eyni zamanda həmin sivilizasiyanın nümayəndələrinin insanlar tərəfindən tutulduğunu və texnologiyalarının ələ keçirildiyini göstərir. Burada təbii sual yaranır: bu necə mümkün olub? Bu qədər inkişaf etmiş bir sivilizasiya özünü necə belə asanlıqla ələ verə bilər? Film bu fundamental suala inandırıcı cavab vermir. Halbuki belə bir detal bütün hekayənin etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır.


Maraqlıdır ki, Spilberq oxşar mövzunu illər əvvəl “Yadplanetli” (“E.T. the Extra-Terrestrial”) filmində daha uğurla işləyə bilmişdi. Orada da yadplanetli Yerə düşürdü, lakin onun vəziyyəti, zəifliyi, qorxusu və davranışı tamaşaçı üçün məntiqli görünürdü. O, tək və müdafiəsiz idi və insanlarla münasibəti emosional cəhətdən əsaslandırılırdı. Personajların reaksiyaları da təbii və inandırıcı alınırdı. Fantastik süjetə baxmayaraq, film real əhvalat kimi hiss etdirirdi.

Bu kontekstdə “Yerə düşən göylər” (“Falling Skies”) serialını da xatırlamaq yerinə düşər. Spilberqin icraçı prodüserlərindən biri olduğu həmin serial yadplanetli istilası mövzusunu daha sadə, amma inandırıcı şəkildə qururdu. Orada həm insanların, həm də yadplanetlilərin qəddarlığı göstərilirdi, lakin dünya tam ağ-qara deyildi. İnsanların içində qorxaqlar, satqınlar, qəddarlar və fədakarlar vardı. Yadplanetlilər də sadəcə “pis kosmik varlıqlar” kimi təqdim olunmurdu; onların arasında fərqli mövqelər, məqsədlər və daxili münaqişələr təsvir edilirdi. Buna görə, konflikt daha canlı və inandırıcı görünürdü.

“İfşa günü” isə əksinə, daha böyük büdcə və daha nüfuzlu adlarla belə həmin mürəkkəbliyi yarada bilmir. Film sanki tamaşaçıya əvvəlcədən hazır cavab təqdim edir: yadplanetlilər yazıqdır, insanlar qəddardır, sirri qoruyanlar pisdir, həqiqəti açmaq istəyənlər isə yaxşıdır. Problem ondadır ki, ssenari bu bölgünü inandırıcı şəkildə əsaslandırmağı bacarmır. Nəticədə, film mənəvi baxımdan mürəkkəb görünməyə çalışır, amma, əslində, çox bəsit və süni təsir bağışlayır.


Ssenarinin əsas problemlərindən biri də şərtiliklərin həddindən artıq çox olmasıdır. Hadisələr personajların məntiqi qərarlarından deyil, ssenarinin onları hara aparmaq istəməsindən doğur. Məsələn, bir səhnədə qızın əllərini bağlayırlar ki, onun şüuruna dalmasınlar (şüura daxilolma texnologiyası var) və ondan məlumat ala bilməsinlər. Eyni zamanda oğlan, qaldığı hoteldə bütün qeydləri cırır ki, qız onların harada olduğunu öyrənməsin. Amma nədənsə həmin cırılmış kağızlardan birini yataq otağında qoyur. Qızın əlləri bağlı olsa da, ayaqları sərbəst qalır. Gecə ayağı ilə kağızı digər çarpayıdan götürür, oxuyur və nəticədə onları təqib edənlər məhz bu məlumat sayəsində qəhrəmanları tapırlar.

Bu cür məqamlar təbii konfliktin yaranmasına mane olur və tamaşaçıda “bu, yalnız hekayə nəzərdə tutulmuş məqsədə çatsın deyə baş verdi” hissi yaradır. Personajlar ağıllı davranmalı olduqları yerdə sadəcə süjeti irəli aparmaq üçün səhvlər edirlər.


Digər problem isə şüura dalma alətin özüdür. Film boyu bu texnologiyanın necə işlədiyi, hansı məhdudiyyətlərə malik olduğu və ümumiyyətlə, hansı prinsiplərə əsaslandığı izah edilmir. Halbuki məhz bu detal hadisələrin əsasını təşkil edir. Daha qəribəsi odur ki, bu texnologiyanın necə əldə edildiyi yalnız finala yaxın bir səhnədə ötəri şəkildə göstərilir. Belə vacib element bu qədər səthi təqdim olunanda tamaşaçı filmin dünyasına inanmaqda çətinlik çəkir.

Elmi fantastikada tamaşaçı ən qeyri-real ideyanı belə qəbul edə bilər. Bunun üçün filmin dünyası öz daxili qaydalarına malik olmalı və həmin qaydalar hekayənin içində inandırıcı şəkildə işləməlidir. “İfşa günü” isə məhz bunu bacarmır.

Filmin digər problemi personajların quruluşudur. Rolları Emili Blant və Kolin Fert kimi ulduz aktyorlar ifa etsələr də, ssenari onlara açılmaq üçün kifayət qədər imkan vermir. Personajların ekspozisiyası zəif, motivasiyaları isə səthidir. Aktyorlar rollarını bacardıqları qədər daşımağa çalışırlar, amma zəif yazılmış personajı yaxşı oyun da tam xilas edə bilmir. Əksinə, bu halda aktyorların potensialının boşa getdiyi daha aydın hiss olunur.


Əsas konflikt də inandırıcı qurulmayıb. Coş O’Konnorun canlandırdığı Deniel Kellner “Wardex” adlı məxfi təşkilatdan yadplanetlilərlə bağlı məlumatları oğurlayaraq həqiqəti bütün dünyaya açıqlamaq istəyir. Ona qarşı isə “Wardex”in rəhbəri Noa Skenlon çıxış edir. Film, Denieli protaqonist, Noanı isə əsas antaqonist kimi təqdim etməyə çalışır. Lakin hadisələr inkişaf etdikcə tamaşaçıda tam əks təəssürat yaranır.

Noanın məqsədi sirrin qorunmasıdır, çünki, onun fikrincə, bəşəriyyət hələ bu həqiqətlə üzləşməyə hazır deyil. Deniel isə təşkilata xəyanət edərək məxfi məlumatları oğurlayır və bunun mümkün nəticələri barədə, demək olar ki, düşünmür. Film bunu qəhrəmanlıq kimi təqdim etməyə çalışır, amma ekranda bu daha çox düşünülməmiş və şişirdilmiş idealizm kimi görünür.

Üstəlik, “Wardex”in sərəncamında son dərəcə inkişaf etmiş texnologiyaların olduğu göstərilir. Belə bir təşkilatın qaçan iki nəfəri qısa müddətdə tapması məntiqli olardı. Amma dramaturji struktur bunu göstərmək əvəzinə süni maneələr yaradır ki, Noa daha təhlükəli və ağıllı görünsün. Nəticədə, nə Deniel qəhrəman kimi qəbul olunur, nə də Noa həqiqi təhlükə təsiri bağışlayır. Əksinə, film bitəndən sonra Noanın mövqeyi daha məntiqli görünməyə başlayır.

Filmin ciddi problemlərindən biri də ton uyğunsuzluğudur. “İfşa günü” özünü böyük, ciddi və düşüncəli elmi fantastika kimi təqdim edir, amma hadisələrin quruluşu çox vaxt ucuz konspirasiya trillerini xatırladır. Film tamaşaçıdan səhnələri dramatik qəbul etməyi tələb edir, lakin həmin səhnələrin daxili məntiqi buna imkan vermir. Nəticədə yaranan gülüş filmin yumorundan yox, onun özünü həddindən artıq ciddi aparmasından doğur.

Final ilk baxışdan maraqlı görünür. Deniel Kellner və Marqaret Feyrçayld yadplanetlilərin mövcudluğunu bütün dünyaya çatdırırlar. Son anda yaşlı yadplanetli Denielin qulağına naməlum bir cümlə pıçıldayır və film açıq sonluqla bitir. Nəzəri baxımdan bu, uğurlu ssenari gedişi ola bilərdi. Tamaşaçı özü qərar verməli idi: həqiqət açıqlanmalıydı, yoxsa sirrin qorunması daha doğru seçim idi?


Lakin bu ideya emosional səviyyədə işləmir. Çünki film boyu personajlarla kifayət qədər bağ qurulmur. Deniel və Marqaretin taleyi tamaşaçı üçün ciddi əhəmiyyət daşımır. Onların sağ qalması və ya ölməsi real gərginlik yaratmır. Eyni problem yadplanetlilərə də aiddir. Film onları yazıq və qurban kimi göstərmək istəyir, amma tamaşaçıda onlara qarşı rəğbət oyada bilmir.

Finaldakı televiziya xəbərləri də inandırıcı təsir bağışlamır. Aparıcının kameraya baxaraq “mən də sizin kimi şokdayam” deyə emosional çıxış etməsi süni görünür. Belə qlobal hadisənin insanların həyatına, dövlətlərə, elmə, dinə və bütövlükdə cəmiyyətə necə təsir etdiyini göstərmək əvəzinə, film bunu melodramatik televiziya reportajı ilə əvəz edir. Halbuki məhz bu mərhələ filmin ən güclü hissəsi ola bilərdi. Odur ki, finalın yaratmalı olduğu emosional kulminasiya tamaşaçıya keçmir.

Məni ən çox təəccübləndirən isə filmin arxasında duran ad oldu. Bu, debüt rejissorun və ya təcrübəsiz ssenaristin işi deyil. Filmin ssenari müəlliflərindən biri Stiven Spilberqdir. Təxminən, 115 milyon dollarlıq büdcəyə malik belə bir layihədən tamaşaçı istər-istəməz daha keyfiyyətli ssenari, film gözləyir. Böyük ideya, güclü aktyor heyəti, böyük büdcə və dünya kinosunun ən nüfuzlu rejissorlarından biri — bütün bunlar nəticənin daha güclü olacağı təəssüratı yaradır. Təəssüf ki, film bu gözləntiləri doğrulda bilmir.


Texniki baxımdan film A kateqoriyalı istehsal olduğunu hiss etdirir. Operator işi peşəkardır, bir çox rakurslar və kadr kompozisiyaları vizual baxımdan təsirlidir. Yanuş Kaminskinin operator işi və Con Vilyamsın musiqisi filmin texniki səviyyəsini yüksəldən əsas amillərdəndir. Lakin güclü vizual təqdimat zəif dramaturgiyanı kompensasiya edə bilmir. Hətta bəzi səhnələrdə film böyük büdcəli Hollivud blokbasterindən çox, bahalı televiziya serialını xatırladır.

Nəticədə “İfşa günü” paradoksal bir filmə çevrilir. O, böyük suallar verir, amma inandırıcı cavablar təqdim etmir. Dərin görünmək istəyir, lakin səthi qalır. Maraqlı ideya təqdim edir, amma onu məntiqli və emosional hekayəyə çevirə bilmir. “İfşa günü” sübut edir ki, böyük ideya, böyük büdcə və ad hələ böyük film demək deyil. Bu filmi müdafiə etmək olduqca çətindir, çünki onun yaxşı olmaq üçün, demək olar ki, hər şeyi var idi: ideya, aktyorlar, texniki komanda, büdcə və Spilberq imzası. Amma bütün bunlar ekranda normal filmə çevrilə bilmir.

Seymur Xəlilov

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya