İNDİ OXUYUR
Evinə və özünə qayıdan insan

Evinə və özünə qayıdan insan

Qədim Yunan mədəniyyəti dünya sivilizasiyasının elə nadir hadisələrindəndir ki, onun təsirini yalnız “tarixi dövr” sərhədləri ilə məhdudlaşdırmaq mümkün deyil. Fəlsəfə, təsviri incəsənət, memarlıq, teatr, heykəltaraşlıq və əlbəttə ki, qədim yunan mifologiyası minilliklər boyu Avropa mədəniyyətinin dilini formalaşdırmağa davam edir. Bu irsin ayrılmaz hissəsi olan Homerin “Odisseya” əsəri zaman keçdikcə dünya ədəbiyyatı və mədəniyyətinin əsas dayaqlarından birinə çevrilib. Bu gün oxucular, hər yeni nəsil ona yenidən qayıdaraq öz dövrünə uyğun yeni mənalar tapır.

Bu kontekstdə Kristofer Nolanın yeni ekranlaşdırması xüsusi maraq doğurur. Rejissorun dünya ədəbiyyatının ən möhtəşəm epik əsərlərindən birinə müraciət etməsi filmin premyerasından xeyli əvvəl böyük gözləntilər yaratmışdı. Tamaşaçıları və kino tənqidçilərini, təxminən, üç min ildir tükənməz interpretasiya mənbəyi olaraq qalan bir mətnin yeni yozumu gözləyirdi. İstənilən böyük əsərin hər yeni ekran adaptasiyası onu ərsəyə gətirən rejissorun dünyagörüşünün də özünəməxsus portretidir. Məhz buna görə də müxtəlif ekran versiyalarının müqayisəsi rejissorların bədii təfəkküründəki fərqləri bizə daha dərindən anlamağa imkan verir.

Fikrimcə, “Odisseya” əsərinə incə və zərif yanaşmanın ən uğurlu nümunələrindən biri Andrey Konçalovskiyə məxsusdur. O, filmində ədəbi əsərin intonasiyasına, qəhrəmanlarına və mifologiyaya dərin ehtiramını qoruyub saxlayır. Buna görə də bu məqalədə bəzən Konçalovskinin ekranlaşdırması ilə müqayisələr aparılacaq.

Nolanın “Odisseya” filmi mozaikanı xatırladır. Uzaqdan baxanda tamamlanmış və bütöv tablo təsiri bağışlayır: hər detal öz yerindədir, kompozisiya harmonik görünür. Lakin tamaşaçı ona yaxınlaşdıqca diqqət istər-istəməz mozaikanın birləşmə xətlərinə yönəlir. Təsvir bütöv qalsa da, həmin incə sərhədlər diqqəti özünə çəkir və filmin vahid bədii tamlıq kimi qəbul olunmasına müəyyən qədər mane olur. Nolan orijinal əsərin süjet xəttindən, demək olar ki, kənara çıxmır, poemanın əsas hadisələrini, qəhrəmanlarını və ümumi dramaturji quruluşunu qoruyub saxlayır. Lakin onun yozumunda Homerin eposu əlavə fəlsəfi məna qazanır. Rejissor macəra xətti ilə yanaşı, mənəvi və ekzistensial məsələləri ön plana çəkərək Odisseyin hekayəsini insan seçiminin mahiyyəti, insanın öz əməllərinə görə məsuliyyəti, etimadın dəyəri və qəbul edilmiş qərarların qaçılmaz nəticələri haqqında düşüncəyə çevirir. Qəhrəmanın bu filmdə yolu həm də daxili sınaqdır. Bu yolboyu Odissey öz inanclarını yenidən nəzərdən keçirməyə, günah hissi, mənəvi borc anlayışı və Xeyirlə Şər haqqında əvvəlki təsəvvürlərin getdikcə mürəkkəbləşdiyi bir dünyada mənəvi dayaq axtarmağa vadar olur. “Odisseya” filmində diqqətçəkən şərhlərdən biri, insanla tanrıların münasibətlərinə yanaşmadır. Homerin poemasında Olimp tanrıları hadisələrin əsas iştirakçılarıdır. Onlar Troya müharibəsinə müdaxilə edir, qəhrəmanlara yol göstərir, sevdiklərinə kömək edir, bəzən isə onların əzab çəkməsinə səbəb olurlar. Başqa sözlə, insanın taleyi böyük mənada tanrıların əlindədir. Nolan isə tanrıların mövcudluğunu inkar etmir, amma onların rolunu tamamilə fərqli şəkildə təqdim edir. Homerdə hadisələrin gedişatını tanrılar müəyyənləşdirirsə, filmdə əsas məsuliyyət insanın üzərinə düşür və gedişat da ondan asılıdır. Tanrılar hələ də var, lakin artıq insanın hər addımını idarə etmirlər. İnsan öz taleyinə görə ilk növbədə özü cavabdehdir.


Bu fikir filmdə Odisseyin dediyi “Tanrılar, özünə kömək etməyənə kömək etməz” sözlərində daha aydın ifadə olunur. Nolan taleyin insanın həyatını tam müəyyənləşdirdiyi fikrindən uzaqlaşır. Onun filmində Tanrı insanın yerinə seçmir və onu məsuliyyətdən azad etmir. Əksinə, insan əvvəlcə özü qərar verməli, sonra isə həmin qərarın nəticələrini qəbul etməlidir. Tanrılar seçimi etmək imkanını insana buraxırlar.

Bu yanaşma Troya müharibəsinin təsvirində də açıq görünür. Antik dünyanın əsas qaydalarından biri “Zevs qanunu” adlandırılan mənəvi nizam idi. Bu anlayışa görə, insan verdiyi sözə sadiq qalmalı, qonağa hörmət göstərməli, öz mövqeyini və məsuliyyətini dərk etməlidir. Bu prinsiplər pozulduqda ayrı-ayrı insanların deyil, bütöv cəmiyyətin mənəvi tarazlığı pozulurdu. Odissey də məhz bu sərhədi aşan qəhrəmandır. Troya şəhərinə daxil olmaq üçün əl atdığı hiylə ona qələbə qazandırsa da, eyni zamanda gələcək faciələrə təkan verdi. 

Nolan filmboyu bir neçə dəfə başı qoparılmış Afina heykəlini göstərir. Müdriklik və ədalətli müharibə ilahəsi olan Afinanın heykəlinin bu vəziyyəti maraqlı tapıntıdır. İnsanların onun başını xəncərlə vəhşicəsinə qoparması, daha sonra isə həmin başın Odisseyin ayaqları altına düşməsi mənəvi dəyərlərin məhv edilməsi deməkdir. Bu motiv müasir dünyada baş verən müsibətlərlə də səsləşir: bu gün də qarşıdurmalar və güc uğrunda mübarizə zamanı insanlar qorumağa çalışdıqları prinsiplərdən uzaqlaşırlar. Rejissor göstərir ki, insan bəzən özünün müqəddəs hesab etdiyi dəyərləri belə tapdalayır.

Elə burada filmin əsas ideyalarından biri üzə çıxır. Filmdə müharibə taleyin hökmü kimi yox, insanların verdiyi qərarların nəticəsi kimi təqdim olunur. Filmin əsas fəlsəfi fikirlərindən biri də budur:  Başına gələn faciələrin səbəbi insanın özüdür, insanı məhv edən tale yox, onun öz seçimləridir.

Amma Nolan, tanrıları tamamilə kölgədə də qoymur. Sadəcə onların mövcudluğunun mahiyyətini bir qədər dəyişir. Tanrılar insan taleyini idarə edən, insanları mükafatlandıran və ya cəzalandıran varlıqlardır. Eyni zamanda, onlar insanın daxili dünyası, seçimləri və əməlləri ilə üzləşməsinə şərait yaradırlar.

Bu baxımdan Poseydon obrazı xüsusilə maraqlıdır. Oğlu Polifemi incitdiyinə görə Odisseyə qəzəblənən Poseydon onu uzun illər dənizlərdə sərgərdan qalmağa məcbur edir. Amma maraqlıdır ki, Odissey sonda məhz onu əziyyətlərə düçar edən həmin dəniz vasitəsilə İtakaya qayıdır. Beləliklə, cəza qəhrəmanın keçməli olduğu yolun bir hissəsidir.

Afinanın mövcudluğu da eyni dərəcədə mühüm məna daşıyır. O, Troya müharibəsinin dəhşətlərindən keçdikdən və insanın mənəvi zəifliyinin şahidi olduqdan sonra belə, Odisseyi tərk etmir. Onun görünməz varlığı qəhrəmanı uzun yolun sonuna, vətəninə qayıdana qədər müşayiət edir. Bu isə Nolanın yozumunda tanrıların insan səhv etdikdə belə ondan imtina etmədiyini göstərir. Onlar insanı öz seçimlərinin nəticələrindən qorumurlar, lakin onun dəyişmək, səhvlərindən nəticə çıxarmaq və yenidən başlamaq imkanını da əlindən almırlar.


Yunan ordusunun ali rəhbəri və Troya müharibəsinin əsas simalarından biri olan Aqamemnon (Benni Safdi) paradoksal şəkildə ekran əsərində, demək olar ki, fərdi xüsusiyyətlərdən məhrum edilib. Rejissor şüurlu şəkildə onu hekayənin tamhüquqlu qəhrəmanına çevirməyə can atmır: tamaşaçıya onun üzünü görmək, mimikalarını, emosional reaksiyalarını izləmək imkanı, demək olar, verilmir. Aqamemnon kadrda daha çox insan kimi yox, bir qüvvə, bir təsir mənbəyi kimi mövcuddur.


Belə bir yanaşma, obrazı “görünməz hakimiyyət” konsepsiyası vasitəsilə təhlil etməyə imkan yaradır. Onun təsiri daim hiss olunur, lakin bu hakimiyyətin mənbəyi sanki tarix pərdəsinin arxasında gizlənmiş kimi uzaq və əlçatmaz qalır. Nəticədə Aqamemnon yalnız Miken çarı kimi, şəxsi varlığı ilə deyil, başqalarının taleyini müəyyənləşdirmək gücünə malik istənilən hakimiyyəti təcəssüm etdirir.

Filmin ən təsirli müharibə əleyhinə motivlərindən biri Kirka (Sirseya) ilə bağlı epizod olur. Onun cadugərliyi müharibənin həqiqi üzünü göstərməkdən ibarətdir. Döyüşçülərin donuza çevrilməsi fiziki metamorfoz ilə yanaşı, insani mahiyyətin itirilməsini simvolizə edir: müharibə ən alçaq instinktləri oyadaraq insanı heyvani başlanğıcın əsirinə çevirir.


Nolan, filmi Odisseyin elçilərlə son hesablaşması ilə tamamlayır. Antinoyla son qarşıdurmadan sonra Odissey keçmişdə etdiyi əməllərin günahını yumağa qərar verir. O, həlak olmuş döyüşçülərin xatirəsini yad etmək üçün Qərbə, onların son mənzilinə doğru yola çıxmaq istəyindən danışır. Bu məqamda film xüsusi bir qeyri-müəyyənlik qazanır. Düşmənlərini məğlub edən və hakimiyyəti oğluna qaytaran Odissey qarşıdurma zamanı ölümcül yaralanır. O, həqiqətən yeni bir səfərə çıxır, yoxsa bu yol onun canlılar dünyasından ayrılmasının simvoludur? Final səhnələri bu sualı açıq saxlayır: Qərbə doğru səyahət həm real hadisə kimi, həm də qəhrəmanın rahatlığa və əbədi dincliyə keçidinin metaforası kimi qəbul edilə bilər. Klassik mifdən fərqli olaraq, Nolan diqqəti xoşbəxt sona deyil, qəhrəmanın daxili azadlığına yönəldir. Odissey İtakada nizamı bərpa edir, lakin Troyanın süqutunun gətirdiyi nəticələri və qələbənin qiymətini heç vaxt unuda bilmir. Filmin finalı yenidən Troyanın süqutuna müraciət edir və hekayənin əsas ideyasını vurğulayır: insanlar dünyadan köçüb gedirlər, lakin onların əməlləri nəsillərin yaddaşında yaşamağa davam edir.


Antik eposun fəlsəfi şəkildə yenidən şərh edilməsi filmin üstünlüyüdür. Bununla belə onun macəra tərəfi də əhəmiyyət daşıyır. Məhz macəra xətti hekayənin ritmini yaradır və Homerin poemasının ruhunu yaşadır. Homerin təsvir etdiyi doqquz əsas macəradan filmdə yalnız küləklər tanrısı Eolun adası ilə bağlı epizod yer almayıb. Bununla belə, filmdəki bəzi bədii həllər müəyyən suallar yaradır. Məsələn, Təpəgözün ekran obrazı “Üzüklərin hökmdarı”ndakı Qollumla assosiasiya yaradır. Bu cür vizual yanaşma personajı qədim yunan mifologiyasının ənənəvi obrazından müəyyən qədər uzaqlaşdırır. Halbuki Təpəgözün daha çox antik ikonoqrafiyaya və klassik mifoloji təsəvvürlərə əsaslanan şəkildə təqdim olunması onun özünəməxsusluğunu və qədim eposun atmosferini daha yaxşı qoruyardı. Oxşar iradı lestriqonların təsvirinə də aid etmək olar. Yunan mifologiyasında onlar vəhşi, insan əti yeyən nəhənglərdir və təbiətin cilovlanmamış gücünü təcəssüm etdirirlər. Filmdə isə onlar orta əsr cəngavərlərini xatırladan zirehlərdə göstərilir. Bu obraz da antik dünyadan uzaq, orta əsr estetikasına yaxındır. Nəticədə personajların mifoloji özünəməxsusluğu zəifdir. Filmin vizual və dramaturji həllindən danışarkən mərkəzi obrazların yozumunu ayrıca qiymətləndirmək zəruridir. Çünki Nolanın fəlsəfi yanaşması böyük ölçüdə məhz personajların bir-biri ilə münasibətlərində üzə çıxır. Bu baxımdan onların ekrandakı inandırıcılığı filmin möhtəşəm vizual quruluşu və epik macəra xətti qədər mühüm amildir.


Ən mürəkkəb və mübahisəli təəssürat yaradan obrazlardan biri, fikrimcə, Afinadır. Antik ənənədə o, Odisseyin himayədarı olmaqla yanaşı, həm də onun məsləhətçisi, tərəfdaşı və həmsöhbətidir. Onun varlığı qəhrəmanın yolunun, demək olar ki, hər mərhələsində hiss olunur. Nolanın interpretasiyasında isə bu çoxşaxəli xüsusiyyətlər nəzərəçarpacaq dərəcədə zəifdir. Filmboyu Afinanın emosional ifadəsi, demək olar ki, dəyişməz qalır: baş verən hadisələrdən asılı olmayaraq, onun siması eyni təmkinli kədəri əks etdirir. Nəticədə tamaşaçı, Afinanı sadəcə simvolik obraz kimi görür. Bu fərq xüsusilə Andrey Konçalovskinin “Odisseya” (1997) filmi ilə müqayisədə daha aydın görünür. Konçalovskinin versiyasında Afina (İzabella Rosselini) ilə Odissey arasında mənəvi yaxınlıq, etibar, bəzən fikir ayrılığı, bəzən isə qarşılıqlı təsir hiss olunur. Onların bağlılığı süjetin temporitmini qoruyub saxlayır. Nolanda isə bu dinamika, demək olar ki, yoxdur. Onların görüşlərini daha çox ayrı-ayrı quru monoloqlar təşkil edir sanki. Elə təəssürat yaranır ki, Afina sözlərini Odisseyə yox, özünə söyləyir. Qəhrəmanlar arasında antik ənənədə mühüm yer tutan emosional bağ hiss olunmur.


Filmdə uğurlu aktyor işləri ilə yanaşı, uğurlu olmayan bəzi yaradıcı həllər də mövcuddur. Belə nümunələrdən biri nimfa Kalipso obrazıdır. Şarliz Teron, şübhəsiz ki, özünü inandırıcı şəkildə göstərə bilən, güclü ekran xarizmasına malik aktrisadır. Lakin məhz Kalipso obrazında onun xarici görünüşü və ifası ziddiyyətli təəssürat yaradır. Filmdə o, zamandan kənarda yaşayan mifoloji varlıqdan çox, müasir və dəbli bir modelə bənzəyir. Xüsusilə, onun qısa saçlı olması çox mübahisəli seçimdir. Əsrlər boyu incəsənətdə nimfalar və ilahələrlə bağlı müəyyən bir təsəvvür formalaşıb: uzun saçlar, zərif görünüş, təbii gözəllik və təbiətlə yaxınlıq. Bu detallar mifoloji dünyanın atmosferini yaradır. Bu cür tanınmış obraz dəyişdiriləndə isə rejissor antik dünya ilə bağlı tamaşaçı yaddaşında formalaşmış təsəvvürləri zəiflətmək riski daşıyır. Eyni təəssürat Troyalı Yelenanın (Lupita Nionqo) ekran obrazında da yaranır. Elə ekran əsərləri var ki, tamaşaçı həmin əsərdəki obrazlara yalnız yeni interpretasiya görmək üçün deyil, həm də mədəni yaddaşda formalaşmış tanış simanı yenidən hiss etmək üçün müraciət edir. Hər hansı personaj ədəbi və bədii ənənədə nə qədər dərin kök salıbsa, onun xarici görünüşünün dəyişdirilməsinə bir o qədər ehtiyatla yanaşmaq, zənnimcə, vacibdir. Müasir kinoda bu mövzu ətrafında mübahisələr dəfələrlə yaşanıb. Bunun ən tanınmış nümunələrindən biri 2023-cü ildə çəkilmiş “Su pərisi” filmidir. Premyeradan əvvəl ən çox müzakirə olunan məsələlərdən biri məhz baş rol üçün seçilən aktrisa (Holli Berri) idi. Bu seçimə münasibətlər fərqli olsa da, bir həqiqəti göstərdi: tamaşaçılar uzun illər ərzində formalaşmış məşhur obrazları dəyişdirilmiş şəkildə gördükdə buna laqeyd qalmırlar. İnsanların təsəvvüründə yaşayan personajların görünüşündə edilən hər ciddi dəyişiklik istər-istəməz geniş müzakirələrə, çox vaxt narazılığa səbəb olur. Məhz buna görə də belə hallarda eksperiment xüsusi həssaslıq tələb edir. Yeni interpretasiya maraqlı və uğurlu ola bilər. Lakin o, mövcud obrazı dağıtmaq deyil, onu öyrənməli, onunla dialoq qurmalıdır. Əks halda tamaşaçının diqqəti obrazın özündən çox, onun qeyri-adi görünüşünə yönəlir ki, bu da həmişə filmin xeyrinə işləmir.

Vizual konsepsiyanın təhlilindən sonra filmin əsas qəhrəmanlarına nəzər salaq. Çünki məhz onlar Homerin eposunun mənəvi və emosional mahiyyətini daşıyırlar. Odissey, Penelopa, Telemax və Antinoy əsrlər boyu dünya mədəniyyətinin yaddaşında yaşayan arxetiplərdir. Ümumiyyətlə, filmin aktyor heyəti antik dünyanın ab-havasını tam çatdırmır, heç bir aktyorda etnik faktura yoxdur. Burada söhbət qədim yunan eposunun qəhrəmanları haqqında formalaşmış estetik təsəvvürdən gedir. Buna görə də onların ekran obrazları istər-istəməz əsrlər boyu ədəbiyyatda, təsviri sənətdə və kinoda formalaşmış təsəvvürlərlə müqayisə edilir.


Mett Deymon güclü aktyordur, lakin mənə elə gəlir ki, Odissey onun ən uğurlu rollarından biri deyil. Homerin qəhrəmanı güclü iradəyə, iti zəkaya və qeyri-adi xarizmaya malik insandır. O, vəziyyətdən çıxış yolu tapmağı bacarır, insanları arxasınca aparır, lazım gələndə hiylə işlədir və ən çətin anlarda belə soyuqqanlılığını itirmir. Deymonun ifasında isə bu keyfiyyətlər hiss olunmur. Demək olar ki, filmboyu Odissey yorğun görünür. Əlbəttə, uzun illər davam edən səyahətdən sonra bu yorğunluq müəyyən qədər başadüşüləndir. Amma burada yorğunluq qəhrəmanın birbaşa əsas emosional vəziyyətinə çevrilir. Nəticədə obraz öz daxili enerjisinin və xarizmasının bir hissəsini itirir. Hətta Odisseyin ən mühüm qərarlar verdiyi və ya öz məşhur hiyləgərliyini nümayiş etdirdiyi səhnələrdə də onun intellektual gücü və lider xarakteri kifayət qədər təsirli görünmür və hətta deyərdim ki, hiss olunmur. Halbuki məhz bu xüsusiyyətlər Homerin Odisseyini dünya ədəbiyyatının ən böyük qəhrəmanlarından birinə çevirən əsas cəhətlərdir. Enn Hetueyin Penelopası da məndə qarışıq təəssürat yaratdı. Aktrisa obrazın ləyaqətini və nəcibliyini uğurla çatdırır. Lakin Penelopanın uzun illər ərzində ümidlə ümidsizlik arasında yaşadığı daxili mübarizə ekranda tam açılmır. Nolan Penelopa obrazını Laert üçün dəfn kəfənini toxuyarkən təqdim etməklə kifayətlənib. Halbuki onun daxili iztirabını və uzun illər davam edən intizarını daha dərindən hiss etdirmək üçün dəniz sahilində gözləyən səhnələrə və ya qəhrəmanın emosional vəziyyətini daha dolğun əks etdirən kadrlara yer verilməsi obrazın psixoloji təsir gücünü artırardı. Nəticədə o, uzun illərini gözləməklə keçirməyə məhkum insan təsiri bağışlamır, Afina kimi (Zendeya) daha çox sədaqət rəmzinə çevrilir. Telemax (Tom Holland) obrazı da kifayət qədər inkişaf etdirilməyib. Poemada onun yetkinləşməsi və atasının yoxluğunda şəxsiyyət kimi formalaşması mühüm xətt təşkil edir. Filmdə isə bu inkişaf xətti yoxdur. Burada da rejissor, Telemax obrazını yalnız Penelopanın elçilərinə layiqincə müqavimət göstərə bilməyən gənc bir oğlan kimi təqdim etməklə kifayətlənir.


Bu baxımdan Robert Pattinsonun ifasını daha uğurlu adlandırmaq mümkündür. O öz qəhrəmanını yalnız mənfi personaj kimi təqdim etmir. Antinoy həm hiyləgər, həm qorxaq, həm təkəbbürlü, həm də təhlükəli insandır. Pattinson bu xüsusiyyətləri bir obrazda inandırıcı şəkildə birləşdirə bilir. Onun Antinoyu zahirdə özünəinamlı görünür, amma əsl niyyətlərini gizlətməyi və vəziyyətdən şəxsi maraqları üçün istifadə etməyi bacarır.
Bir sözlə, Nolan özünəməxsus bədii yanaşmasına sadiq qalır. Onun “Odisseya”sı təsirli səhnələr üzərində deyil, zamanla vahid fəlsəfi mənzərə yaradan vizual obrazlar və simvollar üzərində qurulub. O, emosional vurğulardan qaçır; filmin əsas fikirləri təkrarlanan detallar, kadr quruluşu və qəhrəmanların ətraf aləmlə münasibəti vasitəsilə üzə çıxır. Filmin xarakterik cəhətlərindən biri və özünə görə üstünlüyü, şübhəsiz ki, onun epik miqyasıdır. Nolan insanı nəhəng bir kainatın qarşısında zəif və kiçik varlıq kimi göstərən genişmiqyaslı dünya qurur. Dəniz səhnələri, müharibə epizodları və mifoloji məkanlar epik atmosfer yaradır.

“Odisseya”nın IMAX kameraları ilə çəkilməsi filmin epik miqyasını daha da vurğulayır. Bununla belə, Nolanın sürətli və intensiv hekayəçilik tərzi müəyyən çatışmazlıqlar da yaradır. Hadisələrin ardıcıl və fasiləsiz inkişafı tamaşaçıya nəfəs almağa imkan vermir. Tamaşaçı bəzi güclü epizodları tam mənimsəmədən növbəti hadisəyə keçir və nəticədə ayrı-ayrı dramatik anların təsiri zəifləyir.

Rejissor “Odisseya”da musiqidən qədim epik dünyanın atmosferini yaratmaq üçün istifadə edib. Bu, “Tenet” və “Oppenheymer” filmlərindən sonra Nolanın bəstəkar Lüdviq Yoranssonla üçüncü əməkdaşlığıdır. Yoransson “Oppenheymer” filminin musiqisinə görə “Oskar” mükafatına layiq görülüb.

Müəlliflər “Odisseya”da klassik orkestr musiqisindən istifadə etməmək qərarına gəliblər. Səbəb isə budur: belə bir musiqi Qədim Yunanıstan dövründə mövcud deyildi. Buna görə saundtrekdə qədim alətlərin yenidən hazırlanmış nümunələrindən istifadə olunub. Onların arasında lira, avlos və bürünc zərb alətləri var. Bu alətlər sadəcə tarixi atmosfer yaratmaq üçün seçilməyib. Onlar filmin ideyasına da xidmət edir. Məsələn, liranın qısa və sərt səsi Odisseyin yayının kamanını dartdığı anı xatırlatmalıdır. Beləliklə, musiqi qəhrəmanın əsas simvollarından biri ilə əlaqələndirilir. Digər mühüm alət avlosdur. Bu, qədim yunanların bayramlarda və teatr tamaşalarında istifadə etdiyi ikiqat fleyta idi. Onun orijinal hissələri qorunub saxlanılmadığı üçün mütəxəssislər aləti qədim təsvirlər və yazılı mənbələr əsasında yenidən yaradıblar. Bununla yanaşı, Nolan və Yoransson yalnız qədim səslənməyə üstünlük verməyiblər. Saundtrekdə reper Trevis Skottun “When I’m Home” adlı mahnısı da yer alıb. Mahnının ərsəyə gəlməsində Lüdviq Yoransson və britaniyalı müğənni Ceyms Bleyk də iştirak edib. Maraqlıdır ki, Kristofer Nolan özü də mahnının sözlərinin həmmüəlliflərindən biri olub. Lakin kompozisiyanın yalnız final titrləri zamanı səslənməsi onun filmin qədim atmosferinə təsir etməsinə imkan vermir.

Kristofer Nolan öz yaradıcılığında dünya ədəbiyyatının ən böyük mövzularından birinə müraciət edib. Antik irsə müraciət etmək mürəkkəb və məsuliyyətli bir prosesdir. Təbii ki, hər bir rejissor klassik əsərə öz baxışını gətirmək hüququna malikdir. Lakin bəzi mövzular var ki, onların yenidən təqdimatı orijinal mənbəyə və onun formalaşdırdığı təsəvvürlərə xüsusi həssas yanaşma tələb edir.

Bununla belə, filmdəki bəzi mübahisəli yaradıcı seçimlərə baxmayaraq, Nolanın “Odisseya”sı müasir tamaşaçıya vacib fikirlər çatdıra bilir. Film hakimiyyətin nəticələri, insan seçimlərinin məsuliyyəti, keçmişlə barışmaq və daxili rahatlıq axtarışı kimi bu gün də aktual olan mövzulara toxunur.

Əgər min illər əvvəl yaranmış bir mif ekran dilində müasir insanı hələ də düşündürür və onunla dialoq qurmağı bacarırsa, deməli, bu hekayənin yeni yozumu müəyyən bədii dəyərə malikdir.

Nəzrin Mahu

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya