“Mikrorayon”u niyə plagiat adlandırırıq?

“Mikrorayon” (rejissor: Qulu Əsgərov, ssenari müəllifi: Gəray Həsən, ideya müəllifi və prodüser: Sevinc Əliyeva) teleserialı saysız-hesabsız tamaşaçı tərəfindən çox bəyənildi. Serialı tənqid edənlər, qınayanlar da oldu. Bunun bir səbəbi mövzunun yeniyetmələrə, gənclərə pis örnək olacağı idi. Bu başa düşüləndir. Çünki biz ekranda müəyyən mənada özümüzü, yaşadığımız, böyüdüyümüz mühiti görürük, oradakı obrazlar az-çox bizə tanışdır. Yəni, serialın insanlara istər-istəməz təsir göstərəcəyini anlayırıq. Amma əsas odur ki, “Mikrorayon” serialı Azik, Kazım kimi personajların timsalında kriminal aləmi gözümüzdə yüksəldib toxunulmaz etmir. Əksinə, diqqətli tamaşaçı bölümdən-bölümə başqa məsələdən danışıldığını sezir. İkinci səbəb isə plagiat iddiaları ilə bağlıdır. Əksəriyyət “Mikrorayon” serialını Rusiya istehsalı olan “Oğlan sözü. Asfaltdakı qan” (“Слово пацана. Кровь на асфальте”) ilə müqayisə edir.

Sözügedən serial bütün postsovet ölkələrində böyük rezonans doğurmuşdu. Tamaşaçıları müqayisəyə sövq edən də iki serial arasında bənzər səhnələrin olması, əsas qəhrəmanların oxşarlıqları, gənclərin kriminal dəstəyə qoşulması kimi detallar idi. Amma bir əsərin plagiat olduğunu demək üçün bu cür nüanslar kifayətdirmi? Çünki təsirlənmə ilə plagiat arasında ilk baxışda nəzərə çarpmayan fərqlər var. Yazının davamında məsələni aydınlaşdırmaq üçün bir neçə suala cavab tapmağı vacib sayıram: Hər iki serialda hadisələrin ardıcıllığı, konfliktlər və dönüş nöqtələri eynidir? Səhnələr bir-birini təkrarlayır? Personajlar eyni funksiyanı daşıyırlar? Yeni baxış var, ya yox?
Eyni məhəllədə yaşayıb eyni sinifdə oxuyan beş dost, beş yeniyetmənin ailələrində baş verən problemlər onların həyatına, seçimlərinə təsir göstərməyə başlayır. Hadisələrin gedişatında Adil və Fərid daha ön plana çıxır. Onlar dərslərə girmir, avaralanır, küçə etikasına və kriminal aləmə maraq göstərir, bir növ bu yolla özlərini “kişi” kimi təsdiq etməyə çalışırlar. “Oğlan sözü” serialının da iki mərkəz fiquru var – Andrey və Marat. Onlar dost deyillər. Eyni ərazidə yaşasalar da, ayrı mühitlərin insanı olduqları əvvəldən aydındır. Andrey musiqi ilə məşğul olur, pianino dərslərinə gedir. Marat isə artıq kriminal dəstənin üzvüdür. Andrey bu aləmə sonradan daxil olur. Tamaşaçı hadisələri, əsasən, Andreyin gözündən izləyir.

Bizim qəhrəmanlarımız isə əvvəldən eyni mühiti, eyni yaşayış tərzini mənimsəyən yeniyetmələrdir. Tamaşaçı, gənclər arasında dostluğun necə yarandığını yox, başdan bəri mövcud olan bu münasibətin hadisələrə necə təsir edəcəyini düşünür. Bu da mövzuya yanaşmada iki serial arasındakı dramaturji fərqi göstərir. Amma obrazlar arasında vizual və stilistik cəhətdən oxşarlıqlar mövcuddur; Adillə Andrey, Fəridlə Marat müəyyən aspektlərdən bir-birinə bənzəyirlər. Lakin “bu personaj mənə digər personajı xatırlatdı” demək bütün əsərin plagiat olduğuna dəlalət etmir.
Hər iki versiyadakı ailə tərkibi də önəmli faktordur. Andrey anası və balaca bacısı ilə yaşayır, Adil isə anası və məktəbli qardaşı ilə. İki ailədə də ata fiquru yoxdur, ailəyə yaxın olan polis onların problemlərini həll edir. Ana daim ona müraciət edir, polis isə yeniyetməni bu və digər mənada cəzalandırmağa çalışır. Zahirən süjet xəttinin get-gedə bir-birinə bənzədiyini görürük. Ancaq bu paralelliyin dramaturji icra şəkli fərqlidir. “Oğlan sözü”ndə polis müfəttişi İldar daha sərt və qorxuludur. “Mikrorayon”da isə polis qohumdur, sistemin təhlükəsizliyini təmin edir. İldarın timsalında kommunizm ideologiyasının sərt tərbiyə üsulu göstərilir. Zakirin obrazı isə hər vəchlə Adil kimi yeniyetmələri səhv yoldan çəkindirməyə, qorumağa çalışır. Yəni, funksiya eynidir, icrada fərq var.
Burada hadisələrin cərəyan etdiyi dövr də əhəmiyyətlidir. “Oğlan sözü”, 1980-1990-cı illərdə Kazan küçələrində hakim olan zorakılıq atmosferini, özbaşınalığı təsvir edir, dövr faktorunun bəzi nüanslarla vurğulanması serialın ayrılmaz hissəsidir. Rejissor bu yolla kriminal dəstələrin yaşayış kodeksini ekrana daşıyır. “Mikrorayon” serialının atmosferi o dövrü xatırlatsa da, müasir telefonların, maşınların istifadəsi rejissorun qayəsinin fərqli olduğuna dəlalət edir. Bu oxşarlıq adaptasiyadan deyil, konsepsiyadan irəli gəlir.

Hər iki serialda qəhrəmanların həyatını dəyişdirən məqam var. Adil məktəbdə böhtanla üzləşir, anası onun oğurluq etdiyinə inanır. O, günahsız olduğunu sübut edə bilmir. Ona görə, haqqını başqa yerdə axtarır. Sosial ədalətsizlik Adili kriminal aləmə yaxınlaşdırır. Andrey isə görür ki, gücsüzdür, daim döyülmə təhlükəsi ilə üz-üzə qalır. Buna görə, Maratın olduğu “patsan” dəstəsinə qoşulur. Qəhrəmanların motivasiyalarındakı fərq bu nöqtədə üzə çıxır.
Digər tərəfdən, əgər Adili daha çox Andreylə müqayisə etsək də, Anreylə Fərid arasında oxşarlıq daha çoxdur. Başda Fəridin öz fikrinin olmadığı görünür, o, Adilin göstərişləri ilə hərəkət edir. Maratın da Andreyi belə yönləndirdiyini sezmək mümkündür. Fərid Adilə qoşulandan sonra güləş dərslərini buraxır. Andrey də “patsan”ların dəstəsinə daxil olandan sonra musiqidən uzaqlaşır, müəllim onu pianino dərsindən qovur.
Bir məqamdan sonra “Oğlan sözü” və “Mikrorayon” biri-birindən ciddi şəkildə fərqlənməyə başlayırlar. “Oğlan sözü”nün mərkəzi mövzusu kriminal dəstənin iyerarxiyası, yazılmamış qaydalar, məhəllə uğrunda mübarizə, küçənin “ədalət” anlayışıdır. Ona görə, diqqət daha çox küçədə baş verən hadisələrin üzərində saxlanılır. “Patsan” olmağın nə anlama gəlməsi sözlərlə, davranışlarla, seçilən mahnılarla vurğulanır. Serial boyunca bir çox musiqilərdən istifadə olunur. Mənim diqqətimi ən çox “Miraj” qrupunun “Yeni qəhrəman” (“Новый герой») mahnısı çəkdi. Bu mahnının sözləri olduqca maraqlıdır: “Haradasan, yeni qəhrəman? Sən gəlməlisən və hər şeyi dəyişməlisən”. Bu sözlər də kriminal həyatın cazibəsinin artmasına xidmət edir.

“Mikrorayon” serialında isə başqa mənzərə ilə rastlaşırıq.Burada əsas mövzu ailədaxili problemlər, uşaqlıq travmalarıdır. Daşqının uşaq yaşda anası tərəfindən tərk edilməsi, qumar asılılığı, atasının ona nifrət etməsi, onu daim döyməsi və sonda oğlanın özünü asması, Sabirin anası haqqında məhəllədə gəzən dedi-qodular, oğlanın narkokuryer işləməsi, İdrisin uzun illər sonra ondan gizlədilən ailə sirrini öyrənməsi, Fəridin atasının əyyaşlığı, bunun yaratdığı məişət zorakılığı, Adilin anasının daim təşviş içində olması – bütün bunlar göstərir ki, “Mikrorayon” serialı, əslində, kriminal aləmin yox, orta statistik ailələrin panoramıdır. Serial üçün yazılan Drek x Amalın “Gec qayıtmaram” treki də bunu təsdiq edir: “Ananın gözyaşı ağrıdan ağır. İndi qorxuların xəyallarından böyük” və ya “Evin yolun itirmişik, düşmüşük uzaq”. sözlərinə diqqət etmək kifayətdir. Bu ailələrin ortaq cəhətləri var – ya ata yoxdur, ya da ata qəddardır, yaxud laqeyddir, valideynlər arasında konfliktlər var, iqtisadi çətinlik hökm sürür, yeniyetmələr özlərini təhlükəsizlikdə hiss etmirlər. Biri güc və ədalət axtarışındadır, digəri sevgi, qayğı. “Oğlan sözü”ndə bilavasitə kriminal aləm araşdırılır, ailələr fon funksiyasını daşıyır. “Mikrorayon”da isə ailə daxilində yaranan boşluqları yavaş-yavaş küçə subkulturası doldurur. Bu fərq plagiat iddialarını azaldan arqumentlərdən biridir.

Kriminal qruplaşmaların seriallardakı funksiyaları da maraqlıdır. Azik yaxın adamları Kazım və Raufla qarajda oturur, çayxana da onların nüfuz dairəsidir. Bu məkanlar daha çox iqtisadi funksiyanı və gənclərə təsiri özündə ehtiva edir. “Patsanlar” üçün isə zirzəmi, videoklub, buz meydançası subkulturanın həm iqtisadi, həm də sosial mərkəzləridir, iyerarxiyanın necə işlədiyini göstərir. Bu xətti davam etdirib Aziklə Vovanı müqayisə etsək, hər ikisi qrupun lideridir, nüfuzları var. Amma Vova köhnə sistemi qaytarmağa çalışır. O, müharibədən qayıdıb, ətrafına yığdığı uşaqlara güvənərək mövcud lideri ədalətsizlikdə ittiham edir, onu “patsanlara” döydürür və özü lider olur. Amma küçədə nəzarəti ələ keçirəndən sonra yaşadığı sevgi münasibəti onun başçı kimi zəif nöqtələrini üzə çıxarır. Faciə də buradan başlayır – sistem əvvəlki kimi işləyə bilmir. Azik isə soyuqqanlı və təmkinli lider kimi görünür. O, atacağı bütün addımları qabaqcadan hesablayır. Onun zəifliyi güzəştlərlə bağlıdır. Azikin Adilə etimad göstərməsi onun nüfuzunda çat yaradır. Liderlərin nüfuzunun sarsılması oxşar nəticə versə də, yaranma səbəbləri başqadır.
Qız obrazlarının xətti də böyük maraq kəsb edir. Tamaşaçı burada cəmiyyətin, qızları damğalanmasına, psixoloji sarsıntı yaşatmasına şahid olur. Leylanın sevgilisi tərəfindən şantaj edilməsi, videosunun internetdə yayılması, ailə üzvlərinin əvvəlcə buna sərt reaksiyası, sonra isə qızın intihara cəhd etdiyini öyrənməsi məsələyə fərqli baxış ortaya qoyur. Bu xəttin inkişafı belə hadisələrdə məktəbli qızlardan necə istifadə edildiyini, onların günahsız olduğunu göstərir, həm də Fərid obrazının xarakterinin açılmasında, onunla Adil (həm də Sabir) arasında fərqin başa düşülməsində aparıcı funksiyanı yerinə yetirir. Fəridi səhv yoldan məşqçisi çəkib çıxarır. Adilin atasının boşluğunu Zakir, Fəridinkini (atası sağ olsa da) güləş müəllimi doldurur. “Oğlan sözü” serialında isə Aygülün təcavüzə uğraması, ailəsinin və sinif yoldaşlarının ondan uzaqlaşması və sonda qızın intiharı həm “patsan” dəstəsinin yazılmamış qaydalarını göstərmək üçündür, həm də sevgilisini xilas edə bilməyən Maratın mənəvi çöküşünü ehtiva edir. Bundan sonra Marat qruplaşmadan qovulur. Göründüyü kimi, ötürülən mesajlar fərqlidir.
Həm Adil, həm də Fərid nələrdənsə qorxurlar. Serial boyu qorxu məsələsinə bir neçə dəfə toxunulur. Hətta Adil sonda hər şeyi qorxduğuna görə etdiyini deyir. Qorxu onun seçim edə bilməməsinə gətirib çıxarır. Adilin vəziyyətini Maratla müqayisə edə bilərik. Marat Aygülü itirəndən sonra “patsan” aləminə sədaqəti ilə şəxsi hissləri toqquşur və o, hisslərinə üstünlük verir, sistemlə kompromisə gedir. Maratı da, qardaşı Vovanı da xəyanətə sürükləyən səbəb şəxsi idi. Nəticədə Vova cismən, Marat isə mənən ölür. “Mikrorayon” serialında isə biz Adilin deqradasiya prosesini müşahidə edirik. Get-gedə Adilin mənəvi çöküşü dərinləşir. Dostu İdrisin atası Mehmanı döydüyü səhnədə isə daxili ölümü baş verir. Adillə Andreyi müqayisə edəndə, ikincidə baş verən prosesi deqradasiyadan daha çox, şəxsiyyətin transformasiyası kimi xarakterizə edə bilərik. Andreyin timsalında küçə subkulturasının insanı necə dəyişdiyini anlayırıq. Adilə baxanda, insanın səhv seçimlərinin onu necə məhv edə biləcəyini başa düşürük. Fərq buradadır.

Dostluğun qırılması məsələsi də bunun üzərindən təhlil edilə bilər. “Oğlan sözü” serialında iki dost arasında dava sonda baş verir və Andrey Marata qalib gəlir. Bu dava ideoloji kontekstdə iki dostun harada durduqlarını müəyyən edir. Adillə Fərid arasında baş verən davanı qorxu amili vasitəsilə təhlil edə bilərik. Fəridin qələbəsi onun dostunun təsirindən çıxdığını, ilk “qorxusu”na qalib gəldiyini göstərir. Hadisələrin davamında Fəridin digər qorxuları ilə üzləşib onları da bir-bir aşdığını görürük. Digər serialda isə nə tam çöküşdən, nə də tam yüksəlişdən danışmaq olmur. Buradan biz belə bir fikrə gələ bilərik: “Oğlan sözü” küçənin yaxşı insanı da məhv etmək potensialı olduğunu göstərir. “Mikrorayon” isə göstərir ki, eyni küçədə böyüyən insanların hamısı məhv olmur. Onların taleyini verdikləri qərarlar müəyyən edir. Çoxları finalda Adilin ölümünə təəssüfləndiklərini bildirirlər. Lakin Adil sağ qalsaydı, “Mikrorayon” serialının ötürmək istədiyi mesaj yerinə çatmayacaqdı. Yuxarıda qeyd etdiyim kimi, Adil onsuz da ruhən artıq ölmüşdü. Ona görə, Sabir onu bıçaqlayandan sonra qəfəsdəki göyərçinlərin qapısını açır. Andrey finalda həbs edilir, həbsxanada pianino çalır, amma o, artıq əvvəlki Andrey deyil.
İki serial arasında başqa oxşar və fərqli nüanslar olsa da, onların üstündə çox dayanmaq istəmirəm. Düşünürəm ki, yuxarıdakı müqayisələr hər şeyi açıq şəkildə ortaya qoya bildi.
Aktyor heyəti barədə də bir-iki kəlmə: “Mikrorayon” serialının aktyor heyəti olduqca güclüdür. Aziki canlandıran Orxan İsgəndərli, obrazını sadəcə jestləri, davranışları, baxışları ilə yaddaqalan etməyi bacarır. Məsmə Aslanqızı və Natavan Qeybani iki fərqli ana tipajını uğurla yarada biliblər. Əsas da Məsmə xanım serial boyu bir ananın balasına görə keçirdiyi nigaranlığı, narahatlığı tamamilə bizə ötürə bilir. Eltəkin Xan və Ülvi Həşim də öz rollarının öhdəsindən gəliblər. Adilin get-gedə səhvlərinə görə aqressivləşməsini, yavaş-yavaş bataqlığa yuvarlanmasını Eltəkin Xan ustalıqla çatdırır. Şəhriyar Aşkari Daşqın, Qüdrət Fətulla Sabir rolunu olduqca yaxşı oynayıblar. Adilin sevgilisini oynayan Fidan Bayramova isə ümumi heyətdən müəyyən qədər geri qalır. Axır ki, uzun illərdən sonra Azər Axşamı fərqli rolda görə bildik, aktyor ona yapışıb qalan Çingiz obrazını Mehman sayəsində əynindən çıxarmağa fürsət tapdı.
Sonda, yazdıqlarımı ümumiləşdirsəm, belə qənaətə gəlmək mümkündür: “Mikrorayon” ilə “Oğlan sözü” arasında ilk səhnələrdən estetik cəhətdən və dramaturji funksiyalara nəzərən oxşarlıqlar olsa da, müəlliflərin mövzuya yanaşması arasında bariz fərqlər var. “Oğlan sözü” “Mikrorayon”un əsas ilham mənbələrindən biri ola bilər, lakin yalnız hekayələrin oxşarlıqlara əsaslanaraq “Mikrorayon” serialını plagiat adlandırmaq çətindir.
Nəcəf Əsgərzadə