Nolanın “Odissey”i kimdir?

Nolanın yeni filminə – bəşəriyyətin ən qədim dastanlarından birinə yeni yozumda baxdım. Mən Nolanı çox bəyənməsəm də, onun filmlərində “Qara cəngavər”dən bəri hiss olunan vacib bir xüsusiyyət var: Nolanın filmini izləyəndə irimiqyaslı, böyük bir ekran işi izlədiyini hiss edirsən. Nolan, bir növ, kinematoqrafiyanın dastanlarını yaratmağa çalışır. Buna görə də tamaşaçıları asanlıqla heyran etməyi bacarır. Çünki digər rejissorlar bu miqyasda filmləri heç də davamlı olaraq çəkmirlər və ya çəkə bilmirlər. Bunun həm maddi, həm də texniki tərəfləri mürəkkəbdir. Xüsusilə Nolanın kinematoqrafiyanın son texniki yeniliklərini qorxmadan öz filminə tətbiq etməsi həmin yenilik və böyüklük hissini daha da qüvvətləndirir. Nolanın hər dəfə tamaşaçıları kinoteatrlara getməyə məcbur etməsi, üç saat hansısa alim haqqında kamera filminə bənzər bir iş ortaya qoyub 1 milyarddan çox kassa əldə etməsi təqdirəlayiqdir. Necə deyərlər, igidi öldür, haqqını yemə. Haqqını verdiyimizə görə, indi öldürə bilərik.

“Odissey”in mövzusu aşağı-yuxarı hamıya məlumdur. İncəsənətlə, ədəbiyyatla az-maz maraqlanan kimi onsuz istər İliada, istərsə də Odissey böyük bir məbəd kimi gəlib qarşımızda dayanır. Ona görə filmin süjetindən daha çox, onu Nolanın necə yozacağı mənim üçün maraqlı idi. Nolan bu dastanı götürüb müasir dövr insanının psixologiyası üçün köçürməyə çalışıb. Məhz bu səbəbdən obrazlar dastan qəhrəmanı, tanrıların yerinə qərar verən fiqurlar yox, psixoloji motivləri olan, canlı insanlardır. Met Deymonun oynadığı “Odissey” isə ənənəvi Odisseydən çox fərqlənir. Ənənəvi Odissey kələkbaz, öz ağlı ilə hər vəziyyətdən çıxan, çətinliklərin öhdəsindən gələn obrazdır. Nolan isə “Odissey”i peşmanlıq keçirən, keçmişin xətaları üzərində düşünən, ondan nəticə çıxararaq yeni həyata can atan bir şəxsə çevirib. Homerin Odisseyi nə qədər kələkbazdırsa, Nolanın Odisseyi o qədər peşman və kədərlidir. Obrazın transformasiyası baxımından Deymonun “Odissey”i əvvəldən peşmandır, axıra qədər eyni peşmanlığı davam edir və sadəcə sonda kiçik bir aydınlanma yaşayır. Hətta bu peşmanlığı daha da kəskin göstərmək üçün filmin məğzinin açıldığı Odisseylə Penelopanın danışdığı məqamı katolik günahçıxarma ayininə çevirir. Pərdənin arxasında olan Odissey bütün günahları danışıb öz həyatını, məramını çək-çevir edir. Təkcə bu səhnəyə baxan insan elə düşünər ki, Odissey əsl dindardır, Afinaya, Zevsə yox, onun üçün əzab çəkən İsaya inanır.
Nolan bir çox filmlərində etdiyi kimi, bu filmdə də az qala ilk səhnədən son səhnəyə qədər musiqidən dayanmadan istifadə edir. Hər nə qədər Lüdviq Qoranson çox yaxşı iş ortaya qoysa da, bir məqamdan sonra musiqiyə qarşı qulaq həssaslığı itir. Musiqi öz fərdi keyfiyyətlərini itirib sadəcə növbəti səhnə üçün tamaşaçını istiqamətləndirən vasitəyə çevrilir. Buna görə də, təsirli olması gözlənilən musiqilərin effekti azalır.

Montaj baxımından, filmin tempi son akta qədər əməlli axsayır. Bunun əsas səbəbi isə baş verən hadisələrin eyni cür yozumudur. Odissey və dostları hansısa adaya çıxırlar, adadan qaçırlar. Bu hadisə bir neçə dəfə baş verir və təkrara görə ritm itkisi olur. Musiqi olmasaydı, yəqin daha da dözülməz olardı.
Rejissor işi olaraq Nolanın mizanlarında diqqətimi çəkən məqamlar çox az oldu. Böyük ehtimalla, IMAX kameralarla çəkdiyi üçün və başqa formatlarda da kəsiləcəyi üçün (IMAX 70MM 1:1.43 ölçüsündə olur, digər kinoteatrlarda kəsilərək 1:1.90, 1:2.35 kimi formatlara çevrilir) hadisələr kadrın mərkəzində baş verir. Bu da, görünür, onun əl-qolunu bağlayıb. Bir neçə səhnədə çox yaxşı paralel montaj həlləri var və ustalıqla gərginliyi istədiyi səviyyəyə qaldıra bilir. Texniki ustalıq olsa da, emosional olaraq eyni hissləri yaratmaqda çətinlik çəkir.

Aktyorlar arasında ən bəyəndiyim Robert Pattinson oldu. Onun yaratdığı Antonius obrazı yaxşı mənada fərqlənirdi. Zendayanın Afinası da yaddaqalan idi. Tom Holland isə Telemaxı alındıra bilməyib. Met Deymonun Odisseyi isə rejissor yozumundan dolayı birxətlidir, istər-istəməz hiyləgər ruhunu verməyib, amma buna baxmayaraq, bəzi nüanslarda obrazın çoxqatlılığını aça bilərdi, məncə isə, bunda uğurlu olmayıb.

Nolan öz sevimli mövzusu olan “zaman”ı bu dəfə hekayənin mərkəzinə qoymayıb. Adətən, onu əsas düşündürən məqam zaman, zamanın müxtəlif qatları, nisbiliyi, obyektiv və subyektivliyidir. Burada Odisseyin hekayəsini də itirilmiş zamana qarşı hiss edilən peşmanlıq və gecikmişlik kimi yozmaq olar, ancaq heç də elə deyil. Çünki filmin əsas mövzusu bəşəriyyətin dağıdıcılığı, müharibələrin törətdiyi fəsadlar, Qərb cəmiyyətinin qəhrəmanlıq dastanı kimi sırıdığı şeylərin puçluğudur. Yazımın əvvəlində qeyd etdiyim kimi, Nolan zamanımızla səsləşən bir əsər ortaya qoyub. Dronların, bombaların danışdığı bir dövrdə hamının qarşısında diz çökdüyü Aqamemnonun simasızlaşdırılması, sifətinin film boyunca göstərilməyib sanki ölüm robotuna bənzədilməsi keçmişlə yox, günümüzlə əlaqəli bir yozumdur.
Nolan müharibənin şeytaniliyindən dəm vursa da, final səhnəsində rejissor olaraq estetik döyüş səhnələri çəkərək özü ilə ziddiyyətə düşür. Əgər müharibə pisdirsə, niyə onu tərənnüm edən filmlərdəkinə bənzər xoreoqrafiyadan istifadə edir və özündən əvvəlkilərin yolu ilə gedir? Bu cür sonluq istər-istəməz müəllifin niyyətini sorğulamağa məcbur edir. Buna baxmayaraq, Kristofer Nolanın dünyamızın bu günü və gələcəyi barədə demək istədiklərini 3000 il əvvəlin hekayəsinə köçürərək danışması təqdirəlayiqdir. “Odissey” filminin nə qədər problemli məqamları olsa da, bir təcrübə vəd etdiyi şübhəsizdir.
Hacı Səfərov