İNDİ OXUYUR
Əqrəb mövsümünü bağlı elan edirik

Əqrəb mövsümünü bağlı elan edirik

“Əqrəb mövsümü” nümayiş olunmağa başlayandan qısa bir müddət sonra yerli auditoriya tərəfindən xoş qarşılandı, həyəcanla yeni seriyaları gözlənilməyə başlandı. Sanki, Azərbaycan serial və kino dünyası üçün belə bir effektə, hər kəsin haqqında danışacağı işə ehtiyacı vardı. Bu uğur üç gün tez, beş gün gec baş verəcəkdi. İnkişaf üçün bu cür sıçrayışlar mütləqdir və bunu edən “Əqrəb mövsümü” oldu. Bu uğura görə filmin yaradıcı heyətini təbrik etmək lazımdır. Emil Quliyev “Pərdə” ilə qazandığı populyarlığı bu işlə daha da möhkəmlətdi. Hətta serialın uğuruna güvənib yeni filmini kinoteatrlarda nümayişə çıxarır. Əgər kinoteatrlarda da öz istəyinə nail ola bilsə, düzgün planlama və vaxt təyininə görə əlavə bir “əhsən”ə layiqdir deyə bilərik. İndi isə serialın müsbət və mənfi məqamlarına baxmaq vaxtıdır.


Başlanğıcda bunu bildirməkdə fayda var ki, “Əqrəb mövsümü” “Körpü”dən daha yaxşı bir işdir. “Körpü”nün potensialı daha çox olsa da, yaradıcı heyət həmin potensialı reallaşdıra bilməmişdi. Hekayə danışmaq və göstərmək əvəzinə tez-tez sosial mesaj ötürmək qayğısına aludə olduqlarına görə serialın işləməyində axsaqlıqlar yaşanırdı. “Əqrəb mövsümü” isə başdan sona qədər öz hekayəsini izlətdirir, izləyicini öz dünyasından çıxmağa qoymur və sona qədər özünə olan marağı saxlamağı bacarır. Əslində, belə olması da çox təbiidir, çünki ilk növbədə bu serial detektiv janrıdır. Detektiv hər zaman geniş auditoriya tərəfindən sevilib və onların marağını çəkib. Dünya kinosunda və serialında bu cür müxtəlif nümunələr mövcuddur. Emil Quliyev də onların getdiyi yolları getməyə çalışır, bəzən məşhur filmlərdən nələrisə götürüb özününküləşdirir.

Məşhur iş adamı Qurban Amanovun (Abbas Qəhrəmanov) oğlu bir gün müəmmalı şəkildə yoxa çıxır, daha sonra isə onun bədəni altı hissəyə bölünmüş şəkildə şəhərin müxtəlif yerlərindən tapılır. Qatili tapmaq isə prokurorluqdan istefa vermiş Kənan Orucova (Hikmət Rəhimov) tapşırılır. Daha doğrusu, onu yenidən prokurorluqda işə düzəlməyə razı salırlar, çünki indi hər şey dəyişib, prokurorluqda islahatlar gedir və “köhnənin qalıqları”nı unutmaq vaxtıdır. Azərbaycan kinosunun, xüsusilə dövlət sifarişi ilə çəkilən əksər işlərin problemi ideoloji/propaqanda tərəfinin hekayənin önünə keçməsi olurdu. Burada isə hekayə özü maraqlı olduğu üçün islahat propaqandasına olunan vurğu çox da gözə batmır. Sadəcə baş roldakı hər iki müstəntiqin “kim daha yaxşıdır”  mübarizəsi inandırıcılığı azaldır. Ümumiyyətlə, serialda dövlət qurumları barədə elə təəssürat yaradılır ki, sanki onlarda heç bir problem yoxdur, bütün günah adi vətəndaşlarda, onların işbilməzliyindədir. Hətta serialın bir yerində cinayət işini bağlayırlar və buna görə müdir Akif müstəntiqlərlə dialoq zamanı mətbuatı günahlandırır, “bizim üstümüzə çox gəlirlər” deyir. Bu kimi müxtəlif məqamlar var ki, serialın ideoloji xəttini müəyyən edir, lakin bütün yazını buna ayırmaq niyyətim yoxdur.


Serial cinayət xətti ilə birlikdə bizə bir neçə yan xətlər də təklif edir. Tamaşaçı əsas detektiv hekayəsindən əlavə, obrazların şəxsi həyatlarında baş verənləri də izləyərək onlarla daha güclü emosional əlaqə qurmalıdır. Bu xətlərdən biri Kənan Orucovun həyat yoldaşı Nuridə (İlahə Həsənova) ilə olan konfliktidir. Kənan işsizdir, arvadı onun yenidən prokurorluqda işləməyinə qarşıdır, üstəlik, keçmişin xatirələri qarabasma kimi Kənanı izləyir və onların evliliyi bitmək üzrədir, hətta Nuridə boşanmaq üçün dəstək axtarışındadır. Hikmət Rəhimov yaratdığı obrazın daxili dünyasındakı təlatümləri ustalıqla göstərir, rejissor və montaj işi də bunu çatdırmağa xeyli kömək edir. Qatilin arxasınca qaçdığı qaranlıq dalanda olan səhnə ilə övladını axtardığı qarabasmalar arasında elə uğurlu montaj həlli var ki, insan həmin səhnəyə görə yaradıcı heyəti alqışlamaq istəyir. Kənanın Nuridə ilə olan münasibəti isə 11 seriya boyunca (Bu obrazları ikinci seriyada tanımağa başlayırıq) status-kvodan o tərəfə keçmir. Kənan münasibəti düzəltmək üçün cəhdlər edir, Nuridə isə uzun pauzalarla, boşluqlarla səhnənin gərginlik səviyyəsini saxlayır. Lakin onların münasibətində katarsis saya biləcəyimiz bircə səhnə yoxdur. Səkkizinci seriyada yerdə uzanıb tavana baxdıqları səhnəni bəlkə də saymaq olar, amma orada da yenə Kənan danışır. Halbuki, bu obrazların ailədaxili münasibəti daha uğurlu göstərilə bilərdi.

Digər xətt Rauf Eyvazovun (Bu obrazı serialın həm də ssenaristi olan Azər Aydəmir canlandırır) anası və xoşladığı qız – Rəna ilə arasında qalması barədədir. Anasında alzheymer əlamətləri var, ona baxan qulluqçunu canından bezdirir, Rauf ona baxmaq məcburiyyətindədir. Bu halda isə Rənaya lazımi diqqəti və qayğını göstərə bilmir. Bu xətt ilk xəttə nisbətən daha zəifdir, intensiv deyil, sadəcə kiçik işartılarla özünü göstərir. Qəhrəmanların emosiyaları barədə dərinə enə bilmədən yekunlaşır. Raufun anası isə ümumiyyətlə hekayədə təkcə Rəna ilə arasına girmək rolundan başqa bir əhəmiyyət daşımır.


Serialın qüsurlu məqamlarından biri də qadın obrazlarının tamamilə disfunksional olması, onların hekayəyə heç bir xidmət etməməsi və sadəcə kənarda ağlaşmalarda, ya da intriqalarda qurban roluna bürünməyidir. Əgər bu serial Azərbaycanda yox, dünyanın müasir ölkələrindən birində çəkilsəydi, qadına qarşı bu cür münasibətə görə çoxdan boykot edilmişdi. Ümid edək ki, Emil Quliyev ancaq kişiləri yox, həm də qadınları göstərməyə başlayar.

Nisbətən uğurlu işlənmiş xətt Rauf ilə Kənanın arasında olan münasibətdir. Onların münasibəti də cinayət xətti ilə paralel inkişaf edir. Əvvəlcə bir-birlərindən xoşları gəlməsə də, sonda ulduzları barışır. Cinayət xəttinin özündə də detektiv baxımdan zəiflik var. Artıq doqquzuncu seriyanın sonuna çatanda bütün şübhəlilər ya öldüyü, ya da həbsdə olduğu üçün qatilin kimliyi aşkar olur. Doqquzuncu seriyanın sonunda rejissor bizə yaxın planda qana bulaşmış portağalı göstərir. Bu kadrlar rejissor, sanki, kriminal janrına və bu janrın köklərinə nə qədər bələd olduğunu isbat etməyə çalışır. Amma “Xaç Atası” trilogiyasından fərqli olaraq, həmin meyvənin funksionallığı yoxdur.


Yaradıcı heyət müxtəlif işlərdən səhnələri, musiqiləri, jestləri götürərək “Əqrəb mövsümü”nün bir hissəsinə çevirir. Bunlar arasında ən uğurlusu səkkizinci seriyanın sonunda olan rəqs səhnəsidir. Həmin rəqs səhnəsinin musiqisi Rasim Ocaqovun “Bağlı qapı”sındandır, rəqs hərəkətləri “Babamızın babasının babası”ndan, kontekst və obrazın özünüifşası isə “Yaramaz” filmindəndir. Bu qarışdırmaya baxmayaraq, həmin səhnə serialın ən yadda qalan məqamlarındandır.

Ümumilikdə, serialda musiqidən uğurlu istifadə edilib. İstənilən həyəcan və maraq hissi məhz musiqi vasitəsilə ötürülür, hətta bəzən adi səhnələr də musiqi hesabına suyun üstündə qalmağı bacarır. Serialda duyulan əsas nöqsanlardan biri xronometrajın uzadılmasıdır. Burada dron kadrları köməyə gəlir. Serialın quruluşçu operatoru Muhəmməd Osman (Mosmanue) dinamik kamera hərəkətləri ilə janrın ruhunu ötürməyi bacarır. Rejissor baş verən hadisədən qabaq dəfələrlə obrazların reaksiyalarına fokuslanır ki, bu da “sonra nə olacaq?” sualının yaranmasına xidmət edir. Bir neçə məqamda uğurlu olsa da, sonradan dəfələrlə təkrarlandığı üçün effektivliyini itirir.


Emil Quliyevin aktyorlarla işi həqiqətən də yaxşıdır. Çünki obrazın hekayədə tutduğu yerdən asılı olmayaraq, hər bir aktyor öz işinin öhdəsindən ustalıqla gəlir. Abbas Qəhrəmanov, Güşvər Şərifova, Əli Əlizadə diqqətəlayiq iş ortaya qoyublar. Yekun olaraq bunu demək olar ki, “Əqrəb mövsümü” digər seriallarımızdan yaxşı mənada kəskin dərəcədə fərqlənir. Hətta indiyə qədər çəkilmiş ən yaxşı Azərbaycan serialıdır desək yanılmarıq. Ancaq səhvləri görüb daha yaxşısını etmək hər zaman mümkündür. Bunun olub-olmayacağını isə zaman göstərəcək.

Serialın büdcəsi 250 min manata yaxındır ki, bu da əslində çox da böyük büdcə deyil. İctimai Televiziyanı doğru seçim etdiyi üçün təbrik etmək lazımdır. Gələcəyə dair ümidim və gözləntim odur ki, kanal digər rejissorlara da özlərini göstərmək üçün şans versin. Ölkədə özünü təsdiq etmək üçün gözləyən kifayət qədər gənc və istedadlı insan var. Bu həm də rəqabətin artmasına gətirib çıxaracaq ki, qalib yenə də Azərbaycan kinosu olacaq.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya