İNDİ OXUYUR
“Yol” filmi: bir obrazın tarixçəsi

“Yol” filmi: bir obrazın tarixçəsi

“Biz hamımız sərgərdan səyyahlarıq, sadəcə hər kəs öz yolu ilə gedir”

(Celsomina ilə rahibənin dialoqundan)

İncəsənət Universitetində ilk dərsimizdə ixtisas müəllimimiz Ayaz Salayev baxdığımız filmlərin adlarını soruşmuşdu. Bizim qrupda rus bölməsindən iki tələbə vardı, biri rejissor oğlu idi. O, Ayaz müəllimin “Retro”da göstərdiyi filmlərdən bir-ikisini sadaladı. Növbə Azərbaycan bölməsinin təmsilçilərinə- yəni bizə çatdı – “Zita-Gita”, “Toz içində çiçək”, “Əhməd hardadır?”, “Ulduz”… Salayev “hə, sizinlə məsələ aydındı” dedi. Ondan sonra düz üç il boyunca – A.Salayev universitetdən çıxana qədər- hər həftə bizə “Vətən” kinoteatrının nəmişlik qoxusu verən zalında klassik filmlər göstərdi. Baxdığımız ilk film də yadımdadı – yapon rejissoru Akira Kurosawanın “Rassemon”u. Amma o filmlərin hamısı uzun müddət bizim üçün yapon heroqlifləri kimiydi, heç nə anlamırdıq. Baxışlardan sonra Ayaz müəllim filmi detallı izah eləyəndə, bu zaman Ömər Xəyyamdan tutmuş Sigmund Freudə qədər adını ilk dəfə eşitdiyimiz psixoloqlardan, filosoflardan danışanda çaşıb qalırdıq. O  “heroqliflər” ilk dəfə Federico Fellininin “Yol” filmini izləyəndə cizgi filmlərindəki kimi “əzilib-büzülüb” anladığımız “hərflərə” çevrildilər. Bəlkə buna görə “Yol”, Fellininin ən çox sevdiyim filmidi, çünki rəmzlərə qaçmadan, tamaşaçını bulandırmadan, dolaşdırmadan  yol göstərirdi.   

“Yol” filmi. Entoni Kuinn və Cülyetta Mazina

   ***        

– Bu dünyadakı hər şey nəyəsə lazımdı. Məsələn, bu daş..
-Hansı?
– Fərqi yoxdu. Lap elə bu… Bu daş da nəyəsə lazımdı.
– Nəyə?
-Nəyə? Mən hardan bilim? Hər şeyi bilsəydim, Tanrı olardım. Yox, mən bu daşın nəyə lazım olduğunu bilmirəm. Amma nəyəsə lazımdı. Çünki əgər o, heç nəyə lazım deyilsə, onda bu dünyada hər şey lazımsızdı.

(Celsomina ilə Mattonun dialoqu)

***

Fellininin bütün filmləri kimi “Yol” da film-pritçadı. Rejissorun yaradıcılığı üçün xarakterik olan motivlər bu ekran əsərində də var. Yol, səyyar sirk, klounada mövzuları Fellinini uşaqlığından bəri maraqlandırırdı. Gələcək rejissorun yeddi yaşı olanda valideynləri onu gəzəri sirkin tamaşasına aparmışdılar. Gördükləri balacaya o qədər təsir eləmişdi ki, sirkə qoşulub qaçmışdı, ancaq bir neçə saatdan sonra valideynləri Federiconu tapıb geri qaytarmışdılar. Həmçinin filmin əvvəli və sonundakı dəniz mənzərəsi də dəniz kənarında yerləşən Rimini şəhərində dünyaya gəlmiş rejissorun yaradıcılığında vacib rol oynayır.

“Yol” filminin ideyası “Ağ şeyx” filminin çəkilişləri zamanı yaranmışdı. Fellini və Tullio Pinellinin birlikdə hazırladıqları ilk varianta görə film orta əsrlər İtaliyasında səyahət eləyən cəngavər haqqında olmalı idi. Lakin sonradan Fellininin yazdığı ssenaridə hadisələr müasir dövrə gətirilir, personajlar da dəyişir.

Ssenari 1949-cu ildə yazılsa da, rejissor çəkilişlərə yalnız 53-cü ilin sonunda başlaya bilir, çünki uzun müddət nə vəsait, nə də prodüser tapa bilmir. Səbəb isə həyat yoldaşı Giulietta Masina idi. Fellini Celsomina roluna  onu çəkmək istəyirdi, ancaq prodüserlər onun bu seçimini qəbul eləmirdilər. Hətta rejissor onların təklifi ilə Celsomina rolu üçün “Umberto D” filmində (rej:Vittorio De Sica) oynayan Maria De Pia Casilionu da sınaqdan keçirmiş, amma bəyənməmişdi. Nəhayət, uzun mübahisələrdən sonra prodüserlər Carlo Ponti və Dino de Laurentis Fellininin seçimi ilə razılaşmağa məcbur olurlar.

Giulietta Masina xatirələrində  sevimli personajı haqqında “Celsomina on illik evliliyimiz ərzində uşaq kimi doğulub böyümüşdü. Ərim hər gün məni müşahidə eləyir, qeydlər aparır, Celsomina obrazını “toxuyurdu”. Onun bəzi əlamətlərini mənim uşaqlıq fotolarımdan götürmüşdü, bəzilərini isə mətbəxdə qızartmanı yandırdığıma görə özümə hirslənəndə elədiyim jestlərdən. Ən çox da dodaqlarımı bir-birindən ayırmadan gülümsəməyim xoşuna gəlirdi. Bu təbəssümü Celsominanın xarakterik cəhətlərindən biri eləmişdi” deyir.

Prosüderlər Mattonu Fellininin dostu, italiyalı aktyor Alberto Sordinin oynamağını istəyirdilər. Ancaq rejissor, Sordi ilə arasının dəyməyinə baxmayaraq, onun da namizədliyini qəbul eləmir. Fellini Matto rolunda Richard Basehartı, Dzampano rolunda isə Anthony Quinni görmək istəyirdi. Hər iki aktyoru Giuseppe Amatonun “Yasaq qadınlar” filminin çəkilişlərində görüb gözaltılamışdı. Yeri gəlmişkən, sözügedən filmdə qadın rollarından birində Giulietta Masina da çəkilib.

Periodik fasilələrlə səkkiz ay  İtaliyanın fərqli bölgələrində aparılan çəkilişlər o qədər ağır olur ki, film bitəndən sonra Fellini psixoloji sarsıntı keçirir. Rejissor xatirələrində həmin günləri “ruhumun Çernobılı” adlandırır.

Onun bütün əziyyətləri, inadkarlığı özünü doğruldur. “Yol” filmi festivallarda uğur qazanır – Venesiya festivalının “Gümüş şir”i də daxil olmaqla müxtəlif festivallarda əlliyə yaxın mükafata layiq görülür, “ən yaxşı əcnəbi film” nominasiyasında Oskar alan ilk film olur.

Deyilənə görə, filmin Venesiyada mükafat aldığı gün Luchino Visconti ilə Fellininin pərəstişkarları arasında dava düşüb,  hətta  Visconti tərəfdarı olan Zeffirelli ilə Fellininin köməkçisi Moraldo Rossi əlbəyaxa olub.

Bəli, rejissorun həmkarları, neorealist dostlarının əksəriyyəti filmi  qəbul eləmir, onun neorealizmin ideologiyasının tam əksi olduğunu deyirdilər, Fellinini öz haqları uğrunda mübarizə aparan zəhmətkeşlərin həyatını göstərmək yerinə  univerisalizmə meyllənməkdə ittiham eləyirdilər.

Amma bütün tənqidlərə rəğmən, “Yol”  tamaşaçılar – öz hüquqları uğrunda mübarizə aparan zəhmətkeşlər tərəfindən də yaxşı qarşılanır və müəllifinə kifayət qədər gəlir gətirir. Fellini filmin prokatından qazandığı pulla Romanın dəbdəbəli rayonlarından birində özünə ev alır. Giulietta Masinanın ifası isə o qədər sevilir ki, aktrisaya “Ətəkli Çaplin” təxəllüsü  verilir.

***

“Eyni yerdə çox yaşayanda ora alışmağa başlayırsan və həyatdakı ən vacib şeyi unudursan” (Celsomina ilə rahibənin dialoqundan)

***

“Yol”, adi həqiqətlər haqqında sadə, amma  bir çox qatlara toxunaraq danışır.

Məsələn, sosial qata: Bu filmin qəhrəmanları – Celsomina da, Dzampano da, Matto da, digər personajlar da II Dünya Müharibəsindən təzə çıxmış İtaliyanın vətəndaşları idilər. Anası Celsominanı Dzampanoya  ailədə bir  boğaz azalsın,  bir övladının qarnı doysun, qızının qarşılığında aldığı on min lirlə bir müddət yaşaya bilsinlər deyə satmışdı.

Cülyetta Mazina

Dzampanonu insanlıqdan çıxaran, vəhşiyə çevirən də eyni problemlər idi – bir tikə çörək dərdi, güvənmək qorxusu, sağ qalmaq dərdi.

Ya da psixoloji qata: Dzampano ilə Celsomina bir medalın iki üzü kimidilər, ya da mənfi və müsbət işarəli elektrodlar kimi. Dzampano cəmiyyətdən, insanlardan qaçır, heç kimlə danışmır, heç kimə etibar eləmir,  daxilən qapqaradı, kobuddu, instinktləri ilə yaşayır, onun adının mənası də “yekəpər”, “nəhəng pəncə” deməkdi. Celsomina əksinə- incəlik rəmzidi, “nərgiz” deməkdi, o safdı, sadəlövhdü, işıqlıdı, hər kəslə tez ünsiyyətə girir, təbiətin bir parçasıdı – yağışla danışır, ağac olur – mələkdi. Təsadüfi deyil ki, filmin əvvəlində rejissor Celsominanı tamaşaçıya ilk dəfə dənizin qırağında nimdaş mantosunu qanad kimi yellədə-yellədə qaçarkən göstərir. Bu- Dzampanonun ruhunu tapmaq üçün çıxdığı yolun başlanğıcıdı. Celsomina Dzampanoya, görən kimi onunla getmək istədiyini etiraf eləyəndə də onlar dənizin qırağında olacaqlar, Celsomina yenə də nimdaş mantosunu qanad kimi yellədəcək. Və finalda – yenə dəniz. Qanadlı Celsomina yoxdu, əvəzində bütün film boyu birinci dəfə hönkür-hönkür ağlayan Dzampano var.   

“Yol” filminin daha bir qəhrəmanı var- kəndirbaz Matto – dəli, ağılsız, azad deməkdi. Matto da göydən gəlir, tamaşaçı onu birinci dəfə göydə qanadlı kostyumunda kəndirbazlıq eləyəndə görür. Celsomina kimi Matto da Dzampanonun  bir parçası, ruhu, vicdanıdı. Buna görə Dzampanonu qıcıqlandırmağı xoşlayır. Buna görə Celsominaya “sən olmasan, onu kim sevəcək” deyir.

Celsomina həm də Dzampano ilə Matto – ruhla bədən arasındakı bağdı.  Və qurban. Təmizlənməyə, ruha qovuşmağa gedən gedən yol qurbansız olmur.       

Fellini “Yol” filmində sadəcə sosial problemlərin əlində çabalayan insanı göstərməklə kifayətlənmir, onun psixologiyasını da araşdırır, tamaşaçısına ətrafını dəyişməyə özündən başlamağı, insan olmağı öyrədir. “Yol”u fərqli və özəl eləyən də budu.

***

Fellininin xatirələrində yazdığına görə, bir dəfə Mazinanın çantası oğurlanır. Ancaq oğrular elə həmin gün çantanı Fellininin evinin kandarına atırlar. Çantanın içində “Bizi bağışla, Celsomina!” yazılmış kağız varmış.

Aygün Aslanlı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya