Uşaqların sevinci, oyuncaqların kədəri

Animasiya filmlərini heç vaxt xoşalmamışam və baxmağı da sevmirəm. Lakin yaxın günlərdə təsadüfən baxdığım “Oyuncaqların əhvalatı 5” animasiya filmi yanlış mövqedə olduğumu isbat etdi.
İlk hissəsi 1995-ci ildə buraxılan filmin qəhrəmanları eyni olsa da, mövzu və süjet xətləri tamamilə biri-birindən fərqlənir. Beşinci hissənin süjeti maraqlı və cəlbedici olmaqla yanaşı, həm aktualdır, həm də müəyyən mənada təhlükəli gələcək haqda həyəcan təbilidir.

Səkkiz yaşlı xəyalpərəst qızcığaz Bonniyə valideynləri “Lillipad” (“İpad”-a və ümumilikdə planşetlərə və müasir qadjetlərə eyham olunur) alırlar. Nəticədə, Bonni oyuncaqlarını unudur, virtual dünyada özünə yeni rəfiqələr tapır və bu da onun özünə qapanmasına və qaradinməz birinə çevrilməsinə səbəb olur. Vəziyyətin kritik olduğunu görən oyuncaqlar – Vudi, Cessi və Baz vəziyyəti qaydasına salmaq üçün hərəkətə keçirlər.

Bu, sadəcə bir animasiya filmi deyil. Müasir zamanda yeni texnologiyaların ömrümüzün bir parçasına çevrildiyi bir halda və ən maraqlısı, hamının bildiyi lakin gözardı etdiyi bir problemi orijinal təhkiyədə çatdırmaq xüsusi bir ustalıq tələb edir. Daha bir maraqlı məqam – “Apple” şirkəti ilə sıx əməkdaşlıq edən “Disney” və “Pixar” studiyalarının “Lillipad”ın simasında “İpad” və digər texnologiyaları tənqid atəşinə tutması ustalıqdan öncə, cəsarət tələb edir.
Müəlliflər klassik dramaturji struktur üzərində dəqiq və məntiqi əsalandırılmış, səbəb-nəticə əlaqələri dəqiq şəkildə qurulmuş süjet xətti yaradıblar.
Hadisənin antaqonisti Lillipad filmin birinci aktında real təhlükə kimi təqdim edilir. Onun sayəsində Bonni bütün vaxtını virtual aləmdə keçirir, oyuncaqlarla oynadığı üçün yeni rəfiqələri tərəfindən qınaq və gülüş obyektinə çevrilir, kompleksi yaranır və oyuncaqlarını atır.

Onun oyuncaqları Bonninin dilindən onunla heç kəsin oynamadığı və bu səbəbdən darıxdığı üçün belə davrandığını eşidirlər. Oyuncaqlar Bonniyə yeni rəfiqə axtarışına çıxırlar. Bu səyahət onların yeni kəşflər etməsilə nəticələnir. Çox spoyler vermək istəmirəm, filmə baxmağı tövsiyə edirəm.
Mənim xüsusi marağıma səbəb olan məqam, müəlliflərin filmin ikinci aktında tənqidi qismən yumşaltmaları oldu. Belə ki, özləri kimi başqa uşaqlar tərəfindən unudularaq atılmış oyuncaqlarla rastlaşan qəhrəmanlar “Lillipad”dan da əvvəl mövcud olmuş və köhnələrək dəbdən düşüb atılmış qadcetlərlə – tamaqoçi, kompas və fotoaparat – tanış olurlar. Daha sonra, Bonnigilin həyətində ağacın altında “dəfn edilmiş” dəmir qutunun içindən daha köhnə və öz dövrünün dəbli nəsnələrini – audiokasset və s. şeylər aşkar edirlər. İsmarış aydındır – hər şeyin bir dövrü var. Hər bir əşya icad olunur, əyləndirir, valeh edir və unudulur. Əşya günahkar deyil, onu necə və nə qədər istifadə etməyimiz əsasdır.


Xoşbəxtlik mövcud deyil, sadəcə, özün kimi eyni dalğada olan birini tap və sakitləş.
Lillipadla mübarizə əsnasında onun öz fikrinin və mövqeyinin olmadığını, sadəcə sahibinin əmr və tapşırıqlarını yerinə yetirdiyini aşkar edən oyuncaqlar onun bu funksiyasından istifadə etməyi qərara alırlar. Bu çox maraqlı bir ismarışdır. Ona görə ki, bizim istəyimiz, əmrimiz və göstərişimizlə işləyən qadcetlər bizi özünə qul edib. Filmin müəlliflərinin fikrincə, biz bu faktı inkar edirik. Bonni kimi oyuncaqları ilə səhnəciklər qurub tamaşa yaradan başqa bir qızcığazla dostlaşmasına səbəb olurlar və nağılların sonunda deyildiyi kimi: “şad-xürrəm, damağı çağ və xoşbəxt həyat sürürlər.
Göydən üç alma düşdü: Biri mənim, biri Bonninin, biri də dünyanı ağuşuna alıb ömrümüzü zəbt edən “Apple” şirkətinin.
İlqar Quliyev