İNDİ OXUYUR
SSRİ-də ilk kino günümüz

SSRİ-də ilk kino günümüz

125 YAŞLI KİNOMUZUN 60 İLLİK YUBİLEYİ NECƏ KEÇİRİLDİ?

1976-cı ilin əvvəllərində “Neft və milyonlar səltənətində” bədii filminin ekranlara çıxmasının 60 illiyi ilə əlaqədar bu faktı milli kinomuzun yaranması bayramı kimi qeyd etmək barədə fikir formalaşdı. Həmin ilin martında Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsinin sədri M.Qurbanovun yanında keçirilən iclasda bu təklif müzakirə edildi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Əlibəyov, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Həsən Seyidbəyli, Azərbaycan EA-nın kino şöbəsinin əməkdaşı, sənətşünas Nazim Sadıxov və başqaları iştirak edirdi. Təklif bəyəniləndən sonra M.Qurbanov Moskvaya, SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin sədrinə zəng vurdu. Lakin onun Azərbaycan kinosunun Rusiya kinosundan daha əvvəl yaranmasına mənfi münasibəti məsələnin dərhal gerçəkləşməsinə imkan vermədi.  Mərkəzdə belə mövqe mövcud idi ki, ümumiyyətlə, Zaqafqaziya və Orta Asiya respublikalarında kino inqilabdan sonra yaranıb, həm də yerli kadrlar olmadığına görə, ilk filmləri yalnız rus kinematoqrafçıları yaradıblar. Hətta Moskvada nəşr edilmiş kino-lüğətdə ilk Azərbaycan filminin 1916-cı ildə çəkildiyinin qeyd olunmasını da əsas kimi götürmək istəmədilər.

Amma Komitə sədri bu barədə resbublika partiya təşkilatının rəhbəri Heydər Əliyevə məlumat vermək qərarına gəldi və MK-ya müfəssəl məktub göndərdi. H.Əliyev təklifi müsbət dəyərləndirib Sov. İKP MK-nın mədəniyyət şöbəsi və SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin rəhbərliyini tutarlı dəlil-sübutlarla inandırandan sonra yubileyin keçirilməsi barədə razılıq əldə edildi. Respublika KP MK vaxtın qısalığı nəzərə alınaraq yubiley tədbirlərinin gerçəkləşdirilməsi haqqında qərar qəbul etdi.

Həmin il sentyabrın 2-də isə Azərbaycan KP MK Bürosunun qərarı mətbuatda dərc edildi. “C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının maddi-texniki bazasının daha da yaxşılaşdırılması haqqında”“Azərbaycan kinosunun 60 illik yubileyinin keçirilməsi haqqında” qərarlarda mühüm məsələlər gündəmə gətirilmişdi. MK birinci məsələni yubiley tədbirlərindən sonraya saxlamaqla, Azərbaycan kinosunun vəziyyətini Moskva qarşısında nümayiş etdirmək, sonra isə kinostudiyanın maddi-texniki bazasının daha da yaxşılaşdırılması üçün maliyyə vəsaitinin ayrılmasına nail olmaq məqsədi güdürdü.

Aleksey Batalov və Heydər Əliyev


İkinci qərarda yubiley tədbirlərinin dekabr ayında keçirilməsi üçün MK katibi R.Məmmədzadənin rəhbərliyi altında təşkilat komitəsinin yaradılması, tədbirlər planının hazırlanması, bir qrup  kino işçisinə fəxri adların verilməsi və respublika Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilməsi nəzərdə tutulurdu. Planda yubileyin tədbirlər planında təntənəli yığıncağın keçirilməsi ilə yanaşı, Azərbaycan filmləri festivalının təşkili, mətbuatda kinomuz haqqında materialların dərc edilməsi, kino tarixindən bəhs edən arxiv materialları əsasında ikihissəli filmin çəkilməsi, aparıcı kinorejissorların və artistlərin yaradıcılığı haqqında 15 bukletin hazırlanması, Bakıda və Moskvada kino rəssamlarının əsərlərindən ibarət sərgi açılması, yaradıcı kino işçilərinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 10 mənzil ayrılması, yubiley təntənələrində iştirak etmək üçün Moskvadan, Leninqraddan və müttəfiq respublikalardan qonaqların dəvət olunması da vardı.

Yubiley tədbirinin təntənəli şəkildə keçirilməsi üçün AKP MK həmin ilin iyununda xüsusi qərar qəbul etmiş, MK-nın katibi R.Məmmədzadənin rəhbərliyi ilə təşkilat komitəsi yaratmışdı. “Yubiley şərəfinə” təşkil olunan tədbirlərdə “çoxmillətli Sovet kinematoqrafiyasının ayrılmaz hissəsinə çevrilmiş Azərbaycan kinosunun uğurlarından” söhbət açılırdı. Bu münasibətlə Dövlət Rəsm Qalereyasında açılmış Azərbaycan kino rəssamlarının əsərlərindən ibarət sərgidə 140-dan artıq plakat, filmlərə çəkilmiş geyim eskizləri nümayiş etdirilmişdi. Dekabrın 20-dən 27-yədək Bakının kinoteatrlarında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş “Dədə Qorqud”, “Xoşbəxtlik qayğıları”, “Mezozoy əhvalatı”, “Ürək, ürək…”, “Alma almaya bənzər”, “Nə yaxşı ki, dünyada Səməd Vurğun var…” filmləri və multiplikasiya lentləri bayram münasibətilə respublikanın kinoteatrlarında nümayiş etdirilirdi. “Nizami” kinoteatrında “Dədə Qorqud” filminin yaradıcı kollektivi ilə keçirilən görüş də tədbirlər proqramına daxil edilmişdi. Görüşdə respublika DKK-nin sədri M.Qurbanov da iştirak edirdi (“Bakı”, 1976, 25 dekabr).

M.Qurbanov “Yüksəliş yollarında” adlı məqaləsində Azərbaycan kinosunun son illər ərzində kadr hazırlığı ilə bağlı qazanılmış nailiyyətlər sadalayırdı: “…Öz yaradıcı əməyi ilə Azərbaycan kinosunun inkişafına böyük köməklik göstərən sənətkarlarımızın əksəriyyəti, əsasən Moskvada və Leninqradda təhsil almışdır. Rejissorluq, operatorluq, rəssamlıq, aktyorluq sənətinə və digər peşələrə yiyələnmiş kino işçilərimiz ÜİDKİ-nin və LKMİ-nin məzunlarıdır” (“Kommunist”, 1976, 24 dekabr). C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru C.Əlibəyov isə mətbuatdakı çıxışında kinomuzun tarixinə nəzər salır, “Azərbaycan partiya təşkilatının respublikada kino istehsalının vəziyyətini yaxşılaşdırmaq üçün gördüyü ciddi tədbirlər sayəsində son illər kinomuzun ideya-bədii səviyyəsinin artdığını, tamaşaçıların rəğbətlə qarşıladığı ekran əsərlərinin meydana çıxdığını”, “kinopublisistlərimizin xalqımızın hünərini və mənəvi aləmini sənədli obrazlar vasitəsilə göstərdikləri lentlər, “Mozalan” satirik jurnalının sərrast atəşləri, animasiya və diafilm ustalarının uşaqları sevindirən kino əsərləri yaratdıqlarını” qeyd etmiş, diqqəti kinodramaturgiyaya yönəltmişdi: “Azərbaycan kinosunun son nailiyyətləri üçün başlıca amil istedadlı yazıçılarımızın kinodramaturgiya sahəsində müvəffəqiyyətlə qələm işlətməsidir. İndi bizim ekran əsərlərində cəsarətli mövzuları həll edən yüksək professional ssenaristlərimiz, öz parlaq istedadını bu yeni sənət sahəsində sınayan gənclərimiz var. Bu da kino əsərlərinin mündəricəsini, bədii dəyanətini get-gedə artırmağa imkan verir” (“Ədəbiyyat və incəsənət, 1976, 25 dekabr).

Yubiley münasibətilə Azərbaycan KP MK-nın kino işçilərinə ünvanladığı təbrikdə “Azərbaycan kinosunun xalqımızın öz azadlığı, istiqlaliyyəti və xoşbəxtliyi uğrunda mübarizə apardığı ən qızğın döyüşlər dövründə dünyaya gəldiyi, əsl inkişaf və tərəqqi yolunu Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra keçdiyi, partiyanın, dövlətin və xalqın sağ əlinə çevrildiyi” və s. fikirlər əks olunmuşdu. Qeyd edilirdi ki, “Azərbaycan partiya təşkilatının respublikada kino istehsalının vəziyyətini yaxşılaşdırmaq üçün gördüyü ciddi tədbirlər sayəsində son illər kinomuzun ideya-bədii səviyyəsi artmış, tamaşaçıların rəğbətlə qarşıladığı ekran əsərləri meydana çıxmışdır. Azərbaycan kinematoqrafçıları özlərinin ən yaxşı əsərlərində dövrümüzün çox mühüm və aktual problemlərini əks etdirmişlər, …tamaşaçıları mənəviyyatını zənginləşdirən, ölkəmizdən və onun hüdudlarından kənarda layiqincə qiymətləndirilən bir çox gözəl filmlər yaratmışlar… Azərbaycan kinematoqrafçılarının ümdə vəzifəsi kinofilmlərin ideya və bədii səviyyəsini hər vasitə ilə artırmaqdan, müasirlərimizin yüksək mənəvi keyfiyyətlərinin mənbəyini inandırıcı şəkildə açıb göstərməkdən asılıdır” (“Ədəbiyyat və incəsənət, 1976, 25 dekabr). Ümumiyyətlə, 60 il ərzində Azərbaycan kinosunda baş verənlər “incəsənətə partiya rəhbərliyinin gücünün və müdrikliyinin nəticəsi olduğu” önə çəkilirdi (Əliyev A. Həyatı və mübarizəni vəsf edərək. “Vışka”, 1976, 24 dekabr).

Yubiley münasibətilə partiya və dövlət kinematoqrafiyanın inkişafına göstərdiyi qayğının bariz nümunəsi kimi təltiflər payladı. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası “çoxmillətli kino sənətinin inkişafında xidmətlərinə”, SSRİ xalq artisti R.Karmen isə “Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə” görə respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olundu. Həmçinin, bir qrup kino işçisinə fəxri adlar verildi. M.Dadaşov, H.Seyidbəyli və T.Tağızadə “Azərbaycan SSRİ xalq artisti”, İ.Hüseynov, R.İbrahimbəyov, R.İsmayılov, E.Quliyev, Ş.Mahbubəyov və A.Rzayev “Azərbaycan SSRİ əməkdar incəsənəb xadimi”, Ş.Ələkbərov, V.Aslanova, R.Balayev, T.Mirzəyev “Azərbaycan SSRİ əməkdar artisti”, N.Zeynalov, K.Nəcəfzadə, M.Hüseynov “Azərbaycan SSRİ əməkdar mühəndisi”, C.Əlibəyov isə “Azərbaycan SSRİ əməkdar mədəniyyət işçisi” fəxri adları aldılar. Eyni zamanda “Sovet kino sənətində uzun illər səmərəli işlədiklərinə görə” SSRİ xalq artistləri Q.Aleksandrov, Y.Dziqan və İ.Xeyfits, əməkdar incəsənət xadimləri M.Əlili, M.Mikayılov, A.Nərimanbəyov, R.Ocaqov, Azərbaycan SSRİ Xalq artistləri R.Təhmasib, Ə.İbrahimov və DKK-nin sədri M.Qurbanov respublika Ali Soveti Rəyasət Heyətinin fərmanlarına layiq görüldülər. Yubiley şərəfinə DKK, Kİ və EA Memarlıq və İncəsənət İnstitutu elmi-nəzəri konfrans keçirdi. Konfransda AKİ-nin sədri H.Seyidbəyli, sənətşünaslar A.Əliyev, R.Heydər və M.Rzayeva mərzuzə etdilər. Eyni zamanda mətbuatda Azərbaycan kinosunun tarixi, kino rəssamlığı, bədii, sənədli və miltiplikasiya filmləri, kino rəssamlığı ilə bağlı məqalələr dərc edildi, görkəmli sənət adamları – SSRİ Xalq artisti İ.Osmanlı, Azərbaycan SSRİ-in Xalq artisti L.Bədirbəyli və b. yaradıcılıq hesabatı verdilər.

Əsas vəzifəsi Vətənə, partiyaya, xalqa xidmət etmək, qəhrəman zəmanənin salnaməsini yaratmaq, yüksək kommunist ideallarına təsdiq etmək olan çoxmillətli Sovet kino sənətinin tərkib hissəsinin – Azərbaycan kinosunun” 60 illik yubileyi 1976-cı il dekabrın 24-də V.Lenin adına sarayda təntənə ilə qeyd edildi. Respublikanın partiya və dövlət xadimlərinin iştirak etdiyi yığıncaqda SSRİ Kİ-nın, Moskva, Leninqrad, RSFSR, Ukrana, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Ermənistan, Türkmənistanın kino ictimaiyyətinin nümayəndələri, ədəbiyyat və incəsənət xadimləri, əmək qaçaqçıları iştirak edirdilər.

Təntənəli mərasimdə oxunan AKP MK-nın respublika kino sənəti işçilərinə təbrik məktubunda “…gözəl Sovet həyatımızı dərindən və realistcəsinə əks etdirməsi, kommunist dünyagörüşlü insanın ümumiləşdirilmiş obrazının yaradılması, partiyanın zəhmətkeşlərin kommunist tərbiyəsi işində kinoya böyük əhəmiyyət verdiyi, xalqın dünyagörüşünün, yüksək mənəviyyatının və mədəniyyətinin formalaşmasında kino sənətinin rolunun artdığı” qeyd olunur, onların qarşısında duran başlıca vəzifələr göstərilirdi: “…Azərbaycan kinematoqrafçılarının ümdə vəzifəsi kinofilmlərin ideya və bədii səviyyəsini hər vasitə ilə artırmaqdan, müasirlərimizin yüksək mənəvi keyfiyyətlərinin mənbəyini inandırıcı şəkildə açıb göstərməkdən ibarətdir. İnkişaf etmiş sosializm cəmiyyətinin həyatında yeni-yeni hadisələri tədqiq etmək, daim yaradıcılıq axtarışları aparmaq, yeni-yeni rəngarəng bədii ifadə vasitələri tapmaq – Azərbaycanın bütün kino xadimlərinin diqqətini və gündəlik qayğısını daim bunlar cəlb etməlidir” (Əlibəyov C. Həyatımızın canlı salnaməsi. “Kommunist”, 1976, 25 dekabr).

Yubiley təşkilat komitəsinin sədri R.Məmmədzadənin giriş sözündən sonra AKİ-nın sədri H.Seyidbəyli, SSRİ Kİ-nın katibi, RSFSR Xalq artisti A.Batalov, RSFSR DKK-nin sədr müavini Q.Nifontov, Gürcüstan kinematoqrafçıları nümayəndə heyətinin başçısı, Gürcüstan SSR xalq artisti N.Sanişvili, rejissor, SSRİ Xalq artisti S.Gevorkov, SSRİ Xalq artistləri, İ.Pereverzev, P.Kadoçnikov, RSFSR-in Əməkdar artisti M.Bulqakova, respublikanın Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor R.Təhmasib çıxış etdilər, partiya və dövlətə «böyük qayğı üçün» minnətdarlıqlarını bildirdilər, Sov.İKP MK-ya, MK-nın Baş Katibi L.Brejnevə təbrik məktubu qəbul etdilər. Sonra yığıncaq iştirakçılarına ötən illərin filmlərindən fraqmentlər Azərbaycan kinosunun görkəmli ustalarına, çoxmillətli Sovet kinematoqrafı ustalarının yaradıcılıq həmrəyliyinə dair kadrlar, “Ögey ana”, “Koroğlu”, “Yenilməz batalyon”, “Nəsimi”, “Sən niyə susursan?”, “Ulduzlar sönmür” filmlərindən mahnılar, “Qaynana” filminin çəkilişindən epizod, respublikanın kino ustaları ilə müsahibələr və s. göstərildi. Sonda “Xəzər neftçiləri haqqında dastan” filmindən mahnı səsləndirildi (Azərbaycan kinosunun 60 yaşı var. “Kommunist”, 1976, 27 dekabr).

Azərbaycan kinosunun 60 illik yubileyinin keçirilməsi ilə əlaqədar DKK və AKİ-nin birgə qərarı ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası nəzdində Kino Sənəti Muzeyi təşkil olundu. Xarakterinə görə arxiv-ekspozisiyadan ibarət olan muzeydə muzey-arxivdə ssenarilər, Azərbaycan filmlərinə hazırlanmış müxtəlif reklamlar, kataloqlar, yaradıcı işçilərə aid sənədlər, fotoşəkillər, ən yaxşı Azərbaycan filmlərinə həsr olunmuş fotoalbomlar, kostyumların eskizləri, kino veteranlarının muzeyin ekspozisiyasını zənginləşdirmək üçün bağışladıqları şəxsi əşyalar və sənədlər və s. saxlanılırdı. Sovet İttifaqının müxtəlif şəhərlərindən və xarici ölkələrdən gələn qonaqlar muzeyin eksponatları ilə tanış olurdular.

Nəriman Əbdülrəhmanlı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya