İNDİ OXUYUR
“Şərikli çörək” – Voqlerin qəhrəmanının səyahəti

“Şərikli çörək” – Voqlerin qəhrəmanının səyahəti

Kristofer Voqler 1992-ci ildə nəşr etdirdiyi “Yazıçının səyahəti: Yazıçılar üçün mifik struktur” kitabında miflərin müasir hekayələri, ssenariləri qurmaq üçün bizə necə yol göstərdiyini açıqlayırdı. Bu əsərdə biz həm obrazların arxetiplərini, həm də qəhrəmanın keçdiyi mərhələlər barədə öyrənirik. Həmin əsəri oxuduqca insanın beynində bir sual dolanmağa başlayır: Görəsən, Azərbaycan kinosunda mifik strukturdan istifadə edilərək qurulan ssenari varmı? Bunun üçün müxtəlif filmlərə baxmaq lazımdır, mənim seçimim çox sevdiyim, Alla Axundovanın ssenarisini yazdığı “Şərikli Çörək” oldu. “Şərikli Çörək” ilə mifik strukturun münasibətlərini aydınlaşdırmamışdan qabaq bunu bildirməkdə fayda var ki, Vaqifin hekayəsini ekranda görəndə hələ Kristofer Voqlerin əsəri çap olunmamışdı. Yəni birbaşa təsirlənmədən söhbət gedə bilməz. Onsuz Voqler öz kitabında da 1930-lardan nümunələr verir. Bu struktur konkret formula halına salınmasa da, xeyli müddətdir ssenaristlərin bilərək və ya bilməyərək istifadə etdikləri strukturdur. Voqler həm də bunu qeyd edir ki, 12 mərhələli strukturda bəzi etaplar istifadə edilməyə bilər və ya bu mərhələləri qarışdıraraq unikal bir hekayə ortaya çıxarmaq mümkündür. Buna görə də, “Şərikli Çörək”dən strukturun tamamilə, addımbaaddım eynisini gözləməyə ehtiyac yoxdur.

Filmin və ssenarinin quruluşuna keçməmişdən əvvəl qəhrəmanımızı tanıyaq. Vaqif, bəlkə də bu yazını oxuyan hər kəsin bildiyi kimi, atası və anasından müharibəyə görə uzaq düşən uşaqdır. O, yaşadıqları həyətdə müxtəlif işlər görərək başqalarına kömək etməyə çalışır. Vaqifin film boyunca etdiklərini nəzərə alıb rahatlıqla demək olar ki, o, “Qəhrəman” arxetipinə uyğun gəlir. Voqler “Qəhrəman” arxetipini belə açıqlayır: Başqalarına görə öz istəklərini qurban verməyə razı olan şəxs. Biz həqiqətən də pillə-pillə Vaqifin necə qəhrəmana çevrildiyini görəcəyik.

Adi Aləm

Adi aləm bizim (tamaşaçının – bundan sonra tamaşaçı yerinə biz istifadə olunacaqdır) qəhrəmanla tanış olduğumuz hissədir. Burada qəhrəmanın gündəlik həyatını görür, hansı şəraitdə yaşadığına şahid olur, gələcəkdə qarşılaşacağı çətinliklərə necə hazırlıqsız olduğunu başa düşürük. Voqler adi aləm barəsində bunu deyir:

“Siz qəhrəmanı təbii mühitdən kənara çıxarmaq istəyirsinizsə, hər şeydən əvvəl, həmin mühiti təsvir etməli, onun gələcəkdə gedəcəyi yeni aləmlə nə qədər kəskin ziddiyətdə olduğunu göstərməlisiniz.”

Vaqifin gedəcəyi aləmlə içində olduğu ziddiyət elə ilk kadrdan bizim qarşımıza çıxır. O, çətinliklə su dolu vedrələri yuxarıya çıxarmağa çalışır. Lakin gücü çatmadığı üçün əlindən salır və vedrələr pilləkənlərdən aşağıya doğru yuvarlanır. Hətta bu hadisədən sonra qonşular arasında konflikt yaranır, Vaqif isə yaratdığı situasiyanın narahatlığı içində səssizcə kənardan baxmağa məcbur olur. Tamaşaçı olaraq bizim kino dili ilə qavradığımız budur: Balaca uşaq su daşımaq istəyir, amma gücsüz və zəif olduğu üçün bunu bacarmır, hələ işləməyə hazır deyil.

Növbəti səhnələrdə əsir düşmüş əsgərlərin keçidini, çörək yeyənə həsrətlə baxan uşaqları görürük. Bu səhnələrdə dövrün portreti aydınlaşdırılır. Müharibə gedir, əsir düşən əsgərlər var, digər tərəfdən isə çörək azdır. Elə olmasaydı uşaqlar həsrətlə öz dostlarına baxmazdılar: “Çörək verənin özü çıxsın, verməyənin gözü çıxsın.”

Vaqif Genadan çilədini istəyir, əvəzində Stevensonun kitabını oxumağa verir. Uşaqlardan biri qaçaraq gəlib xəbər verir ki, çörək gəlib. Çörək növbəsinə tələsən Vaqif və dostu arasında maraqlı bir söhbət baş tutur. Vaqif deyir ki, amma nə olaydı, adam bütün normanı yeyəydi. Dostu Leyla isə cavablayır: Nə danışırsan? Bəs anam, Arif, nənələrim?

Vaqif isə arzusunu dəqiqləşdirmək üçün deyir: Yoxe, təkcə özünə versəydilər, bəs onda?

Vaqif bir qəhrəman olaraq gücsüzdür, zəifdir, həm də hələlik başqalarını düşünməyəcək qədər “eqoist”dir.

Macəraya çağırış

Bu hissəni Voqler belə açıqlayır: Qəhrəman problemlə, çağırışla üzləşir, ya da müəyyən bir addım atmalı olduğunu hiss edir. O, artıq öz gündəlik həyatını rahat və etinasız yaşaya bilməz.

Vaqif üçün bu çağırış növbənin özünə çatması ilə baş verir. Çörək paylayan ondan kartoçkanı tələb edir, ciblərini yoxlayan Vaqif kartoçkalarının olmadığını görür. Yenə tələb edilir, Vaqif kartoçkalarını itirdiyini başa düşür. Bu bizim Vaqifin “macəraya çağırış”ıdır. O, artıq kartoçkalarla çörək alıb rahat həyatına davam edə bilməz. Kartoçka yoxdursa, çörək də yoxdur və onu bilmədiyi bir aləmdə müxtəlif hadisələr gözləyir.

Çağırışdan imtina

Voqler izah etməyə davam edir: Çox vaxt macəranın lap kandarında olan qəhrəman çağırışdan boyun qaçırır, qətiyyətsizlik göstərməyə başlayır. Qəhrəmanın qəlbini qorxulardan ən qüdrətlisi – naməlumluq qarşısında duyduğu qorxu – bürüyür.

Həqiqətən də Vaqif vurnuxmağa, çörək mağazasında axtarış etməyə, şəhərin müxtəlif yerlərinə baxmağa başlayır. Onun içinə düşdüyü çıxılmaz vəziyyət fiziki olaraq gözlərində yaşla ifadə olunur. Balaca uşağı qorxudan çörəksiz nə edəcəyini bilməməsidir.

Müəllimlə görüş

Bu görüş Voqlerə görə, yol göstərən bir şəxsin ortaya çıxması, öz məsləhətləri ilə nə edəcəyini bilməyən qəhrəmana mentorluq etməsinə səbəb olur. Vaqif də İsmayıl baba ilə qarşılaşır. Öz narahatlığını İsmayıl babaya belə deyir: “İtirmişəm, hamısını itirmişəm. Pulları da, kartoçkaları da. Anam tapşırmışdı ki, bərk-bərk saxla.”

İsmayıl baba ilə dialoqları zamanı Vaqif özünü toplamağa çalışır. Acından ölməyəcəyini, pulu özü qazanaraq dolanacağını deyir. İsmayıl baba da bunu təsdiqləyir.

Bir neçə dəqiqə ərzində baş verən bu səhnələrdə biz artıq Vaqifin adi, rahat dünyasından çıxıb işləməyə razı olduğunu, başqa çarəsinin qalmadığını görürük.

İlk astananın dəf edilməsi

İsmayıl baba ilə dialoqun bitdiyi anda yeni səhnə başlayır. Həmin səhnədə biz Vaqifin başqasının yununu çırpdığını görürük. Voqlerin də dediyi kimi: Qəhrəman öz qorxusuna üstün gəlib, problemlə üz-üzə qalmağa hazırdır.

Vaqif yun çırparkən dostu Leyla yanına gəlir, özü üçün də iş olub-olmadığını soruşur. Vaqiflə birgə oturan Leyla azca iş görsə də, Vaqif böyük çörəyi Leylaya verir. Leyla ona “Axşam biz gəl, yeməyi bizdə yeyərsən” deyir, Vaqif isə “Lazım deyil, özüm qazanaram” cavabını verərək bu macəradakı qətiyyətini göstərir.

Sınaq, müttəfiqlər və düşmənlər

Vaqiflə olan dialoqundan Leylanın onun müttəfiqi olduğu aydınlaşır. Lakin bu hekayədə Vaqifin tək müttəfiqi Leyla deyil. Başmağı olmadığı üçün qızmış asfalt onun ayağını yandırır, o da dinclik üçün bir yeşiyin üzərində oturanda səhvliklə həmin yeşiyi sındırır. Yeşiyin sahibləri evdən çıxır, onun vəziyyətini öyrəndikdən sonra ürəkləri yanır, ona başmaq verirlər. Daha sonra İsmayıl babanı axtarır, onu məsciddə tapır. İsmayıl baba isə şey-şüy almaq üçün bazara getməyi təklif edir.

Voqler: Bu mərhələdə hadisələrin inkişaf məkanı çox vaxt barlar və digər meyxanalar olur.

Vaqifin düşmənlərlə və müttəfiqlərlə qarşılaşdığı məkan isə bar yox, bazardır. Bazarda qonşusu Gena ilə qarşılaşır, Vaqifə siqaret təklif edir, başqa işlərlə məşğul ola biləcəyini deyir. Bu başqa işlər daha çox əliəyrilik, oğurluq kimi işlərdir. Vaqif bu “düşmənə” aman vermir. Növbəti səhnədə isə meyvələri yeşikdən götürən oğlana baxır, oğlan ona gülümsəyir və meyvə təklif edir. Vaqif gülümsəyir, ancaq qəbul etmir. Oğlanla aralarında müttəfiqlik yaranır.

Bazardan geri qayıdan İsmayıl baba isə Vaqifə axşama yemək üçün onlara gəlməyini istəyir. Vaqifin burada ac olduğu, yeməyi indi istədiyi aşkardır. Lakin bu barədə heç nə demir. Qəhrəmanın sınağı da elə budur.

Gizli mağaraya yaxınlaşma

Gizli mağara, Voqlerə görə, əksər hallarda gözdən uzaqda yerləşən məkandır. Vaqifin gözdən uzaqda yerləşən məkanı da öz evidir. Bu mağaranın qorxuncluğu və ən təhlükəli yer olması ondan ibarətdir ki, evdə yemək üçün heç nə yoxdur. Biz Vaqifin çarəsizcəsinə evdə vurnuxmasını, yemək üçün nəsə axtarmasını, aclıqdan yata bilməməsini, ümidsizcə pəncərədən baxdığını görürük. Bu hissədə artıq bəzi məqamlar “Qəhrəmanın səyahətində” növbəti mərhələ ilə iç-içə keçir.

Əsas sınaq

“Burada qəhrəman onda daha böyük qorxu doğuran məxluqla toqquşmada taleyini sınaqdan keçirir. O, ölümcül təhlükə ilə qarşı-qarşıyadır.”

Voqlerin bu mərhələ haqqında dediyi sözlər Vaqifin situasiyası ilə üst-üstə düşür. Evdə aclıqdan nə edəcəyini bilməyən Vaqif səhəri gün yenə Gena ilə üzləşir. Qonşunun toyuqları yoxa çıxıb, hay-küyə bütün camaat toplaşır. Gena Vaqifə onu satmadığı üçün təşəkkür edir, vağzalda yaxşı fürsətlər olduğunu deyir. Vaqif isə toyuqlar barədə sussa da, Genanı açıq şəkildə oğurluqda ittiham edir. Gena bundan əsəbiləşərək çilədisini geri istəyir. Vaqif də kitabımı qaytar deyir. Bu səhnə ilə Vaqifin oğurluğa yaxın durmayacağını, hətta yoxluqda olsa belə, oğurluq etməyəcəyini başa düşürük. O, əsas sınaqdan üzüağ çıxır.

Mükafat

Voqlerin “Mükafat” hissəsi barədə açıqlaması belədir: “Qəhrəman da, oxucu-tamaşaçı da ölümlə üz-üzə gəlib və əjdaha, yaxud Minotavr üzərində qələbə çalıb sevinir. Göstərdiyi igidliyin müqabilində qəhrəman axtardığını əldə edir: sehrli qılıncı, yaxud başqa bir sehrli silahı.”

Vaqifin hekayə boyunca axtardığı yemək burada onun qarşısına çıxır. Qırçı Məhəmmədlə danışan qonşusu Vaqifi onun yanında işə düzəldir. Öz işinə can yandıran Vaqif Qırçı Məhəmmədin xoşuna gəlir. Qırçı Məhəmməd onunla öz yeməyini bölüşür, Vaqif mükafatını əldə etmiş olur.

Geriyə yol

Bu qəhrəmanın səyahətində üçüncü mərhələnin başlanğıcıdır. Təhlükə hələ ötüb keçməyib, qəhrəmanı hələ də təqib edənlər var. Qırçı Məhəmmədin xəstəxanaya düşməsi, Vaqifin isə işini itirməsi onun bazarda su satmasına səbəb olur. Su sataraq pul qazanmaq Vaqif üçün düzgün yoldur. Lakin su satarkən o yenə insanları aldadan şəxsləri, fırıldaqçıları görür. Bu fırıldaqçılar onu təqib edən təhlükədir. Əgər su satmasa, vicdanla işini görən şəxs olmasa, axırı belə ola bilər. Vaqif isə qətiyyətini davam etdirir. Hətta başqa bir uşaq onunla su satdığına görə dava edir. Altıncı mərhələdəki müttəfiqi olan və bazarda ona meyvə təklif edən oğlan ortaya çıxır, Vaqifi qoruyur.

Dirçəliş

Bu hissədə qəhrəman saflaşır, yaşadıqlarından nəticə çıxarır. Vaqif də gedib Genaya verdiyi kitabını geri alır, həyətdə oturaraq kitab oxuyur. Ondan su gətirməsini istəyən qonşularına isə deyir ki, mən daha su-zad gətirməyəcəm. Bu imtinanı Vaqifin müdrikləşərək əvəzsiz iş görməyin faydasızlığını qavraması kimi də başa düşə bilərik. Digər tərəfdən isə, Arifin onun haqqına girməsi, onun üçün verilən pula özünün təzədən “həyata” baxmaq istəməsi Vaqifi özündən çıxarır. Vaqif artıq öz haqqını qorumağa hazırdır. Elə bu anda filmin əvvəlindən bəri itən kartoçkalar ortaya çıxır.

İksirlə qayıtma

“Qəhrəman adi aləmə qayıdır, amma o, fövqəl aləmdən hər hansı bir möcüzəvi iksir, xəzinə, yaxud dərs gətirməsəydi, səyahətinin heç bir mənası olmazdı.”

Voqlerin bu fikirləri Vaqifin mənəvi səyahətini tam ifadə edir. Vaqif kartoçkalarını taparaq adi həyata qayıdır, hətta uzun müddətdir çörək almadığı üçün, az olsa da, ona tam çörək verirlər. O isə bu çörəyi tək yemir. Əvvəldən bəri ona şübhə ilə yanaşan, səhv yola çəkmək istəyən Genaya deyir ki, çörəyi bölsün. Əgər filmin əvvəlində Vaqif çörəyi tək yeməyi arzulayırdısa, indi bu arzusundan imtina edib. Artıq Vaqif adi aləmdə olsa da, xarakterində dəyişiklik hiss olunur. Zəif, gücsüz, azca da eqoist olan uşaq güclü, altruist birinə çevrilib. Qəhrəmanın səyahəti şəhər divarlarına yazılmış yazıların silinməsi, yəni müharibənin bitməsi ilə tamamlanır. Bu son Vaqifin yenidən qeyri-adi dünyaya qayıtmayacağını, onun adi dünyada yetkin bir xarakterə sahib olaraq yaşayacağını göstərir.

Yekun olaraq bunu demək olar ki, “Şərikli Çörək” filmində “Qəhrəmanın səyahəti”nin bütün mərhələləri olsa da, bəzən bu mərhələlər (2-3-4) qısa çəkir, bəzən digər mərhələ ilə iç-içə keçir (7-8). Buna baxmayaraq, mifoloji strukturunu məntiqi sonluğa çatdırmağı bacarır. Kim bilir, bəlkə də bu filmi hələ də maraqla izləməyimizin, bizə bu qədər emosional təsir etməyinin səbəbi bəşər tarixinin yaddaşına həkk olunmuş hekayə narrativinə uyğun gəlməsidir.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya