İNDİ OXUYUR
Şərə qalib gəlmək haqda film

Şərə qalib gəlmək haqda film

Camaşırxana həm xaosa, həm də nizama bariz nümunədir. Qaranı ağa, ağı qırmızıya, qırmızını yaşıla, alt paltarını əl-üz dəsmalına, əl-üz dəsmalını şalvara qatıb temperaturuna baxmadan da yumaq olar, qaydası ilə də. Necə deyərlər, nizamla da. Bu baxımdan camaşırxana müəyyən mənada kainatın kiçildilmiş modeli sayıla bilər. Paltaryuyanın içliyinin dairəvi hərəkəti də kainatın hərəkətinə bənzəyiş. Camaşırxana sahibi də müəyyən mənada Tanrı kimidir, nizam və ya xaos öz əlindədir….

Görünür, özlərini Deniels cütlüyü kimi təqdim edən rejissorlar Deniel Kvanla Deniel Şaynert, film üçün məkan olaraq camaşırxana modelini təsadüfi seçməyiblər.


Evelin Vonq camaşırxana sahibəsidir. Filmin əvvəlində kiçik bir detalda Evelinin camaşırxanada hər şeyə nəzarət etməsi göstərilir, ayaqqabıları paltaryuyana atan müştərini danlamasından da nə qədər zabitəli olduğu duyulur. İlk baxışda elə təəssürat yaranır ki, Evelin camaşırxanada nizam yaratmağı nail olub, lakin masanın üzərindəki qalaq-qalaq sənədlər, vergi orqanı ilə bağlı anlaşılmazlıq, burada son vaxtlar nələrinsə onun nizamından çıxdığını (düz getmədiyini) göstərir. Üstəlik, həyat yoldaşı Veymondla boşanmaq ərəfəsindədir (özünün xəbəri yoxdur), qızı ilə münasibətlərindən isə ümumiyyətlə danışmağa dəyməz. Evelin bütün günü məşğuldur və Coya vaxt ayırmağa imkanı yoxdur.

Hər şey də bundan sonra başlayır.

Söhbət, “Hər şey, hər yerdə, eyni vaxtda” filmindən gedir. Bu il 7 nominasiyada “Oskar” mükafatı qazanan ekran işini konkret bir janra aid etmək çətindir. Burada fantastika da var, triller də, ekşn da, dram da, komediya da. Ən əsası isə baş rollarda gənclik vaxtlarımdan heyranı olduğum Mişel Yeo və uşaq vaxtı “İndiana Cons və tale məbədi” (1984) filmində canlandırdığı “Balaca” rolundan ilhamlanıb səhəri gün həyətdə, küçədə özümüzdən uydurduğumuz müxtəlif karate fəndləri ilə ağaclara, daşa-divara “şıllaq” atdığımız aktyor Conatan Ke Quan (Ke Huy Quan) da oynayıb. Yeri gəlmişkən, uşaq vaxtı “İndiana Cons və tale məbədi” filmindəki karateçi rolunu görüb elə bilirdim, “Balaca” sözü “kiçik” mənasında yox, “karate” mənasındadır.


Hər şey Evelinin atası və Veymondla birlikdə vergi idarəsinə getdiyi zaman baş verir. Qəfildən əri liftdə başqa bir adama çevrilərək “Alfa Dünya”dan gəldiyini deyir. “Alfa Dünya”dan gələn Alfa Veymond multialəmin (multiverse) mövcud olduğunu “Alfa Dünya”dakı Cobu Tupaki adlı birinin qarşısı alınmazsa, beyql (Smit və ya Bublik) formasında yaratdığı qara dəlik vasitəsilə multikainatı məhv edəcəyi barədə həyəcan təbili çalır. Onu isə yalnız “Alfa Dünya”da öldürülsə də başqa aləmlərdə hələ də mövcud olan Evelin zərərsizləşdirə bilər.

Bundan sonra Evelin paralel aləmlərə keçərək onların hər birində müxtəlif həyatlar yaşayan gah aktrisa, gah Çin ənənəvi musiqi ifaçısı, gah aşpaz, gah pizza reklamçısı, gah sosis barmaqlı Evelinlərin obrazlarına bürünür və hər dəfə də Cobu Tupaki ilə döyüşür. Evelinin iştirak etdiyi paralel aləmlər sonsuzdur, onlar durmadan artır. Çünki onun hazırkı dünyada verdiyi qərarlar (içində basdırdığı xəyallar) davamlı olaraq başqa aləmlər yaradır. Bu aləmlər Evelinin yarım qalan arzularının cəmidir. Onun üçün də bir dünyada Evelin əgər aşpazdırsa, digərində müğənnidir, o birində pizza reklamçısı və sair.

Bəs niyə başqası deyil, məhz Evelin aləmləri bürüyən şərin qabağını almağa qadirdir? Səbəb çox sadədir. Çünki Cobu Tupakinin bu hala düşməsində məhz Evelin günahkardır. Buna görə Cobu Tupaki indi bütün aləmlərdə eyni anda mövcuddur və yaratdığı qara dəlik vasitəsilə multialəmləri məhv etmək gücündədir.

Xaosun simvolu sayıla biləcək Cobu Tupaki kim olsa yaxşıdır? Evelinin növrəstə qızı. Daha dəqiq, Coyun bu həyatdakı hər şeyə olan hiddətindən doğulmuş dağıdıcı varlıq.


Ana ilə qızı arasında münasibətlər hədsiz dərəcədə gərgindir. İşdən başı açılmayan Evelin, qızını dinləməyi həmişə ertələyir, ona öz şəxsiyyətini ortaya qoymağa imkan vermir, təsir göstərir. Tamaşaçı bu gərginliyə filmin əvvəlində şahidlik edir: Coyun Çindən gələn babası ilə qız dostunu tanış etmək səhnəsində, anası babasının mühafizəkar olduğunu nəzərə alaraq qızı ilə rəfiqəsi arasında münasibətləri olduğunu dilə gətirməyə imkan vermir.

Ana-övlad arasındakı bütün aqressiya sonunda başqa aləmlərdə Cobu Tupakinin yaranmasına rəvac verir. Belə ki, anasının sevgisizliyindən doğan güllələri Cobu Tupaki multialəmin məhvinə tuşlayıb. Evelinin camaşırxana sahibəsi olduğu dünyada qızına qarşı göstərdiyi laqeydlik başqa aləmlərdə böyük fəlakətlərə yol açır, bu laqeydlik Cobu Tupakinin qidasına, enerji mənbəyinə çevrilir.


Fleşbəklərdə Evelinin nə vaxtsa atasının iradəsinə qarşı çıxaraq Veymondla qaçdığını və birlikdə Amerikaya köçdüklərini görürük. Lakin bu heç də bütün aləmlərdə belə deyil, paralel aləmlərdə Evelin atasının sözünü dinləyib Çində qalır, musiqiçi, aktrisa olur, Veymond isə uğurlu iş adamı. Yəni Evelinin bədbəxtliyinin səbəbi əslində atası ilə münasibətdən qaynaqlanır. Atası ilə başlayan bədbəxtlik qızı ilə münasibətlərə də sirayət edir. Filmə bir də Azərbaycan mentalitetindən yanaşsaq, atasından xeyir-dua almadan Veymonda qoşulub qaçan Evelin xoşbəxtlik tapmır. Evelin bunu sonradan atasının onu tək qoyması ilə izah edir və gec də olsa qızı ilə davranışında bu səhvini düzəldir.

Atasının qızına münasibəti “domino effekti” kimi böyüyərək Evelinin həyatını tar-mar etməklə kifayətlənməyib Coyun da taleyində öz təsirini buraxır. Bu yerdə düşünməyə dəyər – elədiyimiz kiçik qüsurlar, nöqsanlar başqalarının həyatında hansı böyük yaralara, fəlakətlərə yol açır.

“Hər şey, hər yerdə, eyni vaxtda” Şərq döyüş növləri üslubunda yarıfantastik, yarıkomediya filmi olsa da, dərinliyində sentimental ovqat gizlətmiş, yeri gələndə tamaşaçını kövrəltməyi də bacaran (Veymondun “Alfa Dünya”dan gələn döyüşçülərə üzünün tutub söylədiyi monoloq, Evelinlə qızının daş formasında, qara dəliyin önündə və camaşırxananın qabağında söhbətləri) didaktik bir ekran işi kimi də dəyərləndirmək mümkündür.

Zənnimcə “Hər şey, hər yerdə, eyni vaxtda” Zərdüştlük prizmasından izaha da gəlir. Evelin burada Hörmüzdün, işığın, Cobu Tupaki isə Əhrimənin qaranın, qaranlığın simvoludur. Film əslində, bizim həyatımızın qara və ağ rənglərin qarışığından yoğrulduğuna eyham edir. Xoşbəxtlik isə yalnız qısa anların cəmindən (Evelinlə Cobu Tupakinin dialoqunda deyilir) ibarətdir. Sadəcə bu rənglərin kombinasiyasını yaratmaq bizim özümüzdən asılıdır. Əgər Cobu Tupaki kimi həyatı nəhəng qara beyqla bənzədib ağ rəngi ortasına sığdırsaq, bu, vahiməli qara dəliyə çevrilib bütün həyat enerjimizi udacaq.


Amma Veymond kimi qaranı ağ rəngin içində yerləşdirməklə onu gülümsəyən gözlərə də çevirmək mümkündür. Bu bir cüt gülümsəyən gözlər cansıxıcı həyatımıza sevinc qatmağa bəs edər. Necə ki, Veymond o bir cüt gözləri evdə yuyulmuş paltarla dolu kisələrin üzərinə, camaşır makinalarının şüşə qapısına yapışdırıb onlara canlılıq qatır. Filmin əvvəlində hər gördüyü yerdə bu “gözlər”i qoparıb atan Evelin sonradan məhz onların hesabına Şərə qalib gəlir.

Həyatımız zatən qara və ağ rənglərin qarışından ibarətdir, lakin onları nizamlamaq, stəkana boş və ya dolu tərəfindən baxmaq yalnız bizim özümüzdən asılıdır. Həyata Veymond kimi də “göz”lərlə baxa bilərik, Cobu Tupaki kimi “qara dəlik”lə də.

Lakin burada da Evelin anlayır ki, Şəri məhv etməklə ona qalib gəlmək olmaz, onu yalnız xeyirxahlıqla ram etmək mümkündür. Məhz bu xeyirxahlıq sayəsində Evelin “Alfa Dünya”dan gələn şərti döyüşçüləri ram edir.

Xeyirxahlığın isə ilkin şərtlərindən biri həmrəylikdir, necə ki, Evelin qızına deyir: “Təkbaşına heç kimik”. Bunun üçün də Cobu Tupaki özünü qara dəliyə atıb məhv etmək istəyəndə oradakı hər kəs Evelindən yapışıb qızını xilas etməyə yardım göstərirlər.

Bütün bunları aşılayan isə filmboyu öz sakit və müti təbiəti ilə ilk baxışda diqqət çəkməyən Veymonddur. Məhz odur Evelini yönləndirən, istər “Alfa Veymond”, istərsə də adi Veymond kimi. Məhz onun sayəsində Evelin həqiqəti tapa bilir və düşdüyü bataqlıqdan xilas olur.

“Hər şey, hər yerdə, eyni vaxtda” hər nə qədər fantastik komediya filmi olsa da, özündə ən sadə həqiqətləri gizlədir. Elə həqiqətləri ki, deyəsən onları nə vaxtsa müqəddəs kitablardan oxumuşuq, amma əhəmiyyət verməmişik.

Mirmehdi Ağaoğlu

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya