İNDİ OXUYUR
Səhradan yaşıl cənnətə doğru

Səhradan yaşıl cənnətə doğru

2021-ci ildə rejissor Deni Vilnöv “Qum təpələri” (Dune) filmində ekologiya, mifologiya, din, ideologiya, psixologiya kimi bir çox məsələlərə toxunur. Bunun ən diqqətçəkən tərəfi filmin ideoloji nöqteyi-nəzərindən orientalist fikir və nəzəriyyələrlə əlaqələndirməsidir. Filmin ilk səhnələrindən mühüm olan müxtəlif adlar və Çani adlı fremen obrazının dedikləridir. Bu səhnə hazırda baş verən, xüsusilə, Yaxın Şərqdə aparılan siyasətin qısa sitatıdır:  “… döyüşçülərimiz Arrakisi harkonnenlərdən xilas edə bilmədi, amma, imperatorun qəfil qərarı ilə çıxıb getdilər. İmperator niyə birdən bu qərarı verdi? Bəs növbədə zülmkarlar kimlər olacaq?”. Görünüşcə ərəblərə bənzəyən fremenlər real dünyada Yaxın Şərqi təmsil edir. Ədviyyatla dolu səhra ABŞ-nin hər zaman can atdığı neftlə dolu Yaxın Şərq torpaqları olmuşdur. ABŞ Soyuq Müharibədən sonra Yaxın Şərqi təbii sərvətlərinin zənginliyi ilə qiymətləndirir və siyasətini ona uyğun müəyyənləşdirir. Xüsusilə, Yaxın Şərqin zəngin neftinə ehtiyacı olan ABŞ, regionun bu zənginliyinin özündən başqa heç bir güc tərəfindən alınmasını istəmir və bu gün ABŞ-nin yürütdüyü siyasət budur. Eynilə filmdə olduğu kimidir. Maraqlısı budur ki, daha diqqətlə araşdırsaq, hegemonluğun davam etdiyi bu çağlar bizdən heç də uzaq deyil, əslində bu gündür. İmperator ailəsi günümüzün Amerikasını təmsil edirsə, fremenler isə Yaxın və Orta Şərqdə, Cənubda, İraqda yaşayan şiə və sünni xalqları təmsil edir. Bölgədəki mövcud qeyri-müəyyənlik ABŞ-nin siyasətinə paraleldir.


Elmi-fantastik janrda superqəhrəmanlardan ibarət stereotip dağılaraq, obrazlar post-insan ( posthuman) mövqeyində dururlar. Fremenlər Polu Lisan əl-Qaib (qeybdən gələn səs) adlandırırlar. İllərdir, harkonnenlər fremenlərin torpaqlarında müstəmləkəçiliklərini davam etdirir və onların bir milyona yaxın belə xalq olmadığını iddia edirlər. Çünki, döyüşlərdə iştirak sayı azdır. Lakin filmin gedişatında onların milyonlarla olduğu bildirilir.

Fremenlər, Polu Mehdi olaraq qəbul edirlər. Xristianlıq dinin özü də bir xilasedicinin gözlənildiyi vaxt yaranmağa başlamışdır. Mehdilik nəzəriyyəsinə görə bu ideya Yəhudilik, Xristianlıqdan tədricən İslama nüfuz etmişdir. Bəzi mənbələrə görə “Mehdi” sözü “Məsih” sözünün islamlaşdırıllmış izahı kimi verilir. Qeyd edilir ki, xilasedici motivinin yarandığı coğrafi ərazi məhz Yaxın Şərqdir. Filmdə fremenlər, xüsusilə, cənublu fremenlər Gnostik olaraq təsvir olunmuşdur. Onlar özlərini həbsxanada məhkum olaraq görürlər. Buradan qurtulmaq üçün xilasediciyə, Mehdiyə ehtiyac duyulur. Onlar Polu fiziki varlıq olaraq qəbul etmirlər. Onların bilgiyə ehtiyacı var. Bu, möcüzəvi olmalıdır. Bu bilgini verən Mehdidir. Tarixi tənqidlə yanaşsaq, filmdə “Mehdilik”, Sudanda 1881-1885-ci illər “Mehdilik” çevrilişini xatırladır. “Mehdilik” fikrinin özü belə erkən İslam dövründə yayılmağa başlamışdır. Mehdi, Allahın ədaləti yaymaq və ədalətsizliyin sonunu gətirən vicdanlı bir insanı ifadə edir. Quranda gözlənilən Mehdi haqqında məlumat tapılmasa da, bu məsələ ilə əlaqəli bəzi hədislər mövcuddur. Mehdi, şiələr tərəfindən on ikinci imam olaraq qəbul edilir və nə vaxtsa peyda olacağına inanılır.


Fremenlərin görünüşü səhranın köçəriləri olan bədəviləri xatırladır. Bununla belə, onlar qeyri-müəyyən şəkildə təqdim olunur. Bir tərəfdən, fremenlər tarixi zülmlərinin qisasını almaq üçün cihada qalxmış, rasional düşünmək və həyat tərzlərini müasirləşdirmək iqtidarında olmayan və ya istəməyən bir Yaxın Şərq xalqı kimi görünürlər. Yazıçı F.Herbertin əsərində öz kainatının yaradılması üçün istifadə etdiyi adlara və terminlərə daha yaxından nəzər saldıqda, şərqilik daha aydın görünür və müəllifin heç bir ifadəni təsadüfən işlətmədiyini vurğulamaq olar. Filmdə ədviyyatdan əlavə digər bir problem, hətta əsrimizin problemi olan sudur. Filmdə ümumiyyətlə xaricdən alınacaq su, yox səviyyəsindədir və insanlar xüsusi geyim vasitəsilə səhrada suyu yalnız öz vücudlarından çıxan tər, göz yaşı və s. mayelər hesabına xüsusi geyim tərəfindən təkrar emal edərək istifadə edə bilirlər. Bir diplomat Yaxın Şərqdə suyun əhəmiyyətini və problemini belə ifadə etmişdir: “Su, bu ərazidə neftdən (ədviyyatdan) daha qiymətli, yoxluğu isə yalnız havanın yoxluğu ilə müqayisə oluna biləcək ünsürdür”.

Liberalizmin illər keçdikcə inkişaf edən texnologiya əsrində yürütdüyü siyasət özünü əsas olaraq 3 tərəfdən göstərir və göstərəcək:

1.İnsanlar iqtisadi və hərbi dəyərini itirəcəklər, iqtisadi və siyasi sistem insanlara əhəmiyyət verməyəcək.

2. Sistem, kütlə olaraq insanlara xidmət edəcək, fərd şəklində sistem üçün heç kim vacib deyil.

3. Sistem bəzi fərdlərə önəm verəcək lakin bu fərdlər elit super-insanlar sinifi olacaq.


Bütün bunlar indiki və gələcək dünyamızın real təsviridir. Fremenlər liberalizm dünyasında insani dəyərsizləşmənin hissəsidirlər. Onlar kütlə halında öz planetlərində tanınırlar, fərd halında isə heç bir statuslara malik deyillər. Filmdə sadəcə hər texnikada 7 nəfər ədviyyat istehsalında iştirak edir. Bəs milyonlarla insan, fremenlər bu işçi qüvvənin hansı hissəsini təşkil edirlər? Heç bir. Bu, yararsız sinif mənasına gəlir. Hər şey texnologiyaya bağlıdır və super-insanlardan ibarət bir qrup işçi sinifi üçün yetərlidir.  Elmi-fantastik janrda olan bu filmdə insanlıq posthumanizm mərhələsinə kimi qalxmış və Y.Harrarinin yuxarıda qeyd etdiyimiz 3-cü hissədə dediyi kimi, sistemin yalnız ari, elit super-insanlar üçün işlədiyi sübut olunur. Film hər nə qədər bu günün reallığını çatdırsa da, bu əsərin imperialist düşüncənin məhsulu olduğunu unutmaq olmaz.

Məhz Qərbin (ABŞ) məqsədi, liberalizmlə Yaxın Şərqi, xüsusilə, İraqı sonuncu utopik məkan yaratmaq üçün təcrübədən keçirmək idi. Filmdə fremenlərə “öz haqlarını qorumaq” adı altında dəhşətli müharibəyə sürükləyən məhz liberal imperializm simvolu olan Məsihdir. Corc Santayananın qeyd etdiyi kimi, humanist, dostluq qurmaq istədiyi insanların ən böyük düşməninə çevrilə bilər, çünki onların ehtiyaclarını, istəklərini başa düşmək və onlarla empatiya qurmaq gücünə sahib deyil. Burada isə intiqam, imperializm, işgüzarlıq humanizm qılığına girə bilər. Pol, fremenlərin gözlədiyi şəxs deyil, onlar özlərini sadəcə, Polun Mehdi olduqlarına inandırırlar. Filmin ikinci hissəsində mövzu və ideya tamamilə din və ideologiya çərçivəsinə sıxışdırılaraq simvollarla təsvir olunmuşdur. Kino ideoloji aparatdır və hər bir film bu və ya digər şəkildə ideologiyanı təmsil edir. Bu film bütünlüklə missionerlik fəaliyyəti daşıyır və imperialist düşüncəyə xidmət edir.


Filmin ikinci hissəsində imperialist mədhiyyəni pik səviyyəyə qaldırmaq nəticəsində aktyorların obrazları xeyli zəifləmiş və xarakterlərdə donuqluq yaranmışdır. Yəni obraz inkişaf etmək əvəzinə daha da adiləşir. Bununla da filmdə aşırı natarazlıq hiss olunur. Filmdə qloballaşma fonunda gedən hegemonluq mübarizəsində, Yaxın Şərq meydanında davam edən müharibələrin simvolik təsvirini anlamaq üçün tamaşaçıya ikinci beyin lazım deyil. Film sənət meyarından çıxaraq, missionerlik vəzifəsini daşıyır və Hollivudda klassikləşən təhkiyə formaları ilə qəhrəmanı Tanrı oğlu qatına çıxaran biblioqrafik edipvari elementlərlə üzəri maskalanmağa cəhd edilib. Filmin tamaşaçı tərəfindən bəyənilməsinin əsas səbəblərindən biri, arxetiplərdən mümkün qədər çox istifadə olunmasıdır. Filmin ikinci hissəsində fremenlər mübariz xalqdan daha çox, inancdan başqa heç nəyi olmayan, rasional düşüncədən uzaq barbarlar kimi təsvir olunur. Harkonenlər və fremenlər arasında olan fiziki fərqlər, həyatları, modern və ənənəvi uçurumlar bugünkü siyasi dünyaya heç də yad deyil. Şərq haqqında bir qərblinin yaratdığı təsvirin altında duran, Qərb dövlətlərinin tarixçiləri, səyyahları, şərqşünasları tərəfindən Şərq və müsəlman dünyası haqqında fikirlərin formalaşmasına göstərdiyi böyük təsirlərdir. Məhz Eduard Səid, qərbli araşdırmaçıların Şərq haqqında  alçaldıcı və subyektiv fikirlərə yer verməsini sübuta yetirmişdir. İkinci hissədə hadisələrin baş verdiyi illər on mininci ili ötsə də, insan yaşayışı modernizm və ənənəviliyə bölünür. Alman sosioloq Maks Veber bu bölünməni, əsasən, iqtisadi və sosioloji olaraq nəzərdə tuturdu. Ənənəvi toplumlara qapalılıq, müəyyən  olunmuş çevrədən kənara çıxmamaq xasdır. Buna görə də hərtərəfli inkişaf üçün ciddi maneələr yaranır. Filmdə də iki xalq arasında bu nəzəriyyə əsas götürülmüşdür.


Səhra, məkan olaraq ciddi dini fəlsəfi anlayışdır. Səhra məsələsi hələ Nitsşenin ortaya qoyduğu “Səhra böyüyür” ifadəsilə sekulyarlığın yayılması, mənəviyyatın itməsinin işarəsi olmaqdan daha əvvəl mövcud olmuşdur. Amma, daha dini və müsbət mövqe tuturdu. Filmdə səhra, dini motivdən çıxış edərək dəyişən sistemdə insanların mənəvi aləmdən uzaq düşərək, maddiyyata olan düşkünlüyü nəticəsində məhvə doğru getməsinə işarə edir və səhranın udduğu insanlar inanclı fremenlər deyil, post-human dövrünü yaşayan, dindən tamamilə uzaq həyat sürən harkonenlərdir. Filmdə səhra, nəinki artıq böyüyüb, bütün yer üzünə yayılmışdır. Martin Haydeger qeyd edir ki, səhralaşma, məhv edilməkdən daha qorxuludur. Dağıtmaq əgər həmin məqama qədər mövcud olanın məhv edilməsi kimi başa düşülürsə, yəni, keçmişi aradan qaldırırsa, səhralaşma ümumiyyətlə gələcəyə aid heç bir ümid yeri qoymur, hər şeyi mümkünsüz edir. Pol, fremenlərin gözündə bir “qərbli” olaraq özünü tanrılaşdırır və onlara yaşıl cənnəti vəd edir. Həmin bu yaşıl cənnətin vədi aldatmaqdan başqa bir şey kimi görünmür. Çünki məhz indiki zamanda texnologiya ilə iç-içə olan dünya, Tanrı inancından sürətlə uzaqlaşır, unudur, səhralaşma baş verir. Filmdə isə bu, artıq son mərhələyə çatmışdır və bundan sonrası artıq dünyanın sonu, qiyamətin başlanğıcı kimi verilir. Polun digər birliklərlə müharibəyə hazırlaşmasını dini mənbələrdə qeyd olunan Armagedon döyüşünə işarə kimi qəbul etmək olar. Filmin sonluğundan görünən odur ki, rejissor, filmi trilogiyaya çevirə bilər. Bu film bir daha göstərir ki, kinonu sadəcə bir sənət növü olaraq qəbul etmək olmaz. Onun təsvir vasitəsilə düşüncələri, ideyaları insan şüuruna yeritmək qabiliyyətinə sahibdir. Buna görə də biz, gözlə həm görməliyik, həm də eşitməliyik.

Şəlalə Bədəlova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya