İNDİ OXUYUR
Qadının qələbəsi

Qadının qələbəsi

Kinonun demək olar ki, inkişaf etmədiyi Səudiyyə Ərəbistanında yalnız son 10-15 ildə filmlər çəkilməkdədir. Bugünkü Səudiyyə Ərəbistanı kinosunu yaradanlaran biri Hayfa Əl-Mənsurdur. Səudiyyə Ərəbistanında bir qadın olan Hayfa, özünün dediyi kimi – şansını yaradan rejissordur. Rejissor, müsahibələrindən birində deyir ki, o, kino barəsində elə də məlumatı olmadan qardaş və bacısının köməyilə ilk dəfə qısa film çəkib. Əbu-Dabidəki festivalda mükafat qazanan filmi sayəsində o, Səudiyyə Ərəbistanının ilk qadın rejissoru kimi tanınıb.  Mühafizəkar mühitdə yetişməsinə baxmayaraq H.Əl-Mənsur atasının da dəstəyilə xaricdə təhsil ala bilib. Əvvəlcə Qahirədəki Amerika universtetində müqayisəli ədəbiyyat, daha sonra, Sidneydə kinoşünaslıq üzrə magistr təhsilini alıb. “Kim”, “Acı səyahət” və “Yeganə çıxış” qısametrajlı filmləri onun kinoda ilk işləridir. Ərəb dövlətlərində qadınların həyatından bəhs edən “Kölgəsiz Qadınlar” sənədli filmi isə on yeddi beynəlxalq festivalda iştirak edib. Hayfa Əl –Mənsurun ilk tammetrajlı kino işi isə 2012-ci ildə çəkdiyi “Vəcdə” filmidir.


Səudiyyə Ərəbistanı cəmiyyətində bir qadın təkbaşına proplemini necə həll edə bilər?  Hayfa-Əl Mənsurun 2019-cu ildə ekranlaşdırdığı “Mükəmməl namizəd” filmi bu hekayə üzərində qurulub. Bu hekayə Azərbaycan tamaşaçısına da yad deyil. 1920-1930-cu illərdə qadın hərəkatı prosesi ədəbiyyat və kinomuzda Cəfər Cabbarlının başçılığı altında gedirdi. Hayfa Əl-Mənsur bu gün Səudiyyə Ərəbistanı cəmiyyətində C.Cabbarlı qismində çıxış edir. Rejissorun bundan öncəki qız qəhrəmanı Vəcdənin hədəfi velosiped almaq idi. O bu məsələsini həll etmək üçün quranoxuma müsabiqəsində iştirak edir, lakin əsas məsələsini anasının köməyilə həll etmişdi. Vəcdədən fərqli olaraq, Məryəmin (Mila Alzahri) anası həyatda deyil. Demək ki, ona anası tərəfindən hansısa fiziki yardım edilməyəcək. Filmboyu idarə etdiyi avtomobili palçıq içində olan Məryəmin işlədiyi klinikanın önü bərbad vəziyyətdədir. Onun paltarının, maşınının palçıqlı olması proplemin həm şəxsiliyini, həm də ictimailiyini əks etdirir. Məryəm həm özünü, həm də cəmiyyəti bu “palçıq” dan təmizləməlidir. Gələcəkdə qarşısına bələdiyyə seçkisində iştirak etmək hədəfi qoyacaq Məryəm öz həkim peşəsini tam olaraq yerinə yetirə bilmir. Mühafizəkar cəmiyyətdəki davranışlar bunun qarşısını alır. Xəstəxanaya xəsarət almış vəziyyətdə çatdırılan Əbu Musa, qadın olduğu üçün Məryəmin onu müayinə etməsini istəmir. Lakin Məryəm inadkarlıq edir. Daha sonra o, Əbu Musaya öz işinin peşəkarı olduğunu, onu ancaq özünün müalicə edə biləcəyinə inandıraraq ilk qələbəsini əldə edir. Məryəm ilk növbədə işlədiyi məkanda özünü şəxsiyyət kimi sübut edir.


Prinsipial olmasına baxmayaraq, Məryəm bir əngəlin öhdəsindən gələ bilmir. Özünün peşəsini inkişaf etdirmək istəyən Məryəm, cəmiyyətdəki qayda-qanunlar ucbatından xarici elmi konfrasa gedə bilmir. Onun səyahət izni bitdiyindən arzusuna çatmır. Məryəm bunun üçün ailə dostu Rəşidə müraciət etsə də, məqsədinə nail olmur. Lakin konfrasda iştirak etməmək, Məryəmi bələdiyyə məclisində seçkiyə yönəldir. Məryəmin bir məğlubiyyəti gələcək qələbəsində təməl rolu oyanır.

Cəmiyyətdə olduğu kimi ailəsində də ona dəstək yoxdur. Məryəm, ona faizlə borc verən bacısı Saradan videoçəkiliş üçün kömək istəyir. Sara bacısına inanmadığı kimi, atası da qızına güvənmir. Onun YouTube platformasında az izləyicisinin olduğuna görə təbliğat çarxının işə yaramayacağını düşünür.

Məryəm özünü cəmiyyətə çatdırmaq üçün fikirlərini qadınlara açıqlayır. Mühafizəkar mühitdə təbii ki, bir qadının seçki mübarizəsi aparmağı qeyri-adi görünür. Seçki təbliğatı tədbirinə adi ziyafətə gəldikləri kimi təşrif buyuran qadınların fikri başqa yerdədir. Bunu hiss edən gənc həkim onların ürəyinə toxunan fikrini bildirir. Məryəm, ona səs verməklə, qadınların öz övladlarının həyatını xilas edə biləcəklərini bildirir.  Məryəm seçilmək üçün yaxşı taktika seçsə də, qadınların ona münasibəti elə də isti olmur. Qadınlar ərlərinin təzyiqi ucbatından ona səs verməyəcəklərini bəyan edirlər.

Atası Məryəmin seçilmək arzusuna dəlisov istək kimi yanaşsa da, onların arasında bir tandem də hiss edilir. Məryəm kimi atası da, özünə yeni bir kimlik qazanmaq istəyir. Toylarda musiqiçi sənətini daim nümayiş etdirən ata, bu dəfə səyahətə çıxaraq özünü ciddi musiqi xadimi kimi təsdiqləmək istəyir. Məryəm öz arzularını yerinə yetirəndə atası yanında olmur. Bir-birinə fiziki dəstək verməyən ata-qız hədəfləri olması baxımdan birləşə bilirlər. Ata da qızı kimi cəmiyyətin radikal hissəsinin xoşlanmadığı işlə məşğul olsa da, sevdiyi peşəsindən ayrılmır.


Məryəm televiziyaya çıxarkən üzünü örtən niqabdan imtina edir. O təkcə geyimlə bir dəyişiklik etməyin də tərəfdarı deyil. O qadınları sırf cinsinə görə cəmiyyət həyatında görməyənlərin düşüncəsinin dəyişməli olduğunu bəyan edir. Biz burada Məryəmin seçkilərdə nə üçün iştirak etdiyinin dəqiq ictimai səbəbini görürük.

Mühafizəkar kişi mühitində seçki platforması açıqlamaq Məryəm üçün daha çətin olur. Lakin onun prinsipiallığı bu işdə Məryəmə kömək edir. Gənc həkim burada da tabunu qırmağa çalışır. O əvvəlcə qaydalara uyğun olaraq Skype vasitəsilə kişi seçicilərə ismarışını çatdırmağa çalışır. Lakin yaşlı seçici ədəbsizcəsinə onun musiqiçi qızı olduğunu xatırladaraq onu ələ salmağa çalışır. Lakin Məryəm dözməyərək kişilərin çadırına gələrək özünün ciddi bir şəxs olduğunu qışqıraraq bilidirir. Məryəm bunu etməklə, əslində, sadə, psixoloji gediş edir. Həyatda bəzən haqlı olduğunu bu yolla sübut etmək olar. Bununla da gənc həkim televiziyada elan etdiyi dəyərlərin də real müdafiəçisinə çevrilir.


Cəmiyyətdəki mühafizəkar mühit Məryəmi seçkidə güclü kişi rəqibi qarşısında uduzdurur. Lakin o uduzmağına baxmayaraq, mənəvi qələbə əldə edir. Gənc həkim klinika önündə yolun sahmana salınmasına nail olur. Əbu Musa kimi şəxs belə, ona səs verir. Rejissor, Məryəmin timsalında cəmiyyətin bir mühafizəkar fərdinin necə dəyişməsini əks etdirir. Bu dəyişikliyə səbəb sözsüz ki, Məryəmin qərarlılığıdır. 

Qadın qələbəsinin ikinci göstəricisi isə Məryəmin atası ilə olan dialoqunda aşkarlanır. Atası ona dəstək vermədiyi üçün təəssüflənir. Məryəmin cəsarət qaynağının anası olması da aydın olur. Demək, Vəcdə kimi Məryəm də anasından dəstək ala bilir. Bu fiziki olmasa da mənəvi dəstək sayıla bilər.

Ceyhun Mirzəli

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya