İNDİ OXUYUR
Filmin qəhrəmanı – təhtəlşüur

Filmin qəhrəmanı – təhtəlşüur

İcma şəkilli yaşayış tipi insanlıq tarixinin müxtəlif dövrləri arasında ən qədim və uzunmüddətli olmaqla insan təhtəlşüurunda silinməz kodlar yaradaraq istər incəsənətə, istərsə də adi məişətə öz təsir gücünü saxlamışdır. İnsan psixologiyasında bünövrə rolunu oynayan, həyatda qalma instinkti ilə həmahəng olan dominant kodlar, görünür, insan irqinin varlığının sonunadək öz aktuallığını qoruyacaq. Görkəmli psixoloq K.Q.Yunqun da fikrincə, kollektiv təhtəlşüur  keçmiş nəsillərin təcrübəsinin inikasıdır. Birgə mənimsəmə və təsərrüfat mədəniyyəti ilə yanaşı toplu müdafiə ehtiyacı kollektiv şüurun formalaşmasında əhəmiyyətli yer tutmuşdur. İnsanlar birgə yaşayır, qida əldə edir və qorunurdular. Məhz bu üç aktın birgə nümayiş olunduğu ekran əsərləri ümumbəşəri genetik yaddaşımızı təsvir etmək üçün əvəzedilməzdir. Cüzeppe De Santisin “Torpaq trilogiyası”-nın ikinci filmi olan “Acı düyü” də bu qəbildə olan filmlərdəndir. İtaliya Neorealizm cərəyanının digər nümunələri kimi bu film də müharibəsonrası ölkədə cəfakeş sadə xalqın əzab-əziyyəti, səfil yaşayışı və bu çətinlikdən qurtulmaq istəyən qəhrəmanlardan söhbət açır. Filmin üz qatında dörd qəhrəman görünsə də, alt qatında beşinci qəhrəmanın da varlığı sezilməkdədir.  Onun adı xalq və ya icmadır. Bu barədə biraz sonra…

“Acı düyü”, rejissor Cüzeppe De Santis

Güzəranı müharibə səbəbindən çətin vəziyyətə düşən dövrün sadə camaatı qazanc, bəzən isə sadəcə qida əldə etmək üçün ən müxtəlif fəaliyyətlərə baş vururdular. Bunlardan biri isə ildə bir dəfə, may aynda – düyü təsərrüfatı dövrü müxtəlif peşə sahibi olan ölkə qadınlarının düyü plantasiyalarına gedərək işləməsi idi. Filmin ilk kadrındakı müxbirin də dediyi kimi: “ikiqat əyilmiş qamət, dizə qədər su və əl cəldliyi üçün qadın işçilər əvəzedilməzdir”. Baxın, ibtidai icma quruluşundakı qadınların mənimsəmə təsərrüfatının tərkib hissəsi olan yığıcılıq fəaliyyəti ilə necə də mütənasibdir. Yunqa görə, bir-birimizdən fərdi təhtəlşüurumuza görə ayrılsaq da elə bir kollektiv mərkəz var ki, ora enəndə hər şey oxşardır, müxtəliflik donu geyinmiş eynilikdir.

İtaliyada hər il düyü plantasiyalarına yollanan qadınlar 40 günlük zəhmətlərinin müqabilində bir kisə düyü əldə edərək çətin vəziyyətdə olan ailələri üçün bir müddətlik qida ehtiyatı əldə edirdilər. Bu həyat materialını mənimsəyən “Acı düyü” filmi elə ilk səhnədən zəhmətkeş qadınların dəmiryolu vağzalına əmək nəğmələri oxuyaraq toplaşmasını təsvir edir. Düyü plantasiyasına yola düşən qadınların hər birinin, sözsüz ki, bir hekayəsi var, lakin onları bir məqsəd – zəhmətləri müqabilində qida əldə etmək birləşdirir. Filmin dörd qəhrəmanının məqsədləri isə tamam fərqlidir.

“Acı düyü”, rejissor Cüzeppe De Santis

Sadə kəndli qızı olan, “Buqi-vuqi” rəqsinin mahir ifaçısı gözəl Silvana öz həyatını darıxdırıcı hesab edir. O, sakit, özünə yad hesab etdiyi aləmdən həm fiziki, həm də mənəvi uzaqlaşmaqla xoşbəxt olacağı gümanındadır. Yeni tanış olduğu Valter və Françeskonun macəralı yaşayış  tərzi ona müsbət mənada həyəcan verməkdədir. Bir sözlə, o özünü axtarır. Bu axtarışı onu əvvəlcə aktiv həyat tərzi olan Markoya yönəltsə də, hərbçinin bundan sonrakı həyatını passiv yaşamaq niyyətində olduğunu bilərək, ümidi sınır. Silvanaya macəra, enişli-yoxuşlu yeni həyat lazımdır. Bəlkə də bundan ötrüdür ki, sonra onunla nə edəcəyini bilməsə də, Françeskodan oğurluq boyunbağını oğurlayaraq özünü cəncələ salır. “Burada oğrulara yer yoxdur” – deyən Silvana, oğru Valterin təsirinə düşərək arzuladığı həyatın onun yanında ola biləcəyi ümidi ilə düyü anbarının soyğununda iştirak edir. Sonrakı peşmanlığı isə sarsıdıcı olur. Beləcə, film boyu iki dəfə təkamül keçən qəhrəman dürüstlük ideyası uğrunda intihar edir. 

Silvanaya aşiq olan hərbçi Marko,  peşəsi səbəbindən oradadır və aktiv həyat tərzindən yorularaq yeni həyata başlamaq niyyətindədir. “Mülki həyata dair heç bir təcrübəm yoxdur”- deyən Marko  bu yeniliyə sadə kənd qızı Silvana ilə birgə qovuşa biləcəyini güman edir. O, hirsli qadın işçilərə verdiyi “qəzəb pis məsləhətçidir”, “insanların çörəyi ilə oynamayın” nəsihətləri ilə mülayim və humanist xarakterini aşkara çıxarır. Və bu keyfiyyəti ilə Françeskonun qəlbini fəth edir.

“Acı düyü”, rejissor Cüzeppe De Santis

Oğru cütlük – Valter və Françesko isə polislərin təqibindən qurtulmaq üçün oradadırlar. Françesko şəraitin diktəsi ilə öz iradəsinin belə sükanını Valterə verib. Onları sevgi yox, daha çox əsarət münasibətləri birləşdirir. Həyat təcrübəsi olmayan Silvananın da Valterin toruna düşəcəyindən narahat olan Françesko, hər vəchlə buna mane olmaq niyətindədir. Öz qəlbini isə hərbçi Markoya ərməğan edib. Film boyu inkişaf keçən Françesko, artıq qorxularına qalib gələrək öz iradəsi ilə davranmağı öyrənmiş və zəhmətkeş xalqın alın tərini oğurlamağa hazırlaşan Valterin önünə sipər olmağa hazırdır.

Valter isə, “Bugi-vugi” rəqsinin ifası və “pis oğlan” imici ilə sadə kəndli qızı Silvananı özünə cəlb edə bilmişdir. Artıq təsir dairəsindən xilas olan Françeskonun yerinə onu görməkdədir. Oğurladığı boyunbağı saxta çıxsa da, tamaşaçı üçün qəhrəmanların hər birinin xarakterinin açılması və təkamülü baxımından olduqca qiymətlidir.

“Acı düyü”, rejissor Cüzeppe De Santis

İşçi qadın qüvvəsi, başqa sözlə, icma, 40 gün bir yerdə yaşamalı, qida əldə etmək üçün işləməli və qorunmalıdır. Ulu icmada olduğu kimi, hamı üçün şərtlər bərabərdir. Hətta anaxaqanlığı (matriarxat) dövründə mövcud olmuş qadın qəbilə başçısına qismən analoq sayıla biləcək başbilənləri də var. Heç bir ayrıseçkilik yoxdur, bir amili nəzərə almasaq. Kiçik bir qrup qadın əksəriyyətdən fərqli olaraq, işləməyə müqaviləsiz gəlib. Sahibkarın rəğbətini qazanmaq və oradan qovulmamaq üçün ikiqat gücləri ilə işləməyə məcburdurlar. Françesko da bu kiçik qrupun daxilindədir. Polisdən “canını qurtaran” Françesko bu dəfə oğurluqdan duyuq düşən Silvananın təqibinə məruz qalır. O Silvana ki, özü oğurluq boyunbağını Françeskodan oğurlayaraq onun üzərinə “ştreykbrexer” (satqın) damğası vurub icma ilə üz-üzə qoyur. İcma əvvəlcə Françesko və digər müqaviləsiz işləyənlərin işə hədsiz canfəşanlığından qəzəblidir. Axı bu canfəşanlıq sahibkar tərəfindən daha sonra onlardan da tələb oluna bilər. Lakin qədim icma yaşayış tipindən kollektiv şüura miras qalmış  kodlar sayəsində özlərinin bir parçası olan bu kiçik qrupa dəstək çıxmaq, onları öz himayələrinə alaraq  qorumaq qərarına gəlirlər. İcmadaxili münaqişə ünvan dəyişərək onlar ilə sahibkar arasına transformasiya olunur. Nəticədə müqaviləsiz gələn qrup qalıb işləmə hüququ qazanır. Bax, bununla da biz həmin icmanın simasında filmin alt qatında yerləşən beşinci qəhrəmanın mövcudluğuna şahid oluruq. O qəhrəman ki, daha sonra üzvlərindən birinin – hamilə Qabriyelin uşağını salma hadisəsini hamı bir nəfər kimi öz faciəsi hesab edərək, nalə çəkir. Əslində isə, o nalə bütövlükdə icma adlı qəhrəmanın fəryadı, onun övlad itkisinə üsyanı idi. İcma bəd günlərində olduğu kimi, xoş günlərində də iş başında olarkən əmək nəğmələrinin mətnlərini dəyişərək ünsiyyətdə olur ki, bununla vahid orqanizm təsiri bağışlayır. Bu orqanizm canının bir parçası olan Silvananı sonuncu mənzilə yola salarkən üzvlərin hərəsinin öz düyü kisəsindən onun üzərinə düyü-bərəkət səpməsi, uğrunda yola çıxdıqları qidanı onun cansız cismi ilə bölüşməsiylə sanki özünün də filmin qəhrəmanı olması iddiasının toxumlarını əkirdi.

Xəyal Əfəndi

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya