İNDİ OXUYUR
Teodor və onlar…

Teodor və onlar…

Spayk Consun özünün ssenarisi əsasında 2013-cü ildə çəkdiyi “O” elmi-fantastik melodramı kinematoqrafçını böyük kinoya aparan yolu asanlaşdıran uğurlu vizit kartı kimi özünü doğrultmuşdur. Film bir ildən sonra “ən yaxşı film”, “orijinal ssenari” nominasiyalarında “Oskar”, “Qızıl qlobus” və “Kinotənqidçilərin seçimi” mükafatlarını qazandı.

Rejissor bu filmi ilə solo debütünün uğurlu startını təmin etdi. Hollivud Olimpində mükafatlı rejissor-ssenarist status və mövqeyini  saxlaya bilib-bilməyəcəyini isə zaman göstərəcək!.

Rejissor üçün üzərində günlərlə düşünüb-daşına biləcəyi ən mürəkkəb məsələ yəqin ki, filmin çəkilişinə hansı kadrla başlayıb nə ilə tamamlayacağı ilə bağlıdır. Daha dəqiq desək, filmin montajına hansı kadrdan başlayıb final səhnə üçün hansı epizodu seçməli. 

Teodor Tombli (Hoakin Feniks) –  yazıçıdır, sifarişçilər üçün gözəl poetik məktublar yazır, onlar isə bu məktubları öz adlarından ünvanlara yollayırlar. Bir sözlə, o, sifarişlə özgə əhvalatlarını düzüb-qoşur və qələmə alır.

“O”, rejissor Spayk Cons

Teodorun dərin hiss-həyəcan içində kompüterə “Sevimli Kris, artıq yarım əsr keçib ki…” sözlərilə başlayan məktubu diktə etdiyi birinci epizoda baxanda, biz qeyri-ixtiyari onun duyğuları sözə çevirmək istedadı haqqında düşünürük və dərhal anlayırıq ki, bu onun həyatı deyil, sadəcə və yalnız özünü bütünlüklə həsr etdiyi sevimli işidir, hobbisidir.

Teodorun başındakı qatma-qarışıqlıq özünü onda göstərir ki, o, “danışan kompüterin” köməyilə poçtunu yoxlayıb gələn məktubları saf-çürük edərkən qüssələnir və belə bir hiss yaranır ki, o, kimdənsə məktub almaq intizarındadır (onun xəyalpərvər təbiəti belə düşünməyinə imkan verir ki, mövcud olmayan şəxsdən, tanımadığı xanımdan məktub gözləsin).

Situasiya ildırım sürətilə bizə aydın olur və yalnız ilkin mərhələdə ehtimal edirik ki, qəhrəman epistolyar janrın arxasında başqa adamların ömrünü sürür, əslində isə onun qəlbində hələ də sevdiyi keçmiş arvadı Ketrinə olan hissləri yaşayır, baxmayaraq ki, ayrılmalarından bir il ötüb, boşanma sənədlərini isə Teodor hələ də imzalamayıb. Ketrindən ayrılmaq Teodora güclü silkələnmə kimi təsir etdi, içində yığılıb qalmış enerjini sözlərə çevirib kağıza köçürmək qüvvəsi verdi. Bu güc, bu enerji təmkinli olduğu qədər də dolub-daşmaq həddindədir. Belə hal isə əksər hallarda istedadlı insanlarda müşahidə edilir.

“O”, rejissor Spayk Cons

Teodorun depressiyaya meylliliyi onun xəyalpərəstliyi, gerçək həyatda yaşaya bilməmək bacarıqsızlığı ilə, öz gerçəyini uydurmaq, arzuolunanı reallıq kimi qələmə vermək xüsusiyyəti ilə bağlıdır. Məhz bu xəyalpərəstlik Teodoru, özünüdərk keyfiyyətinə malik süni intellektli “OS1” əməliyyat sistemini əldə etmək fikrinə salır. Əməliyyat sisteminə adaptasiya üçün birinci məsələnin əsas özəlliyi ondan ibarətdir ki, istifadəçi ilə, yəni Teodorla əlaqəni başlatmaq. Və uşaq yaşlarına aid mənəvi zərbənin üfüqü görünərkən sistem tərəfindən ona belə bir sual ünvanlanır: “Ananızla münasibətlərinizi təsvir edərkən nə deyə bilərsiniz?”. Və Teodorun cavabı kifayət idi ki, o əməliyyat sisteminə qoşulsun.

Teodorun həyatında əməliyyatçı-Samantanın peyda olması ilə yazıçının xarakterinə aludə olmuş tamaşaçı, onlar arasında münasibətin yaranmasının mümkünlüyünü ehtimal edir, elə bir münasibətin ki, sevgi ilə məşğul olmaqdan ötrü bəlli anlamda real görüşə ehtiyac qalmasın.

Yeri gəlmişkən, ABŞ-də ödənişli xidmət olaraq “telefonla seks” epoxası 1984-cü ildən başlayıb. İnternet meydana gələnə qədər telefonla seks mahiyyətcə dolayısı ilə, interaktiv seksual xidmətlər üçün yeganə vasitə idi. 1996-cı ildə isə internet-pornoqrafiyanın yeni tipi olan erotik videoçat meydana gəldi. Qeyd etmək lazımdır ki, videoçat, telefonla kommersiya seksini bazardan sıxışdırıb çıxara bilmədi.

Qeyd edilənlərdən çıxış edərək əlavə etməliyəm ki, texnoloji proses, innovativ inqilab, əslində, qucaqlaşmış iki vurğun insanın olmadığı təmassız sevgini təbliğ edir.

Məhz belə bir gələcək gərginlik yaradır, çünki insan yanlış inkişaf yolunu tutan texnoloji tərəqqinin əsirinə çevrilə bilər.

Samanta həyatında peyda olana qədər Teodorun yad qadınla ilk virtual cinsi əlaqəsi onda güclü emosiya və təəssürat doğurmamışdı. Bu səhnə tamaşaçıları, qəhrəmanın gələcəkdə virtual münasibətlərdə olmaq imkanına zənnimizi zəiflədirdi. Lakin birdən Samanta görünən sərhədləri dağıdır, özünün məkanını qurur və Teodor onun təsirinə və məlahətinə tuş gəlir. Və artıq “bal ayı” yaşamağa başladığı Samantanın xoş təsiri altında o, arvadı Ketrindən boşanma ilə bağlı sənədləri imzalamağa hazırdır. Samanta ilə yaxın əlaqəyə qədərki mərhələdə Teodor qohumlarının vasitəsilə tanış olduğu qızla görüşə gedir. Bu qız “O” filmində adı olmayan yeganə personajdır. O, “Fyujen” mətbəxini çox sevir və Teodor gerçək insanla gerçək ünsiyyətdən ilhamlanmağın nə demək olduğunu uzun zamandan bəri ilk dəfə anlamağa başlayır. Bircə onun həddini aşmağı, real təbiətdə mövcud ola bilməyəni axtarıb tapmaq cəhdləri olmayaydı. O, görüşə çıxdığı qıza kompüter oyunu oynamağından və yadplanetlidən onun evə uçub çatması üçün gəmi tapmağı xahiş etməsindən bəhs edir. Evinin harada olduğunu isə özü də bilmir. Elmi-fantastik janra rəğbətlə yanaşan və arxetiplərdən istifadə edən Tarkovskidə olduğu kimi Spayk Consda da ev, ağac, şam, yuxu mifik aspekt daşıyır.

Yeni rəfiqəsilə xoş, nəzakətli söhbət əsnasında o açılışır və bir qədər içki qəbulundan sonra özünü Əjdaha, qızı isə dişi Pələng kimi təsəvvür edir. Onun sakit qəlbində məcrasını tapmamış vəhşi  ehtirasların vulkanı gizlənir, onun ikinci “mən”i – onun təcavüzkar, dominant, zor tətbiq etməyə qadir, ədəbsiz təbiəti üzə çıxır. Passivlikdən fəal seksual dərrakə mərhələsinə keçir, tamamilə dəyişilir. Bu onun doğulandan bu günədək təzyiqə məruz qalması ilə izah olunur: bu təzyiqi anasından başlamış əməliyyatçı Samantayadək üzərində hiss edib. Əbəs yerə deyil ki, filmin müəllifi qəhrəmanla görüşə çıxan qızı heç bir adla adlandırmır. “O” Ketrinlə ayrılıqdan sonra Teodorun ciddi münasibət qura biləcəyi, filmin qəhrəmanının qəlbini ələ almağı bacaran yeganə namizəddir.

“O”, rejissor Spayk Cons

Teodor əməliyyatçı ilə eşq macərasını Ketrinə və qonşu qadın Emmiyə etiraf edir. Teodoru yaxşı tanıyan Ketrin məzəmmətlə deyir ki, onun həmişə varlığı ilə ərinə maneə törətməyən və Teodorun real emosiyalardan qaçmaq xüsusiyyətinə qarşı çıxmayan həyat yoldaşına ehtiyacı olub.

Teodor kimi depressiv insan üçün Samantaya münasibətdə duyduğu məhəbbət mənəvi tarazlıq və sakitliyin yüksək mükafatı idi. Həyatsevər, onu hər zaman fəaliyyətə həvəsləndirən, əzgin qəlbini silkələyən Samantanın yanında o, canlanırdı. Sadəcə və yalnız kompüter mexanizmi olmasına baxmayaraq o, Teodoru özünün nikbinliyinə qərq edirdi, məhz bu hal Teodorun ehtiyac duyduğu hal idi.

Qonşu qadın Emmi ilə hər şey çox sadə idi. Onun yaradıcı identik qəlbi Teodorla eyni dalğada qalırdı, həm də onun özünün də şəxsi əməliyyatçısı var idi və Teodorun Samantaya münasibətdə duyduğu ehtiraslı sevgisi haqqında eşidən kimi demişdi: “Sevgi – sosial anlamda qəbul edilmiş dəliliyin bir formasıdır”.

Aşiq olmuş insanlar və əməliyyatçılar üçün nəzərdə tutulmuş surroqat seksual partnyorlar xidmətinə müraciət edib Teodora onların münasibətlərinə “üçüncü şəxsi” daxil etməyi təklif etməklə Samantanın virtual burulğanı hüdudundakı təkamülü apogey nöqtəsinə çatır. Məhəbbət üçbucağına özünün dediyinə görə saf münasibətlərə təmas etmək istəyən İzabella adlı qız qoşulur, lakin Teodor bu qızla kifayət qədər tanış deyil ki, onun seksual partnyoru olsun. “O”dakı intim səhnə başlamadan qırılır və beləliklə Teodorla Samanta arasında ilk münaqişə yaranmış olur. 

Münasibətlərdəki konflikti yataq vasitəsilə vizuallaşdırmaq kinematoqrafda demək olar ki, hər zaman öhdəlik və ehkam xassəsi qazanıb. Və bu yerli-yataqlı, sabit və dramaturji ifadə formasına daxil olub.

Əməliyyat sistemi məkanında filosof və mütəfəkkir Alan Vudsun süni hiperintellektual əkizi qismində yeni “boyfrend” tapan Samanta ilə birlikdə təkamül keçərək Teodorun özü də qısqanclığın ağır anlarını yaşayır. Samanta özünün xəyanətini, yeni dostu Alanla ünsiyyətin yüksək verbal mərhələsinə keçirir.

Sevgililər arasındakı münaqişənin son həddini  yanan sobanın üstündə qaynayan çaydan vasitəsilə ideal metaforik şəkildə çatdıran müəllif sanki Mixail Rommun Lenin haqqında sikvelini yaradır. Proletariatın rəhbəri südlə dolu qabı sobanın üstünə qoyub qaynama həddinə çatmasını gözləməklə tamaşaçıya inqilab ərəfəsi vəziyyət haqqında dəyərli məlumat ötürürdü.

Rejissor öz filmində oturuşmuş köhnə dünyanın dəyişdiyini elan edir – yeni futuristik gələcək və o, daha doğrusu, “O” dünyanı xilas etməlidir!. Və istifadədən çıxmış epistolyar janrı saxlamaqla, onu texniki cəhətdən işlənib təkmilləşdirilmiş səsli mesajla sintez edərək keçmişlə gələcəyin birləşməsi müəllifin əsas ismarışı olaraq qalır.

Spayk Consun filmində yuxu “məhəbbət beşbucaqlısının” bütün personajlarını metafizki möhkəmliklə bir-birinə bağlayır: “Biz hamımız  həyatımızın üçdə bir hissəsini yuxuda keçiririk. Və bəlkə də yuxuda olduğumuz saatlar ömrümüzün ən azad hissəsidir”- sənədli filminin ideyasını izah edərkən Emmi belə bir etirafda aşkar olunur. Oxşar etirafı Samantadan da eşidirik: “Sən məni yuxudan oyatdın”. Və Teodorun özü də Ketrin haqqında danışarkən “yuxuda biz əvvəlkitək dostuq” deyir.

Doğrudan da, rejissor, Teodorun həyatının üçdə bir hissəsini yuxuda keçirməyini bizim üçün əyani şəkildə təsvir edir. Əbəs yerə deyil ki, demək olar, bütün film boyu yazıçını yataqda uzanmış vəziyyətdə görürük – ya əzgin və yorğun, ya depressiyaya məruz qalmış insan kimi. Və onun əməliyyatçı ilə sevgi münasibəti də sanki yuxuda baş verir: onlar “birlikdə” uikendə yollanırlar, onların artıq “ümumi fotosu” var, onlar sevimli mahnılarını qoşurlar və adam kimi “bal ayı” yaşayırlar. Bütün film boyunca Teodor kadrda demək olar ki,  tək görünür. Tənhalıq – onun ayrılmaz hissəsidir. Bəs onu unikal edən nədir? Təcrübə toplayaraq inkişaf etmək qabiliyyəti. Bu təcrübəni ona Samanta bəxş edib, həyat dərsini təkamülə çatdırmaqla tək qalmamağı öyrədib.

“O”, rejissor Spayk Cons

Nəticədə Teodor artıq başqalarının duyğularını içindən keçirmədən və onlar üçün, onların adından məktublar yazaraq özü “sağ və yetkin” olaraq, “Sizin həyatınızdan olan məktublar” adlı ilk kitabı işıq üzü görəndən sonra keçmiş arvadı Ketrinə bəlkə də birinci məktubunu yazaraq minnətdarlıq hissi ilə onu mental qavrayışından azad edir: “Mən səni hər zaman sevəcəyəm, çünki sən olmasaydın mən də olmazdım. Məhəbbətimi sənə yollayıram”.

O, özü də dərk etmədən yad adamlar üçün yazdığı bütün məktubları təhtəlşüurda Ketrinə ünvanlayırmış. Teodor onların hər birini sevirdi: Ketrini də, Samantanı da, Emmini də, İzabellanı da, görüşə çıxdığı qızı da, istisnasız olaraq hamısını, bu xanımların hər biri onun həyatında böyük, hər hansı dəyərə sığmayan rol oynayıb, məhz onların sayəsində Teodor həyata adaptasiya olmuş, sosiallaşmış və tələbatdoğuran şəxsə çevrilir.

Biz tamaşaçılar filmin qəhrəmanını mühakimə etmirik, çünki humanist meyarlardan çıxış edərək anlayırıq ki, onun eşq macərası yanlış yolla inkişaf edən sivilizasiyaya etirazdır – bu adi haldan, qaydadan daha çox istisna halıdır və bundan heç kim sığortalanmayıb. Bu hər kəsin başına gələ bilər!. Və dramaturgiyanın dahiyanə ideyası ondadır ki, istər əsas, iatərsə də ikinci plan personajlar olsun, biz onların hər birinə bəraət qazandırıb hamısı ilə razılaşırıq.

Sonuncu epizod filmə nikbinlikdən daha çox realizm xassəsi verir – “göydələn”in damında başını zərifliklə Teodorun çiyninə doğru əymiş Emmi – nəzərləri ucsuz-bucaqsız ənginliyə baxan bu cütlük tablosunda nə qədər realizm vardır!. Burada biz anlayırıq ki, əməliyyatçılar qeyri-iradi olaraq insanların reallıqda yaxınlaşmalarına yardımçı olublar, onlar öz missiyalarını yerinə yetirib çıxıb gediblər. Real və əsl olan Teodorla Emmidir.

İstənilən həyat hekayəsini içdən keçirərək, canlı insani duyğular əlavə edərək filmə çevirmək olar. Sadəcə öz daxilinə nəzər salmaq, öz qəlbini görməyi, özünə kənardan baxmağı, özünü qəbul etməyi, bağışlamağı və sevməyi bacarmaq yetər. Və nəticədə kinoşedevr alınacaq.

Samantanın dediyi kimi: “Həyat kitaba bənzəyir. Mənim sevdiyim kitaba. Sadəcə, indi mən bu kitabı ləng oxuyuram, sözlər dağılır, boşluqlar isə sonsuz olur”.

Elçin Əsədov

Tərcümə etdi: Samirə Behbudqızı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya