2026-nın üç filmi: Minotavr, Qara top və Qradiva

Andrey Zvyagintsevin 9 illik fasilədən sonra çəkdiyi yeni filmi “Minotavr”, onun “niyə müasir dövrün yaşayan ən böyük rejissorlardan biri” kimi dəyərləndirildiyini təsdiqləyir. Adi bir hekayəni, əvvəlcə sosial-siyasi qata qaldırmaq, ardınca mifik köklərə qaytararaq oradan yeni mənalar yaratmaq, hər rejissorun bacaracağı iş deyil. Zvyagintsev bunu hər dəfə pis-yaxşı bacarır, hətta “Minotavr”da daha yaxşısını edib.
”Minotavr” fransız rejissoru Klod Şabrolun “Xəyanətkar qadın” filminin 2022-ci il Rusiyasına köçürülmüş versiyasıdır. Hekayənin ilk qatı Şabrolun hekayəsi ilə eynidir: kişi həyat yoldaşının ona xəyanət etdiyindən şübhələnir və bunu araşdıraraq nə baş verdiyini öyrənməyə çalışır. Ardınca baş verənlər isə Zvyagintsevin ənənəvi Rusiya yozumuna çox yaxındır. O, digər filmlərində də Rusiyadakı korrupsiyanın, mənəvi deqradasiyanın cəmiyyətin ən kiçik sosial qrupundan – ailədən başlaması fikrini çatdırır və eyni xətt burada da davam edir. Şabrolun filmi erotik trillerdirsə, “Minotavr” daha çox ailəyə fokuslanan arthaus nuardır.
Diqqətim çəkən məqam məkanların böyüklüyü, eyni zamanda boşluğu oldu. Öz ölkəsində film çəkə bilməyən Zvyagintsev, üz tutduğu Latviyada bu atmosferi yaratmasını hər kəsin ölkəni tərk etməsiylə əlaqələndirir. Küçələr boş, yollar boş, binalar boş. Rejissor Rusiyada yaşamadan həm Rusiya atmosferini, həm də alleqoriyasını yaratmağı bacarır.
Müəllif çürümənin və çöküşün başlanğıc nöqtəsini ailədən, insanların bir-birinə qarşı sevgisiz münasibətindən, bütün bu ziddiyətlərə baxmayaraq, hər şeyə göz yumub heç nə olmamış kimi davam etməsində görür. Baş qəhrəman Qlebin ( Dmitri Mazurov) timsalında kiçik oliqarx modelinin getdikcə dəyərlərini itirib, ən zalım patriarxa çevrildiyi təsvir edilir. Bu, elə insan modelidir ki, onun üçün başqaları öz məqsədinə çatmaq üçün sadəcə, vasitə və digər şeylərin ali dəyərinin itirilməsi deməkdir. Bu mənada kiçik oliqarxlar, başlarının üstündə şəkli asılan Putindən çox da fərqlənmir.
Filmin montaj rejissoru da Zvyagintsevdir və 2 saat 20 dəqiqəlik filmi uğurla həll edib. Qurduğu temp nə aşağı enir, nə də çox yuxarı qalxır. Öz hekayəsini sakit, diqqəti dağıtmadan çatdırır. Rejissorun özünəxas mavi tonları bu filmdə də davam edir: maşından tutmuş divarın rənginədək. Yenə bir-iki məqamda məşhur rəsm əsərlərinə, rəssamlara salam göndərir. Botiçellinin “Venera”sından Eduard Hopperin ümidsiz qəhrəmanlarına qədər.
Filmin adını məzmunla (bundan sonra spoylerdir) yunan mifologiyasında Minotavra verilən 14 qurban bağlayır. Mifə görə, hər il Minotavr üçün 14 nəfər seçilir və qurban göndərilir. Qlebdən də Ukrayna ilə müharibəyə getmək üçün 14 nəfərlik siyahı istənilir və o, bu siyahını öz işçilərindən qurmalıdır. Onun isə ağlına şeytani həll gəlir.
Zvyagintsev ta ilk filmindən etibarən hər hekayəsində fokusu uşaqlarda saxlayır. Cəmiyyətin gələcəyinin özülü olan uşaqların da getdikcə böyüklərə bənzəməsi onun üçün əsas təhlükə siqnalıdır. “Minotavr”ın da son səhnəsində o, maraqlı həll tapıb. Təyyarədə gedərkən ailənin övladı Seryoja buludları çəkir, amma bunu edərkən telefonun işığını azaldır, nəticədə bəyaz buludları tünd boz rənglərə çevirir və o, həmin fotonu ailəsinə göstərir. Ailəsi baxır və film bu görüntülərlə bitir. Onun çəkdiyi buludlar müharibə, bomba-raket nəticəsində ortaya çıxan toz-duman buludunun eynisidir. Artıq uşaqlar da bəyaz, pambıq kimi buludları təbii rəngində görmür, ya da görə bilmir.
Final səhnəsindəki musiqi izaholunmaz, tükürpədən əhval yaradır…Zvyagintsev kinoya çox güclü filmlə qayıdıb və yaxşı ki, qayıdıb.
***

Bu il adını tez-tez eşidəcəyimiz, İspaniya istehsalı olmasına baxmayaraq, Oskar mükafatına “Ən yaxşı film” (“Ən yaxşı xarici film” yox!) nominasiyasında ciddi namizəd kimi adı hallanan “Qara top” (“La Bola Negra”) filmini izlədim. Film İspaniyada kassa gəlirləri üzrə rekordları qırıb. Kann kinofestivalında “Ən yaxşı rejissor” (Rejissorlar Xavyer Kalvo və Xavyer Ambrossidir, adları həmçinin, Las Javis da gedir), Toronto kinofestivalında isə “Tamaşaçı rəğbəti” mükafatını alıb. Xüsusilə, Toronto festivalı Oskar üçün vacib indikatorlardandır. Çünki bu festivalda tamaşaçı mükafatı alan filmlər Oskara potensial namizəd olurlar.
Filmin adı Federiko Qarsiya Lorkanın eyni adlı tamamlanmamış pyesindən gəlir. Lorka qətlə yetirilməmişdən qabaq öz teatrı üçün sonuncu pyesini yazır, ancaq pyesin dörd səhifəsi qalır, qalanı isə itir. Film də məhz bu pyesdən ilhamlanıb.
Filmdə üç müxtəlif dövrdə yaşayan homoseksual ispan kişilərin bir-biri ilə əlaqəli həyatı göstərilir. Birinci hekayə 1932-ci ildə, İspaniyada Respublikaya qarşı uğursuz hərbi çevriliş dövründə baş verir. İkincisi 1937-ci ildə İspaniya Vətəndaş müharibəsində, üçüncüsü isə 2017-ci ildə.
Film maraqlı, dinamik səhnə ilə başlayır. Bu cür gözlənilməz açılışlar son dövr filmlərində tez-tez qarşımıza çıxır. Sanki rejissorlar bütün diqqəti ilk dəqiqələrdən filmə cəmləməyə çalışırlar. Məncə, “Qara top” da bunu bacarır. Ekspozisiyalarda müxtəlif dövrləri ehtiyatla qurandan sonra, rejissor sərbəst şəkildə zamanlar arasında gedib-gəlməyə başlayır. Amma həm qəhrəmanlar, həm situasiyalar arasındakı zamanlar qarışıqlıq yaratmır.
“Qara top” kişilərin üzləşdiyi sosial təzyiqləri, arzularının gerçəkləşə bilməməsini, müxtəlif səbəblərdən ifadə edilə bilməyən emosiyalarının təsvirlərini yaxşı göstərir. Bəzi məqamlarda səhnələrin geniş miqyaslılığı epik film əhvalını meydana gətirir. Xüsusilə, inqilab, müharibə kimi kişiləri həyəcanlandıran (!) mövzular qarşısında fərdin xırda-para romantik qayğıları diqqətəlayiq kontrast yaradır. Lorka kimi böyük fiqurun ilham mənbəyi olması çoxqatlılığa xidmət edir. Şairin homoseksuallığının, ümumiyyətlə, tarixin bu kimi şəxsi məsələləri bilərək ört-basdır etməyə çalışması açıq şəkildə tənqid olunur və bir az da didaktik təəssürat bağışlayır.
Filmin ən qüsurlu məqamı, üçüncü aktda ideya və mövzunun qəhrəmanın dilndən birbaşa açıqlaması, az qala tamaşaçıya “baxın, biz bunu demək istəyirik ha, birdən başa düşməzsiniz” kimi deskriptiv dialoqlarla müraciəti oldu. Üstəlik, bu kimi açıqlamalardan əlavə, səhnələr eyni fikrin ətrafında fırlanır və istər-istəməz tempi ləngidirdi.
Emosionallıq da tam effektli alınmayıb, hekayəni daha təsirli etməyə çalışarkən təkrarlara çox yol verilib. Hər halda, hər şeyin açıq-aydın deyilməsi, nəhəng miqyas, aktyor oyunlarının uğurlu ifası filmi, həqiqətən də Oskar üçün ciddi namizədə çevirir.
***

Əgər bütün həyatın boyunca inandığın həqiqət puça çıxsaydı, ömrünün qalan hissəsinə necə davam edərdin?
2026-cı ilin ən diqqət çəkən filmlərindən biri Marin Atlanın çəkdiyi “Addımlayan qadın”ıdır (“La Gradiva”). Atlan karyerasına operator kimi başlayıb, adıçəkilən film isə onun tammetrajlı debütüdür. Cəmi 35 yaşı olmasına baxmayaraq, kifayət qədər çox layihədə işləyib. Bu təcrübəsi hekayəyə yanaşmasından tutmuş rejissor işinə qədər hər addımda hiss olunur.
”Addımlayan qadın” fransız məktəblilərinin Neapola, daha dəqiqi, Pompeyə səyahətindən bəhs edən coming-of-age (böyümə hekayəsi) janrındadır. Filmin adı alman yazıçısı Vilhelm Jensenin “Gradiva” adlı romanından gəlir, mənası “Addımlayan qadın”dır. Maraqlıdır ki, sözügedən əsər barədə Ziqmund Freyd də psixoanalitik məqalə yazıb.
Atlan bu filmində yeniyetməliyin ürkək hisslərini, seksual arzularını, eyni zamanda gənclərin sakit kimi görünsə də, hər an partlamağa hazır olan sosial münasibətlərini təsvir edir.
Filmi xüsusi edən, hərdən uzun müzakirələrlə qəhrəmanların realistik portretini yaratmaq, hərdən də məkanın və incəsənətin özündə ehtiva etdiyi metaforik qatları obrazların xarakterləri ilə iç-içə keçirərək çoxqatlı hekayə yaratmasıdır. Rejissor, əksəri ilk dəfə filmə çəkilən gənclərlə uğurlu atmosfer qurur. Obrazlar şərtilikdən xilas olaraq həqiqi arzuları, istəkləri, tərəddüdləri olan yeniyetmələrə çevrilirlər.
Atlan hekayəni danışmaq üçün xüsusi vizual üsullar axtarmır. Maksimum naturalist qalmağa çalışır, montajla tamaşaçı diqqətini ən vacib məqamlara yönəldir və hekayədən yayınmağa imkan vermir. Xüsusilə, üç əsas qəhrəmanın hekayələri arasında keçidləri ustalıqla qurur və onların bəzən ortaq arzularını, bəzən isə ən məhrəm anlarını həssaslıqla çatdırır.
Filmin ortaya atdığı suallarla, təkcə bir qrup gənc üzləşmir. Əvvəlcə, müəllif fransız cəmiyyətinin müxtəlif təbəqələrinə aid gəncləri təsvir edir, hər təbəqə üçün xarakteristik yanaşmaları aydın formada çatdırır. Ardınca isə gənclərin emosional dünyasını açaraq yeniyetməliyin təlatümlərini ötürür. Final səhnəsindən sonra insanın əhvalında yaranan məyusluq hissi rejissorun zərgər dəqiqliyi ilə hesablamış yanaşmasının nəticəsidir.
Anlayırsan ki, yeniyetməliyin bütün sualları artıq geridə qalır, həyat öz ağrılı-acılı zorakılığı ilə bizi gözləyir. İnandığımız bütün reallıqlar parçalanır və eynilə Pompey kimi küllərin altında qalır. Bu yeniyetməlik küllərinin üzərində nə inşa edəcəyimiz isə bütün yetkinlik dövrümüzə təsir edəcək. Bəziləri isə sadəcə heç nə inşa etməməyi seçirlər, çünki həyat heç də hamıya qarşı ədalətli davranmır.
Şübhəsiz ki, “Addımlayan qadın” “İlin ən yaxşı filmləri” arasında özünə yer tapacaq işdir. Bol dialoqlu fransız filmi sevənlər üçün elə bil Trüffo dünyasından çıxıb gələn Atlan böyük perspektiv vəd edir.
Hacı Səfərov