Mikael Opstrup; Qeyri-müəyyənlik

Maykl Opstrup beynəlxalq sənədli film layihələri, müştərək layihələr üzrə mütəxəssis, Avropa Sənədli Kino Şəbəkəsinin (EDN) tədris proqramları üzrə rəhbəri, sözügedən qurumun yaradıcılarından biri və müştərək istehsalat bölməsinin redaktorudur.
Kinoyazar.az M.Opstrupun personajlar üzərində qurulan sənədli filmlərin necə yarandığından bəhs edən “Qeyri-müəyyənlik” kitabından bir hissəni təqdim edir. Müəllif, bu məqalədə Danimarka sənədli kinosunun inkişafına təkan verən amillərdən danışır.
Danimarka sənədli filmlərinin onillərdir beynəlxalq arenada bu qədər uğur qazanmağının səbəbi nədir? Bu sualın mümkün cavablarından bəziləri aşağıdakılardır.
2026-cı ilin martında keçirilən CPH: DOX sənədli film festivalının 23-cü buraxılışı ilə eyni günlərdə “Ən yaxşı tammetrajlı sənədli film” kateqoriyasında “Oskar” mükafatı – bundan əvvəlki səkkiz nüfuzlu nominasiyadan sonra – Danimarkaya təqdim olundu.
“Qaçmaq” (“Flee”; 2022), “Qətl aktı” (“The Act of Killing”; 2013) və “Burma VJ” (2010) kimi filmlərin əldə edə bilmədiyi uğur “Cənab Heçkim Putinə qarşı” (“Mr. Nobody Against Putin”) adlı filmə nəsib oldu. Danimarkanın 2010-cu ildə ilk dəfə bir nominasiyada namizədlik qazanmağından sonra yalnız Amerika Birləşmiş Ştatları daha çox nominasiya toplayan ölkə idi. Bu təsirli göstəricidir. Nəticə etibarilə Danimarka sənədli kinosunun onilliklər ərzində beynəlxalq müstəvidə gücünü necə qoruyub saxladığını izah edə biləcək amilləri araşdırmaq maraq doğurur.
“Oskar” mükafatının mahiyyətcə yalnız film sənəti ilə deyil, eyni zamanda (film) siyasətlə də sıx bağlı olmağı, “Cənab Heçkim Putinə qarşı”filminin əsas və həmmüəllif rejissorlarından birinin amerikalı, digərinin isə rus olmağı gerçəyini bir anlıq kənara qoysaq belə, bu, Danimarkanın onillərdir beynəlxalq sənədli kino sferasında nəzərəçarpacaq dərəcədə möhkəm dayandığı faktını dəyişmir.

Məsələn, onilliklər boyu beynəlxalq səhnədə ardıcıl və səmərəli şəkildə fəaliyyət göstərmiş iki şirkətin öz prodüser şirkətlərini “Danish Documentary” və “Made in Copenhagen” adlandıraraq brendləşdirməyi seçməsi təsadüfi deyil; “Cənab Heçkim Putinə qarşı” filminin arxasında duran prodüser şirkəti məhz bunlardan sonuncusudur. Danimarka keyfiyyətli brenddir. Aşağıda, digər amillərlə yanaşı, onilliklər boyu davam edən belə bir güclü mövqeyi açıqlaya biləcək bəzi fikirlər var. Və nəhayət, elə də az əhəmiyyət kəsb etməyən bir sual ortaya çıxır: Əslində sənədli film nədir? Maraqlı sualdır və çox cavabı var.
MİLLİ KİNO ŞURASI
Zamanda xeyli geriyə, dəqiq desək, Milli Film Şurasının təsis olunduğu 1939-cu ilə gedərək başlamalıyıq. Bu, ictimai maarifləndirmə və məlumatlandırmanı təşviq etməyə yönəlmiş əsas sosial-demokratik təşəbbüs idi. Qurum, böyük ehtimalla, ictimaiyyəti maarifləndirmək, hətta bəzən ona mühazirələr oxumağı da nəzərdə tuturdu. Bir neçə ildən sonra MFŞ (Milli Film Şurası) təkcə filmlərə distribütorluq etməklə kifayətlənmədi, həm də onların istehsalına dəstək göstərməyə başladı. Bununla da unikal bir təsisatın bünövrəsi qoyuldu. Bir qədər yaşlı nəsildən olanlarımız sinifin ortasındakı 16 mm-lik proyektorun səsini heç vaxt unutmarıq; bir qədər gənc nəsillər dəhşətli dərəcədə aşağı keyfiyyətli VHS video kasetlərə dözməyə məcbur olublar.
Ən gənc nəsillər də əvvəlcə keyfiyyətcə xeyli üstün olan DVD-lərdən, təxminən, minilliyin başlanğıcından etibarən isə rəqəmsal yayımın verdiyi imkanlardan bəhrələniblər. 1980-ci illərin ortalarından bu yana filmlərə baxmaq üçün məktəbə getməyə heç ehtiyac duymamışıq. Əvvəllər yerli kitabxanamızdan VHS lentləri, sonralar isə DVD-ləri götürüb baxırdıq, indi isə həmin müəssisələr sayəsində onlara bir kliklə baxa bilirik. Təxminən, dörd nəsil sənədli filmlərə baxaraq böyüyüb. Bunun əhəmiyyətini kiçiltmək olmaz. Mən bunu əcnəbi həmkarlarıma söyləyəndə onların heyrətdən, az qala, gözləri kəllələrinə çıxır. Bizim üçün bu, adi vərdişdir, onlar üçün isə yer üzərindəki cənnət.
Zamanda böyük bir sıçrayış etməzdən əvvəl, MFŞ tərəfindən dəstəklənən və tədricən idxal olunan filmlərdəki inkişafdan danışmaq yerinə düşər. Onlar artıq təkcə maarifləndirici deyil, həm də bədii xarakter daşıyırdı. Daha adekvat bir ifadə tapılmadığından, adətən “yaradıcı sənədli film istehsalı” kimi adlandırılan bu sahədə, yəqin ki, özünü “qeyri-yaradıcı film” çəkmək istəyən şəxs kimi təqdim edənlər çox deyil. Lakin sənət sahəsi kimi kinoya, tədricən, daha geniş imkanlar verilirdi. Sənədli film təkcə mövzu və məzmunu əhatə etmirdi, həm də bədii filmdə olduğu kimi, öz estetik və dramaturji təməllərinə söykənirdi.
BİRLƏŞMƏ
1998-ci ildə həlledici bir şey baş verdi: Bədii kino sahəsində fəaliyyət göstərən Danimarka Film İnstitutu (DFI) ilə onun sənədli kinodakı həmkarı olan Milli Film Şurası (MFŞ) birləşdirildi.
Sənədli film istehsalında çalışan şəxslər arasında hələ də bunun yaxşı və pis tərəfləri müzakirə olunur. Çünki sənədli kino istehsalı üçün öz böyük qardaşı ilə eyni dam altına girmək, demək olar ki, heç vaxt üstünlük sayılmayıb. Həqiqətən də, öz hamisini itirmək həmin janrın inkişafı üçün ciddi zərbə idi.Lakin mən sözügedən birləşmənin sənədli kinoya bəzi müsbət şeylər gətirdiyini düşünənlərdənəm – bu məsələyə bir az sonra qayıdacağam.
Bununla belə, bir-iki maraqlı məqamı qeyd etmədən keçə bilmərəm. Bunların mövzuya birbaşa aidiyyəti olmasa da, mövcud “güc balansını” kifayət qədər ətraflı göstərir.
Yeni müəssisə Danimarka Film İnstitutu (DFİ) olaraq adlandırılıb. Bu qulağa iki şirkətin birləşməsindən daha çox birinin digərini udması (özünə tabe etməsi) kimi gəlir. DFİ əməkdaşları PC-dən istifadə edir, MFŞ-dəkilər isə bir qədər cəsarətli sayılan Mak kompüterlərindən. DFİ-də çalışanlar milli bayram günündə dincəlirdilər, MFŞ-nin əməkdaşları isə tətil günlərini 1 mayda qeyd edirdilər.
DFİ iki paralel istehsal departamenti təsis edib: bunlardan biri bədii filmlərin, digəri sənədli layihələrin inkişafı üçün nəzərdə tutulub. Məni sənədli filmlər şöbəsində təzəcə yaradılmış prodüser vəzifəsinə götürdülər – yəni, ən çox hədəfə çevrilən klassik vəzifələrdən birinə. Strukturların birləşdirilməsindən sonrakı ilk illərdə belə vəzifələrə namizədlər həddindən artıq çox idi.
Məsələn, işə başlamağımdan cəmi bir neçə gün keçmişdi ki, Danimarka Film Assosiasiyasının iclasına qoşuldum. Yadımdadır, mənə verilən ilk sual bu oldu: Sənin kimi birinin burada nə işi var, nəyə lazımdır?
Belə bir sualın verilməsinin bir neçə səbəbi vardı. İlk növbədə, mənə həvalə olunan vəzifə — film komissiyasının əməkdaşı qismində, dəstəkləmək istədiyimiz layihənin büdcə və təşkilati işlər daxilində real icra imkanlarını qiymətləndirməkdən ibarət idi. Müraciət edənlər belə peşəkar məqamlara öyrəşməmişdilər.
İkincisi, əgər bir layihənin beynəlxalq arenaya çıxış potensialı varsa, prodüserlərdən tələb olunurdu ki, DFİ maliyyə dəstəyinin həcmini müəyyən etməzdən əvvəl həmin imkanları ətraflı araşdırsınlar. Prodüserlər də bu cür təcrübəyə adət etməmişdilər. Və nəhayət, artıq prodüserlə rejissor eyni şəxs ola bilməzdi. Məcburiyyətdən prodüserlik yükünü daşıyan rejissorların əksəriyyəti tələblərə uyğunlaşmamışdı.
Hal-hazırda, bildiyim qədər, DFİ-dəki prodüserlik sistemi artıq çox tənqid olunmur. Yəqin, bunun səbəbi sistemin indiki duruma öz töhfəsini verməyidir: rejissorlar diqqətini ancaq rejissorluğa verə bilir; prodüserlər isə ümumən daha peşəkar olmağı bacarıblar, beynəlxalq bazarla inteqrasiya yaradıcılıq təkanını, maliyyə vəsaitini və əhəmiyyətli əlaqələri təmin edir. Bu təşəbbüslərlə bir-birinə dəstək verərərək çoxlu sayda güclü sənədli film prodüseri yetişib. Hətta onların arasında “Oskar” nominasiyalarının arxasında duranlar da var. Bir məqamı da qeyd edim ki, yeni yaradılan DFİ “İnkişaf Maliyyələşdirməsi” adlı mexanizm təqdim edib. Bu mexanizm rejissorun, filmin formasını hələ tapmadığı bir mərhələdə dəstək xarakteri daşıyır. Layihənin elə bir mərhələsində ki, yekun məhsulun necə alınacağını təsəvvür etmək son dərəcə qəlizdir və belə vəziyyətdə kənar mənbələrdən maliyyə cəlb etmək müşkülə çevrilir.
DİGƏR ÜÇ İNSTİTUSİONAL QURUM
DFİ həmin həlledici dördbucağın ancaq bir tərəfi idi. Digər üç tərəfdə isə Film Məktəbi, peşəkar təşkilatlar və ictimai televiziya dayanırdı. 1992-ci ildə Danimarkanın Milli Film Məktəbində sənədli film rejissorluğu bölməsi təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən tələbələrin fərdi üslub formalaşdırmasına xüsusi diqqət yetirilir. Bu, artıq müəllif kinosu təhsili idi – burada cəmiyyət üçün nəzərdə tutulmuş ictimai məlumatlandırmadan söhbət gedə bilməzdi. Bu gün Danimarkanın həqiqətən də istedadlı rejissorlardan ibarət böyük orduya sahib olmasında sənədli kino təhsili həlledici rol oynayıb.
1983-cü ildə (daha sonra “Creative Producer – Yaradıcı Prodüser” adını alan) əsl prodüser təhsilinin başlanması, həmçinin 1988-ci ildə ssenarist təhsilinin yüksəldilməsi də bu işdə əhəmiyyətli rol oynayıb. Bu iki bölmə Film Məktəbinin bədii şöbəsinin nəzdində yerləşsə də, sənədli film şöbəsinin tələbələri ilə əməkdaşlıq təbii olaraq baş verirdi və bu ənənə hələ də davam etməkdədir. Prodüserlər yalnız maliyyə planlaması və çəkilişlərin təşkili kimi texniki bacarıqlara yiyələnmək üçün deyil, həm də yaradıcı tərəfdaş olmaq üçün təlim keçirdilər. Eyni zamanda, rejissorlar ssenari yazmaq istiqamətində mütəmadi olaraq daha çox və daha dərin ixtisaslaşmış məsləkdaşlar qazanırdılar. Kimsə yaxşı rejissor olsa belə, mütləq yaxşı bacarmadığı nəsə olur.Xoşbəxtlikdən, bu əməkdaşlıq təhsil prosesindən kənarda da davam edir. Bir çox peşə sahibləri — xüsusilə, operatorlar və montajçılar hər iki janrda çalışır. Bu da hər ikisinə böyük fayda verir.
Peşəkar qurumlar arasında sənədli və bədii kino prodüserlərinin 1998-ci ildə Prodüserlər Assosiasiyası çərçivəsində qüvvələrini birləşdirməsi çox mühüm bir addım idi. Sənədli film prodüserləri təkbaşına səslərini eşitdirməkdə çətinlik çəkirdilər, lakin Assosiasiyanın strukturu – hər iki sahənin müstəqil təşkilatlanması və ortaq heyətdə təmsil olunması nə qədər qeyri-adi görünsə də, sənədli kinonun peşəkarlarının güclənməsinə səbəb oldu.
Müstəqil sənədli kino sektoru ilə ictimai televiziya arasındakı əlaqə də həmişə qarşılıqlı mehribanlıq şəklində olmayıb. Müstəqil rejissor və prodüserlərin istehsal etdikləri və daha çox sənət yanaşması ilə seçilən sənədli filmlər əksər hallarda böyük tamaşaçı kütləsinə çata bilmirdi. Bu sektor televiziyanı filmlərin səriştəsiz təbliğatına, tamaşaçıların çoxunun artıq yatdığı vaxtda – “ölü saatlarda” yayım cədvəlinə qoyduğuna görə mütəmadi tənqid atəşinə tutub. Televiziya yayımı üçün layihə sifariş edən redaktorlar isə bunun əksini deyir, sektorun geniş tamaşaçı kütləsinə çatmaq üçün kifayət qədər səy göstərmədiyini iddia edirdilər. Lakin yenə də ictimai xidmət kanalı güclü olmayan bir çox ölkə ilə müqayisə etsək, görərik ki, bu müqayisə Danimarkanın xeyrinədir. Bu səbəbdən, DR TV və TV2-yə hörmət əlaməti kimi şapka çıxarmaq lazımdır.
BƏDİİ KİNO SAHƏSİNDƏ MÜHÜM TƏRƏQQİLƏR
Maraqlıdır ki, bədii film istehsalı sahəsindəki əsas məqamlar sənədli filmə də təsirsiz ötüşməyib. Onlar bütövlükdə dünyanın diqqətini Danimarka kinosuna yönəldib və ölkənin xaricdə təbliğinin vacibliyinə Danimarka siyasətçilərinin gözünü açıb. Yeri gəlmişkən, burada təkcə o dörd qurumun fəaliyyətini yox, fərdlərin əhəmiyyətini də nəzərə almaq lazımdır.
1987-ci ildə “Babettanın ziyafəti” (“Babette’s Feast”; rej. Qabriel Aksel) filmi “Oskar” qazandı. 1988 və 1989-cu illərdə “Fateh Pelle” (“Pelle the Conqueror”; rej. Billi Avqust) filmi Kannda “Qızıl Palma budağı”na, ardınca “Oskar” mükafatına layiq görüldü. 1996-cı ildə “Dalğaları yararkən” (“Breaking the Waves”; rej.Lars von Trier) filmi Kannda “Qran Pri” mükafatını qazandı. 2000-ci ildə isə Trierin növbəti filmi – “Qaranlıqda rəqs edən” (“Dancer in the Dark”) həmin festivalda “Qızıl Palma budağı”nı götürdü. Buna bir də 1995-ci ildə “Doqma”nın “Bakirəlik andı”nı da əlavə edin. Bu cərəyan təkcə Danimarkanın adını dünya xəritəsinə daha möhkəm həkk etməklə yanaşı, həm də rejissorluq və estetik cəhətdən beynəlxalq inqilab yaratdı: “Doqma”nın filmləri əl kamerası ilə, heç bir süni işıqlandırma olmadan, heç bir dekor və kostyum istifadə etmədən çəkilirdi. Kamera aktyorların hərəkətini izləməli idi, adətən olduğu kimi, aktyorlar kameranın arxasınca getməməliydi. Yeri gəlmişkən, “Bakirəlik andı”, əslində, 1994-cü ildə çəkilmiş “Krallıq” (The Kingdom (Riget); rej.Lars von Trier) adlı televiziya serialında sınaqdan keçirmişdi. Bu, vaxtilə ekranlarda fırtına qoparmış bir layihə idi. Aktyorların yerdəki lent izlərindən və dəfələrlə təkrarlanan kamera hərəkətlərindən xilas olması serialı təriflərə qərq etmişdi. Bu məqalənin fokusunu nəzərə alaraq aşkar bir məqamı gözdən qaçırmaq olmaz: “Krallıq” və digər “Doqma” filmlərinin istehsal şəraiti ilə sənədli filmlərin istehsal şərtləri bir-birinə nəzərəçarpacaq dərəcədə bənzəyir. Bunu filmin açılış titrlərindən də görmək mümkündür: Real filmin motivləri əsasında. Bədii kino istehsalının genişləndiyi bu dövrdən əvvəl Danimarka bədii kinosu onillər boyu durğunluq dövrü yaşamışdı. Nəticədə, çəkilən filmlərin sayı kino sənayesinin həyat qabiliyyətini qorumaq üçün kifayət etmirdi. Peşəkar dairələrin nümayəndələrinin ifadə etdiyi kimi, istehsala buraxılan layihələr arasında o qədər uzun fasilələr olurdu ki, bu müddət ərzində, az qala, filmin necə çəkildiyini də unudurduq. Təbii ki, kino sənayesi bu şəraitdən illərlə gileylənib və dəfələrlə maliyyə vəsaiti tələb edib, ancaq hər dəfə heç bir nəticəsi olmayıb.
Lakin beynəlxalq arenada qazandığı uğurlar və bunun doğurduğu brendləşmə imkanları elə bir təkan yaratdı və yeni DFİ-nin rəhbərliyi bundan səmərəli şəkildə istifadə edə bildi. Sadəcə daha çox pul tələb etmək əvəzinə, onlar dördillik elə bir layihə təqdim etdilər ki, istənilən sovet layihəçilərinin qürur duymasına səbəb olardı. Əgər büdcəni bizim istədiyimiz qədər artırsanız, sizə onu necə xərcləyəcəyimizin planını göstərərik. Bəli, bu işə yaradı. Maliyyə artılırdı – bədii və sənədli kino qurumlarının birləşməsi sayəsində sənədli film də bundan öz payını aldı. Bu, az-çox işə yarasa da, hələ kifayət deyildi.
… VƏ bir də bunlar var:
Yenicə yekunlaşan sənədli film festivalı CPH: DOX (Mart 2026-cı il) 1993-cü ildə təsis edilib və dünyanın ən böyük və ən əhəmiyyətli festivallarından birinə çevrilib. Adi hallarda sadəcə sənədli filmlər proqramı çərçivəsində olanda kinoteatr salonlarını doldurmaq asan deyil. Bununla belə, CPH:DOX festivalında ruhlandırıcı nümunələrə də rast gəlmək mümkündür. Keçən il 150.000-dən artıq tamaşaçı festival filmlərinə baxmaq üçün bilet almışdı. Bu il festivalda izdiham yenə artsa, heç kimə təəccüblü gəlməz. Dünyamiqyaslı çoxsaylı festivallar arasında təqvim yeri uğrunda rəqabət amansızdır; CPH:DOX festivalı özünəməxsus bir profil yaratmağa nail olub. Bu müvəffəqiyyət, xüsusilə də, sənədli kinonun həm daxili strukturu, həm də necə nümayiş olunması baxımından ənənəvi çərçivələri dağıtmaqla mümkün olmuşdur. Eyni dərəcədə vacib olan bir hadisə də Danimarkada fəaliyyət göstərən beynəlxalq sənədli film təşkilatı Avropa Sənədli Film Şəbəkəsinin (ASFŞ) təsis edilməsi idi. Onilliklər boyu ASFŞ kino infrastrukturu zəif olan Avropa ölkələrində, o cümlədən, milli kino fondları Mədəniyyət Nazirliyinin beşinci mərtəbəsində bir kabinetə sığışan bir neçə Cənub Avropa ölkəsində mühüm sənədli kino institutlarının təsisinə öz töhfəsini verib. Ən çox da Şərqi və Mərkəzi Avropanın keçmiş kommunist ölkələrinə. O ölkələrə ki, Berlin Divarı dağılandan sonra dövlətin tam maliyyə və təşkilati dəstəyilə işləyən kino infrastrukturları tamamilə çökmüşdü. Bu məqamda ASFŞ həmin ölkələrdə Avropanın digər ölkələri ilə inteqrasiya edən təşkilatların və fəaliyyətlərin qurulmasında həlledici rol oynamışdı. Onların əksəriyyəti bu gün də mövcuddur. Avropanın hər yerində fəaliyyət göstərən minlərlə sənədli film rejissorları Danimarkanın Avropa Sənədli Kino Şəbəkəsinə çox şey borcludur.
ASFŞ-nin birinci direktoruna Latviya və Litva prezidentləri tərəfindən iki milli xidmət ordeninin təqdim edilməsi heç də təsadüfi deyil. Nəhayət, Danimarkanın Ebeltoft şəhəri yaxınlığındakı gözəl təbiətin qoynunda yerləşən, 1993-cü ildən fəaliyyət göstərən və hər il yüzdən çox əcnəbi kinematoqrafçı-tələbəyə yüksək təhsil verən beynəlxalq ali xalq məktəbi – Avropa Film Kollecini qeyd etmək lazımdır. Həmçinin DFİ-nin 2004-cü ildə təsis etdiyi, mövcud maliyyələşmə sxemlərindən fərqlənən “New Danish Screen” (Yeni Danimarka Ekranı) adlı dəstək mexanizmi əsas diqqəti son məhsula yox, istedadın inkişafına yetirir.
Sənədli kino Milli Film Şurasının bağlanmasından sonra itirdiyi müstəqil səsini Danimarka Film İnstitutunda “Sənədli Film üzrə rəhbər” vəzifəsinin təsis edilməsi ilə qismən bərpa edib. Nəyisə, yaxud kimisə nəzərdən qaçırdımmı? Ola bilər. Buna yalnız bir cavab verə bilərəm: üzr istəyirəm.
SƏNƏDLİ FİLM BİR JANR KİMİ
Yekunda isə, gəlin sənədli film janrına qısa şəkildə nəzər salaq. Bədii film və sənədli filmi qarışdıran hibrid filmlər kimi çoxsaylı alt janrlar var. Minilliyin başlanğıcından etibarən hətta animasiya sənədli kinosu da öz mövqeyini nəzərəçarpacaq dərəcədə möhkəmləndirib. İlk dəfə bir prodüser belə bir layihənin DFİ-nin dəstəyi üçün münasib olub-olmadığını soruşanda “Bunun adı nədir?” deyə təəccüblə qışqırmışdım. Həddindən artıq sadələşdirmək bahasına olsa da, sənədli kino daxilindəki mövqeləri aşağıdakı kimi təsvir etmək olar:
Bir ucda jurnalist sənədli filmi dayanır – əsas hədəfi reallığı qərəzsiz şəkildə sənədləşdirmək, faktları göstərməkdir; Digər ucda personaj mərkəzli sənədli film dayanır. Onun əsas qayəsi subyektiv təhkiyə və interpretasiyadan ibarətdir.
Müşahidə etdiyim qədər, “Cənab Heçkim Putinə qarşı” filmi, demək olar ki, bu iki qütbün arasında bir yerdədir.
Məhz obrazlar üzərində qurulan sənədli filmlər istehsal prosesi başa çatandan sonra daha çox bədii filmə bənzəyir – burada biz müəyyən dramatik çalxanmalar yaşamış fərdləri izləyirik. Lakin bu alt janrın yaranma prosesində bədii filmin istehsal prinsiplərindən tamamilə uzaq durması maraqlı bir təzad yaradır. Bədii filmdə ssenari, səhnə quruluşu və aktyorlar var, rejissorun nəzarətində olan planlaşdırılmış elementlər mövcuddur. Obrazlara əsaslanan sənədli filmlər – sizin və mənim kimi istədiyini edən real insanlardan bəhs edir. Hekayənin qurulması üçün lazım olan əsas elementlər tamamilə rejissorun iradəsindən kənarda qalır. Burada rejissorun ən böyük bacarıqlarından biri potensial inkişafı sezə bilməsidir. “Nəyin baş verəcəyini bilmirəm, lakin son dərəcə əminəm ki, nəsə maraqlı bir şey olacaq”.
Danimarka istehsalı olan “Apoloniya, Apoloniya” filmi 2022-ci ildə Amsterdamda keçirilən nüfuzlu Amsterdam Beynəlxalq Sənədli Film Festivalının (IDFA) baş mükafatını qazandı. Bu film öz qəhrəmanını 13 il boyunca müşahidə edir. Bəli, düz eşitdiniz: on üç il. Sizi əmin edirəm: qəhrəman elə dramatik təlatümlər yaşayır ki, rejissorun 2009-cu ildə bunu əvvəlcədən görməsi mümkün deyildi. Əgər bu, bir bədii film olsaydı, maraqlı alınardı. Sənədli film kimi isə son dərəcə canlıdır, anı yaşadır.
Diqqətinizə görə təşəkkürlər, təbriklər və yaşasın sənədli kino!
Tərcümə: Yunus Müşfiq
Orijinal mənbə: https://shorturl.at/38fqJ