İNDİ OXUYUR
Sabirabadın sehri

Sabirabadın sehri

“İnsan səhərdən axşama qədər nəsə baş verməsini gözləyirdi,
amma heç nə olmurdu. Bununla belə, elə hey gözləyirdi.
Gözləyə-gözləyə gicgahları ağrıyana qədər düşünürdü.
Heç nə alınmırdı. İnsan tək qalırdı”.

Stefan Sveyq, “Şahmat” novellası


Elvin Adıgözəlin “Mənim sehrli dünyam” filmi Azərbaycan Kinoşünaslar və Kinotənqidçilər Gildiyasının Mükafatlarının ikinci müsabiqəsində iki əsas mükafata layiq görüldü. Film “kök mifləri və sivilizasiyanın ilkin impulslarını modern Azərbaycan təhkiyəsinə çevirərək, yerlilik və bəşərilik arasındakı sərhədləri uğurla pozduğuna görə” “Ən yaxşı film”, “İşıq və qaranlıq, hekayələr və obrazlar arasında çoxqatlı və çoxperspektivli münasibətləri bütöv dramaturji strukturda nəql edə bildiyinə görə” isə “Ən yaxşı ssenari” kateqoriyasında mükafat qazandı.

Mükafatların əsaslandırmasında vurğulanan dərinlik filmin fərqli tənqidi prizmalardan təhlilinə geniş imkanları ifadə edir. Şübhəsiz ki, “Mənim sehrli dünyam” çoxqatlı struktura malik olduğu üçün başqa interpretasiyalara və fərqli oxunuş “eynəklərinə” də açıqdır. Biz isə bu yazıda filmi məhz onun “kök mifləri” ilə səsləşən qatı üzərindən, mifoloji-arxetipik prizmadan oxumaq yolunu seçirik. Bu oxunuş modelinə keçmək üçün isə, ilk növbədə, milli nağıl və inanc sistemimizdə suyun, çayın və onun çevrəsindəki mifik varlıqların tutduğu yerə nəzər salmaq lazımdır.


Azərbaycan nağıllarında çayın qabağını kəsən əjdaha obrazı var. Əvvəla, onu deyək ki, mifologiyamızda çayın özü xaosa məxsus varlıqların yerləşdiyi məkan kimi qəbul olunur.[1] Məsələn, “çay nənəsi” türk və Azərbaycan mifologiyasında su ilə bağlı mifik varlıqdır. O, demonoloji (şeytani ruhlarla bağlı) mahiyyət daşıyır. azərbaycanlıların inanclarına görə, Çay nənəsi çayda və ya su kənarlarında yaşayır.[2] Çayın qabağını kəsən əjdaha da belə varlıqlardandır. Əjdaha qaranlıq və yeraltı dünya, meşə, dağ, müqəddəs ağacın altı, eləcə də tilsimlənmiş məkanlar kimi sirli yerlərdə təsvir olunur. Lakin bu məkanlar arasında çay, bulaq, dəniz və ada kimi su hövzələri xüsusi yer tutur. Əjdaha həmin məkanlarda çox vaxt keçidi bağlayan, tilsimlənmiş şəxsi və ya xəzinəni qoruyan mifoloji varlıq funksiyasını yerinə yetirir.[3] Başqa mifoloji ənənələrdə də əjdahanın əsas funksiyalarından biri sadəcə məhv etmək deyil, sərhəddə dayanmaq və keçidi nəzarətdə saxlamaqdır. O, insanla başqa bir aləm, adi dünya ilə sirli məkan, susuzluqla su, arzu ilə ona çatmaq arasındakı maneə kimi çıxış edir. Bu səbəbdən əjdahanın qoruduğu xəzinə və ya tilsimlənmiş məkan qədər, onun qarşısını kəsdiyi yolun özü də mifoloji baxımdan əhəmiyyət daşıyır. Əjdaha keçidi bağlayaraq insanı olduğu yerdə saxlayır və onun başqa dünyaya keçməsini şərtləndirir.

Ümumiyyətlə, Şərq və Qərb mifologiyalarında əjdaha arxetipi müxtəlif funksiyalar daşıyır. Məsələn, Hind-Avropa mifologiyasında (Veda mətnlərindəki Vritra kimi) əjdaha suları özündə həbs edən varlıq, Qərb nağıllarında isə mağarada qızıl xəzinəni qoruyan qorxulu məxluqdur. Azərbaycan və ümumtürk nağıl ənənələrində isə əjdahanın suyun başını kəsməsi birbaşa həyatın, axının və zamanın hərəkətini dayandırmaq deməkdir. Burada əjdaha elin-obanın su yolunu kəsir, cəmiyyəti qurban verməyə məcbur edir və həyatın təbii axarını dondurur.


Məhz bu yazının məqsədləri üçün biz əjdahanın bu “kəsən, qapayan, bağlayan, tilsimlənmişi qoruyan” funksiyasını əsas götürəcəyik. Həm də apardığımız analogiyada nəzərə alaq ki, azərbaycanlı üçün bu əjdaha mifoloji məkanlarda yaşayan başqa əjdahalara bənzəsə də, özünəməxsusdur. Bəs bu əjdaha “Mənim sehrli dünyam”da kimdir?

Qısaca cavab versək, bu əjdaha mühitdir. ­­Bu mühit-əjdahanın filmdə necə işlədiyini, yolları hansı mexanizmlə bağladığını görmək üçün isə rejissorun təhkiyə üslubuna və hadisələrin cərəyan etdiyi müstəviyə baxmaq lazımdır. Çünki Elvin Adıgözəl mühitin boğucu təsirini mürəkkəb ifadələrlə yox, məhz personajların monoton gündəlik həyatı üzərindən görünən edir. Elvin Adıgözəlin yaradıcılığı üçün xarakterik olan sadə təhkiyə bu filmdə də qorunur. Rejissorun 2013-cü ildə Rüfət Həsənovla birgə ərsəyə gətirdiyi “Buqələmun” filmində əyalətdəki adi ev alqı-satqısı işığında gənclərin məişət qayğıları, düşdükləri mühitin onlara təsiri əks olunurdusa, “Mənim sehrli dünyam”da da müəllif öz dəst-xətinə sadiq qalır. Süjet monoton gündəlik həyatın içərisində cücərən sadəlövh xəyallar ətrafında hörülür. İstedadlı əyalət müğənnisi və xəyalpərəst Babək (Kamil Nazim) öz ansamblı ilə darıxdırıcı kənd toylarında, nimdaş əyalət kafelərində çıxışlar edir. Lakin onun ən böyük arzusu “Baku Star Show” televiziya verilişinə qatılaraq paytaxtda parlamaqdır. Bunun üçün ilk növbədə klip çəkdirməli olan Babək maliyyə tapmaqda çətinlik çəkir. O, sərt xarakterli anasını lombarddan kredit götürməyə yola gətirsə də, əlinə keçən vəsaiti qumarda uduzur. Bu ərəfədə Babəkin uşaqlıq dostu, ansamblın bəstəkarı və meneceri olan Sahil (Cahangir Məlik) ön plana çıxır. Hadisələrə daha praqmatik yanaşan Sahil dostundan maddi köməyini əsirgəmir. Bununla belə, Sahilin içində dostu Babəki onun yeni sevgilisi cazibədar ofisiant Zərif (Kəmalə İsrafilova) ucbatından itirmək qorxusu getdikcə böyüyür. Artan psixoloji gərginlik nəticəsində qəfildən qarşıdurma yaranır. Lakin bu faciəvi məqam hadisələrin nə kulminasiyası, nə də həlledici nöqtəsi olur. Rejissor əsas diqqəti Sahilin öz günahı ilə üz-üzə qalmasına və bu dəhşətli dönüşün yaratdığı dərin mənəvi boşluğa yönəldir.[4] Bu mənəvi boşluq təkcə fərdi psixoloji durum kimi qalmır, filmin bütün toxumasına hopmuş ritmik motivə, “kəsmək” və “yol bağlamaq” aktına çevrilir. Hadisələr Kür çayının sahilində, Sabirabad rayonunda baş verir. Filmboyu mütəmadi kəsmələrə, yol bağlamalara şahid oluruq. Babəkin anası (Zemfira Əbdülsəmədova) oğlunun Zəriflə münasibətini qırmağa çalışır. Sahil Babəkin Bakıya yolunu bağlamaqda israrlıdır. Zərifin Babəklə xoşbəxtlik yoluna başlamasını da qətiyyətlə istəmir və o bunlara nail olur. Eləcə də daha sonra üzvü olduğu ansamblın da uğur yolunu öz zəif ifası və yersiz səsləndirdiyi pafoslu şeiri ilə bağlayır. Qrupdan kənarlaşdırılır, nəhayət, fərdi olaraq öz yolunu da qapayır. Sahil bu mənada mühitin əjdaha simasındakı mücəssəməsidir. Bu əjdaha elə Kürün sahilidir.


Mükafatın əsaslandırmasındakı “yerlilik və bəşərilik arasındakı sərhədlərin pozulması” məqamı da zamanın, yaddaşın və psixoloji bağların təsvirində özünü göstərir. Filmdə ara-sıra görünən uşaqlıq xatirələri lokal əyalət əhvalatını universal insan dramına – itirilmiş saflıq və nostalgiya müstəvisinə keçirir. Burada belə sual yarana bilər: Sahilin addımlarının arxasında Zəriflə Babəkin münasibətinə qarşı romantik qısqanclıq dururmu? Biz filmdə belə məişət qısqanclığını görmürük. Uşaqlıqda birgə mahnı oxuduqları anların xatırlanması Sahilin nostalgiyasıdır. Onun öz arvadı ilə söhbətindəki paralellik xüsusilə diqqətəlayiqdir, Babəkin Zərifə dediyi “Sən mənim ürəyimsən” cümləsinə üstüörtülü işarə ilə, Sahil həyat yoldaşına “Babək mənim ürəyimdir, biz uşaqlıqdan bir yerdə böyümüşük” istinad verir. Sahil üçün Babək qorunmalı sonuncu uşaqlıq adasıdır. O, Babəki saf məhəbbətlə yanında saxlamaq və sadəcə uşaqlıqdan gələn birgə ümidlərlə yaşamağa davam etmək istəyir. Sahil, əjdaha suyun qabağını tutan kimi Babəkin arzularının gerçəklik yolunu tutub onun daimi ümid içində qalmasını istəyir.


Sabirabadın sehri, yaxud tilsimi budur. Müəllif bu sehri tamaşaçıya çatdıra bilib. Heç şübhəsiz, bu Azərbaycanın başqa bir əyaləti olsa idi də, müəllif bunu bacaracaqdı. Biz bunu “Biləsuvar”dan bilirik (2020). Aydın duyulur ki, müəllif öz yerinin gerçək hadisələrini, lap elə hadisəsizliyini maraqsız və mənasız hesab etmir. Buna görə də başqa yerlərin dərdlərini öz yerinin kontekstinə bağlamaq cəhdinə ehtiyac duymur. Əksinə, bu darıxdırıcılıq ona maraqlı gəlib, demək istədiklərini “yeni dil” iddiası ilə səfsətələrə boğulmadan deyib. Hətta filmdəki epizodik oyunu ilə mühitin tanış, gündəlik bayağılığını belə ucuzlaşdırmadan təbii şəkildə təqdim edə bilib (bu mənəda “Buqələmun”dakı Rəfini yada salmaq olar). Çünki o, baxdığı mühitə kənardan gələn yad kimi yox, tam içəridən baxır.


Filmdə işıq Babəkin musiqiyə, paytaxta, Zərifə və gələcəyə bəslədiyi sadəlövh xəyallardırsa, qaranlıq Sahilin daxilindəki itirmək qorxusu, sahilə çökmüş durğunluq və mühit-əjdahanın kölgəsidir. Elvin Adıgözəl bu iki qütbü qara-ağ qarşıdurma kimi vermir, işıqla qaranlığı personajların daxili ziddiyyətlərində və əyalətin monoton gündəliyində bir-birinə hopdurur. Sahil klassik “bədniyyət düşmən” deyil. O, uşaqlıq nostalgiyasına sığınan, dostunu öz yanındakı saf adada saxlamaq istəyən, lakin eyni zamanda düşdüyü mühitin “yol bağlayan” amansız mexanizminə çevrilən faciəvi fiqurdur. Sahil Babəki itirməmək üçün onun yolunu bağlayır, amma bununla həm Babəkin, həm Zərifin, həm ansamblın, nəhayət, özünün yolunu bağlayır. Beləcə, nağılın çay başında dayanan əjdahası müasir Azərbaycan təhkiyəsində insan surətinə girir. Əjdaha artıq çayın qabağında dayanıb suyu kəsmir, insanın arzusunun, hərəkətinin və gələcəyə keçidinin qabağını kəsir. Çay isə yenə axır.

Ceyhun Əsədov


[1] Hüseynova, Aynur Məhəmməd qızı. “Azərbaycan nağıllarında su obrazları”. https://www.researchgate.net/publication/372051733_Nagillarda_su_obrazi/link/64a31015c41fb852dd4b8a02/download?_tp=eyJjb250ZXh0Ijp7ImZpcnN0UGFnZSI6InB1YmxpY2F0aW9uIiwicGFnZSI6InB1YmxpY2F0aW9uIn19

[2] “Türk mifologiyasında Çay nənəsi nədir?” TurkicWorld, 29 iyul 2023

[3] Bayrakdarlar, Tuğba. “Azerbaycan Masallarında Ejderha Motifi”. Gazi Türkiyat, № 33, 2023, s. 37–59.

[4] Hristova, Mariana. “Sehirli dünyada nələr baş verir?” KinoYazar. Tərcümə: Afaq Yusifli

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya