Laura Malvey: Qadınların erotik obyekt, ya da ailənin dayağı kimi təsviri eyni medalın iki üzüdür

Bu il altıncı dəfə keçirilən «Sevil» Beynəlxalq Qadın Sənədli Film Festivalı kinosevərlər üçün akademik və rejissor Laura Malveylə onlayn ustad dərsi təşkil etmişdi. Malvey, “Vizual zövq və sujetli kino” (“Visual Pleasure and Narrative Cinema”) adlı məqaləsi ilə kino nəzəriyyəsində əhəmiyyətli yeniliyə imza atmış mütəxəssisdir. O öz məqaləsində Freyd və Lakanın nəzəriyyələrindən istifadə edərək filmlərə baxış tərzimizi feminist perspektivdən təhlil edir.
Kinoyazar.az Laura Malveylə müsahibəni təqdim edir.
-Siz Hollivud kinosunun patriarxal quruluşunu tənqid etmisiniz, feminist avanqard film strategiyalarının əhəmiyyətini vurğulamısınız. Patriarxal ənənələrin güclü olduğu Azərbaycan kimi cəmiyyətlərdə qadınları fərd olaraq təsvir etmək üçün rejissorlar hansı strateji yanaşmalardan istifadə edə bilərlər?
-1970-ci illərdən bəri, xüsusilə, sellüloiddən rəqəmsal texnologiyalara keçid kino və digər vizual media sahələrində böyük texnoloji dəyişikliklərə səbəb olub. Bu dəyişikliklər filmlərin istehsalı, yayım və nümayişi proseslərini köklü şəkildə dəyişdirərək 50 il əvvəl mövcud olmayan alternativ kino imkanlarını yaradıb. 1970-ci illərdə alternativ kino avanqard ənənələrlə sıx bağlı idisə, bu gün rəqəmsal texnologiyalar daha çevik estetik, narrativ yanaşmalara yol açır. Qadınlar artıq təkcə öz gündəlik reallıqlarını əks etdirən filmlər çəkmir, həm də tarixən kişi rejissorlar tərəfindən laqeyd yanaşılan və ya dəyərsiz sayılan hekayə formalarını araşdıra bilirlər.
-Klassik Hollivud filmlərində qadın obrazları çox zaman “baxmaq üçün nəzərdə tutulmuş obyekt” kimi təqdim olunurdu. Azərbaycan kinosunda isə qadınlar çox vaxt “əxlaq meyarı” və ya “ailənin dayağı” kimi kodlaşdırılır. Sizcə, bu təqdimatlar eyni dərəcədə problemlidirmi?
-Əslində, qadınların kinoda erotik obyekt kimi təsviri ilə onların mənəvi və ya ailə dayağı kimi təqdimatı arasında olan ziddiyyət eyni medalın iki üzünü əks etdirir: biri kapitalist, istehlak yönümlü mədəniyyətin, digəri isə konservativ və çox vaxt dini dəyərlərə əsaslanan sistemlərin məhsuludur — hər ikisi kişi hakimiyyətinə əsaslanır. Məhz bu cür məsələlər feminist nəzəriyyə və tənqid tərəfindən müvafiq filmlərin konkret nümunələri üzərindən təhlil edilməli və müzakirə olunmalıdır. Yəni, “Vizual zövq və sujetli kino”nun analizində olduğu kimi. Lakin bu dəfə fərqli, amma onunla əlaqəsi olan bir stereotipi araşdırmaqla.
– Məhdud resurslara malik ölkələrdə feminist baxış bucağını film istehsalına necə tətbiq etmək olar?
-İlk suala verdiyim cavabda da qeyd etdiyim kimi, bu gün məhdud resurslarla film çəkməyin bir çox yolu mövcuddur. Lakin əsas sual qalır: bir ölkə beynəlxalq mədəniyyət kontekstində – xüsusilə də, qlobal tanınan kino vasitəsilə – özünü necə təqdim etmək istəyir?
Məsələn, 1990-cı illərin İran kinosuna baxmaq maraqlıdır… “Yeni İran kinosu”nun tanınmış adlarından əlavə, bir sıra qadın rejissorlar da dövlət tərəfindən maliyyə dəstəyi alırdılar və nəticədə İran, qadın rejissorları dəstəkləyən aparıcı ölkələrdən birinə çevrildi.
-Gənc rejissorlar və sənədli film istehsalçıları “vizual zövq” nəzəriyyənizdən praktik olaraq necə faydalana bilərlər?
-Mənim arqumentim, əsasən, müəyyən bir dövrün (studiyalar sisteminin) Hollivud kinosundan qaynaqlanırdı – sənaye yönümlü, populyar və kommersiya xarakterli kinodan. Bu arqument heç vaxt kinonun bütün müxtəlif üslub və ifadə formalarını əhatə etmək məqsədi daşımırdı. Lakin bu arqumentin məqsədi kinonun güc və zövqlə bağlı dominant “baxış” forması ilə – yəni kameranın baxışı ilə – daxili əlaqəsini dərk etdirmək idi.

-Siz qeyd etmisiniz ki, kinematoqrafik texnikalar – kamera bucağı, montaj, işıqlandırma kişilərin baxış bucağı ilə idarə olunur. Bu baxışı sarsıtmaq üçün hansı konkret vizual strategiyaları təklif edərdiniz?
-1970-ci illərdə biz “müxalif-kino” (counter-cinema) anlayışı ilə işləyirdik – yəni dominant kino konvensiyalarına birbaşa qarşı çıxmaq, onları inkar etməklə mübarizə aparmaq. Lakin bu gün qadın rejissorlar üçün əsas prioritet öz təcrübələrini kino dili vasitəsilə ifadə etməyin yollarını araşdırmaqdır. Bu fərdi, yaşanmış təcrübələr labüd şəkildə mövcud kino konvensiyalarından uzaqlaşmağı tələb edir. Bu isə yeni ritmlər, baxış bucaqları, başqa önəmli məqamlar yaradır və nəticə etibarilə filmin vizual dilinə birbaşa təsir göstərir.
-Bu günün tamaşaçısı klassik Hollivud tamaşaçısından fərqlidir. Cinsiyyət rollarının daha kəskin olmadığı bir dövrdə “vizual zövq” anlayışı da dəyişibmi?
-Yenə də, məsələ yalnız tamaşaçının fərqli olması deyil – rəqəmsal texnologiyanın sayəsində indi tamaşaçı növləri də çoxşaxəlidir. Mən “Vizual zövq və narrativ kino”nu elə bir dövrdə yazmışdım ki, filmlərə yalnız kinoteatrlarda, qaranlıq zalda baxmaq mümkün idi. İndi isə tamaşaçı filmin axışına müdaxilə edə bilir – dayandırmaq, yavaşlatmaq, təkrar izləmək və s. Bu şəraitdə əvvəlki cinsiyyət identifikasiyaları öz aydın sərhədlərini itirir. Rəqəmsal dövrün tamaşaçısı “Vizual zövq” konsepsiyasını aşır və bu cür eksperimentlər vasitəsilə yeni vizual zövqlər kəşf edə bilir.

-Azərbaycan kinosunda qadın rejissorların sayı çox azdır. Bu vəziyyəti dəyişmək üçün təhsildə və kino qurumlarında hansı dəyişikliklər edilməlidir?
-Qısaca desək, birinci: Təhsil və kino qurumları anlamalıdırlar ki, bu gün hətta tanınmış rejissorlar da filmlərini telefonla çəkirlər. Yeni texnologiyaların verdiyi çeviklik, qeyri-rəsmi imkanlar və fərdi yanaşmalar kino yaradıcılığında maksimum istifadə olunmalıdır. İkinci: Bununla yanaşı, film icması hökumət və digər mədəni qurumlara təzyiq göstərməlidir ki, filmin beynəlxalq arenada milli kimliyin formalaşmasında və təqdimatında mühüm rol oynadığını dərk etsinlər. Bu isə qaçılmaz olaraq cəsarətli təşəbbüslərin — bu gün üçün, bəlkə də qadınların təşəbbüslərinin dəstəklənməsini tələb edir. Belə təşəbbüslər vasitəsilə milli mədəniyyət öz dövrünün əsas məsələlərinə əks-səda verə bilər.
Aynur Kazımova