Ekranlaşdırma: “Ondan yaxşı qardaş yox idi”

Atama ithaf edirəm
Bəzi ədəbiyyatşünasların və əsl nəsrin nə olduğunu bilən insanların qənaətinə görə, atamın “Ondan yaxşı qardaş yox idi” əsəri dünya ədəbiyyatında hadisə sayıla bilər. Sözügedən povest “Novıy mir” jurnalının 1973-cü ildəki onuncu sayında işıq üzü görmüşdü. O vaxt səkkiz yaşım var idi. Bu əsəri məhz mənim ekranlaşdırmamı arzulayırdı atam. Bunu dəqiq bilirdim, çünki bu barədə özü mənə demişdi.
Atamın həyatımdakı yerini dərk etdiyim andan etibarən, erkən uşaqlıq dövrümlə bağlı təhtəlşüurumun dərin qatlarında uyuyan görüntü və xatirələr fonunda atam Maqsudu mən öz Tanrım kimi dərk etmişdim. Bu təəssürat bütün ömrüm boyu davam etdi.
Dəqiq xatirimdədir: hələlik ayaq açıb-yerimədiyim üçün mən atamın mənzilində döşəməyə sərilən iriölçülü qrizli ayısının xəzi üzərində iməkləyirəm. Xəzdə ayının dırnaqları da var və bunların hər biri elə mənim ovcum boydadır. Qrizli ayıları çox təhlükəli heyvan sayılırlar. Bu xəzi atam Şimal bölgələrinə ekspedisiya zamanı əldə edibmiş. Budur, mən atamın ov qənimətinin üzərində iməkləyirəm, şirin ətrinə alışdığım siqarın yuxarılara doğru yüksələn dalğalarının arasından isə Tanrım məni süzür.

Tanrım tamamilə bəxtəvər halda dünyanı süzür, mən isə bu xoşbəxt kosmosun bir parçasıyam: bunu dəqiq bilirəm, çünki bu barədə atamın özündən eşitmişəm.
Tanrım nəhəng birisiydi, kərgədan qədər güclü idi, Tanrımın başı daz idi, Tanrımın bığları vardı, Tanrımdan odekolon qoxusu gəlirdi, həmin odekolonun markasını mən hələ də başqalarından daha üstün tuturam.
Çevrəsini ətirli tüstü dalğalarının bürüməsinin səbəbi isə onun siqar çəkməsi idi. Tütün yarpaqlarından eşilib hazırlanan o siqarın üzərində kağızdan qurşaq var, tərbiyə görmüş insan kimi atam növbəti siqarını yandırmazdan əvvəl, adətən, o qurşağı açır. Siqarın közərən ucu isə avtomobillərdəki xüsusi alışqanları xatırladır.
Şəhərimizdə atamdan başqa heç kəs siqar çəkməzdi, ən azından, mən o vaxt belə birinə rast gəlməmişdim. Adətən, kovboylar və qanqsterlər siqar çəkirlər, onları isə atamın məni yanına salıb apardığı “Dənizçi klubu”nda nümayiş olunan köhnə amerikan filmlərində görmüşdüm. Siqar qutularından ibarət kolleksiyam sinif yoldaşlarımın həsəd və qibtə hədəfinə çevrildiyindən özümü xoşbəxt adam sayırdım. Bunların arasında taxta və metal qutulara daha çox rast gəlirdik, siqarın ətrini tam qoruduğu üçün atam məhz taxta qutulara üstünlük verirdi. Onların üzərindəki təsvirlər də daha rəngarəng və gözoxşayan olurdu. Adətən, orada aşiq Romeonu görərdin: o, çox hündür olmayan məhəccərin balyustradası üzərindən öz sevgilisi Cülyettaya doğru uzanırdı. Qutuların üzərində başqa mövzularda təsvirlərə də rast gəlirdik, amma bunların hamısının ətrafında bir qayda olaraq qızıl medallar düzülürdü. Bakıda buna bənzər ikinci kolleksiya əmioğlum Farikdə (Fərhad) var idi.
Cavan vaxtlarında boksla məşğul olan atam, ümumiyyətlə, siqaret çəkməzmiş. Tütünə sonradan qurşanıbmış.
Zərərli sayılan bu vərdiş isə onda, Kuba inqilabının lideri Fidel Kastronun təsiri altında yaranmışdı. Atam yetərincə iri cüssəli idi və bu özəlliyi ilə ətrafımdakı insanların əksəriyyətindən seçilirdi. O, şəhərimizin ağır çəkidə çempionu da olmuşdu. Dəli-dolu insan sayılırdı. Kim isə öz cızığından çıxanda həddini bildirməkdən ötrü atam onunla əlbəyaxa dalaşırdı. Hələ milis şöbəsinə də aparılmışdı. Bəzən sözügedən davalar vaxtı kiçik qardaşı Rüstəm də ona qoşulurdu.
Əmim Rüstəm də ağırçəkili boksçu idi. Atam qədər çılğın olmasa da, nadir hallarda, həm də içinə düşdüyü vəziyyətlə bağlı o da eynilə atam qədər aqressiv davrana bilirdi. Şəhərdə kriminal vəziyyət qənaətbəxş olmadığı dövrlərdə bu iki qardaş vaxtaşırı dava-dalaşa qatılırdılar, həm də baxmazdılar o yer dalaşmaq üçün əlverişlidir, yoxsa hansısa restoran, rəqs meydançası, qatar vaqonu, vağzal, avtobus, ya da adicə küçədir.

Onların arasındakı dərin bağlılıq atamın bir müddət sonra qələmə alacağı, mənim isə çox sonralar ekranlaşdıracağım kitabın personajı olacaq qardaşlar arasındakı münasibətdən zərrəcə fərqlənmirdi.
Rüstəm əmim qardaşı Maqsudu və məni hədsiz dərəcədə sevirdi, atam isə qardaşı Rüstəmə və onun oğlu Farikə ürəkdən bağlı idi. Amma dünyada ən çox atam məni sevirdi. Bunu dəqiq bilirdim, çünki bunu mənə özü etiraf etmişdi.
Bir dəfə atam, Rüstəm əmi, Farik və mən taksidə gedirdik. Aradan xeyli vaxt ötdüyündən hara və hansı məqsədlə getdiyimiz artıq yadımdan çıxıb. Onda mənim və qardaşım Farikin təqribən beş yaşımız olardı. Dəqiq xatirimdədir: ipindən tutduğum qırmızı şar maşının pəncərəsindən bayıra uzanaraq havada ora-bura yellənirdi.
O narahatlıq dolu dövrdə şəhərin küçələrində hər cür avara-dələduz dəstələri dolaşırdı. İmkanlı adamlardan pul qoparan bu nakəslərə heç kəs baş qoşmurdu. Həmin gün mənim üfürmə şarım da o cür dəstələrdən birinin hədəfinə çevrildi. Mindiyimiz taksi işıqforun qırmızı işığında dayananda, dediyim o avara cavanlardan biri yolu keçərkən yaxınlaşıb siqaretini mənim şarıma toxundurdu və şar… partladı. Hər halda bu qaba hərəkətdə gülməli bir məqam gördükləri üçün həmin dəstədən, qəflətən, həm də ədabaz bir hırıltı qopdu.
Amma bu hırıldaşma çox sürmədi. Maşınımızın qapıları açıldı, ön oturacaqda əyləşən atam ilə sürücünün arxasındakı yerdə oturan Rüstəm əmim maşından düşdülər. Atam hələ də siqarını tüstülədirdi və burularaq havaya qalxan ətirli tüstü kino çəkilişlərində istifadə olunan saxta tüstünü xatırlatdığından yaşanan bu mənzərəyə xüsusi gözəllik, təkrarsız ovqat qatırdı. Atam siqarını ağzından çıxarmadan o həriflərə üç dənə sərrast nokaut zərbəsi, Rüstəm əmi isə bir təmiz nokaut və iki dənə də dərin nokdaun zərbəsi endirdi.
Bu qısa müddətdə baş verən hadisəyə mən sanki sürətli rejimdə tamaşa edirdim. Tezliklə qırmızı işıq sarı ilə əvəzləndi, yaşıl işıq yanana qədər isə bu iki qardaş tələsmədən geri qayıtdı, üzərinə azacıq qan sıçramışdı. Taksidə öz yerlərini tutdular və biz yolumuza davam etdik. Xuliqanlar isə onlar üçün nəhs sayılacaq o yol kəsişməsində, asfaltın üstündə tirtap düşüb qaldılar. Əmioğlum Fariklə birlikdə biz sonralar bu heyrətamiz olaydan bir-birimizə ağızdolusu, həm də dönə-dönə bəhs edəcəkdik.
Həmişə atama oxşamağa çalışırdım, hətta onun yerişini də yamsılayırdım – qəddimi bir az önə əyir, dirsəklərimi gövdəmdən aralı tuturdum, çünki güclü bazularımın onları məhz o şəkildə tutmama imkan verəcəyindən tam arxayın idim. Bu davranışlarım Farikin mənimlə vaxtaşırı məzələnməsinə, məni yamsılamasına əsas verirdi, hərçənd buna görə mən ondan zərrəcə inciməzdim: axı, əmioğlum Farik mənim ən yaxın həmdəmim idi. Sonralar mən də, atam kimi, boksla məşğul oldum və o özü məni “Dinamo” cəmiyyətinin boks seksiyasına apardı, orada atamın dostu, “Yakut” ayamalı keçmiş boksçu Yevgeni Nikolayeviç məşqçi işləyirdi.
Mən hələ yeniyetmə olanda bu “Yakut” altmış kiloqrama qədərki idmançılar arasında SSRİ prizinə layiq görülübmüş və parlamağa başlayan bir boks ulduzu sayılırmış. Amma avtoqəza zamanı aldığı xəsarət təkrar rinqə çıxmasına maneçilik törətdiyindən o, məşqçi olmaq qərarına gəlibmiş. “Yakut” şəhərimizin əsl boks əfsanəsi idi və mənə, öz dostunun oğluna yumruq savaşının sirlərini öyrədirdi. Amma mən idmanda elə də böyük uğurlar qazanmadım: nəinki atam kimi şəhər çempionu oldum, hətta şəhər miqyaslı yarışlara da qatıla bilmədim. Bundan hədsiz dərəcədə məyus olduğumu görəndə, mənə təsəlli vermək üçün atam müdrik sözlərini işə saldı.
Olimpiya növlərindən sayılan bu qədim və nəcib idmanın ən başlıca cəhəti ondadır ki, məşqlər əsnasında idmançının üz-gözünə vaxtaşırı endirilən zərbələr gələcəkdə, həm də gündəlik həyatda alacağı digər zərbələrə qarşı onun psixoloji dözümünü artırır. Boksla məşğul olan adam sifətinə endirilən zərbədən əsla sarsılmır və həmişə cavab zərbəsi üçün hazırlıqlı olur. Bu fikri də mənə atam özü aşılamışdı.
Sonralar üz-gözümə nə qədər zərbələr vurulsa da, mən heç vaxt çəkinmədim: əlbəttə, dərin nokauta düşdüyüm məqamları çıxmaq şərtilə – həmişə, hər yerdə qarşımdakının cavabını verdim.
Rüstəm əmim deyirdi ki, atamı görüncə, mən bir Toplan qədər xoşhallanıram. Heç şübhəsiz, ona bir Tanrı qədər tapındığımı vurğulamaq daha doğru olardı, amma Rüstəm əmimin gəldiyi qənaət də haqlı sayılmalıydı.
Rüstəm əmimin qardaşına bəslədiyi sonsuz sevgi və ehtiram bir baxıma atamın yazdığı və mənim də ekranlaşdırdığım “Ondan yaxşı qardaş yox idi” povestində Simurqun böyük qardaşı Cəlil müəllimə bəslədiyi hisslərdən əsla fərqlənmirdi. Başqa cür ola da bilməzdi.
Atam qadınları qiymətləndirməkdə misilsiz sərraf və bilici idi! Çoxşaxəli qadın təbiətilə bağlı dərin bilikləri sayəsində atam Venesiyada keçirilən gözəllik müsabiqəsində hətta xüsusi mükafat da almışdı. Bunun necə baş verdiyini mən dəqiq bilirəm, çünki bu barədə atam özü mənə danışmışdı.
Bir dəfə Venesiyada ikən atam gözəllik müsabiqəsində münsif olmaq barədə təklif alır. Ona suların qoynunda salınmış bu əsrarəngiz şəhərin ən gözəl, ən ləyaqətli qızının güzəştsiz bir şəkildə seçilməsi barədə qərar çıxarmaq tapşırılır. Venesiya öz gözəllərilə məşhur olduğu üçün dəqiq bir qərara gəlmək çətin məsələ imiş, çünki yerli xanımlar öz zahiri görkəmlərilə yanaşı, parlaq zəkaları ilə də tanınıblar, onlar ədəbiyyat, coğrafiya və dəqiq elmlər barədə də yetərincə geniş biliklərilə seçilirlər.
Mərhələlər üzrə keçirilən yarışmada hər dövrənin sonunda xanımlara sıfır ilə on arasında dəyişən xallar verilirmiş.
Gözəllik müsabiqəsinin başlanğıc mərhələsi “İntuitiv söhbət” adlanırmış, burada xanımın oxuduğu mətnə və ən müxtəlif suallara cavab verərkən onun səsində yaranan çalara görə jüri heyəti həmin iddiaçının hansı daxili gözəlliyə sahib olduğuna qərar verməliymiş.
Təbii ki, xanım daxili məntiqə əsaslanıb suallara cavab verməliydi, bu isə hər iştirakçıya nəsib olmurmuş. Xanımlardan biri, həm də hədsiz gözoxşayanı, ona ünvanlanan sualların heç birinə cavab verə bilmir. Çünki deyib-gülməyi sevən bu qız hər müraciət zamanı qapıldığı isterik qəhqəhələr ucbatından sualları cavabsız buraxırmış. Elə bu səbəbdən də tezliklə o, yarışmanı tərk etməyə məcbur qalır. Qalan iyirmi doqquz qız isə sınaqlardan çıxmağı bacarır və təxminən, eyni səviyyədə xal toplayır. Jüri üzvləri onların çıxışlarını dörd ilə altı arasında dəyişən xallara layiq görür.
Müsabiqənin bu ilk dövrəsində atam iştirakçılardan birini ən yüksək xal sayılan on bala layiq görür. Qadın gözəlliyinin tanınmış biliciləri və qiymətləndirmədə obyektivliyi hər vəchlə qorumağa çalışan jüri üzvləri atamın bu gözlənilməz hərəkətinə heyrətlənir və qismən çaşqınlıq da keçirirlər.
Müsabiqə isə davam edir. Yarışma iştirakçıları növbəti mərhələdə musiqi müşayiəti olmadan öz vokal bacarıqlarını jüri və tamaşaçılar qarşısında nümayiş etdirməli, təkbaşına qısa bir rəqs ifa etməli, uzun ətəkli ziyafət geyimində podium boyunca şəstlə var-gəl eləməli, sonra isə bədənlərindəki ən cüzi qüsuru da ortaya çıxaracaq bikinidə səhnədən keçməli idilər.
Atamın hələ ilk mərhələdə, əsl uzaqgörənliklə bəyəndiyi iştirakçı qız yarışın bütün mərhələlərini geridə qoyaraq, qalib seçildiyi zaman oradakı hər kəs dərin heyrət hissinə qapılır. Yaşanan güclü təəssüratın təsirilə jüri üzvləri mövcud reqlamenti pozaraq, “Jürinin ən sərraf üzvü” adlı xüsusi mükafat təsis edirlər və atamı ona layiq görürlər.

Jüri heyətindən biri aşkar qibtə hissiylə ondan soruşur:
– Axı, siz italyanca bilmirsiniz?
Atam gülümsəyərək:
– Siz bu qənaətdəsiniz?! – deyir.
O bilirdi ki, intuitiv söhbətə qoşulmaq və yarışmanın qalibini öncədən, sırf fəhmlə təyin etməkdən ötrü italyan dilini bilmək vacib deyil. Yeri gəlmişkən, elə mən də, atam kimi, heç bir xarici dil bilmirəm.
O vaxt çəkilən fotoların birində Venesiya şəhərinin həmin o gözəl qızı, əyninə mini ətək geyinən, çiyninə “Venesiya gözəli” titulu yazılan lenti salan o sarı saçlı, iri gözlü xanım atama öz səmimi təşəkkürünü bildirir, çünki məhz onun seçimi həm jürinin yekun rəyini, həm də şəkildəki qızın taleyini fərqli bir məcraya salmışdı.
Üzərinə latın dilində “Daxili məğzi görənə” sözləri yazılmış, al qırmızı rəngli Venesiya şüşəsindən hazırlanmış kuboku da atama məhz o qız təqdim edibmiş.
Onda cəmi üç yaşım var idi. Həmin kuboku atam öz kitab rəfində saxlayırdı. O cür mükafata layiq görülməyi mən bütün ömrüm boyu arzulamışam!
Həmin əhvalatın məğzində mənim kino sənətinə marağım və şüuraltı səviyyədə ona can atmam dayanırmış. Bununla bağlı mən atama səmimi etirafımı elədim, o da mənə söz verdi ki, peşə-sənət seçimində hansısa ötəri məqamlara əsaslanmaq ayıb-filan sayılmır və bu cür həvəs, heç şübhəsiz, gec-tez öz bəhrəsini verəcək. Hə, atamın özü məni əmin eləmişdi!
İllər sonra, gələcəkdə, Venesiya festivalının “Gümüş şir” ödülünü aldığım zaman Rüstəm əmim buna hədsiz dərəcədə sevinmiş və demişdi ki, artıq özümü dünya kinematoqrafiyasının xadimi saya bilərəm. Atamın da sevincinin həddi-hüdudu yox idi, ancaq özümə toxtaqlıq vermədiyim üçün mən niyə qızıl yox, məhz gümüş mükafata layiq görüldüyümü onlardan soruşdum. Atam ciddi görkəm aldı. Özümə onunla haqq qazandırdım ki, qısametrajlı bir filmə olsa-olsa, gümüş mükafat düşər də. Atam bildirdi ki, əgər bu sahədə yetərincə çalışıb can qoysan, nə vaxtsa elə qızıl mükafatı da alarsan.
Uşaqlıqdan bəri atamı sevindirməyə can atdığım üçün böyüyəndən sonra da kino sahəsində aldığım mükafatları hər dəfə mütləq gətirib ona göstərirdim.
Atam özü də inanırdı ki, “Ondan yaxşı qardaş yox idi” povesti onun yazdıqlarının ən uğurlusudur.
Atamla əsla mübahisə etməzdim, amma onun əsərlərindən mənim ən çox bəyəndiyim “Truskavesə kim gedəcək?” idi. Həmin əsərdə atam küçədə qızla necə maneəsiz tanış olmağın üsulunu, bundan öncə isə asan ələ gələn qızın özəlliklərini öz oxucusuna öyrədirdi. Bu baxımdan əmioğlum Farik ilə mən sözügedən povesti əyləncəli, cinsi mövzuda bir əsər kimi dəyərləndirirdik.
O povesti hələ də sevgi haqqında oxuduğum ən təsirli əsər sayıram. Mən kino çəkməyin sirlərini öyrənənə qədər o povesti başqaları ekranlaşdıracaqdı.
Sonralar anladım ki, atam haqlı imiş. “Ondan yaxşı qardaş yox idi”ni özünün ən önəmli əsəri saydığı üçün mən povest əsasında çəkdiyim filmi ona göstərsəm də, bəzən buna görə heyifsilənirəm. Atam da, eynilə kitabın qəhrəmanı Cəlil kimi, öz kiçik qardaşı Rüstəmi sevir, onun uğurlarına ürəkdən sevinirdi, Rüstəm əmim isə, əsərdəki Simurq qədər, öz böyük qardaşı Maqsudu sevir, onunla öyünürdü. Qardaşlar heç vaxt öz oğullarını unutmur, həmişə onların qeydinə qalırdılar. Hər ikisinin eyni vaxtda ölmə ehtimalını nəzərə alaraq onlar öz aralarında bir razılığa gəlmişdilər və onun şərtlərinə həmişə, istənilən şəraitdə, həm də qeyd-şərtsiz riayət etmişdilər. Fariklə mən başsız qalmayaq deyə, atamla Rüstəm heç vaxt eyni təyyarədə uçmazmışlar, yəni aralarındakı razılaşmanı pozmurmuşlar. Heç vaxt eyni aviareysə bilet almayan bu qardaşlar vaxtaşırı harasa uçurmuşlar.
Onların həyat tərzləri böyük bir səyahəti xatırladırdı, pyesləri onlarla teatrda oynanılırdı, ssenariləri ən müxtəlif kinostudiyalarda ekranlaşdırılırdı, roman və novellaları ədəbi jurnallarda və ya ayrıca nəşrlər şəklində çap olunmaqla yanaşı, hələ xarici dillərə də tərcümə olunurdu. Tale bu qardaşlara çox nemət bəxş eləmişdi, ancaq onlar da talelərinə heç borclu qalmamışdılar.
Atamla Rüstəm əmi “Qoca və dəniz” əsərini çox bəyənir, bu povesti yüksək sənət əsəri sayırdılar. O hekayədə xeyli iri bir balıq ovlayan ahıl balıqçıdan və ondan balıqçı peşəsinin sirlərini öyrənməklə, özü də nə vaxtsa eynilə bu cür iri balıq tutmağı arzulayan oğlandan bəhs olunur. Sözügedən povesti ilk dəfə oxuduğum zaman mən onun dərin mahiyyətini tam anlamaqda çətinlik çəkmiş, adları qarışdırmış, hətta atamla söhbət əsnasında əsərin adını təhrif edərək “Qoca və balıq” şəklində dilə gətirmişdim.
Atam buna bir xeyli gülmüşdü, bu məqamı Rüstəm əmiyə və Farikə də danışanda onlar da uğunub getmişdilər. Mən də Farikə irad tutmuşdum ki, özün “Qoca və dəniz”i oxumamısan, ona görə də əsəri oxuyan, amma sırf yadında qalmadığı üçün onun adını fərqli şəkildə deyən dostuna gülməyə sənin haqqın çatmır. O da mənə dedi ki, sən də indiyədək “Kventin Dorvard”ı oxumamısan, ona görə də, şotland atıcısı Kventinin gözəl qrafinya de Kruaya bəslədiyi sevgidən yerli-dibli xəbərsizsən. Mən isə söz altında qalmayıb Farikə dedim ki, hələ də “Kapitan Bladın macəraları” ilə tanış olmadığı üçün o, cəsur pirat Bladın Arabella Bişopu necə hərarətlə sevdiyindən agah deyil.
Heminquey dünyadan köçəndən bir neçə il sonra atam Havanaya səfərə gedibmiş. Orada yazıçının yaşadığı evi görmək istəyib, ancaq Kubada inqilab təzəcə qələbə çaldığından həmin ev hələlik milliləşdirilməyibmiş və orada heç kəs yaşamırmış, yəni ev boş imiş. Sonralar atam vaxtaşırı təkrarlayırdı:
– Həə, o vaxt mən tərəqqipərvər amerikan yazıçısı Ernest Heminqueyin yaşadığı həmin evi görməyi hədsiz dərəcədə arzulayırdım.
Kubada ünsiyyət qurduğu hər kəs bu məsələdə ona yardım edəcəyini vəd edərkən bir qayda olaraq “manyana” sözünü işlədirmiş: bu isə ispanca “sabah” mənasına gəlir. Amma səhəri gün verilən vədlər unudulub-gedirmiş, heç nə dəyişmirmiş, təkrar yazarın evini görmək barədə arzusunu dilə gətirincə, atam yenə o “manyana” sözünü eşidirmiş. Əslinə qalsa, atam görməli yerlər və xatirə guşələriylə tanışlıq üçün elə də sinov getməzdi, ancaq qarşılaşdığı belə biganəlikdən ürəyi yamanca sıxılırmış. Artıq səfər müddəti bitmək üzrəymiş, amma atamın başını hələ də vərdiş elədiyi “manyana” vədiylə qatırmışlar.
Vətənə dönməzdən bir gün əvvəl Moskvadan gələn yazıçılarla Fidel Kastronun rəsmi protokol üzrə planlanan görüşü keçirilir. Görüş vaxtı çəkilən fotoları bəlkə qəzetlərdə görmək olar, ancaq həmin rəsmi qəbulda yaşanan kiçicik bir epizod barədə mətbuat heç nə yazmayıb.
Görüşün sonunda sırf nəzakət xatirinə Fidel Kastro qonaqlara bir sual ünvanlayıb və əvvəlcədən bilirmiş ki, buna cavab olaraq hər hansı istək-filan səslənməyəcək. Soruşub ki, hansısa arzularını gerçəkləşdirməkdə şəxsən özünün sovet yazarlarına köməyi dəyə bilərmi?
Bu məqamda atam dillənib:
– Əgər sizin üçün müşkül deyilsə, mən Heminqueyin evini görmək istərdim.
Komandante çiyinlərini çəkərək deyib:
– Bunun nəyi müşkülmüş ki?!
Sonra isə əlavə edib:
– Manyana.
Bu cavabı eşidən atam öz mənalı təbəssümünü gizlədə bilməyincə, Fidel maraqlanıb:
– Niyə gülümsədiniz ki?!
Atam vəziyyəti izah eləyib:
– Bilirsiniz, Komandante, bir həftədir sizin Azadlıq adasındayam, hər səhər Heminqueyin evini ziyarət etmək barədə istəyimi dilə gətirir və hər gün bu sehrli “manyana” sözünü eşidirəm. O kəlmə məndən ötrü artıq “Heç vaxt” mənasına gəlməkdədir.
Fidel anında eyhamı anlayıb, özünün ağappaq dişlərini göstərərək qəhqəhə çəkəndən sonra heç gözlənilmədən atamla birgə siqar çəkmək arzusunu dilə gətirib.
Fidel tütünün və ədəbiyyatın hədsiz düşkün biri olub. Atamla birlikdə prezident sarayının eyvanına çıxıblar, bürkülü havanı xəfiflədən iri sərinkeşin altında əyləşərək hərəyə bir “Koibe” siqarı çəkiblər. Həmin axşam Fidel Kastro atamı təkcə siqar çəkməyə alışdırmayıb, həm də ona bu qədim ənənə ilə bağlı xeyli maraqlı məqamlardan söz açıb. Bu səmimi görüşdən şirin xatirə kimi isə ona şəxsi siqar kolleksiyasından bir qutu hədiyyə edib. Ayrıldıqları zaman çiyninə toxunaraq Komandante o yığcam “manyana” sözünü təkrar dilinə gətirib.
Səhəri gün tezdən atamın qaldığı otağın qapısı astadan döyülüb. Qapını açanda kandarda mülki geyimli, amma pencəklərinin altındakı koburada “Kolt” markalı tapançaları olan iki nəfərin dayandığını görüb. Onlardan biri deyib:
– Sabahınız xeyir, sinyor Maqsud. Heminqueyin evinə ekskursiya əsnasında sizi müşayiət etməkdən dərin məmnunluq duyardıq.
İkinci kişi isə səsinə fərqli ifadə verərək bildirib:
– Əgər Komandante sizə “manyana” deyibsə, sözü – sözdür!
Atam təmkinlə siqarın üzərindəki kağız halqanı açıb: Fidel ona izah edibmiş ki, qarşısındakı adam bu cür bahalı bir həzzin arzusundadırsa, onu utandırmamaq üçün nəzakətli insan məhz belə davranmalıdır. Qutunun üstünə çəkməklə alışdırdığı kibrit çöpünü başıaşağı tutub, sonra isə üfürərək söndürüb. Yanmış kibrit çöpünü barmaqlarının arasında ovuşdurub, uc qism sivri hala gələndən sonra onu siqarın gövdəsinə sancıb. Fidel Kastro özü gilyotindən heç yararlanmazmış, deyirmiş ki, o cür vasitələr ucbatından siqarı formalaşdıran incə qatlar bir-birindən, tədricən, aralanmağa başlayır.
Heminqueyin okeanın sahilindəki evinin yanında dayanan atam əllə bükülən siqarını tüstülədib: Kastronun dediyinə görə, kubalı qadınlar tütün yarpaqlarını öz kök budlarının üstündə eşdikləri zaman siqara çökən tər qoxusu ona xüsusi və təkrarsız bir tam qatırmış. O vaxta qədər atam bu zərərli vərdişdən hər vəchlə uzaq dururmuş, hərçənd onun həmin vaxtlarını mən görməmişdim. Hədiyyəlik siqar qutusundan sonra isə o, tütündən asılı vəziyyətə düşüb. Elə mən də gec yaşda, yəni idmandan uzaqlaşandan sonra, tütün çəkməyə başlamışdım.
Eynilə atam kimi, mən də tütün düşkünüyəm və bu vərdişin, atam qədər, elə mənə də zərər verdiyinin fərqindəyəm. Hərçənd atamın yanında heç vaxt siqaret tüstülətməzdim, hətta özüm ata olanda və atamı öz nəvələrinə tanıdanda da bu qaydaya riayət edəcəkdim.
Kubaya səfərindən sonra atam Rüstəm əmiyə etiraf edibmiş ki, okeanın o tayına səfər edənə qədər mən Sovet quruluşu ilə müsəlmanlığın sintezindən daha qorxunc bir şeyi heç ağlıma gətirməzdim, indi isə əminəm ki, tropik ölkələrdə qurulan Sovet rejimi bundan qat-qat betərmiş. O vaxt bu fikrin məğzini anlaya bilməmişdim, atam da bunu mənə izah eləməyə gərək bilmədi.
Uzun illərdən sonra Kubaya səfərim zamanı mən artıq Heminqueyin ev-muzey şəklində fəaliyyət göstərən məskənini ziyarət elədim. Ola bilsin, Komandanteni bu muzeyi yaratmağa təşviq edən də elə atam olmuşdu.
Adətən, yazarların yaşadığı evlərdə onların ev-muzeyini yaradırlar, atamın da Bakıda ev-muzeyi var, ancaq ora atamın evi sayıla bilməz, çünki atam heç vaxt orada yaşamayıb, Kubadakı deyil, bizdəki inqilaba, yəni 1917-ci ilə qədər, həmin evdə atamın nənəsi öz ailəsiylə məskunlaşıbmış.
Öz şəxsi evini isə atam bir qədər gec, yəni ömrünün əsas kitabı saydığı “Ondan yaxşı qardaş yox idi” povestini bitirəndən sonra tikdirdi. O əsərin yazılmasıyla bağlı məzəli bir əhvalat yadıma düşdü.
Bu əhvalat baş verdiyi zaman heç kəsə, xüsusilə də atama, məzəli-zad gəlməmişdi, çünki o ərəfədə necə dərin təlaş keçirirdisə, bunun böyüyərək əsəb sarsıntısına keçmə ehtimalı heç birimizdə şübhə doğurmurdu.
Atamın öz povestini tamamladığı həmin yay mövsümündə biz dördümüz dənizkənarı bir pansionatın kottecində məskunlaşmışdıq. Atam və Rüstəm əmi orada iki ayrı mənzil kirayələmişdilər: əmimlə Farik birinci, atamla mən isə ikinci mərtəbədə yaşayırdıq.
Fariklə mənim ova çıxdığımız həmin günün səhəri güclü külək əsməyə başlamışdı.
Üstündən uzun illər ötdükdən sonra dönüb geriyə baxanda anlayıram ki, uşaq ikən əmioğlum Fariklə mən atamın uşaqlar üçün yazdığı o yeniyetmə qəhrəmanları xatırladırıq. Hərçənd atam həmin əhvalatları uydurub qələmə alanda Fariklə mən hələ dünyaya gəlməyə fürsət tapmamışdıq.
Farik də, mən də yetərincə təcrübəli, peşəkar ovçu idik. Təcrübəli olmağımızın sübutu kimi isə balıqqulağılardan hazırladığımız boyunbağıları və flomasterlərdən yararlanaraq, üz-gözümüzü cürbəcür rənglərə boyamamızı misal gətirə bilərəm. Quş ovuna çıxarkən, adətən, özümüzlə ox-yay və bıçaq götürürdük.
Söyüd budaqlarından yay hazırlamaqda atam və Rüstəm əmi dadımıza çatırdı. Yayın ucları arasında gərilən kaman üçün macar rezininə üstünlük verirdik, hərçənd ən yaxşı kamanlar nərənin qurudulmuş xordalarından əldə olunur. Buna əminəm, çünki bu barədə atam özü mənə danışmışdı. Ancaq həmin üsul təmizlik baxımından təhlükəli sayıldığından atam və Rüstəm əmi bunu bizə rəva bilmirdi.
O vaxtlar atam öz otağında oturub, yaradıcılığının əsas uğuru saydığı “Ondan yaxşı qardaş yox idi” povesti üzərində işləyirdi.
Yazı-pozuya isə xeyli erkən, səhər saat beşdə başlayırdı. Əvvəlcə daima öz yanında daşıdığı ovçu cəzvəsində qəhvə dəmləyirdi. Çöl şəraitinə hesablanmış həmin cəzvə xüsusi üsulla qızdırılırdı.
O, yazı makinasını qoymazdan əvvəl masanın üstünə nazik yun ədyal sərirdi ki, klavişlərin taqqıltısı mənim şirin yuxuma haram qatmasın. Sonra qəhvəsindən bir qurtum alıb, siqarını tüstülədərək mətn yığmağa girişirdi. Yazı sürəti baxımından atam peşəkar makinaçılarla da yarışa bilərdi.
Makina arxasında bu cür işləməklə, atam əsərin sonuncu versiyasını tamamlamağa çalışırdı. Hərdənbir işinə ara verirdi. Gündüzlər bir, bəzən isə iki saat yatır, oyanan kimi də təkrar mətn üzərində işləyirdi. Povest artıq bitmək üzrə idi.
Əsən güclü küləyə rəğmən, havada ağır bürkü vardı və kondisionerimiz bütün gücüylə işləyirdi.
Otağı havalandırmaqdan ötrü arabir atam qapını laybalay açaraq otağın eyvanına çıxırdı. Axı, oradan yaxınlıqdakı ərazilərə gözoxşayan bir mənzərə açılırdı.
Həmn vaxt dəli külək əsl qasırğa sürətiylə otağa soxulur. Atamın masanın üstünə qoyduğu kağızlar havaya qalxaraq otaqda dövrə vurmağa başlayır. Sonrakı anlarda makinada yazılmış bir topa vərəq atamın açıq qoyduğu balkon qapısından sivişib-çıxır və bəmbəyaz ləçəklər kimi göy üzünə doğru sovrulur.
Xoşbəxt bir təsadüf nəticəsində həmin vaxt mən və Farik əlidolu halda ovdan qayıdırdıq. Budəfəki ovda biz nəhəng bir bizonu pusub ələ keçirərək öz hindu qəbiləmiz Siunu düz bir aylığına yeməklə təmin eləmişdik.
Balkonda duran atam təlaşla bizə səsləndi:
– Uşaqlar, əlyazmamı xilas edin!
Fariklə mən havada ora-bura uçuşan vərəqləri tutmağa, yaxalamağa başladıq. Həmin gün axşama qədər biz yaxın ətrafa, evlərin damına, toyuq hinlərinin üstünə, çinar və zeytun ağaclarının çətirlərinə, daha neçə-neçə əlçatmaz guşəyə səpələnən vərəqlərin, demək olar ki, hamısını bir yerə toplamağa nail olduq. Yəni mən və Farik atamın əlyazmasını məhv olmaqdan xilas elədik. Bu məqamda “Atamın vaxt itirməsinin qabağını aldıq” desəm, bəlkə daha doğru olar, çünki atam nəhs bir təsadüf ucbatından itirəcəyi o mətni öz yaddaşına və qaralamalarına əsasən onsuz da bərpa edəcəkdi. Bunu da dəqiq bilirdim, çünki bunu da mənə atam özü etiraf eləmişdi. Hə, o öz mətnini nəyin bahasına olursa-olsun, bərpa edəsiydi, mən isə uzun illərdən sonra heç şübhəsiz bu əsərə ekran ömrü verəcəkdim.
“Ondan yaxşı qardaş yox idi” povestini bitirəndə atamın heç qırx yaşı da yoxdu. O, arıçı olan və kiçik qardaşı Simurqu sevən qəhrəmanı Cəlildən yaşca kiçik idi.
Əsərin əsasında atamın uşaq vaxtı şahidi olduğu bir hadisə dayanırdı: yaşadığı küçədə vaxtilə bir qonşularını adamın özünün saxladığı arılar sancaraq öldürmüşdü.
Əsər çap olunandan dörd il sonra atamla Rüstəm əmi Xəzər dənizinin sahilində, balıqçı qəsəbəsi sayılan Nardaranda bir cüt ev tikdirdilər. Bilgəh qəsəbəsindən keçib gedərkən Bakıdan qəsəbəyə qədərki yol qırx dəqiqə, nisbətən qısa sayılan Maştağa yoluyla gedərkən isə sırf işıqforların çoxluğu ucbatından düz bir saat çəkirdi.
Atamla Rüstəm əmi həmişə qonşu kimi yaşamağı diləyirmişlər. O bir cüt evin inşası bitəndən sonra onlar hansı evdə kimin yaşayacağıyla bağlı öz aralarında püşk atdılar. Dəniz tərəfdən baxanda sağda yerləşən ev atamla mənim qismətimə düşdü.
Evlər nəhəng bir qayanın üstündə tikilmişdi deyə, ağac əkməzdən əvvəl atamla Rüstəm əmi həyətə yüzlərlə maşın münbit torpaq daşıtdırdılar. Həyətlərimizin ortaq darvazası birbaşa dənizin qumlu sahilinə açılırdı. Bu evlərdə biz şad-xürrəm ömür sürdük.
Atam ilə Rüstəm əmimin xeyli dost-tanışı, qohum-əqrəbası vardı, vaxtaşırı onları evimizə qonaq çağırır, heç kəsi umub-küsməyə qoymurduq. Qonaqlar çox olduğundan ziyafətlər də bitmək bilmirdi. Çox vaxt masaları evdən çölə çıxarır, birbaşa həyətdə süfrə açırdıq. Yerli balıqçılar bu qardaşların süfrələrini daima təzəcə ovladıqları nərə balığıyla təmin edirdilər.
Atam amerikan fantastikasını hədsiz sevirdi, Rüstəm əmim isə fantastik əsərlərə biganə idi. Evimizdə bu mövzuda xeyli sayda, demək olar ki, SSRİ-də çap olunan bütün nəşrlər vardı. Həmin yayı Fariklə mən Azimovun, Saymakın və Bredberinin əsərlərini oxumaqla keçirmişdik.
Məşhur rəssam Tahir Salahovun “Qardaşlar” adlı bir tablosu var. Orada zahirən ağırçəkili boksçulara bənzəyən bir cüt cavan və saqqallı kişi təsvir olunub. Həyat eşqi dolub-daşan, yetərincə güclü görünən bu iki nəfər, öz bədii əsərləriylə ölkəmizdə və xaricdə şöhrət qazanan bu bir cüt qardaş daşdan tikdirdikləri fərdi evlərin yanında dayanıblar.
Tahir əminin yaylaq evi də yaxınlıqda idi, bizim darvazadan onun evinə qədər məsafə yüz addım ancaq olardı. O da vaxtaşırı bizlərə qonaq gəlirdi, atamla dostluq elədiyi müddətdə onun bir neçə portretini də çəkmişdi. Atam öz qəhrəmanı Cəlil kimi xoşbəxt, hüzurlu bir həyat sürür və inanırdı ki, ayaqyalın halda öz bağında gəzib-dolaşdığı zaman canına yığılan bütün mənfi enerjini, azar-bezarı ana torpaq özünə çəkərək zərərsizləşdirir.
Həmin yay Farik xəstələndi. Əmioğlumun hansısa mərəzə yoluxduğuna dair söz-söhbət dolaşmağa başladı. Ürəyindəki qüsuru həkimlər yeniyetməlik çağında görülən pozulma ilə izah edir, ilk mərhələdə bunun müalicə oluna biləcəyini də deyirdilər. Amma əmioğlumun ürəyi günbəgün şişməkdəydi və buna heç bir əlac tapılmırdı. Yeganə çıxış yolu onun bədəninə başqa ürəyin köçürülməsi ola bilərdi, amma həmin dövrdə Yer kürəsində həyata keçirilən bu cür əməliyyatların sayı heç 100-ü də ötmürdü. Həmin yay Fariklə baş-başa keçirdiyim sonuncu yay oldu. Sonrakı qışda Farik dünyadan köçəndə mən əsgərlikdə idim.
Həyatımda ilk dəfə məhz o vaxt boynuma aldım ki, bu dünyada atamın da dəyişə bilməyəcəyi şeylər var imiş. Atam “Ondan yaxşı qardaş yox idi” povestini yazanda otuz səkkiz yaşında imiş, həmin əsəri ekranlaşdırmağa başlayanda isə mən əsərə son nöqtəni qoyan atamdan altı yaş böyük idim, yəni 44 yaşım vardı.
Filmin qısa məzmunu belədir: Azərbaycan ailəsində iki qardaş arasındakı ziddiyyətli münasibətlər heç cür öz həllini tapmadığından filmin sonunda baş qəhrəman… dünyasını dəyişir.
Film hazır olanda onu atama göstərdim. Kinozalda sadəcə ikimiz əyləşmişdik. Atam çəkdiyim filmə tamaşa edirdi. Ekranda onun kitabındakı surətlər birbəbir canlanırdı. Bu dünyada vaxtilə Cəlil adlı mömin bir insan yaşayıb, onun həyatı öz məcrasıyla axıb- gedib, hər şey ürəkaçan olub, adama hüzur verib deyə, bu mömin insan Tanrının niyyətini anladığını sanıb. Halbuki bundan agah olmaq indiyədək heç kəsə nəsib olmayıb, axı, o niyyət bəndələr üçün əlçatmaz qalmalıdır. Bəndə öz qismətinə yazılanlarla sadəcə və üzüyola şəkildə barışmağa məhkumdur. Cəlilin bəxtinə isə çox şey yazılıbmış və aşiq olmaq da bunlardan biri olub…
Yazdığı kitabda atam Tanrını sevən bir arıçıdan bəhs eləyib. Sonradan arıçı ona asi olduğu üçün Tanrı onu cəzalandırıb. Yəni saxladığı arılar baş qəhrəmanın ölümünə səbəb olub.
Atam məhz bu povesti yazdığı ən önəmli əsər sayırdı. Bunun niyə belə olduğunu isə mən çox sonralar, yəni o əsəri ekranlaşdırıb, atama göstərərkən anladım.
Dəqiq xatırlayıram: atamla görüşməkdən hər vəchlə çəkindiyim vaxtlarda da o, çəkdiyim filmi bəyənmədiyini hər dəfə başıma qaxırdı. Filmi görməyə gözü yox idi və bununla bağlı heç nə eləyə də bilmirdim.
Rüstəm əmi isə bu ekran işimi bəyənirdi və əgər atam film barədə rəyini əmimlə əvvəlcədən paylaşsaydı, bəlkə nisbətən fərqli mövqe tutardı, ancaq həmin dövrdə bu qardaşlar artıq… danışmırdılar. Həyatımız dözülməz dərəcədə başqalaşmışdı. Bu qardaşlar dəniz kənarındakı evlərinin böyründə daha yan-yana durmurdular, çünki həmin evləri artıq bir-birindən dümdüz bir hasar ayırırdı və bu hasar “Ondan yaxşı qardaş yox idi” povestindəki qardaşların evləri arasında hörülən divarı xatırladırdı. Həmin əsərdə böyük qardaş Cəlil müəllim kiçik qardaşı Simurqa belə demişdi: “Sən artıq mənim qardaşım deyilsən”.
Vəfatına qədərki illər uzunu filmimi bəyənmədiyini atam dönə-dönə mənə söyləyib-durdu. Bütün ömrü boyu atam kino sənəti barədə mənimlə heç belə uzun-uzadı danışmamışdı.
Filmin çəkilişləri zamanı çox şeylər yaşandı. Dünya tanınmaz dərəcədə dəyişdi, evimizə fərqli, mənim tanımadığım və atamın əvvəllər heç evə dəvət eləmədiyi adamlar gəlib-getməyə başladı. Balıqçılar daha əvvəlki kimi iri nərə balıqları tutub qapımıza gətirmədilər, qonşumuz Tahir əmi başqa bir evə köçdü, əsərdəki hadisələrin cərəyan elədiyi ölkə isə dünyanın siyasi xəritəsindən birdəfəlik silinib-getdi…
Tahir əminin yaratdığı son portretlərdə atam əvvəlkindən xeyli fərqlənir, özünə bənzəmirdi artıq, hətta mən də onu çətinliklə tanıya bilirdim.
Yaşanan anlaşılmazlığın ilkin səbəblərini sadəcə təxmin və ehtimal eləmək olardı: atamın yazdığı kitabda bu barədə birbaşa açıqlama tapmadım. Heç Rüstəm əmi də nələrin baş verdiyini mənə düz-əməlli başa sala bilmədi. Axı, eynilə mənim kimi, Rüstəm əmim də heç vaxt atamla söz güləşdirməzdi.
Bədii mətnindəki hadisələr gerçək həyatda müəllifin özünün başına gəlmişdi. Ola bilsin, bu, Yaradanın atamla zarafatı idi.
İndi düşünürəm ki, əgər atam başına gələnləri Yaradanın özüylə götür-qoy eləyə bilsəydi, çox yəqin, əvvəl bir siqar yandırar, nəzakətli biri kimi hətta Yaradana da siqar çəkməyi təklif edərdi. Axı, atam hamını özüylə eyni gözdə görərdi.
“Yaxın keçmişin retrosu” üslubunda çəkdiyim filmdə mən 1970-ci illərin Bakısını canlandırmışam. Bir müsahibəmdə demişdim: “…filmi doğma şəhərimizdə çəkmək, onun uşaqlıq dövrümdəki ab-havasını nə cürsə bərpa eləmək məndən ötrü hədsiz dərəcədə vacib idi…”
Çəkdiyim ekran əsərini atam bəyənmədiyi üçün mən uzun illər özümü günahkar saysam da, əslində, hansı günahı, suçu işlədiyimi heç cür anlamadım. Mənə qəzəbi tutan Tanrımın hüzurunda çarəsiz halda durmuşdum, özünümüdafiə üçün deyəcək bircə kəlmə də tapmırdım. Atamla heç vaxt mübahisə eləməzdim. İçində olduğum cənnətin alt-üst olmasının səbəbkarı isə mən deyildim, ona görə də səbəbini deyə bilmərəm. Axı, mən atam üçün həmişə xoş, nəcib bir iş görməyə can atırdım.
Əgər nə vaxtsa Tanrım ilə ünsiyyət qurmağa fürsət tapsam, haqlı olduğumu dərin inam hissiylə ona bildirəcəyəm: “O film – səviyyəli ekran əsəridir və ömrüm boyu çəkdiyim ən önəmli filmdir”. Amma atamdan fərqli olaraq, mən Yaradan ilə ürəkli danışmağa özümdə cürət tapmayacaq, onun hüzurunda siqaret tüstülədə bilməyəcəyəm. Axı, mən heç atamın yanında da siqaret çəkməzdim.
Murad İbrahimbəyov
Ruscadan çevirdi: Azad YAŞAR