İNDİ OXUYUR
Kosmik Odisseya, yoxsa rəqəmsal həftəbecər?

Kosmik Odisseya, yoxsa rəqəmsal həftəbecər?

İnfantil davranışlı, saçları açıq rəngə boyanmış bir kişi təkbaşına harasa uçur, amma nə üçün və hara getdiyini özü də bilmir.

İstehsalçılarının guya elmi-fantastik dram kimi təqdim etdikləri “Dünyanın sonu” layihəsi” (“Project Hail Mary”; 2026) adlı film “dünyanın sonu” haqqında növbəti kinolayihədir. Filmin rejissorları Fil Lord və Kristofer Miller tamaşaçılara kosmik miqyaslı bir iş vəd edirlər. Lakin Hollivudun təbliğat maşını yenə də anlayışların və mənaların təhrif edildiyi süjet xəttini qabardaraq “dəli professorlar” haqqında narrativi ön plana çıxarır. Bu halda da qarşımızda qəhrəman yox, xüsusi xidmət orqanlarının bir təcrübə layihəsi dayanır.

Diqqətəlayiq heç bir xüsusiyyəti olmayan bir məktəb müəllimi, dünyanı xilas etmək üçün yola çıxır. Sorğu-suallar, müsahibələrdə isə bu “öz-özünə yetişmiş astronavt” qəflətən bioloq, kimyaçı, mühəndis, dilçi və ksenopsixoloq kimi qeyri-adi bacarıqlar nümayiş etdirir.

Keyfiyyət müqayisəsi üçün yaddaşımızdakı film arxivində axtarışa çıxsaq, “Dünyanın sonu” filmi “Bozun əlli çaları” ilə eyni səviyyədə dayanır. Mesajları da, demək olar ki, mahiyyətcə eynidir. “Çalarlar”da sadə və iddiasız qəhrəman gözlənilmədən varlı və yaraşıqlı kişinin simasında “baş mükafat”ı qazanır. “Dünyanın sonu”nda da eyni məna deqradasiyasını, mahiyyətin bəsitləşdirilməsini və cəmiyyətin infantilizasiyasının təşviqini görürük.

Bu cür “kinoproyeksiya” o qədər zərərli və pis alınıb ki, hətta başlanğıc mövzunun nə olduğunu anlamaq belə çətin olur.

Tamaşaçı filmin ilk dəqiqəsindən sonuna qədər Rayan Qoslinqi görməyə məhkum edildiyi üçün bir məqamı ayrıca qeyd etmək lazımdır. Adətən, uzaq kosmik səfərlər haqqında həqiqi elmi-fantastik filmlər verilən situasiyaya, hekayəyə uyğun personajlar tələb edirdi. Məsələn, Brüs Villis, Bred Pitt və ya Metyu Makkonahi səviyyəsində qəhrəmanlar. Lakin məzmunların inflyasiyası və istehsalçıların kütləni yeni kişi obrazına alışdırmaq istəyi nəticəsində baş rola elə bir aktyor seçilib ki, onun ekran obrazı artıq “Barbi” (2023) filmindəki Ken ilə sıx assosiasiya olunur. Bu mənzərədə hadisələrin kulminasiyası yalnız və yalnız açıq kosmosda çəkisizlik şəraitində “La La Land”dən bir step rəqsi ola bilər. Dövrün trend meqa-ulduzu kosmik gəminin pavilyonlarını dolaşır və təsadüfi düymələrə basır. Amma möcüzəvi şəkildə hər şey onun xeyrinə cərəyan edir. Görünür, bu metod artıq elmi idrakın yeni norması kimi qəbul olunur.

Filmin musiqi tərtibatı daha çox, uşaq filmlərinin tamaşaçı auditoriyasına uyğun gəlir ki, bu da əhalinin kütləvi infantilizasiyası məsələsini bir daha gündəmə gətirir. Ya müəlliflər müasir böyüklərin yeniyetmə təbiətini, doğrudan da, düzgün anlayırlar, ya da şüurlu şəkildə auditoriyanı bu istiqamətə yönləndirirlər. Yəni, tamaşaçının düşüncə aparatını həddindən artıq yormamaq bəhanəsi ilə sadə və yüngül məzmun norma kimi təqdim edilir.

Bu cür yanaşma ilə qəhrəmanla birlikdə elə filmin müəllifi Endi Veyrə də astronavt kostyumu geyindirmək təəccüb doğurmazdı. Ya da təcrübəsi olsun deyə onu, ən azı, döyüş təyyarəsinin imitatoruna oturtmaq pis olmazdı. (Kosmik gəmi onun üçün böyük şərəf sayılar). Həmçinin ona belə bir tapşırıq vermək yerinə düşərdi: Optimist bir əfəlin bütün məntiq qanunlarına, ehtimallar nəzəriyyəsinə və sağlam düşüncəyə zidd şəkildə çarəsiz vəziyyətdən necə çıxdığını öz şəxsi təcrübəsində göstərsin. Hərçənd belə “marketinq yazıçılarının” hamısına təyyarə çatmaz.

Əslində, “Dünyanın sonu” filmi kütləvi mədəniyyətin çox simvolik bir nümunəsidir və nadanlığın, cahillliyin yeni və daha yüksək səviyyəyə qalxdığını nümayiş etdirir. İnsanlar heç bir xüsusi bilik və bacarıq olmadan ölkələri, planetləri, hətta bütün kainatı idarə etməyin mümkünlüyü ideyasına səmimi şəkildə heyran qalırlar.

O ki qaldı qəhrəmanın seçimlərinin mənəvi tərəfinə, uzun sürən macəralar, qəhrəmanı hekayənin əsas ideyasını ifadə edən bir finala aparıb-çıxarmalı idi. Lakin bu məqamda da növbəti məna dəyişikliyi baş verir. Yolun sonu, qəhrəmanı qlobal insanlıq anlayışından uzaqlaşdırır. Halbuki insan yalnız birliyə qovuşduqda, özünə bənzər insanlar arasında olduqda həqiqi xoşbəxtlik və sevgini tapa bilər.

“Dünyanın sonu” layihəsi” adi insani duyğuları, sevincləri soyuq və yad bir şeylə əvəzləyən naməlum dəyərlər və mənalar inyeksiyası təsiri bağışlayır. Bu film, insanı özündən və onun gerçək məqsədlərindən uzaqlaşdırmaq cəhdidir. O, parlaq rənglər və yüngül musiqi vasitəsilə ruhun özünü axtarmaq istəyini kölgədə qoymağa çalışır. Bu məqsədin aparıb çıxardığı yerdə isə tamaşaçını yalnız buz kimi boşluq, tənhalıq, qaranlıq və qorxu gözləyir.

Əsl kino nümunələrini xatırlasaq, uzun səfərlərə çıxan qəhrəmanlar həmişə yanlarında sevdiklərinin fotolarını daşıyırdılar. Bu onların motivasiyasını göstərir və bizə xatırladırdı ki, biz Yer planetinə aid olan insanlarıq. Bu da sevginin varlığını, yaxınlarımız uğrunda risk etməyə hazır olduğumuzu təsdiqləyirdi.

“Dünyanın sonu” layihəsi”nin baş qəhrəmanında isə bunlardan heç biri yoxdur: nə ailə, nə də aydın və əsaslandırılmış motivasiya. Düzdür, o, klassik “yarımçıq qəhrəman” modeli üçün kifayət qədər qəribə obrazdır, amma müasir gündəmi nəzərə alanda tamamilə məntiqəuyğundur – kollektiv tamaşaçıya iradəsizlik, passivlik və konformizm aşılanmağa çalışılır.

Filmin sonuna çatanda insanda yalnız qıcıq və boş yerə sərf olunmuş zamana görə təəssüf hissi qalır. Üstəlik, 20 dəqiqəlik reklam bloku nəzərə alınanda, üç saatlıq baxış əsl əzaba çevrilir.

Və bu “elmi-fantastik”, rəqəmsal həvəskar kompozisiya artıq dünya prokatında gəlir baxımından liderlər sırasındadır. Ona “Oskar”, “Qızıl Qlobus” və BAFTA kimi bütün mümkün mükafatlara namizədlik proqnozlaşdırılır.

Hər kəs dövrün əlamətlərini açıq-aydın görməyə məcburdur— hətta görməməyə üstünlük verənlər də.

Ülvi Mehdi

© 2026 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya