İNDİ OXUYUR
Ən pis adam haqqında esse

Ən pis adam haqqında esse

Yoakim Trierin “Oslo” trilogiyasının sonuncu “Dünyadakı ən pis adam” (2021) bədii filmi skandinav melanxoliyasını, ekzistensialist sıxıntını da üstünə gəlsək, demək olar, postmodern dünyada özünü axtaran Y nəsli haqqındadır. Bir proloq, on iki hissə və bir epiloqdan ibarət olan film, otuz yaşlı feminist Culidən bəhs edir.

Proloq

Tibb fakültəsinin ən yaxşı tələbələrindən biri olan Culinin əhvalı zamanla korlanır: smartfonlar, saytlar, xəbərlər və intəhasız beton cəngəllik… Beton cəngəllikdə yaşlanan canlılara fiziki-bioloji, psixoloji-mənəvi – hər cür təsir edən bəşəri qarğaşanın, qadınlarla kişilərin arasında yaranan yeni intriqaların, eko-aktivistlərin şouya çevirdiyi ekoloji problemlərin – yəni, əvvəlki çatışmazlıqların üstünə gələn yeni söhbətlərin ağırlığı.

Culi, ümidsiz günlərin birində bütün bu ağırlığı, sıxıntını, yəni texniki-ədədi böhranını rəqəmsal müstəvidə həll etməyə qərar verir. Bir gün sanki aydınlanır,  özünün fərqinə varır, qərara gəlir ki, o öz ruhunu yad qəfəsin içində sıxılmağa məhkum edib və tezliklə bu qəfəsdən qurtulmalıdır. Bir növ, təzə gülüstan tələb etməlidir. Beləcə, o, kitab mağazasına satıcı kimi işə düzəlir, fotoqraflıq kursuna yazılır. Yeni dostlar, fərqli məkanlar… Anatomik kimliyindən uzaqlaşdıqca fərqli yaşam tərzlərinə, fərqli insanlara yaxınlaşır və axtarış yolunun başında tanınmış karikaturaçı, komikslər yazan Aksellə tanış olur və onlar birgə yaşamağa qərar verirlər. Beləcə, Culi özündən on yaş böyük olan yazıçının evinə köçür və birinci hissə başlayır.


I HİSSƏ – başqaları

Aksel, Culinin dostları ilə tanış olur. Başqası həmişə hökm verir, qınayır və istəyir ki, hamı özünə oxşasın. Məsələn, Akselin dostu tanışlıqdan beş dəqiqə keçər-keçməz Culini sual atəşinə tutur. Keçmişlə indinin – özü ilə qızının timsalında müxtəlif müqayisələr edir. Və elə həmin axşam sevgililər arasında söz-söhbət başlayır. Aksel sevgilisindən xahiş edir ki, dostunun uşaqları ilə oynasın, uşaqla rəftar etməyi öyrənsin, yəni özünü analığa hazırlasın, yəni, Aksel sözü dolandırır, ata olmaq istədiyini deyir. Əlbəttə, Culi onunla razılaşmır, çünki onun travması var. O, sözün əsl mənasında kişi çatışmazlığı sindromundan əziyyət çəkir.

II HİSSƏ – xəyanətə cəhd

İkinci hissə Akselin kitab təqdimatı ilə başlayır. İlk dəfə gerçək ailə, uşağının bu günü və sabahı ilə maraqlanan valideynləri görən narahat Culi, sevgilisinin kitab təqdimatında sıxılmağa başlayır və tədbiri tərk edir. Təsadüfən, yolüstü evlərdən birində təşkil edilmiş toy mərasimi onun diqqətini çəkir və rahatca evə girir. Heç kimi tanımır, heç kim də onu tanımır… Di gəl, o çox rahat davranır, üstəlik, qonaqlara, uşaqlara qayğı haqqında oxuduğu məqalələrdən məsləhətlər verir.

Və… elə oradaca bir nəfərlə tanış olur… Məlum olur ki, o oğlanın da sevdiyi var və qərar verirlər ki, sevgililərini aldatmayacaqlar, yəni, xəyanət etməyəcəklər, fəqət bir-birlərinə intim etiraflar edəcəklər, bir-birlərinə toxunacaqlar… onlar düşünür ki, cinsi akta qədər olan mərhələ xəyanət hesab olunmur.
Beləliklə, təkcə filmin ikinci hissəsi yox, həm də Culinin axtarış yolundakı növbəti yoxuşun başlanğıcı həmin yad evdən, kiminsə toy günündən başlayır… Bir-birinin adını səhər açılanda öyrənən təsadüfi tanışlar səhərəcən, demək olar, hər şeydən danışırlar… mən deyərdim, təmassız sevişirlər də…
Yəni, bir növ, Culi Akseli çözdü: o, uşaq istəyir, deməli, Culi ilə birgə sabaha ümidlidir… Amma Culidən ötrü o, məqsəd və hədəf yox, yoldur… O yola çıxdı… az getdi, üz getdi, dərə-təpə düz getdi və o yol beləcə bitdi… Yeni yol başlayır: Eivind…


III HİSSƏ – “mee too” çağında oral seks

Bu hissə, əslində, Culinin essesinin adından götürülüb. Culi sual verir: “Feminist qadın bir kişinin onun ağzından həzz almağına razı olarmı? Feminist qadın partnyorun oral seks istəyini necə qarşılamalıdır?” – və cavab verir: “Mən yumşaq xoşlayıram. Ağzımda sərtləşməlidir… Bir növ, onun sırf mənə görə sərtləşdiyini sanıram…” Aksel də onun essesini bəyənir. Nəhayət, esse dərc olunur, sosial şəbəkədə müzakirələrə səbəb olur və sairə…

Üçüncü hissə bitir. Yaxşı, bu altı-yeddi cümləlik dialoqu vizuallaşdıran rejissorun məqsədi nədir?

Əlbəttə, sözügedən esse Culinin Eivində etirafıdır. Toy mərasimində, tanımadığı evdə tanış olduğu adama… Culi hisslərini rəqəmsal müstəviyə tökür, yazının əvvəlində qeyd etdiyim kimi… Yəni hisslərini, xəyanət cəhdini dolayı yolla karikaturaçı-yazar sevgilisinə etiraf edir, rahatlayır… Sevgilisi, essesini tərifləyəndə o lap özündən çıxır… Ölüb azalmır adam, azalıb ölür…  Hə, Culi, içindəki, yanındakı, xəyalındakı Akseli, beləcə, –  özündən azalda-azalda öldürür. İntellektual inyeksiya ilə.

IV HİSSƏ – bizim ailəmiz…

Culinin 30 yaşı tamam olur. Qohumlarının evində məclis təşkil olunub. Tort bişirilib. Fəqət atası gəlmir. Belinin ağrısını bəhanə edir. Gedişatdan məlum olur ki, ata hər dəfə nəsə bəhanə tapır, elə bil qızı ilə görüşmək istəmir. Üstəlik, o da məlum olur ki, Culinin anası Eva 28 yaşında boşanıb, qızı dünyaya gələndən iki il sonra – 30 yaşında vəfat edib… Hə, Culi anasız böyüyüb. Atası ilə… Atası ilə böyüyüb deyəndə ki… Daha doğrusu, onun atası eləcə fiziki-bioloji varlıqdır… Qohumu xatırlayır, öyrənirik ki, Culinin nənəsi də, nənəsinin anası da, ulu nənəsi də, ulu nənəsinin anası da sevgisizliyin qurbanı olub və hamısı ya otuz yaşında dul qalıb, ya da boşanıb… Yəni, öyənirik ki, Culinin travması qədimdir…


Elə o ümidsiz günlərin birində Culi özü atasını ziyarət edir. Aksellə birgə… “Nə əcəb, qızını, onun yaşadığı evi ziyarət etmirsən”, – kürəkənliyə namizədin sualından sonra sevgilisinin atası müxtəlif arqumentlər gətirir. Əvvəlcə prostatını bəhanə edir, sonra belini… sonra da deyir ki, Osloda maşın saxlamaq üçün yer yoxdur. Üstəlik, məlum olur ki, Culi essesini oxumaq üçün göndərsə də, o, qızının məktubunu heç açmayıb… Növbəti üzülmüş bağ da, beləcə, qırılır… Yeni yol: O, atasını tamamilə unudur. Hətta atasının xatirəsini də beynindəki qələbəliyin arasına gömür. 

V HİSSƏ – uğursuz qarşılaşma

Culi kitab mağazasında işləyir. Aksel daha onu həyəcanlandırmır. Vərdiş halında yaşayırlar. Vərdiş halında sevişirlər… Bir qərib ikindi çağı o, təsadüfən, gözlənilmədən həyəcanlanır, dodaqları titrəyir, ayaqları üzülür, özünü itirir… Bəlkə də, təzədən tapır… Budur: Eivind həyat yoldaşı ilə onun işlədiyi mağazadadır… Yoqa haqqında kitab axtarırlar… Eivind əvvəlcə Culini “görmür”, ancaq eynəyini bəhanə edib təzədən mağazaya qayıdır və etiraf edir… Etiraf edir ki, hər gün onu düşünür… İşlədiyi ünvanı deyir, deyir: “səninlə görüşmək, söhbət etmək istəyirəm”… Culinin “çiçəyi çırtlayır”. Axı özü də eyni vəziyyətdədir. Bir gün keçir… Culi, ağlındakı, şəhərdəki – hər kəsi, hər şeyi dondurur, evin içindən, sevgilisinin yanından Eivindin yanına uçur… Ona görə “uçur” yazıram ki, bu görüş tamamilə fəhmi rabitə ilə baş verir. Onlar ilk dəfə öpüşürlər və elə həmin səhər o, Akselə daha onu sevmədiyini, ayrılmaq istədiyini deyir. Əslində, diqqətli tamaşaçı, Culinin öz həyatının içində özünü oynayan obraz yox, sanki özünün köməkçi obrazını oynayan biri olduğunu görür.


VI HİSSƏ – Finnmark yaylası

Eivind, sevgilisi Sunniva ilə Finnmark yaylasında… Sunniva çadırın ətrafında bir sısqa maral görür… onu sığallayır, kədərlənir, ağlayır… ağlayır, təmizlənir… axır ki, bu günündən qopur, keçmişinə –  Samilərə dönür. Daha doğrusu, ani toxunuşla özünü kəşf edir. Qanını yoxlatdırır və öyrənir ki, onun qohum-əqrəbası, həqiqətən, sami imiş. Samilərin yaşam tərzini imitasiya edən müxtəlif dərnəklərə üzv olur. Buzlaqlar əriyir, yeni növ xəstəliklər yaranır, suitilərin nəsli kəsilir, eskimoslar aclıqdan əziyyət çəkir, marallar kütləvi surətdə qırılır, iqlim dəyişikliyi ucbatından qəbilələr dəri xərçənginə yoluxur… Beləcə, Sunniva eko-fəala çevrilir. Yoqaya başlayır, qida rasionunu dəyişir. Əlbəttə, onun təzə kimliyi Eivində də təsir edir: yoqa məşqlərinə gedir, marketdən aldığı hər şeyin tərkibini, istifadə etdiyi məhsulların təbiətə ziyanını öyrənir. Məsələn, hər səhər qaçmağa, plastik hər şeyə nifrət etməyə başlayır. Fəqət bu maska onu narahat edir. Sunnivanın prinsipləri onun əsl kimliyi ilə ziddiyyət təşkil edir. Özünü günahlandırır. Hətta elə hiss edir ki, Qərbin günahı onun bədəninə təsir edib: istilaçı dövlətlər, böyük güclər – yəni, Şər Eivind cildinə girib, Sunniva ilə birgə yaşayır, sevişir… Özünü dünyadakı ən pis adam hesab edir…


VII HİSSƏ – yeni yol

Di gəl, bacarmır… Beyninin yarıdan çoxunu Culinin xəyalı məşğul edir… O hissdən heç cür qurtula bilmir. Ancaq, Culini düşünəndə texnikilikdən, imitativlikdən, insan fitrətinə yad olan imtinaların psixoloji-fiziki ağırlığından xilas olur, bir sözlə, özünü insan kimi hiss edir. Elə bu texnikiliyin, sıxıntının ortasında təsadüfən Culi ilə rastlaşır kitab mağazasında… Rejissorun fəndi orijinal deyil, əlbəttə, ancaq bu fənddən yerində, yüksək peşəkarlıqla  istifadə edilib. Məzmunun tələb etdiyi üslubdur; müəllif  üslub xətrinə, qol gücü göstərmək xətrinə beşinci hissəyə qaytarmır bizi.  Eivind həmin gün – Culi ilə rastlaşandan sonra Sunnivaya yalan danışır. Eynəyi kassada unutduğunu deyir və mağazaya qayıdır. Qayıdır, Culiyə etiraf edir, onunla görüşmək arzusunu dilə gətirir, işlədiyi yerin ünvanını verir. Sunnivanın “avokadolar çox su içir deyə, Çili xalqı susuzluqdan ölür…” tipli “dır-dırından” qaçıb Culinin dipdiri, həyəcanverici dünyasına sığınır… Yeni yol: Eivindlə Culi, nəhayət, birgə yaşamağa başlayırlar.

VIII HİSSƏ – Culinin narsistik riski

Eivindingildə qonaqlıqdır. Dostu… dostunun sevgilisi… Yeyib-içirlər, rəqs edirlər, deyib-gülürlər… xüsusi növ göbələk atırlar və başlayır hallüsinasiya. Culi həm sonradan qazandığı kimliyi, həm də paltarını soyunur, özünün uydurduğu aləmə düşür. Hamı ona gülür: hətta Aksel, onun karikaturaları…
Culi görür ki, onun üzü qırışmasa da, bədəni tamamilə pis gündədir, məmələri, az qala, göbəyini keçir. Və hamı onu əlləyir… Yəqin, bu qrafik-vizual keçid rejissorun “Heç nə dəyişmir, günlər keçir, illər ötür, Culi sevişir, yenə onu əlləyirlər. Təfəkkür dəyişmədikcə nəticə dəyişmir…” mesajıdır, ancaq, özünü axtaran qızın pərdənin arxasındakı aləmdə, utopik fəzada qanlı tamponunu atasının üzünə çırpmağının dəqiq səbəbi var və mən o səbəbi yuxarıda yazmışdım. Təəssüf ki, çox vaxt belə olur. Biz həqiqəti lazımi sifətlərə sözlə – xəyalən çırpırıq və bu üzəqayıtmaların faydalı iş əmsalı olmur. Culi sirli-sehrli aləmdən Eivindin yanına, yatağına bir başqa cür qayıdır. Yeni yol: O, içindəki atanı – bir növ, atalı uşaqlığını xəyalən düşdüyü dünyada atasına qaytarır, başqa bir uşaqla təzə cığır açır.


IX HİSSƏ  – vaşaq Miladı məhv edir

Milad ərəfəsidir. Culi idman zalındakı monitorda təsadüfən Akseli görür. O, məşhur telekanalın məşhur verilişindədir. Ona yeni vaşaq obrazı ilə bağlı sual verən feminist jurnalisti aşağılayır. Deyir ki, mən çəkəndə, feministləri, eko-fəalları düşünmürəm. Sırf sənət naminə çəkirəm. Vermək istədiyim mesaj sizin idrak etdiyiniz qədərdir. Jurnalist deyir ki, sən qadınları zəif, cahil göstərirsən, işlərində şiddətə təhrik elementləri var. Oxucuları düşünmürsən. Bəlkə, oxucu insestin qurbanıdır? Bəlkə, zorakılığa məruz qalıb? Empatiya qurmursan… Culi, öldürdüyü Aksellə uzun müddətdən sonra iki dəfə – səkkizinci hissədə düşdüyü xəyali aləmin səhnəsində, bu dəfə isə idman zalının monitorunda qarşılaşır. Demək olar, “yuxusu” gerçəkləşir. Bu hissəni Aksel obrazının kulminasiyası da adlandırmaq olar.

X HİSSƏ – birinci şəxs

Culi kitab mağazasında Akselin dostu ilə rastlaşır. Öyrənir ki, Aksel xərçəng xəstəsidir və ölümünə az qalıb. Əlbəttə, qanı qaralır. Və o gün ilk dəfə Eidvindin üstünə qışqırır, danlayır. Daha çox şey istədiyini deyir. Məsələn, onu mütaliəsizlikdə günahlandırır. Bu gərginliyin içində növbəti yolun başlanğıcı görünür… Culi o gün Eidvində əsəbiləşir, özünü saxlaya bilmir, qəzəblənir, fəqət növbəti hissədə başqa səbəblə…


XI HİSSƏ – pozitiv

Culi hamilədir… bu barədə xəstəxanada – yoluxmağa getdiyi Akselə deyir. Aksel ölmək istəmir. Ancaq, əcəl ona şah damarından da yaxındır. Razvyazka… Aksel indiki prosesə yadlığını, böyüdüyü dövrə bağlayır. Özgələşmədən əziyyət çəkir. Mədəniyyətlərin fərqindən söz açır. Texniki münasibətlər, əsası olmayan “izm”lər, sintetik əlaqələr… Nəsillərarası problemlərin kökündə həm də mədəni uçurumun olduğunu vurğulayır.
Əslində, mən Akseli başa düşürəm. Həm də onun nostalgiya sevdasının, keçmişə bağlılığının başqa bir səbəbini də bilirəm. Məndən ötrü böyük faciədir: onun indisi yoxdur, gələcəyi – gəlməyəcək… olanı-qalanı bircə keçmişdir… Və o keçmişin içində Culi də var… Üstəlik, Culi hələ onunla birlikdə olanda Eidvindlə tanış olduğunu etiraf edir…  Yəni, Akselin keçmişindəki özünü öldürür…


XII HİSSƏ – hər şeyin sonu var… Epiloq

Aksel ölür… Culinin uşağı tələf olur, Eidvindlə ayrılırlar və o, hamıdan, hər kəsdən uzaqlaşır, özünə qayıdır. Eidvind başqa qadınla evlənir, dövrə qapanır… Axtarış mümkündür, fəqət taleyin hüdudları daxilində…

Ömər Xəyyam

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya