İNDİ OXUYUR
Ümid şeirə qalıb

Ümid şeirə qalıb

AR Mədəniyyət Nazirliyi , Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyilə “Fokus” Analitik Kino Jurnalının 12-ci nömrəsi işıq üzü görüb. Jurnal iyul ayının 10-dan “Libraff” kitab mağazaları şəbəkəsində satışa çıxacaq. Baş redaktorun ön sözünü təqdim edirik.

Deyəsən, Azərbaycan kinosunun xilas yolunu tapmışam!.. Şeir… poeziya… şairanəlik… Kinomuzda şairanəlik, poetik kino elementləri həmişə olub. Amma azlıqda olub. Dəstəklənməyib. Bəlkə, Ramiz Rövşən poeziyasının kinodramaturji adaptasiyası dəstəklənsəydi, ardıcıllığı qorunsaydı, kimlər üçünsə stimul olardı. Kinomuzda özünü komfortlu hiss edən tarixi və komediya filmləri ilə yanaşı, poetik kino da tamhüquqlu yaşamaq haqqı qazanardı. Mənə elə gəlir kinomuz bundan udardı. Ədəbiyyat kinonun qida mənbələrindən biridir və təkcə proza və dramaturgiya yox, bəlkə də, ilk növbədə poeziya. Çünki təsvir ancaq informativlikdən çıxanda sənət olur. Kinomuz nə Dədə Qorquda, nə Səməd Vurğuna, nə də Ramiz Rövşənə müraciət edəndə uduzmadı. Məhəmməd Füzuliyə, Aşıq Ələsgərə, Qismət Rüstəmova da müraciət etsə, uduzmayacaq. Və söhbət burada təkcə ekranlaşdırmaqdan getmir. İlk növbədə poetik enerjidən qidalanmaqdan, şairanə ovqata köklənməkdən, poetik obrazların vizual həllini tapmaqdan gedir. Şair xalq deyirik, şair xalqın güclü poetik kino ənənəsinin olmasında qəribə nə var… İndiyənəcən formalaşmaması qəribədir, bunun səbəbidir əsl sual. Venesiya və Lokarno festivallarının müsabiqə iştirakçısı Hilal Baydarovun filmləri Azərbaycan poetik kino ənənəsinin parlaq nümunələrindəndir. Həm də bugünkü Qərb kinosunun müəyyən bir qismini özünə cəlb etmiş nümunələrdən. O, boş yerdə başlamadı. Ona qədər Anar (kinodramaturq olaraq), Arif Babayev, Tofiq Tağızadə, Elçin Musaoğlu, Vəli Səyyadi (sonuncu ikisi bu nömrəmizin  qəhrəmanlarıdır) təsviri şairanə ovqatda yaratdılar, kadrlarla şeir söylədi, boy boyladılar. Yolun başlanğıcı var, yolu gedənlər var, yolu genişləndirmək, daha əminliklə getmək, yola çıxanları dəstəkləmək lazımdır. Ona görə bu nömrədə “Fokus” kino və poeziya deyir, bunun nəzəri əsaslarını Viktor Şklovski, Əlisəfdər Hüseynov, Nadir Bədəlov, Aygün Aslanlıyla araşdırır, Dərviş Zaim, Semih Kaplanoğlu, Elçin Musaoğlu və Vəli Səyyadilə isə praktik təcrübəni arayırıq.

Kira Muratovanın “Baş tutmayan ayrılıq” filmində aşiq olmuş gənc qəhrəman bikar, tənha, divanda uzanıb, hisslərini sözlə ifadə etməyə çalışır. Nəsrlə nəzmin arasında qalan sözlər hər cəhddən sonra poeziyaya bənzəyən mətnə çevrilir. Qəhrəmanın hiss dolu ürəyi özünü nəsrlə ifadə edə bilmir, şeirə keçir. Bəlkə, kinomuz da nəsrlə ifadə oluna bilinməzlikdədir. Ümid şeirə qalıb.

P.S. Əziz həmkar! “Fokus”un bu nömrəsi AR Mədəniyyət Nazirliyinin uğurla həyata keçirdiyi Kino Forumundan sonra ilk sayıdır. Bilmirəm sən bu sətirləri oxuyanda Kino Agentliyi heyəti formalaşıb işə başlayacaq, ya yox, bilmirəm agentlik işə başladığı təqdirdə sənin arzuladığın insanlar orada təmsil olunacaq, ya yox. Amma sən yorulma, irəlilə. Nəsrlə gücün çatmayanda nəzmlə irəlilə, şeirlə, sazla-sözlə irəlilə…

Əli İsa Cabbarov

“Fokus” Analitik Kino Jurnalı. İyun 2023 №12

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya