İNDİ OXUYUR
Azər Quliyev: “Çəkdiyim hər film kiçik bir pazldır”

Azər Quliyev: “Çəkdiyim hər film kiçik bir pazldır”

Gənc rejissor Azər Quliyev ilk filmi “Pa-Pa”nı ofisiant işləyərək yığdığı vəsaitlə çəkib. Uzun illər atasını görməyən və onu tapmağa çalışan gəncdən bəhs edən bu qısametrajlı bədii film, XIII Avrasiya Kino Festivalının, həyatın verdiyi fürsətləri görməyən və sadəcə fiziki olaraq yaşayan qadından bəhs edən ikinci filmi “Təngnəfəs” isə 27-ci Sarayevo Beynəlxalq Kino Festivalının  əsas müsabiqəsində iştirak edib. Hazırda Azər, Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük qayıdış” müsabiqəsində qalib gəlmiş “İkinci planetin qırmızı rəngi” ssenarisi əsasında çəkdiyi filmini tamamlamaq üzrədir.   

  • Azər, İncəsənət universitetində kinoşünaslıq ixtisası üzrə təhsil almısınız. Dünya kinosunda  kinoşünaslıqdan rejissorluğa keçən rejissorlarla bağlı çoxlu gözəl örnəklər var. Odur ki, niyə rejissorluğa keçdiniz deyə soruşmayacam. Məni başqa şey maraqlandırır: kinematoqrafiyanın nəzəriyyəsini, nəyin necə və niyə çəkildiyini, metaforaları və s. bilən bir insanın rejissorluq etməsi çətin deyil? Biri o birinə mane olmur?
  • Düzü, mən nəzəri baxımdan kinonu yaxşı bildiyimi deyə bilmərəm. Çünki tələbəlik dövründə, demək olar ki, dərslərə girmirdim.
  • Kinoşünaslıq öz seçiminiz idi, yoxsa test nəticələrinə əsasən ora düşmüşdünüz?
  • Yox, özüm istəmişdim. Çünki kinoya meylim vardı. Allaha şükür ki, bizdə rejissura üzrə təhsil səviyyəsinin çox aşağı olduğunu deyən gözəl insanlar tapıldılar. Mən də düşündüm ki,  künoşünaslıq ən gözəl seçimdir, ən azı, orda heç vaxt heç yerdə görməyəcəyim filmləri izləyə bilərəm. Məncə, bu, təhsilin ən gözəl formasıdır. Niyə kinoşünaslıqla məşğul olmadım? Məncə, kinoşünaslıq başqa bir cəsarət tələb eləyir. Mənim vəziyyətimdə, bu, təbii ki, eqoistlikdir. Çünki özümü başqa insanların, başqa müəlliflərin həyatını, yaradıcılığını öyrənməyə həsr etmək üçün motivasiyam, gücüm yoxdur. İnsan həmişə özündən sonra qalacaq bir iş görmək istəyir. Mənim üçün çəkdiyim hər film kiçik bir pazldır; çəkib-qurub kənara qoyuram. Ömrümün sonunda o pazlların hamısı mənim ruhumun fiziki təcəssümü olacaq. Ya da belə deyim: güzgüdə öz ruhumu görmək istəyidir filmlərim.
  • Ola bilərmi ki, kinoşünaslıq sizə bu sənətdə ola bilməyin bir qədər passiv forması kimi görünüb. Rejissorluq isə daha aktiv fəaliyyət tələb eləyir.
  • Hə, bu da var.
  • Ailənizdə sizdən başqa kimsə incəsənətlə məşğul olur?

Heç kim. Anam məni pianinoya qoymaq istəyirdi, alınmadı. Mən isə musiqini həddindən çox sevirdim. Sadəcə hansısa bir anda başa düşdüm ki, mənim musiqi istedadım yoxdur. Bununla barışmağa çalışdım. Sonra təsviri sənətə meylləndim. Mənim üçün o qədər inanılmaz, qeyri-adi bir məşğuliyyət idi ki! Ancaq burda da istedadım olmadığını anladım. Nəhayət, kinonu seçdim. Çünki kino ciddi səy və istedad tələb edir. Eyni zamanda da istedadsız insanlar üçün o qədər geniş bir meydandır ki! Yeganə sənət növüdür ki, özünü ifadə edə bilərsən.

  • Hələlik iki filminiz var. “İkinci planetin qırmızı rəngi” ilə birlikdə üç olacaq. Düzü, “Pa-Pa” filmi mənə bir qədər qarışıq təsir bağışladı. Elə bir fikriniz var, nəsə demək istəyirsiniz, amma alınmır.
  • Çünki o film zərər görmüş pazldır. Elə bil pazl yerə düşüb və hissəcikləri itib. Bu filmi tələbə olanda çəkmişdim. Hərdən adamın içində dəhşətli bir istək yaranır, nəsə eləmək istəyir. Bu film həmin istəyin nəticəsi idi. Biz sadəcə kameranı götürdük və gedib çəkdik. Çəkiliş meydançasında interneti açıb çarpaz dialoqları, yəni səkkizlik çəkməyi öyrənirdik.
  • Həm statik kameradan istifadə etmisiniz, həm də hərəkətli kameradan. İkisi birlikdə üslub qarışıqlığı yaradıb və funksional deyil.
  •  “Pa-Pa” filmini müdafiə eləyə bilmirəm. O,  gənclik çılğınlığı idi.  Bir söz var: qarnımda kəpənəklər uçur. Təxminən, belə bir şey idi. “Mən belə istəyirəm, belə görürəm, mütləq belə olmalıdır” düşüncəsinin sərt diktəsi… Başqa  heç nə, heç kim vecinə olmur. Xoşbəxtlikdən, hamımız böyüyürük.
  •  Bəlkə dediyiniz o pazlı yığa bilmədiyimə görə, mənə elə gəldi ki, çox şəxsi hekayədir.
  • Elədir. Mənim atam işinə görə daima səfərdə olur, evdə onu çox az görürük. Bu filmi çəkəndə on səkkiz yaşım vardı və on səkkiz il ərzində atamı üst-üstə 3-4 il görmüşdüm, ya yox. Bu, daimi dissonas kimidir. Əslində, adam var, amma həm də yoxdur. Buna görə də, filmdə atanın yaşayıb-yaşamadığı göstərilmir. Bu mənim həyatım boyu yaşadığım bir dissonasdır.
  • Sizin üçün ssenari nədir? Çəkiliş meydançasında dəyişikliyə imkan verən oriyentirdir, yoxsa filmin verbal variantıdır, nə yazılıbsa, onu da çəkirsiniz?
  • Birmənalı şəkildə oriyentirdir.
  • Meydançada çox improvizasiyalar edirsiniz? Ümumiyyətlə, ssenari üzərində iş prosesi necə gedir?
  • Mən, ssenari yazmağa başlayanda, əsasən, filmin dilini, gələcəkdə filmin çevriləcəyi şeyi, əsas xətləri müəyyənləşdirməyə çalışıram. Belə izah edim: mən bilirəm ki, Hövsandan şəhərə ya manatlıq taksiylə gələcəyəm, ya da əvvəl avtobusa minəcəyəm, sonra metroya. Ssenari üzərində iş, təxminən, buna bənzəyir. Qəhrəman var, onun hansısa bir problemi var, vəssalam. Qalan hər şey meydançada yaranmağa başlayır. Məsələn, “Təngnəfəs”də belə olmuşdu. Biz bir şey yazmışdıq, amma çəkiliş meydançasında hər şey dəyişməyə, tamamilə fərqli bir şey formalaşmağa, tamamilə fərqli bir ideyaya çevrilməyə başladı və o şey axın kimi gəlirdi, gəlirdi. “Tom və Cerri”də bir səhnə var e! Qoxu gəlir və Tomun burnuna dolub onu başdan çıxarır. Bax, haqqında danışdığım fikir axını da buna bənzərir. Bir də doğuşa… Sən uşağın rüşeymini atırsan və missiyan bitir; artıq bətndəki gələcək uşaq valideyni yönləndirməyə, idarə etməyə başlayır. Çünki uşağı valideynlər tərbiyə etmirlər. Uşaq özü öz mövcudluğu ilə onları böyüdür. Mən buna belə yanaşıram.
  • “Təngnəfəs” filmində hansı səhnələr improvizasiyadır?
  • Ondan başlayım ki, filmin ssenarisi tamamilə fərqli idi. Bir qadın qəhrəmanımız var, əziyyət çəkir, kömək istəyir və sadəcə yoxa çıxır. Eyni zamanda həddindən çox paralel başqa süjet xətləri vardı və öz növbəsində onlar da başqa xətlərlə kəsişirdilər. Bilirsiniz, nə maraqlıdır? Ssenarinin ilk variantında sən hər şeyi görürsən, sənə elə gəlir ki, o, beton sütunlar kimi möhkəmdir. Sonra çəkiliş, montaj prosesi başlayanda həmin beton sütunlar sadəcə yoxa çıxır, amma sən bilirsən ki, onlar mövcuddur və nəticədə o sütunlar yenə peyda olur.
  • Bir az da operator işindən danışaq. Oktay Namazovun müstəqil işlərini izləmişəm. Rejissorla tandemdə isə “Təngnəfəs” ikinci işidir, yanılmıramsa. Anladığım qədərilə, Oktay Namazov bir operator kimi rejissorla tandem yarada bilir, necə deyərlər, hər rejissorun nəbzini tutmağı bacarır. Sizinlə iş necəydi?
  • Məni Oktayla Elvin Adıgözəl tanış eləmişdi. Oktayla işləməyə başlayanda düşünürdüm ki, “Pa-Pa”dan sonra böyümüşəm, artıq son dərəcə peşəkar işləmək, hər şeyi ən xırda detalına qədər fikirləşmək lazımdır. Bu, tanışlığımızın ilk həftəsində idi. Sonra hansısa məqamda anladım ki, kimi aldadıram, onsuz da belə alınmayacaq. Oktayı daha yaxından tanımağa başladıqca, onun sənədli kinodakı işləri ilə tanış olduqca, zamanı necə doğru həkk etdiyini anladıqca hər şey barədə danışmağa başladıq. Bizim görüşlərimiz sadəcə söhbət məclisi idi. O bilirdi ki, ssenari var, bilirdi ki, qəhrəmanımız var. Biz bilirdik ki, onun problemini, mövcudluğunu necə göstərmək olar və çəkiliş meydançasında total azadlıq vardı. Məsələn, işıq qurulurdu, sanki hər şey yaxşı idi, sanki nə çəkəcəyimizi bilirdik. Ancaq bütün bunları edə-edə başa düşürdük ki, bu, bizə lazım olan kadr deyil. Ona görə də sadəcə qəhrəmanı, yəni aktrisanın davranışlarını, onun nə edəcəyini izləməyə başladıq; o neyləyəcək, evə necə girəcək. Bir sözlə, kadrın quruluşunu aktrisanın plastıkası diktə edirdi.
  • Yeri gəlmişkən, Şəhla İsmayılovanı sizin sayənizdə kəşf elədim. Ekranda son dərəcə orqanik görünür və çox cəsarətli aktrisadır. Bundan əvvəl heç bir filmdə görməmişəm. Bilmirəm, bəlkə seriallarda çəkilib.
  • Yox, çəkilməyib. Şəhla xanım çox möhtəşəm insan və həddindən artıq istedadlı aktrisadır. Dram teatrında işləyır. Amma təəssüf ki, nədənsə kölgədə qalıb. Mən onu düz bir il gözləmişəm. Çünki ssenari onun üçün yazılmışdı. Daha doğrusu, biz təxminən bilirdik ki, o rolu Şəhla xanım oynayacaq, hərçənd paralel başqa aktrisa da axtarırdıq. Bir dəfə dostumla birlikdə evinə qonaq getmişdik. O, nəsə iş görürdü, biz də oturub onu gözləyirdik. Onun evində uzun bir dəhliz var və  oturduğumuz yerdən Şəhla xanımın dəhlizdə necə hərəkət etdiyini rahat görə bilirdik. Elə bil uzaqda mavi balina o tərəf-bu tərəfə üzürdü. Bir dəfə keçdi, iki dəfə keçdi. Bu, inanılmaz mənzərə idi və mən onu görəndə başa düşdüm ki, mütləq onu çəkməliyəm.
  • Filmdə diqqətimi çəkən detallardan biri də o oldu ki, ancaq qadının və uşağın üzünü görürük, digər personajların isə səsləri var, fiziki olaraq görünmürlər.
  • Biz artıq çəkiliş meydançasına çıxmağa hazırlaşırdıq. Filmin ikinci ssenaristi Nicat dedi ki, səncə, qəhrəman cinsiyyəti olmayan məxluqa oxşamır? Heç bir seksual həyatı, hətta seksual oriyentasiyası da yoxdur.
  • Hətta elə bil duyğuları da yoxdur.
  • Elədir. Mən Nicatla razılaşdım. Bu düşüncəmiz ona gətirib çıxartdı ki, kadrda ancaq cinsiyyətsiz məxluqları göstərmək qərarına gəldik. Sadəcə ekranda gördüyümüz uşaqlar və əsas uşaq cinsiyyətsiz deyil. Onlar hələ bunun üçün yetişməyiblər. Qadın da onlar kimidir.
  • “Təngnəfəs” filminin titrlərində xeyli insana təşəkkür etmisiniz, həmçinin bir neçə şirkətin adı var.
  • Bu, necə alındı? Mən bir studiyada işləyirdim, adını çəkmək istəmirəm, yaxşı ki bağlandı. Orda məşhur bir adam söz vermişdi ki, studiya filmi çəkməyə kömək edəcək, hər şey yaxşı olacaq və s. Bu ümidlə orda qul kimi işləməyə başladım, amma axırda aldatdılar. Ordan çıxandan sonra Oksana Rəsulovanın filmində ikinci rejissor kimi işləyirdim. Bir dəfə Oksana niyə film çəkmədiyimi soruşdu. Dedim ki, çəkərdim, amma pul, texnika lazımdır. Oksana da  kömək edəcəyinə söz verdi. Mənim üçün növbəti vəd olduğuna görə elə ordaca unutdum. Amma yeni il ərəfəsində özü mənimlə əlaqə saxladı, vədini xatırlatdı və texnika tapa biləcəyini dedi. Təsəvvür edin, elə bil evsiz-eşiksiz adamsan, heç nəyin yoxdur, yağış yağır; və kimsə sənə deyir ki, bir yer var, sadəcə damdan və dörd divardan ibarətdir, çox soyuqdur, əgər istəyirsənsə, orda yaşa. Sən də çox qısa müddətdə özün üçün minimum bir şərait yaratmalısan ki, orda qala biləsən. Bax, məndə də belə oldu. O andan proses sürətlə getdi, çəkilişlərə başladıq. Ardınca “Cineks”, “Butafilm” texniki dəstək verdi, şəxsən İlqar Nəcəf maddi kömək elədi. Çəkilişi bitirəndən sonra anladıq ki, material əlimizdə qalıb, montaj, post-prodakşn üçün nə yer var, nə də vəsait. Onda Rüfət Həsənov ortaq tanışlarımızdan mənim barəmdə eşitmişdi. Mən də onun sadəcə “Buqələmun” filmini görmüşdüm və “Yoxdur belə söhbət”i haqqında eşitmişdim. Biz görüşdük, o da kömək edəcəyini dedi. Bilirsiniz, “Təngnəfəs” bizə o qədər çətin başa gəlmişdi ki! Ordunu keçmək kimi bir şey idi. Ona görə də, Rüfətə  dedim ki, mənə kömək lazım deyil, materiala baxarsan, xoşuna gəlsə, ko-prodüser olarsan. Rüfət materiala baxdı və bir müddət ondan səs çıxmadı. Amma “Debüt” studiyasına  direktor təyin olunanda əlaqə saxlayıb “materialı gətir” dedi. Beləcə, filmi “Debüt”ün bazasında montaj etdik və rənglədik. Bir sözlə, Rüfət Həsənov filmin bütün post-prodakşnını öz üzərinə götürdü.
  • Sarayevo festivalında film necə qəbul olundu?
  • Sarayevoda münsiflər heyətinin üzvü bizim yanımıza gəldi və filmi tərifləməyə başladı. Dedi ki, əslində, mükafatı sizə vermək istəyirdik, amma bəzi siyasi məqamlar var, ona görə də,  Kosovadan bəhs edən filmə verməli olduq. Yeri gəlmikən, qalib gələn film o mükafata layiq idi. Düzü, mən belə məsələlərə bir az skeptik yanaşıram, qətiyyən festival adamı deyiləm. Həmin vaxt Teymur Qəmbərovla Teymur Haciyev də Sarayevodaydılar. Qəmbərov daima məni insanlarla tanış olmağa, ünsiyyət qurmağa təşviq edirdi, ancaq məndə alınmırdı. Heç burda da sadəcə yol soruşmaq üçün belə, kiməsə yaxınlaşa bilmirəm, çünki mənim özümə yaxınlaşan olanda xoşuma gəlmir; həmişə insanlarla aramdakı məsafəni qorumağa çalışıram.
  • Bu xasiyyətiniz çəkiliş meydançasında problem yaratmır? Az qala, hər kəslə ünsiyyətdə olmalısınız, axı.
  •  Bu suala qısa cavab verə bilərəm. Üç filmin meydançasında nəzarət edə bilmədiyim eqom ucbatından, əz azı, beş dostumu itirmişəm. Çünki çox əcaib bir dissonans yaranır. Məsələn, mən kiminləsə illərlə dostluq eləmişəm və hiss edirəm ki, həmin adam çəkiliş meydançasında əvvəlki məni görmək istəyir. Mən isə bu kompromisə gedə bilmirəm. Çünki meydançada başqa adama çevrilirsən. Hər şeyi kino diktə edir; səni sadəcə ideya yönləndirir, sənin üçün ideyadan başqa müqəddəs heç nə qalmır. Bu pisdir. Bu xasiyyətimlə mübarizə aparmağa, özümü tərbiyələndirməyə çalışıram.
  • Son işiniz – “İkinci planetin qırmızı rəngi” indi hansı mərhələdədir?
  • Demo versiyası tam hazırdır, montajı başa çatıb. Paralel rəng korreksiyası və səsi işləməyə başlamışıq. Məncə, pis alınmayıb. O qəhrəmanla yaşamaq mənim üçün inanılmaz maraqlı təcrübə oldu.
  • Azər, sizinlə ilk dəfə danışanda dediniz ki, sosial şəbəkələrdən istifadə etmirsiniz. Özümdə alınmadığına görə, buna gücü çatan insanlara heyranlıq duyuram. Bunu necə bacarırsınız?
  • 2015-ci ildən bəri sosial şəbəkələrdən istifadə etmirəm. Məncə, bu da mənim eqoizmim və özümü sevməyimlə bağılıdır. O məcrada olmaq istəmirəm. Üstəlik sosial media daima neqativlə dolu olur. Bilmirəm… Nədənsə mənə heç maraqlı deyil. Tarkovskidən sitat gətirmək həvəskarı deyiləm. Ümumiyyətlə, birmənalı şəkildə Tarkovskinin pərəstişkarı deyiləm, bəzi filmlərini bəyənirəm, bəzilərini yox. Amma onun çox gözəl bir fikri var: İnsan özü-özüylə darıxmırsa, bu onun gücüdür. Şükürlər olsun, mən özümlə darıxmıram.
  • Tarkovski demişkən, dünya kinosunda sizə maraqlı gələn, daimi izlədiyiniz üslubunu bəyəndiyiniz rejissorlar varmı?
  • Birinci onu deyim ki, “mütləq baxmaq lazımdır” siyahısında olan istər klassik, istər müasir filmlərin heç birinə bir dəfədən artıq baxmıram. Filmə bir dəfə baxıb bəyənmədinsə, ikinci dəfə niyə baxasan?! Digər tərəfdən çox bəyənmisənsə, o hissi içində saxlamaq istəyirsən, təkrar baxsan, itirəcəyindən qorxursan. Təkcə treylerlərə təkrar-təkrar baxmağı sevirəm. Məsələn, Qaspar Noenin “Klimaks” filminin treylerinə, az qala, otuz dəfə baxmışam.  Kendzi Midzoqutinin “Yağışdan sonra çıxan dumanlı ayın nağılları” filmini yaxşı xatırlayıram. Pedru Koştanın “Qan” filmi də qeyri-adi filmdir. Hamıya bu filmə baxmağı tövsiyə edirəm. Son baxdığım filmlərdən Li Çxan Donun “Alovlanan” filminin adını çəkə bilərəm, dahiyanə filmdir. Yaradıcılığını izlədiyim rejissorlardan biri Qaspar Noedir. Bir də Lantimosun adını çəkə bilərəm, amma əvvəlki filmlərini. Artıq sanki öz ampluasında popla məşğul olmağa başlayıb.
  • Bir də özünü təkrarlayır. “Müqəddəs maralın qətli”, “Caynaqlar”, “Lobster” filmlərindəki mövzunun təkrarı idi, sadəcə ulduz aktyorlarla çəkmişdi.
  • Bilirsiniz, bu, nəyə oxşayır? Yemək bitəndən sonra boşqabın dibini çörəklə sıyırmağa. Lantimosun son filmləri belə bir şeydir.
  • Bəs klassik filmlər, ya da rejissorlar? Tarkovskiyə münasibətinizi öyrəndik artıq.
  • İndi çox yadıma düşmür. Kubrikin “Geniş bağlı gözlər”i klassika sayılırsa…  Universitetdə ilk dərsimizdə Ayaz Salayev bu filmi göstərmişdi bizə.  O vaxt ki, sən ümumiyyətlə, heç nə bilmirsən, ilk dərsdən bir gün əvvəl qızların xoşuna gəlmək üçün yeni idman ayaqqabıları axtarırsan; gəlirsən dərsə və sənə elə bir kino göstərirlər. Unutmaq mümkün deyil. Qodarın “Dəlisov Pyero” filmini xoşlayıram. Düzü, mən klassik filmlərin niyə hamı tərəfindən sevildiyini başa düşmürəm. Məsələn, deyirlər ki, illər keçsə də, o filmlərə baxanda valeh olacaqsan və s. Mən belə düşünmürəm. Hətta ən dahi klassik filmlərdən belə nadir hallarda təsirlənirəm. Demək olar ki, hamısına baxmışam. Amma nadir hallarda hansısa mənə dərindən təsir eləyib. Bəli, baxırsan, öyrənirsən, vəssalam. Ayaz Salayevin Bertoluççi haqqında bir fikri vardı. Deyirdi ki, Bertoluççi əsl ustadır, hər şeyi bacarır, amma əsas şey, tamaşaçıya toxunan o detal – ya da ruh deyək- o yoxdur. Bertoluççidən danışanda Ayaz müəllimlə o qədər də razı deyiləm, amma ümumilikdə fikrin özü ilə razıyam. İndi sizinlə danışanda beynimdəki balaca pəri arxivdə eşələnir və Marko Bellokyonun “Cibdəki yumruqlar” və Pazolininin “Teorema” filmləri yadıma düşür.
  • “Salo” yox?
  • Yox, yox, yox! Yeri gəlmişkən, o filmə yarısına qədər baxa bilmişəm.
  • Sizə hansı mövzular maraqlıdır? Nəyi araşdırmaq, ya da kinoya gətirmək istəyərdiniz?
  • Mən hansısa mövzunu araşdırmıram, sadəcə öz prizmamdan müşahidə edirəm. Məni ailə və apokalipsis mövzuları maraqlandırır. Amma bunlar da daha çox ikinci dərəcəlidir, çünki məni ən çox özüm maraqlandırır, yəni özümü müşahidə eləmək. Məsələn, necə yemək yeyirəm, necə davranıram, bu və ya digər situasiyalarda özümü necə aparıram, niyə hardasa qorxdum, hardasa cəsarətli oldum və s. Biz hamımız, demək olar ki, eyniyik; qulaqlarımız, burunlarımız var. Hamımız humanoidik. Hərdən filmdə bir qəhrəmanın simasında müəyyən bir cəmiyyəti, ya da xalqı, ya da bəşəriyyəti göstərməyə çalışırsan. Mənə bu yaxındır – hansısa məqamları özümün fonunda, özümdən çıxış edərək anlamaq. Və təbii ki, ölənə qədər daha çox iş görmək, bütün bunları göstərmək istəyirəm.
  • Suallarım bitdi. Vaxt ayırdığınız üçün təşəkkürlər.

    Müsahibəni hazırladı: Aygün Aslanlı

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya