İNDİ OXUYUR
İtin Gücü və gücün əl dəyişdirməsi

İtin Gücü və gücün əl dəyişdirməsi

İlin ən diqqət çəkən əsərlərindən biri Ceyn Kempionun “İtin gücü” (The Power of the Dog) filmidir. Dünya premyerasını etdiyi Venesiya Film Festivalında “Ən yaxşı rejissor” mükafatını qazanan, Oskarda 12 nominasiyada namizəd göstərilən filmin uğurlu olduğu aşkardır. Təkcə bu uğurlar filmin mövzularını, janrını və etmək istədiklərini araşdırmaq üçün kifayətdir. Lakin Ceyn Kempionun hər zaman güc münasibətlərini, müstəmləkəni, insanın təbiətlə və özü ilə mübarizəsini yaradıcılığının mərkəzinə qoyması filmi təhlil etmək üçün əlavə motivasiyadır.

Kempionun bütün dünyada tanınması 1993-cü ildə Kann Film Festivalında yarışan “Piano” filmi ilə əlaqəlidir. “Piano” festivalda ən yaxşı filmə verilən “Palme D’or”u qazanır və Kempion bu mükafatı qazanan ilk qadın kimi tarixə düşür. Həmin filmdə biz qadınların kişilərin əsarətinə düşməsini və öz xəyallarından uzaqlaşmasını, müstəmləkə siyasətinin təkcə torpaq üzərində yox, həm də qadınların üzərində kişilər tərəfindən qurulduğunu görürük.

aktyor Benedikt Kemperbetç

“İtin gücü” də oxşar mövzuların Vestern janrı vasitəsilə yenidən qarşımıza çıxarılmasıdır. Film Tomas Sevıcin (Thomas Savage) yazdığı eyniadlı romanın ekran adaptasiyasıdır. 1925-ci ildə, Montanada keçən hekayədə biz iki qardaşın – Fil və Corc Börbankların – sakit, monoton həyatının necə dəyişdiyini görürük. Bu iki qardaş bir-birinə o qədər bağlıdır ki, hətta balaca uşaqlar kimi eyni otaqda, əkiz çarpayılarda yatırlar. Sürüləri olan iki qardaşı bir-birindən uzaq salan Rouz Qordon adlı qadın olur. Corcun Rouzdan xoşu gəlir və tezliklə evlənirlər. Bütün konflikt də buradan başlayır.

Fil klassik kovboyların davamçısıdır. O, fiziki olaraq güclüdür, vəhşi təbiətlə iç-içədir, palçığın içində çimir, qonaq gələndə onların yanına pis qoxu gəldiyi üçün getməməyə çalışır, hətta öküzləri kastrasiya etmək üçün əlcək taxmır, yalın əllə prosesi həyata keçirir. Qardaşı Corc isə mədəni dünyaya aiddir, rəhmdildir, smokin geyir və davranışları ilə Filin anti-tezisi olduğunu göstərir. Filin digər maraqlı tərəfi odur ki, kollecdə oxuyub, intellektual bazası var, lakin özünü tapdığı yer dağlar, çöllər, inək və öküzlərin arasıdır.

Vestern filmlərinin xarakterik mövzularından biri insan və təbiət, sivil və vəhşi arasındakı konfliktdir. Ceyn Kempion bu münasibətləri maraqlı və yeni bir formaya salır. Rouzun oğlu Piter Qordon ətrafda ins-cins olmayan mülkə gəlir və anasının yanında yaşamağa başlayır. Anasının alkoqolikə çevrilməsi Piterdə şübhələr yaradır, digər tərəfdən isə öz fiziki zəifliyi və incəliyi ilə Filin əvvəl xoşuna gəlməsə də, onlar arasında dostluq münasibətləri yaranır.

Rouzun alkoqola öyrəşməsi və dayanmadan içməsinin xüsusi səbəbi var. Həmin səbəb Filin ona “gaslighting” (qazlaytinq) etməsidir. Bu ifadə 1944-cü ildə çəkilən “Gaslight” filmindən gəlir. Bir insanın gizlin müdaxilə və manipulyasiya ilə öz ağlına, gördüklərinə, eşitdiklərinə dair şübhələrinin yaranması, bu şübhələrdən dolayı psixoloji çöküş yaşaması belə adlanır. Fil də qardaşının arvadına eynisini edir: Rouz piano çalarkən kənarda, özünü gizlədərək, fitlə musiqi ifa edir, ya da başqa bir səhnədə, aşağı mərtəbədə gördüyü Rouza yenə eyni səsi eşitdirir, beləliklə onun psixoloji sağlamlığına zərbə vurur. Filin belə davranmasının özünə görə haqlı səbəbi var. O, düşünür ki, Rouz qardaşı ilə puluna görə evlənib və pis rəftara layiqdir. Rouz ilə Filin arasındakı konflikt, psixoloji manipulyasiya kişilərin qadınlar üzərində necə iqtidar qurduqlarını, onları özlərindən asılı hala salaraq zərərsizləşdirdiyini göstərir. Bu toksik (zəhərli) münasibətlə Ceyn Kempion kişi dünyası adlandırılan vəhşi Qərbdə qadınların hansı dəyəri gördüyünü tənqidi formada bizə çatdırır.

Fil ilə Piterin dostluğu inkişaf etdikcə qarşımıza daha bir maraqlı məqam çıxır. Piter kənardan dəymədüşər və incə görünsə də, bir səhnə ilə onun bütün zalımlığı ortaya çıxır. Yanında gətirdiyi dovşanı sanki bəsləyəcəkmiş kimi düşünürük, lakin bir neçə dəqiqədən sonra həmin dovşanı parçaladığını, üzərində tədqiqat apardığını öyrənirik. İncəruhlu görünən gəncdən belə bir davranış ağlasığmazdır, ancaq film bitdiyində hər şey öz yerinə oturur.

Fil və Piter dostlaşdıqca, Filin gəncə yazığı gəlir. İstəyir ki, Piter də onun kimi güclü, istədiyini edən, zəhmli bir insan olsun. Digər tərəfdən, Fil Piterlə yaxınlığı zamanı Bronko Henri adlı ustadına tez-tez istinad edir. Bu istinadlarla Filin hər şeyi Bronkodan öyrəndiyi, ona qarşı sevgisinin olduğu aşkara çıxır. Xüsusilə Filin yaxın planda atın yəhərinə erotik toxunuşları obrazın daxilində basdırılmış homoseksuallığa vurğudur. Burada neo-vestern janrında çəkilən və iki kovboyun homoerotik münasibətlərindən bəhs edən “Qozbel dağ” (Brokeback Moutain) filmini xatırlamaqda fayda var. Həmin film Anni Prunun eyniadlı qısa hekayəsinin ekran adaptasiyasıdır. Anni Pru “İtin gücü” romanını yüksək dəyərləndirib, əsərlərində, “Qozbel dağ” da daxil olmaqla, təsirinin olduğunu bildirib. Ceyn Kempion da filmin dramaturgiyasında gey xəttini qoruyur və Filin içinə düşdüyü çıxılmaz vəziyyəti, gərginliyi və əsəbiliyi açıqlayır. Fil öküzləri xədim etdiyi kimi, içində olduğu patriarxal sistem, tabular, özünü gerçəkləşdirə bilməmək də onu xədimə çevirib. Filin xoşbəxt ola bilməməsi, həyatda istədiyini tapa bilməməsi xidmət etdiyi, çarxlarından birinə çevrildiyi kişimərkəzli dünyanın ortaya çıxartdığı situasiyadır.

Bu güclü kişilərin dünyasında ən qorxulan şey mədəniyyət, ədalət, dövlətin öz iqtidarını quraraq vəhşilikdən azad etməsi, əhilləşdirilməsidir. Piter də həmin dünyanın – mədəniyyətin – bir hissəsidir. O, tibb üzrə təhsil alır, dünyaya fərqli baxır. Piterlə olan münasibətlərində Filin vəhşilikdən uzaqlaşdığını, izləyicidə özünə qarşı simpatiya yarada bildiyini görürük. Lakin Piterin planı tamam başqadır: O, Fillə dostluq edib inamını qazanır, ona yaxın olur, ancaq ən gözlənilməyən anda öz tibbi biliklərini istifadə edərək infeksiyaya yoluxmuş inək dərisindən hazırladığı kəndiri Filə verir. Fil isə artıq Piterə inandığı üçün və özünü daim güclü göstərməyə çalışdığına görə, əlcəksiz həmin kəndirdən istifadə edir. Qanına infeksiya yoluxan Filin ölümü baş tutur.

Bu güc münasibətləri gözlənilməz bir forma alaraq bitir. Zəif və yardıma möhtac görünən Piter güclü və iqtidar sahibi Fildən anasının intiqamını alır. Ceyn Kempion bu vestern filmində həm qadınların kişilərin dünyasında necə əzab çəkdiyini göstərir, həm də kişilərin əllərində olan gücü necə istifadə etdiyi, çılpaq və vəhşi gücdən, gizlin və ağıllı üsullara necə keçdiyini, gücün necə əl dəyişdirdiyini açıqlayır. 1925-ci ilin Montanasında artıq kovboy tərzində, hər kəsə meydan oxuyacaq güc yerini əhilləşdirilmiş, lakin yenə də hadisələrə müdaxilə etmək iqtidarını itirməmiş kişilərə verir. Ucsuz-bucaqsız çöllər, yalın dağlar artıq fəth edilib və burada klassik kişilərin dövrü bitməkdədir. İndi zərif və incə görünməsinə baxmayaraq, əməlləri ilə kifayət qədər öldürücü olan kişi dünyasının vaxtıdır.

Ceyn Kempion kişimərkəzli dünyanın fəsadlarını həm kişilərin, həm də qadınların perspektivindən çox uğurla izləyiciyə çatdırır. “İtin gücü”ndə bu fikirlər möhtəşəm aktyor oyunu, musiqi seçimi, təsvir həlləri ilə kino dilinə çevrilir və yeni diskusiyalara imkan yaradır. Filmin gələcəkdə də “güc münasibətləri”nin ekran həlli mövzusunda tez-tez müraciət ediləcək əsərlərdən biri olacağı şübhəsizdir.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya