Atəş səsləri içində layla

Elə anlayışlar var ki, “müharibə” sözü ilə yanaşı səslənəndə, xüsusən, qəribə təzad yaradır; “layla” onlardan biridir. Layla — ananın səsidir; uşaqlığın yaddaşıdır, ocağın, evin istiliyi və təhlükəsizlik duyğusudur. Müharibə isə bütün bunları insanın əlindən alır: evini xarabalığa çevirir, doğmalarından qoparır və həyat öz təbii axarını itirirək növbəti atəş səsinədək bir növ gözləmə rejiminə keçir.
Gənc rejissor Ayan Məlikin “Layla” qısametrajlı bədii filmində bu söz — “layla” — müharibənin fərqli tərəflərində dayanmış iki gəncin, azərbaycanlı və erməni əsgərlərinin yanında qəribə bir dinclik tapır. Onların hər ikisi savaşın son astanasındadırlar, hər ikisi həyatının son dəqiqələrini yaşayırlar. Bu, müharibə ilə ölüm arasında sıxılmış zamandır —ağır yükü olan, sözlə ifadəsi çətin, tükənən zaman. Çünki artıq qarşıda nə ev, nə dinc həyat var. Görünən yalnız naməlumluqdur.
Qədim Skandinaviya mifologiyasında müharibədə həlak olan seçilmiş döyüşçüləri Valhalla — Odinin sarayı gözləyirdi. Bura yalnız savaş meydanında həlak olmuş döyüşçülərin arasından seçilənlər daxil ola bilərdi.
“Layla” filmində isə bu mifoloji obraz tamam başqa məna qazanır. Çünki qarşımızda hərbi mifin qəhrəmanları yox, ölümün astanasında dayanan, taleləri tədricən bir obrazda birləşən iki gənc var.

Hər birinin öz evi, öz xatirəsi, yaddaşında analarının yaşayan səsi var və hələ davam edə biləcək həyatı ola bilərdi. Bu mənada Valhalla — Ayan Məlikin hekayəsində yalnız müharibədə həlak olmuş döyüşçülərlə bağlı qədim mifin uzaq, solğun kölgəsidir. Film mifoloji obrazı qəhrəmanlıq əfsanəsinin məkanından çıxarıb real insan taleyinin məkanına gətirir. Azərbaycanlı və erməni anlayışları-əks tərəflərdə dayanan iki kimlik olmaqdan tədricən çıxaraq eyni faciənin iki simasına çevrilirlər.
“Layla” filmi Warsaw Film School-un tələbəsi, azərbaycanlı kinematoqrafçı Ayan Məlik tərəfindən, Kino Agentliyinin (ARKA) dəstəyi ilə tədris proqramı çərçivəsində çəkilib və sadəcə, qısametrajlı kurs işi kimi qəbul edilmir. Bu, iki tarixi dövrün sərhədində yaranmış filmdir: müharibənin insanların taleyini müəyyən etdiyi dövrün və sülhdən artıq yalnız ümid kimi yox, eyni zamanda yeni siyasi reallıq kimi danışmağın mümkün olduğu dövrün sərhədində.
Bir kurs işi üçün belə təsvir ardıcıllığı, xüsusilə, təsirli və inandırıcı görünür. Döyüş meydanının hiperrealist təsviri, demək olar ki, tamaşaçıda ekranın o üzündə baş verən hadisədə fiziki iştirak hissi yaradır. Elə təəssürat yaranır ki, ukraynalı-polyak operator Dmitri Ziniç (Dymitr Zinicz), sanki az sonra bu məkanı Anjey Vaydanın ağ-qara klassikası “Kül və almaz”ın (1958) məkanına çevirəcək.

Filmin yaradıcı heyətinə, ürəkdən parlaq festival həyatı arzulayıram.
Bəlkə də elə buna görə, cəmi 13 dəqiqə 50 saniyəlik film öz ekran müddətindən daha uzun bir söhbətin təsirini yaradır. Çünki söhbət kimin qalib gəlməsindən, kimin haqlı, kimin haqsız olmasından yox, münaqişənin fərdin şəxsi taleyinə çevrildiyi zaman başına nələrin gələcəyi barədədir.
Hekayənin mərkəzində Qarabağ münaqişəsinin fərqli tərəflərində olan iki gənc dayanır. Onların qarşılaşması müharibə məkanında baş verir. Burada milli mənsubiyyət, hərbi forma və əks cəbhələrə aidlik, əvvəlcədən insanlar arasında müəyyən bir məsafə yaradır.
Baş rollarda, azərbaycanlı əsgəri canlandıran Cohar Abdullayev və erməni əsgərini oynayan Fətəli Abdullayev çəkiliblər. Sonuncunun qarşısında daha mürəkkəb aktyorluq tapşırığı dayanırdı: çünki aktyor, onun üçün eyni dərəcədə yad olan hər iki dildə – erməni və rus dillərində səslənən ifadələrlə qurulmuş monoloqa tam şəkildə daxil olmalıydı.
Süjetin spoylerini açıqlamaq düzgün olmazdı. “Layla”nın gücü, qəhrəmanlar arasındakı münasibətin tədricən açılmasındadır. Tamaşaçı hərbi mənsubiyyətin arxasında yavaş-yavaş, yetkin həyata yenicə qədəm qoyan iki gənci görməyə başlayır. Onların doğmaları, xatirələri, sadə arzuları və evə qayıtmaq ümidi var.

Müharibə, filmdə kimin haqlı, kimin günahkar olması barədə siyasi mübahisəyə çevrilmir. Kamera münaqişənin insani tərəfinə yönəlir. Rejissor müharibənin dağıdıcı mahiyyətini vurğulayır və hansı tərəfdə dayanmasından asılı olmayaraq, onun qurbanı olan insanlardan danışır.
Evə qayıtmaq. Anasının səsini eşitmək. Doğmalarını görmək. Adət etdiyi ev yeməyinin dadını yenidən hiss etmək…
Filmin adının mənası məhz bu sadə arzularda açılır. “Layla” müharibəyə qədər mövcud dünyanı — uşaqlığı, ananı, evi, xatirələri və təhlükəsizlik hissini ifadə edir. “Layla” qayğı və qorunma duyğusu ilə bağlı olan ilk insan səslərindən biridir. Filmdə isə layla motivi xüsusilə təsirli səslənir, ona görə ki, qəhrəmanlar bunun tam əksi olan mühitdə üz-üzə gəliblər.
Buradan Mirzə Cəlilin dramaturgiyası və onun “Kamança” pyesi ilə də əlaqə yaranır. XX əsrin əvvəllərində yazılmış əsərlə müasir tələbə qısametrajlı filmi arasında təxminən bir əsrlik zaman fərqi var. Lakin onların mühüm ortaq məqamı mövcuddur: münaqişənin digər tərəfində dayanan insanın artıq mücərrəd düşmən kimi qəbul edilmədiyi an…
“Kamança”da bu sərhədi aşmağa musiqi kömək edir. “Layla”da isə sərhədi evlə bağlı yaddaş, ana səsi və elə laylanın özü aradan qaldırır. Fərqli bədii dillər bizi eyni suala gətirib çıxarır: hərbi formanı, milli yarlıqları və siyasi ifadə formalarını bir kənara qoysaq, insanlar arasında nə qalır?
Məhz buna görə Cohar və Fətəli, yalnız iki milli kimliyi canlandırmırlar. Onların obrazları əvvəlcə iki fərqli cəbhəni vurğulayır: azərbaycanlı və erməni, eyni münaqişənin iki tərəfini. Lakin tədricən fərqli mövqelər arxa plana keçir. Tamaşaçının qarşısında qorxunun, tənhalığın, evə, doğmalarına bağlılığın və yaşamaq arzusunun birləşdirdiyi iki insan qalır.

“Layla” filminin qapalı nümayişi avqustun 7-də, 2025-ci ildə avqustun 8-də keçirilmiş Vaşinqton sammitinin birinci ildönümü ərəfəsində baş tutdu. Bir il əvvəl, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birgə sülh və xeyirxah qonşuluq haqqında bəyannamənin protokollarını imzalamışdılar.
Bu tarixi kontekstdə “Layla” yeni nəslin bədii ifadəsi kimi səslənir və onlar üçün müharibə mövzusu yerini tədricən sülh mövzusuna verməlidir. Siyasət sərhədlərdən, dövlətlərdən, sazişlərdən və düşmənçiliyin sona çatmasından danışır. Kino isə söhbəti yenidən insan amilinə qaytarır.
Məhz buna görə “Layla”nı yalnız keçmiş münaqişə haqqında film kimi qəbul etmək olmaz. “Layla” – münaqişənin insanın şəxsi taleyinə çevrilməsi, onun başına nələrin gəldiyi və sonrakı dinc həyatda həmin taledən geriyə nələrin qaldığı barədədir.
“Dialoqa doğru addım” — bu, sadəcə bir ad deyil, həm də filmin məntiqidir: düşmən obrazından insan obrazına, müharibə yaddaşından sülhdən danışmaq imkanına doğru addım.
Ülvi Mehdi