“Akinak”: Epik hekayənin uğursuz kinoeskizi

Elxan Cəfərovun uşaqlar və yeniyetmələr üçün tarixi-macəra janrında çəkdiyi “Akinak” filmi haqqında danışmaq mənim üçün çətindir. Çünki filmdə müsbət sayıla biləcək, haqqında danışmağa, müzakirə ediləsi heç bir nüans yoxdur. “Akinak” mahiyyət etibarilə olduqca səthi, hadisələr bəsit, obrazlar isə karikatur səviyyəsində təsvir edilib. Bu isə ssenari müəllifləri İlqar Safat, Azər Ziyadlı, İrəvani və Lətif Lətifsoyun mövzuya ötəri, başdansovdu yanaşdığını bariz şəkildə göstərir. Belə ki, filmdə təsvir olunan hadisələrin heç biri, azca da olsa, emosional və ya dramatik gücə malik deyil.

“Akinak”, qədim dövrlərdə hazırkı Azərbaycanın ərazisində yaşadığı güman edilən İşquz xalqından bəhs edir. Düşmənlər işquzları öz əsarətinə almaq istəyirlər. Çıxış yolu, demək olar ki, yoxdur. Ocaq başında oturan tayfa başçısı Ata Arbak (Məmmədsəfa Qasımov) yaxın adamlarına vəziyyəti izah edir. O, geri addım atmaq fikrində deyil. Tək çarə var – “Akinak” qılıncı tapılmalıdır. O, İşquz xalqının gücünü ifadə edir. Bu missiya üçün dörd yeniyetmə seçilir və onlar yola düşürlər.
Problem elə başlanğıcda yaranır. İlk növbədə, belə bir sual ortaya çıxır. Nəyə görə bu yeniyetmətlər seçilir? Onlar hansı üstünlüklərə malikdirlər? Bu, tamaşaçı üçün aydın olmur. Bu obrazlar hadisələri əsaslandıran deyil, sadəcə süjeti irəli aparan texniki fənd rolunu oynayırlar və film davam etdikcə bu, daha aydın görünür.

Digər tərəfdən filmdə kadrarxası səsdən istifadə edilir. Nəqlçi bizi obrazların başına gələcək hadisələrdən xəbərdar etməkdən daha çox, baş verənləri izah etməklə məşğul olur və bununla da filmin strukturu pozulmağa başlayır. Məsələn, yola çıxan yeniyetmələr arasındakı dostluğun necə möhkəmləndiyini görə bilmirik. Bu boşluğu hər məqamda nəqlçinin səsi doldurur. Ümumiyyətlə, filmin hər nöqtəsində təsvir izaha uduzur.
Qəhrəmanlar müxtəlif mərhələlərdən keçirlər. Düşməndən qaçır, qayanın altına sığınır, sehrli rəsmlərə rast gəlir, susuzluq problemi ilə üzləşir, qum fırtınasına düşür, cadugərlərlə mübarizə aparırlar. Hər maneə özü-özlüyündə maraqlı olsa da, bəsit həll olunub. Dostlar çətinlikləri çox tez aşırlar, yaranan təhlükələr nə onlara, nə də tamaşaçıya inandırıcı təsir bağışlayır. Məsələn, mağaradakı rəsmlərin birdən-birə sehrli gücə malik olması heç nə ilə əsaslandırılmır. Eyni şəkildə, susuzluq problemi dərhal həll olunur, qum fırtınası tez bitir, cadugərlərdən xilas olmaq ani şəkildə baş verir. Bunların hər birində xilasedici kimi komandanın tək qadın üzvü olan Ulduz (Fidan Qafarova) xüsusi rol oynayır. Amma Ulduzun nəyə görə hər çətinlikdə ön plana çıxarıldığını, xilasedici kimi göstərilməsini əsaslandırmaq nə rejissorun, nə də ssenaristlərin ağlına gəlməyib. Nəticədə formal şəkildə bir qızın qalan üç oğlan obrazından həmişə bir addım öndə olduğunu görürük.

Filmin ən böyük problemlərindən biri də səbəb-nəticə əlaqəsinin düzgün formada qurulmamasıdır. Səbəb-nəticə arasında məsafə həddən artıq qısa tutulub. Fantastik elementlərdən istifadə edilib, amma bu xətt üçün vacib olan “sınaq və müqavimət” epizodlarına filmin heç bir yerində rast gəlinmir. Halbuki macəra filmlərində qəhrəmanların qarşısına cürbəcür çətinliklər çıxır, onlar əngəllərlə mübarizə aparırlar və bu mübarizə get-gedə qəhrəmanları dəyişir, nəticədə obrazlar nələrisə dərk edirlər. Yəni, başlanğıcda tapşırığı sadəcə “tapşırıq naminə” yerinə yetirirdilərsə, gedişatda dostlar çıxdıqları yolun mənasını sözün əsl mənasında dərk edirlər və bu Dərketmə onları qalibiyyətə aparır. “Akinak” filmində isə bu struktur pozulub. Hətta “pozulub” sözü də yaranmış vəziyyəti kifayət qədər dəqiq izah etmir. Filmin rejissoru Elxan Cəfərov və ssenaristlər bu strukturu dağıdıb, məhv ediblər. Onlar çətinliklə həll arasındakı görünməz ipi tamamilə qoparıblar. Bu da “təhlükə-sakitlik-yenidən təhlükə” ritminin pozulmasına səbəb olub. Qəhrəmanlar bir təhlükədən xilas olan kimi ardınca başqa bir təhlükə ilə qarşı-qarşıya qalırlar və bu ardıcıllıqda məsafənin daralması “nəfəs almağa”, emosional pauzaya yer qoymur. Bu səbəbə görə də tamaşaçı ilə obrazlar arasında mənəvi bağ yarana bilmir. Mənəvi bağ yarana bilmədiyi üçün də tamaşaçıya istənilən həyəcan ötürülmür.

Personajların daxili inkişaf xətti yoxdur. Hadisələr baş verir, amma obrazların heç birinin daxili təbiəti açılmır. Onlar nə dəyişir, nə şübhəyə düşür, nə də emosional transformasiya yaşayırlar. Qəhrəmanların ruhi vəziyyəti başdan-sona qədər dəyişməz olaraq qalır. Bu nüansın hər mənada heçə sayılması başqa bir problemə yol açır. Əgər bu film uşaqlar üçün nəzərdə tutulubsa, hər şeydən əvvəl rejissor və ssenaristlər Akinak qılıncını gətirmək missiyasını yerinə yetirən dörd dostu xüsusilə diqqətdə saxlamalı idilər. Çünki onların hər biri uşaqlar üçün bir idealı təmsil edir. Yeniyetmələr, gənclər bu qəhrəmanlara baxır, onların çətinliklərlə necə mübarizə apardığına şahid olur, özlərini bəyəndiyi personajın yerinə qoyurlar. Amma biz burzda qəhrəmanların bir-birindən hansı xarakter elementlərinə görə fərqləndiyini görə bilmirik. Sual yaranır: “Akinak” filminə baxan uşaq nəyə görə Əsrak olmaq istəsin? Əsrak (Fikrət Ocaqverdiyev) hansı üstünlüyə malikdir? Ya da Palaka (Məhəmməd Musayev) baxaq. Digər üçündən fərqli olaraq Palak müəyyən mənada xarakterinin açılmaq potensialı olan personaj sayıla bilər. Ancaq Palakın qarınqululuğu, acgözlüyü onun pəhləvanlığını, məğlubiyyətsizliyini hər mənada geridə qoyur. Burada da ssenaristlərin xarakter yaratmaq istiqamətində zəiflikləri özünü göstərir. Bu tipli süjetlərdə həmişə inamsızlıq, qorxu, tərəddüd və dostluq sınağı kimi elementlər ssenarinin əsas dramatik dayaqları rolunu oynayır. Təəssüf ki, dayaq inşa edilməyib…

Filmə daxil olan sehrbaz Kobar obrazı (Vüsal Hacı-Qədir) formal olaraq hadisələri fiziki müstəvidən metafiziki mübarizə mərhələsinə keçirir. Yəni, bizə Akinak qılıncının arxasınca gedən yeniyetmələrə fiziki güclə deyil, yalnız tilsimlə qalib gəlməyin mümkün olduğu fikri ötürülür. Amma ekranda bunu görə bilmirik. Maraqlı məqamlardan biri odur ki, sehrbaz Akinak qılıncının real gücə malik olmadığını deyir, bu gücün İşquz xalqının ona yüklədiyi mənadan doğduğunu vurğulayır. Əslində, diqqətlə baxanda deyilən sözlərin filmin süjeti üçün böyük bir potensial daşıdığını başa düşürük. Lakin bu ideya obrazların davranışlarında, hadisələrin səthiliyində itib-batır. Bu məsələ finalda özünü yenidən göstərir və böyük bir problemə gətirib çıxarır. Qəhrəmanlar sehrbazın bitmək bilməyən, axınla onların üzərinə gələn dəstəsi ilə uzun bir mübarizəyə başlayırlar, sanki çıxışı olmayan sonsuzluğun içində ilişib qalırlar. Bu zaman belə, personajların hər hansı birində ümidsizlik işartısını sezmək mümkün olmur və birdən-birə Qoytasar (Şamil Süleymanlı) adlı ağsaqqal ortaya çıxır, əlində “Akinak” qılıncını tutaraq hər şeyi həll edir. Bu, klassik “deus ex machina” effektidir – yəni, konfliktin kənardan, əsaslandırılmamış şəkildə həlli. Eyni problem paralel xətdə İşquz xalqının düşmənlə döyüşündə də var. İnsanların qorxusu, ümidsizliyi, müqaviməti göstərilmir. Döyüş səhnələri emosional təsirdən məhrumdur. Onların düşmənə qalib gəlməsi tamaşaçı üçün mənasızlığın təntənəsini ifadə edir.

Əslində, “Akinak”ın ideyası maraqlıdır – bir qrup yeniyetmənin səfəri, birlik, inam və mifoloji elementlər. Amma bu ideya düzgün işlənmədiyi üçün film emosional və dramatik təsir gücünü itirir.
Finalda müəlliflər hekayəni müasir dövrlə bağlamağa çalışıblar. Açılış səhnəsində Azərbaycan əsgərlərinin döyüşə getdiyini görürük. Bu əsgərlərdən biri təsadüfən Akinak qılıncını tapır. Finalda isə hadisələr muzeydə davam edir. Həmin qılıncın artıq eksponat kimi təqdim olunduğunu görürük. Bələdçi, şagirdlərə Akinak qılıncı və İşquz xalqı haqqında məlumat verir. Tamaşaçı şagirdlərin arasında filmdə səfərə çıxan dörd gənci də görür. Yəni, rejissor burada keçmişlə bu gün arasında paralellik qurmağa çalışır. Bu ideyanın məqsədi aydındır.
Akinak qılıncı sadəcə bir silah deyil, bir xalqın gücünün, müqavimətinin və qələbə iradəsinin simvoludur. Eyni zamanda, yeni nəsil bu hekayələri dinləyərək özünü həmin qəhrəmanların yerinə qoymalı, onların yolunu davam etdirməlidir. Lakin problem ondadır ki, bu fikir də filmin ümumi xətti kimi yalnız ideya və söz səviyyəsində qalır, emosional və vizual olaraq istənilən funksiyanı yerinə yetirə bilmir. Keçmişlə bu gün arasında qurulan əlaqə dərinləşdirilmir, şagirdlərin reaksiyası, hadisənin daxili təsiri görünmür, qılıncın simvolik gücü hiss etdirilmir. Film böyük bir ideyanı, tarixi yaddaşın davamlılığını və milli kimliyi çatdırmaq istəsə də, bunu çox səthi və bəsit formada təqdim edir.

Yekun olaraq deyə bilərik ki, “Akinak” filmi ideya olaraq potensiallıdır, lakin icra baxımından ciddi problemləri var. Obrazların zəifliyi, dramaturji boşluqlar, dinamiksizlik və emosional təsirin olmaması filmin əsas çatışmazlıqlarıdır. Ən böyük problem isə budur: film demək istədiyini deyir, amma bunu qeyri-peşəkar yolla, pafoslu, şişirdilmiş, bayağı şəkildə edir. Bu sadaladığımız nüanslar ekranda gördüyümüz şeyin heç bir halda kino deyil, sadəcə kino eskizi olduğunu aşkara çıxarır. Bu səbəbdən də, nə tarixi xətt, nə qəhrəmanların səfəri, nə də finaldakı simvolik bağ tamaşaçıda gözlənilən təsiri yarada bilmir.
“Akinak” filmi “Narimanfilm” şirkəti tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyilə istehsal olunub. Quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Əziz Məmədov, bəstəkarı Məryəm Əlibəyli, prodüseri Nəriman Məmmədovdur.
Nəcəf Əsgərzadə