Cansıxıcı əhvalat

“Cansıxıcı əhvalat” – tammetrajlı bədii film (1988)
Janr- dram, magik-realizm
Quruluşçu rejissor – Cəmil Quliyev, Ssenari müəllifi – Eldəniz Quliyev, Operator – Rafiq Quliyev
Əsas rollarda – Hamlet Xanızadə, Rafiq Quliyev, Giuli Çoxonelidze, Fatma Xızroyeva, Dadaş Kazımov, Əyyub Abbasov
Süjet: Bütün ömrünü Abşeron kəndlərindən birində keçirmiş Ata bir gün susmaq qərarına gəlir. Həyat yoldaşının xiffətdən xəstəlindiyini düşünən Ana təcili övladlarını kəndə çağırır.
Kinoyazar.az ssenarist Eldəniz Quliyevin “Atlar ağlayanda” kinossenarisini təqdim edir. Azərbaycanın kino tarixinin ən maraqlı filmlərindən biri olan “Cansıxıcı əhvalat” bədii filmi bu ssenari əsasında çəkilib. Film uşaqlıq travmaları, doğma insanlar arasında yadlaşma kimi mövzuları araşdırır.
ATLAR AĞLAYANDA*
(Bədii televiziya filminin kinossenarisi)
İkinci dünya müharıbəsindən sonrakı illərdi…
(ağ-qara çəkiliş).
…Yedəyində bir neçə yabı bağlanmış at arabası görünür…
…Araba dağın yamacı ilə üzüaşağı irəlilədikcə… çarxlarının cırıltısı ətrafdakı səssizliklə dissonas yaradır…
Yamacın hamar yerində, yağış sularından yaranmış bulanlıq bir gölməçə var…
Gölməçədə çömçəquyruqlar üzür.
…Əvvəlcə, kiminsə əlləri qurumuş otların üstünə süfrə sərir…
…Əllər bir parça qara çörəyi tikələrə bölüb süfrəyə qoyur…
…barmaqlar çörək qırıntılarını ehmalca bir yerə topalayır…
Daha sonra əl sahibinin özünü görürük: orta yaşlı qarayanız kişidir, bardaş qurub süfrənin kənarında oturub.
…Aralıda əynində nimdaş meşin gödəkçə, gözündə yumru sağanaqlı eynək olan cavan oğlan tuluqdan su içir…
Bu mənzərənin fonunda isə… azacıq sonra hansı aqibətlə üzləşəcəklərindən xəbərsiz, aramla ot qırpan atları görürük… onların qabaq ayaqları cidarlıdır.
…Atlar qəfil eşidilən zərbə səsindən hürkürlər…
…Təpənin döşündə ağsaqqal bir qoca susuzluqdan cadar-cadar olmuş torpağa paya çalır…Qoca bir anlıq əl saxlayıb ətrafa baxır, alnının tərini silir və yenidən işinə davam edir…
Amma bu dəfəki zərbələr, nədənsə ürək döyüntülərini xatırladır…
…Aşağıda isə hadisələr öz axarı ilə gedir: meşin gödəkcəli, eynəkli oğlan qaşqalı köhlən atın noxtasından dartıb onu yencə qazılan çuxura tərəf aparır…
…Digər bir adam əlindəki bellə çuxuru dərinləşdirir…
…Kamera arabanın yanında bardaş qurub çörək yeyən kişiyə yaxınlaşır…
…Kişi əvvəl qulaqlarını pambıqla tıxayır, daha sonra qoltuq cibindən dörd bükülmüş kirli vərəq və karandaş çıxarır. Diliylə karandaşın ucunu isladıb yazmağa, eyni zamanda yazdığını hecalaya-hecalaya oxumağa başlayır:
” SAP – yo-lu-xu-cu in-fek-si-on xəs-tə-lik!
Şanlı partiyamızın göstərişi ilə məhv edilən atların sihahısı…”
_ _ _ _ _ _ _ _ _
O, bu sözləri oxuya-oxuya, kağızda qeyd olunmuş rəqəmlərin üstündən çarpaz xətlər çəkir…
Boğuq atəş səsi eşidilir. Təbii ki, bu səs qulağı tıxalı kişini narahat etmir…
Yenə atəş səsi… Bu dəfə atların qorxunc kişnərtisi ətrafda əks-səda yaradır…
…Kağız üzərində növbəti çarpaz xətt çəkilir…
…Qaşqalı at çuxurda konvulsiya içində çırpınır, gözlərinə qan damıb…
… Daha sonra meşin gödəkcəli oğlanın qarşısında boz bir yabının dayandığını görürük…
…Onlar – oğlan və yabı- qabaq-qənşər durublar, aralarında bir neçə addım məsafə var…
Oğlan tüfəngini qaldırıb atın alnını nişan alır… amma birdən-birə süstləşir, qeyri-ixtiyari əllərini aşağı salır… Amma bu vəziyyət, bircə an çəkir, ikinci anda oğlan özünə gəlib tüfəngi yenidən qaldırır…
…Atın alacalanmış gözləri meşin gödəkcəli oğlanın üzünə dikilib…
…Oğlanın yanağı səyriyir…gözləri eynəyin böyüdücü şüşəsi altında qeyri-təbii görünür, – sanki indicə hədəqəsindən çıxacaq…
…Deyəsən, yabının gözləri yaşarıb… Yox, yəqin soyuq günəş şüasının sayrışmasından belə görünür…
Göy üzündə bir çalağan dövrə vurur…
…Boğuq güllə səsi şimşək kimi çaxır…
…Ətrafa yenidən səssizlik çökür. Quru torpağa paya çalan qocadan da səs-səmir gəlmir… Hətta bayaqdan qur-qur quruldayan qurbağaların da səsi kəsilib…
…Kamera gölməçənin səthinə yaxınlaşır.
Gölməçənin kənarında əl-üzünü yuyan, ayağı çarıqlı başqa bir kişi dikəlib ağır-ağır arabaya sarı addımlayıir – əllərindən, çənəsindən və yaxalığından yerə su damcıları düşür…
…damcıların düşdüyü tozlu cığırda qəribə naxışlar yaranır… Amma quru torpaq bir göz qırpımında naxışları udub yox edir…
…Meşin gödəkçəli oğlan çuxurun yanında süst düşüb… Donuq üzündə təlaş və qorxu ifadəsi var… Bərk-bərk sinəsinə sıxdığı tüfəngin lüləsi hələ də tüstülənir…
Oğlan başını qaldırıb göyə baxır…
Göy üzü ala-tala buludların arasından mas-mavi gönür…
…Az sonra araba yavaş-yavaş dağın keçəl yamacı ilə üzüyuxarı irəliləyir… Bu dəfə arabanın yedəyi boşdur…
Titrlər: “ATLAR AĞLAYANDA”
───
Kimsəsiz dəniz sahili…
Əvvəlcə qatı dumandan heç nə sezmək olmur…
…Sonra biz sivrilib dumanın ağuşundan çıxan arabanı və meşin gödəkçəli arabaçı oğlanı görürük…
…Araba irəlilədikcə çarxların yeknəsəq cırıltısı dumanı “qorxudub” seyrəldir…
… dumanlı-çiskinli dəniz sahili…
… sahildə aramla irəliləyən araba…
…nəm qumun üzərində araba çarxlarının izləri…
Və…
…nə vaxtsa dənizin ləpədöyənində tikilmiş tənha bir ev…
…Kamera evin şüşəbəndli eyvanına yaxınlaşır və biz pəncərədən görürük ki,
içəridə, küncdəki çarpayıda yaşlı bir kişi uzanıb…Gözləri bağlıdır.
O, araba təkərlərinin cırıltısını eşidib diksinir…
Əvvəl yerində dirsəklənir, sonra boylanıb pəncərədən sahilə tərəf baxır…
Arabaçı da bir anlıq çevrilib qocaya baxır…üzündə qorxu və təlaş ifadəsi var…
…Araba uzaqlaşır, uzaqlaşır…və tədricən dumana bürünüb gözdən itir…
…Qocanın gözü yol çəkir. Arabir yanağı səyriyir…
Şüşəbəndin baş tərəfində kəfkirli saat, saatdan yuxarıda isə – divardan, (təxminən, 20-25 yaşlarında) cavan bir oğlanın fotoşəkili asılıb: əynində bizə tanş olan nimdaş meşin gödəkçə, gözündə yumru sağanaqlı eynək…
Sübh çağıdır. Dənizin uğultusu eşidilir…
Kamera qumlu sahillə hərəkət edir…
…Küləklə bəhsə girən hirsli-hikkəli dalğalar sahilə çırpılıb ləpələnir və kor-peşman geri qayıdırlar…
Dəniz də, sahil də, hətta göy üzü də bozumtul rəngdədir…
…Nəhəng göbələyi xatırladan kölgəlik qurğularının paslı karkasını, səliqəsi pozulmuş sınıq-salxaq oturacaqları, küləyin havaya uçurduğu qəzet parçalarını və hay-həşirli qağayıları görürük…
…Uzaqda görünən tənha ev günah işləmiş boynubükük insana bənzəyir…
Tənha ev.
Haradansa əcaib “vıyıltı” səsi gəlir…
…Kamera pəncərədən içəri keçib çarpayıya yaxınlaşır. Qoca özünə qapanıb…
…Saatın gümüşü kəfkiri, zamanın hərəkətini yamsılayırmış kimi, aramsız olaraq gah sağa, gah da sola can atır…
…Kamera saatdan ayrılıb otaqları “gəzir”… …Nəhayət, ağbirçək ev sahibəsi Ana ilə rastlaşıb “dayanır”.
Ana:
— Dur ay kişi, səhər yeməyi hazırdı…- deyir, – çay da dəmdədi!..
Bayırdan gələn ətürpədici səs getdikcə artır…
Qoca (onu da Ata adlandıraq) ayağa qalxıb həyətə çıxır…
…Həyətdəki su quyusunun üstündə quraşdırımış (kiçik yel dəyirmanı pərinə oxşar) çarx (çıkırıq), cəftəsindən qopduğu üçün dayanmadan fırlanır… vıyıltının da səbəbi budur….
Ata yaşına uyğun olmayan bir cəldliklə, divara söykədilmiş nərdivanı götürüb quyuya tərəf gedir…
…Ərinin, nərdivanı çıkırıkın dəmir dirəyinə söykəyib pərləri dayandırmaq cəhdinı görən Ana köməyə tələsir…
…Tərslikdən nərdivan bir yerdə qərar tutmur, – hər dəfə sürüşüb tarazlığını itirir… Nə Atanın inadkarlığı, nə də Ananın “yardım əli” müsbət nəticə vermir… Nəhayət, məğlubiyyəti ilə barışan Ata əlini yelləyib quyudan uzaqlaşır.
Qəribədir, Ata uzaqlaşan kimi, pərlərin sürəti azalmağa başlayır, ardınca əcaib vıyıltı da kəsilir…
Sübh çağıdır…
Pioner düşəgəsinin həyəti.
Dəmir yelləncəklərinin paslı iniltisi küləyin səsinə səs verir…
…Düşərgənin ərazisi yay həsrətindədir…
Burada hər şey – çılpaq ağaclar, ensiz dolanbac yollar, attraksion qurğuları, divarlardakı animasiya film personajlarının şəkilləri, futbol-voleybol meydançaları… sanki gülüş və günəş dolu günlərin xiffətini çəkir…
…Düşərgənin darvazası gözətçi köşkü ilə bitişikdir…
Köşkün qapısı yarıaçıqdır… İçəridə köhnə yaylı çarpayı, balaca dəyirmi masa və üst-üstə qalaqlanmış kitablar görünür…
Qarovulçu Əliheydər kişi (təxminən, 70 yaşında), üstünə adyal örtülmüş çarpayıda oturub, yorğun nəzərlərini əlindəki damadama məktəbli dəftərinə dikib. Arabir gözucu stolun üstündəki sıyığa baxır və hər dəfə də qeyri-ixtiyari üzünü turşudur…
…Nəhayət, Əliheydər dəftəri kənara qoyub, döşəmədə mürgü döyən qoca köpəyi (bundan sonra Alabaş çağıraq) sığallayır…Sonra əyilib ona tərəf müqabili kimi müraciət edir:
— Bax, neçənci dəfədi deyirəm: ağıllı ol, hər gördüyün adama quyruq bulama. Hər yoldan ötənə hürmə, hər qışqıranı qapma!.. Hər atılan sümüyü də gəmirmə!.. Köpəyoğlu olanda noolar, başını işlət də!..
Alabaş öz ala başını işlətsə də, bir şey qanmır və key-key sahibinin üzünə baxmaqda davam edir. Daha sonra söz atəşindən qurtulmağın çarəsini “işləməyən başını” pəncəsi üstünə qoyub gözlərini yummaqda görür… Köpəyin saymazyanalığı Əliheydəri narahat etmir, öyrəncəlidir.
– Bilməlisən ki, dünyada pis adamlar itivə tökdü, amma yaxşılığ eləyə bilməyənlər onnan da çoxdu. Yəni, belə deyək də: Ən pis adam yaxşılıq eləyə bilməyən adamdı. Qandın? Bax, bunu xalta elə, as boynunnan!.. İndi qayıdıb deyə bilərsən ki, məsləhət verməklə duşun altında “çişş” eləməkdən asan şey yoxdu. Əlbəttə, amma yaxşı məsləhət də elə duş kimi bir şeydi…
…Alabaş sahibinin monoloqunu eşitsə də, ciddiyə almır…ancaq hərdən, bərayi-ehtiyat quyruğunun ucunu tərpədir ki, aralarında inciklik-filan olmasın…
Əliheydər sıyıq dolu boşqabı Alabaşın qabağına qoyur:
— Yanımda var Alabaş,
istəyir o, süddü aş!..
Əvvəlcə itin nəmlənmiş burnu, sonra dodaqları səyriyir…daha sonra gözləri geniş açılır və… südlüaş-sıyıq bir andaca yoxa çıxır…
Əliheydər təəccüblə Alabaşa və onun tərtəmiz yaladığı boşqaba baxıb:
— Malades! – deyir.
Bu vaxt düşərgənin darvazası döyülür.
Əliheydər başını bulayır…amma çarpayıdan qalxmır.
Darvaza daha bərk döyülür…
Alabaş qarqara eləyən adam kimi, bir ağız “xalaxətrin qalmasın” mırıldayır, – elə bil borc qaytarır…
…Nəhayət, Əliheydər “şəpşəpilərini” geyinib eşiyə çıxır…
— “Məscidin qapısı açılmamış, kor əsasını dirədi” buna deyəllər… səhər-səhər kimdi bu, görən?..
Ana küçə tərəfdən darvazanı döyür…
Əliheydər hay verir:
— Gəldim, ay adam, gəldim!..Sındırma, kazyonnudu!.. Kimdi orda?..
Ana:
-Mənəm, Əlheydər qardaş, aç qapını,- deyir.
Əliheydər dodaqaltı mızıldanır.
-Aç qaapını, gələk sənii öldürək!
…Darvaza açılır.
—Xeyirdimi, bacı? Nooub?
— Şərə lənət. Qaç kəndə, gör sahə doxturumuz hardadı, qoy bir bizə baş çəksin… Soora, uşaxlara zəng elə…de ki, yığışıb tez gəlsinnər…
Əliheydər duruxur:
— Hə, hə… indi… Bu dəqqə! Qaçıram, qaçıram…
Və çaşqın halda yerində vurnuxur, sonra kəndə tərəf üz tutub qaçmaq istəyir…ancaq nə fikirləşirsə, birdən dayanır:
— Bə həəkim… ki…kimə lazımdı ki?..- deyə, kəkələyir.
— Qocanın vəziyyəti pisdi… Düz üç gündü dinib-danışmır… Ağzın açıb bir kəlmə də demir… yemək də yemir…Deyirəm, Allah eləməmiş…
Ananın qarmaqarışıq sözlərindən ağlı bir şey kəsməyən Əliheydər başını tərpədib anladığını bildirir…
— Hə, hə, bildim…bildim…
…Az sonra Əliheydər və onun qoca köpəyinin tövşüyə-tövşüyə kəndə sarı qaçdıqlarını görürük…
───
Yağış ara vermir…
Tənha kənd evi. Aynabənd.
…Ana divanın küncünə qısılıb oturub…
Döşəməyə bir neçə qazan, vedrə və naxışlı kasalar düzülüb… Aynəbəndin tavanı damır…
Ata əlləri qoynunda, pəncərə önündə dayanıb. Üzündə heykəl donuqluğu var…
…Gümüşü kəfkirli saat öz işindədir: “çaqq-çuqq, çaqq-çuqq”…
───
Səhərdi. Bayırda narın yağış yağır…
…Böyük oğul Fuadın şəhərdəki mənzili.
…Yağış damcıları aramla pəncərə şüşəsindən süzülür…
Səhər yeməyinin qalıqları hələ də stolun üstündədi…
…Fuad (30-35 yaşlarında) və onun həyat yoldaşı (sarışın qadın) mətbəxdən otağa keçirlər…Burada da səliqəsizlik hökm sürür: sanki heç nə yerində deyil, hər şey hara və necə gəldi atılıb…
Paltar şkafının güzgülü qapısından polis uniforması asılıb. Paqondakı ulduzlardan kapitan geyimi olduğu bilinir.
— Fuadik, sən canın, bir normal denən görək, nə olub? Zəng eləyən kimiydi, nəçiydi, nə dedi?..
— Dəqiq bilmədim… Dedi ki, atanın vəziyyəti pisdi… yəni, təcili gəlməlisən… Bunnan artıq informasiya vermədi… adboy elədi.
— Yəni, “pisdi” deyəndə, nəyə işarə eləyirdi ki?
—Bilmirəm…– Fuad mənzildə gəzişə-gəzişə gicgahını ovuşdurur. – Nə onun nəyə işarə elədiyini bildim, nə də özümün nə edəcəyimi…
— Getməlisən, ayrı variant yoxdu. Amma bu dəfə formada getmə. Nə desən ola bilər… Bəlkə, nəsə qorxulu bir hadisə baş verib…
Fuad güzgünün önünü kəsmiş polis geyimini götürüb stulun söykənəcəyinə atır…
…güzgüdə özünə baxa-baxa qalstukunu bağlayır.
Sonra kəmərindəki tabel silahını çıxarıb şkafın içindəki seyfə qoyur…
— Yox, sən bizim kəndi yaxşı tanımırsan, oralarda qorxulu hadisə-filan olmur… Baş verən ən qorxulu hadisə elə heç nə baş verməməsidi…
…Paltar şkafının güzgülü qapısı cırıltıyla açılır. Öz-özünə.
…və bu dəfə biz…
…səliqə-səhmansız otaqdakı avadanlıqların, sarışın qadının, eləcə də, mülki geyimdə evdən çıxmağa hazırlaşan Fuadın güzgüdəki əksini görürük…
───
…Ortancıl oğul Raufun mənzilindəyik. (hələ də səhərdir və hələ də yağış yağır).
…Bədənnüma güzgüdə zəngin, hətta bir qədər ifrata varan bərli-bəzəkli geniş otaq… Telefon zəng çalır. Rauf dəstəyi qaldırır:
— Bəli!.. Eşidirəm… Nəə? Ataya?.. Salamatçılığdı görən? Aydındı…Kim dedi ki sənə?.. Yaxşı, yarım saata gəlləm, hazır ol…
Rauf əsəbi halda dəstəyi yerinə qoyur:
— Yaxşı deyiblər, vallah: sən saydığını say, gör hakim nə sayır…
Girdəsifət, bəstəboy qadın (Raufun həyat yoldaşı; hamilədir), üzünə xama maskası çəkə-çəkə soruşur:
— Fuad idi?
— Hə. Deyəsən, kənddə nəsə olub…
— Təki ölüm-itim olmasın…
— Ehh… bu günə o qədər planlarım vardı ki!..Neçə dükana mal göndərməliydim…
— İstiyirsən, birgə gedək?
— Yox, sən evdə qalsan, yaxşıdı…
— Sən yox, biz! – Qadın qarnını sığallayır.
Rauf gülümsünür:
— Hə, əlbəttə, siz! – deyir. Sonra diz çöküb qulağını arvadının qarnına yapışdırır. – Eşidirsən, oğlum, mən gələnəcən evdə ana-oğul, ikiniz qalacaqsız!.. Ohho! Yumruğ atdı!..
Maskalı qadın gülür və öz qarnına müraciət edir:
— Denən, baş üstə, papoçka, sənin bir sözüvü iki eləmərik!..
Sonra öz dediyini uşaq səsiylə yamsılayır:
— Bas üsdə, papoçqa, səyin biy sözüyü iki eyəməlik…
Gülürlər…
— Nə vaxt qayıdacaqsan?
Rauf çiyinlərini çəkir:
— Nə bilim… Gedək görək kişiyə noolub…Yubanıb-eləsəm, qoy boksyor balam rinqə çıxmağa tələsməsin. Başa sal ki, o, alverçi… ee-e, biznesmen oğludu, qoy hövsələli olsun. Bu dünyaya gözlərini açanda birinci öz Yaradıcısını görməlidi…
Qadın nazla dodaqlarını büzüb:
— Yaradıcılarını! – deyir.
— Düppədüz. Yaradıcılarını!
Rauf şəhadət barmağını arvadının kifayət qədər böyümüş qarnına tuşlayıb əlavə edir:
— Eşitdin də, boksyor balam, bax, mən gələnəcən tələsmə, gözlə!..Hımı?!
…Rauf küçəyə çıxanda hələ də yağış yağırdı…
───
Tənha kənd evi. Yağış səngisə də, hava tutqundu.
Dənizin uğultusu eşidilir…
…İki nəfər fəhlə üzərində iri hərflərlə: “БУДЕТ ХЛЕБ – БУДЕТ ПЕСНЯ!!!” şüarı yazılmış uzun faner plakatı çiyinlərində daşıyırlar…
…Onlar tənha evin yanından keçəndə bir anlıq ayaq saxlayıb döyükürlər.
…Ata həyətdə quyu çarxının təmiri ilə məşğuldu…
Fəhlənin biri soruşur:
— Ay dayı, deməzsiz, “Entuziastlar” küçəsinə necə getmək olar?
Ata əlindəki çəkiclə yolun əks tərəfini göstərir. Fəhlələr dönüb iti addımlarla əks istiqamətə gedirlər…
…Bu dəfə biz şüarın digər tərəfini – öz dilimizdə yazılmış variantını görürük: “ÇÖRƏK BOL OLARSA — BASILMAZ VƏTƏN!!!”.
Fəhlələrdən biri gedə-gedə deyinir:
— Mən dedim, axı, yanlış gedirik…
Digər fəhlə:
— Eyb eləməz, yanlış da bir naxışdı, – deyir.
…uzaqda görünən yastı-yapalaq kənd evlərinin bacasından tüstü çıxır…
… Raufun maşını şossedən dönüb kəndə yön alır…
… Əliheydər damadama məktəbli dəftərinə nə isə yazır…
…Alabaş oğrun-oğrun oğru pişiyi güdür…
…Ana ev-eşiyi yığışdırır…
…Ata həyətdə üzüm tənəklərini budayır…
Günortadı. Tənha evin həyəti. Yağış kəsib
— Həkim baxdımı? — Əliheydərin səsidi, kadr arxasından gəlir.
— Baxdı…Dedi ki, heszadı yoxdu. Amma nə xeyri, odey, səhərdən həyətdə qurdalanır, bir loxma çörək də yemiyib… – bu da Ananın səsidi.
…Əliheydərlə Ana həyətin artırmasında söhbət edirlər…
Alabaş bir kənarda sümük gəmirir…
Əliheydər:
— Mən bir-bir zəng vurub hamısına dedim. Dedim ki, atanızın halı pisdi, bir ayağınız orda, bir ayağınız burda, tez durun gəlin…
— Nahaq elə demisən, uşaxları qorxutmusan…
— Nahaq niyə?.. Nətər demişdin, elənçik də dedim, birə-bir.
Ana köks ötürüb içəri keçir.
Əliheydər:
— Sözü deyənəcən, sən onun ağasısan, dedinsə, vsyo, – sən olursan, sözün qulu!..- deyə, mızıldanır.
…Nəhayət, Əliheydər, Atanın yanına tələsir… Alabaş da dalınca…
…Ana aynabəndin pəncərəsindən həyətə baxır. Kövrəlib…
Əliheydər:
— Deyirəm, bəlkəm gedib bir hovur dincələsən, hə? Qalan işləri mən görərəm…
Ata cavab vermir…
— Dərdi dünya olanın dünya qədər dərdi olar…Nöşün ki…
Ata dostunun kəlamını bitirməsin gözləmir, çönüb ağır-ağır uzaqlaşır… Əliheydər onun ardınca:
— Yox… Allah xatirinə… yəni, demək istəyirəm ki, danışmaq istəmirsən, danışma. Nöşün ki, çox vaxt ən qiymətli söz elə…deyilməyən söz olur…
Alabaş bir-iki ağız hürür…
Əliheydər bunu sözlərinin təsdiqi kimi qəbul edir və nəvazişlə:
— Malades, sobak! – deyir.
Alabaşın “həmrəylik” hürüşü isə, əslində, küncdə marıtlayan qara pişiyin ünvanınaydı…
…Ana, bayaqkı kimi, əlləri qoynunda, pəncərədən həyətə baxır…
Maşın siqnalı eşidilir.
….Əliheydər yüyürüb darvazanı açır.
…Maşın həyətə girib artırmanın qarşısında dayanır. Ata göyərti ləklərinin arasında gəzişir, gələnlərə fikir vermir.
Qardaşlar maşının ön şüşəsindən baxırlar…
— Allaha çox şükür! — Rauf qardaşını dümsükləyir. — Deyəsən, salamatçılıqdı…
Ana özünü yetirib sevincək maşının qapısını açır:
— Balalarım, elə burda oturacaqsız?.. Düşün də, düşün… bəs, uşaxları niyə gətirməmisiz, atanızı sevindirərdiz…
Qardaşlar maşından düşürlər.
—Ana, noolub ona? — Rauf anasıyla görüşəndən sonra atasına tərəf işarə edir.
— Heş nə olmayıb, elə sizi görmək istiyirdik… darıxmışdıq, – Ana özünü heç nə olmamış kimi aparmağa çalışır. – Dedik ki, çoxdandı bir yerə yığışmırığ…
Rauf anasının sözünü kəsir:
— Biz, az qala, infarkt olmuşuq, sən deyirsən, darıxmışıq!..
Fuad:
— Ata qarşılamadı bizi…Heç gözünün ucuyla da biz tərəfə baxmır…
Ana bu dəfə həyəcanını gizlətmir, mühüm sirr açırmış kimi, səsini qısıb pıçıldayır:
— Gəlin, keçin içəri, içəridə danışarıq… görəcəyli günlərimiz varmış…Dərd gələndə batmannan gəlir…
İçəriyə keçirlər.
— Getdik, ta burda bizlik bir şey yoxdu. – Əliheydər başıyla Alabaşa işarə edib küçəyə çıxır…
Yol.
…Onlar – Əliheydər və onun vəfalı köpəyi düşərgəyə sarı üz tuturlar…
Kəndə dönməyib kəsə getsən, buradan düşərgəyə on-on beş dəqiqəlik yoldu…
…. “Dazbaş” ləqəbli Həmzə, əlində ağır cağara bazar zənbili, haradansa peyda olub onlara qoşulur.
Alabaş Həmzəni görən kimi üst dişlərini göstərib mırıldayır…
Həmzə zəmbili yerə qoyub Əliheydərlə ikiəlli görüşür.
…Sonra onlar söhbət edə-edə şəhər yoluna tərəf addımlayırlar.
— Nə var, nə yox? – Əliheydər soruşur.
Həmzə papağının üstündən başını qaşıyıb:
— Hər şey var, navar yoxdu, – deyir.
— Şəhərə gedirsən?..
— Həri.
— Qəpikdən-quruşdan çıxırmı barı?
— Aza lənət, başımı girrəyirəm.
— Bazar olsun!
— Sağ ol, qədeş. O gün bir kişi balkonnan məni çağırıb deyir ki, sənnən qəşəng opera artisti çıxar, balaton səsin var…
— Bariton.
— Hə, hə, bariton. Sonra deyir ki, keçəl Həmzənin ariasını qəşəng oxuyarsan. Deyirəm, ay müəllim, get öz işinnən məçğul ol… yumurtadan-zaddan lazımındısa, deginən, lazımın döyülsə, məni cin etmə… Deyir, yox, yumurta lazım deyil, özümün varımdı…
Həmzə “özümün varımdı” kəlməsini təkrar eləyib uğunur…
— Mənə bax, Həmzə, sən yenə dükan yumurtasına toyuğ poxu sürtüb satırsan?.. Guya kənd yumurtasıdı…
Həmzə cavab vermir.
— Yəqin, südə də həmişəki kimi su qatırsan, hə?
— Neynim, qədeş, mən də birtəhət yaşamalıyam, ya yox…
— Bədbəxt adam, sən yaşamırsan e, sən birtəhər ölürsən!..
…Yolayrıcına çatıb dayanırlar. Buradan yolun biri düşərgəyə, digəri isə avtobus dayanacağına tərəf gedir…
…Alabaş fürsəti fotə vermir: qumun üstünə sərilib əsnəməyə başlayır…
Əliheydər Həmzəyə:
— Get, oğlum, get… papağıvı çıxart, qoy qabağıva, düşün!..
Həmzə:
— Papağımı çıxaranda dazıma gülüllər, axı, qədeş!..- deyir və öz sözünə özünün də gülməyi tutur; elə beləcə, gülə-gülə də uzaqlaşır…
Əliheydər dazbaş Həmzənin dalınca baxıb təəssüflə başını bulayır. Sonra itin yanında çömbəlib fikirli-fikirli dillənir:
— Alabaş, de görüm, ana bətninə sığan insan, nöş bu boyda dünyaya sığmır?.. Özü də…sonda bir qarış torpağa sığacağını bildiyi halda…
Köpəyin bir ağız boğuq hürüşü suala “cavab” olur…
… qırmızı rəngli xarici avtomobil şəhərdən kənd istiqamətinə şütüyür…
…dazbaş Həmzə şəhərə gedən avtobusa minir…
…dəniz – nəhəng su heyvan kimi ağır-ağır nəfəs alır…
…qumlu sahildə oturan, gəzən, uçan quşlar — qağayılar, sərçələr, qarğalar, barışıq elan ediblərmiş kimi, birgə yem axtarışındadı…
… Ana övladları ilə, üstünə ağappaq süfrə salınmış masa arxasında oturublar. Masada çay, qənd, mürəbbə və qardaşların şəhərdən pay gətirdikləri çürbəcür konfetlər var.
Ana nəql elədiyi əhvalata yekun vurur:
…– İndi bildiz noolub… Bax belə müsibətə düşmüşük… Qalmışam nacar, bilmirəm, başıma haranın daşını salım…
Fuadla Rauf zəndlə analarına baxırlar…elə bil eşitdiklərinə inanmaq istəmirlər.
Nəhayət, Fuad quru və rəsmi tonla:
— Bəli, məsələ araşdırılmalıdı, – deyir. – Obyektiv analiz edilməli, hadisənin motivi tapılmalıdı…
Rauf replika atır:
— Yəni, məsələ uruscadı!..
…Əliheydər iş yerinə çatıb darvazanın yanındakı skamyada əyləşir:
— Gəl sən də “oç” elə, bir hovur nəfəsimizi dərək…
Alabaş sanki bunu gözləyirmiş. O dəqiqə yaxınlaşıb uzanmaq istəyir… amma bu vaxt gözü, hasarın dibindəki deşikdən həyətə soxulan pişiyə sataşır… Alabaş yaşını-başını unudaraq bir küçük cəldliyilə sıçrayıb deşiyə tərəf atılır. Amma artıq gecdir, nə pişik var, nə də onun başı ilə tərs mütənasib olan deşikdən keçmək imkanı.
Əliheydər:
— Nil volentubus ardium! – deyir. – Yəni, cəhd eləyənə maneə yoxdu. Sən bacardığını elədin, malades! Səhərki süddüaşı halal eləyirəm sənə.
Alabaşın “təşəkkür” hürüşü bu dəfə gümrah səslənir…
…Köşkün damından iri bir qağayı havaya qalxıb dənizə tərəf uçur…
Əgər biz kinonun hüdudsuz imkanlarından istifadə edib bu qağayının gözü ilə aşağılara baxsaydıq…
…görərdik ki…
…Alabaş düşərgənin darvazası önündə şellənib-yatıb. Əliheydər isə əl-qol ata-ata nəsə deyir, nəsə anlatmağa çalışır…
Göz önündən axıb-keçən sonrakı mənzərələr Əliheydərin kadr arxası səsi ilə müşayət olunacaq…
(Və bu sözlər, adi monoloqdan daha çox, damadama dəftərə yazılan sitatlardan ibarət olacaq).
Beləliklə:
“– … Bu dünyada ən ağır yük – günah yüküdü. Adamlar günah eləmiş başqasını qınamağa pərgardı, amma öz günahını etiraf eləməyə can çəkərlər. Ən yaxşı halda, günahlarını qələt sayar, axırda da elə öz əməllərinin girovuna çevrilərlər. Bu andır girovluq da məngənə kimi bir şeydi: adamın dilini-ağzını kilidləyir, iradəsini, hətta ruhunu sıxışdırıb əzir… Niyə? Çünki günah bir toxumdu, ürəyinə səpdinsə, cücərəcək, boy verəcək!.. Əlqərəz, gərək hər zaman dürüst yaşayasan; vicdanın nə hava çalarsa, onu da oynayasan…”
…Kadrda isə… quşun qanad çaldığı yüksəklikdir…Və buradan…
…dəniz görünür…
…dənizin kimsəsiz sahili görünür…
…sahildə nə vaxtsa balıqçı vətəgəsi olmuş tikilinin yarıuçuq divarları görünür…
…bir qədər kənarda köhnə, çox köhnə bir avtobus skeleti görünür…
…adda-budda, əyriş-üyrüş nəhəng göbələk-kölgəliklər görünür…
…uzaqda — lap ləpədöyənə yaxın hündürlükdə, boynubükük tənha ev görünür…
…və bütün bunların fonunda, bacalarından burum-burum tüstü çıxan yastı-yapalaq kənd evləri görünür…
Yenə də Əliheydərin səsi:
“…– ta durub deməsinlər ki, aşağı tüpürürəm, saqqaldı, yuxarı tüpürürəm, bığdı. Guya tüpürməsələr, olmaz! Gərək hər dəfə fikirləşəsən ki, Allah-təala insanı azad yaradıb; o, kimsənin qulu, ya nəyinsə köləsi olmamalıdı. Olursa, vsyo, ömür boyu: “niyə belə elədim”lə,” “hayıf ki, belə oldu”nun arasında əsir-yesir qalar!.. Qaçıb gizlənə də bilməz. Nöşün ki, indiyəcən heç kəs özünnən qaçıb gizlənə bilməyib. Nə qədər qaçsan da, ömür boyu geçdiyin ən uzun yolun uzunluğu özünnən özünə qədər olacaq. Bu, o qədər aydın bir şey, ya zaddı ki… yəni, günəşi görmək üçün şam yandırmağa ehtiyac yoxdu!..”
… “Qağayı-kamera” ləngər vura-vura düşərgənin daş hasarına qonur…
…Qırmızı avtomobil döngədən çıxıb düşərgənin yaxınlığında dayanır.
Sükan arxasında uzunsaçlı, ənlik-kirşanlı qadın, yan oturacaqda isə Elçindir – ailənin sonbeşiyi.
…Onlar bir müddət dənizi seyr edirlər… Dinməzcə.
…Dənizin aramsız uğultusu, küləyin kəsik fiti və qağayıların həyasız çığırtısı…sehrli bir kakafoniya yaradıb… Və bütün bunlarda…insana rahatlıq gətirən ibtidai bir harmoniya var…
…Elçin — yaşıdlarından fərqlənməyən orta statistik bir gənc, sürücü xanım isə yaşı ötsə də, cavanlığından əsla ayrılmaq istəməyən “dünyagörmüş” qadın tipidir.
…Kamera maşının salonundakı detallara yaxınlaşır…
…sonra qadının yarıçılpaq çiyinlərini sığallayan əlləri və Elçininin pörtmüş üzünü görürük…
Qadın Elçini özündən kənarlaşdırıb saçları ilə çiyinlərini örtür:
— Özünnən çıxma,- deyir. – Dərinnən nəfəs al!..
— Nə yaxşı ki, sən varsan, nə yaxşı ki, biz bir yerdəyik…
— Vaxtdı, sən getməlisən…
— Qovma məni…
— İstəyirsən, qoşa gedək. Görüşərik, öpüşərik, danışarıq, tanış olarıq… Nə vaxtsa olmalıdı də bu…
Elçin, Qadının səsindəki gizli ironiyanı duymur:
— Yox, hələ tezdi. Əvvəlcə gərək bir hazırlıq işləri görəm…Anamla danışam…
— Onda sən hazırlığında ol. Okey olanda deyərsən. İndi ağıllı oğlan ol, düş, yavaş-yavaş get papangilə…Həə, mamana hədiyyə almışam, baqajdadı, onu da götür…
Qadın maqnitofonu işə salır…
…Oqtay Ağayevin məşhur “Yadındamı” mahnısı ətrafa yayılır.
“…Gəl, əzizim, keçənləri
yada salaq dönə-dönə.
Ötən günə gün çatarmı,
calasaq da günü-günə?..”
…Elçin könülsüz də olsa, maşından düşür, baqajı açıb torbanı götürür.
Qadın öz pəncərəsini yarıya qədər endirib barmağının işarəsi ilə onu yaxına çağırır…
…Elçinin pəncərəyə əyilməsi ilə yanağında pomadalı dodaq izinin qalması bir an çəkir…
… Nəhayət, maşın Oqtay Ağayevin də səsini özüylə götürüb şəhər istiqamətinə şütüyür…
Elçin avtomobil gözdən itənəcən əl eləyir, sonra dönüb kəndə tərəf yönəlir…
…Hasarın üstündəki qağayı dimdiyini qanadı altında gizlədib mürgü döyür…
…Hasarın dibində söngüyən oğru pişik qağayını tutmağa fürsət gözləyir…
… Elçin düşərgənin yanından keçib dəniz sahilinə yönəlir. Buralarda Əliheydər onu səsləyir:
— Elçin?
Görüşürlər. Alabaş quyruğunu bulayır.
— Gəl bir hovur otur, mənim balam. Dünya beş günlükdü, beşi də iş gününə düşür…
Əyləşirlər.
— Əlheydər əmi, Alabaşın maariflənmə işləri nə yerdədi, davam edirmi?
— Neynim, dərdləşməyə düzəməlli bir adam tapıram ki!.. Oxuduğumnan, bildyimnən, eşitdiyimnən döşüyürəm qabırğasına, bu yazığ da dinməzcə qulaq asır. Əslində, mən onu yox, o, məni öyrədir…
Elçin gülümsünür:
— Nəyi öyrədir, Əlheydər əmi?
Əliheydər gözlərini qıyır, sonra Elçinin pamadalı yanağına ötəri nəzər salıb sakitcə deyir:
— Dinləməyi öyrədir. Susmağı öyrədir. “Adamları tanıdıqca heyvanları daha çox sevdim” məsəli var ha, – düz məsəldi. Mən də baş götürüb hamıdan qaçdım, mehrimi bu köpəyə saldım… Gördüm ki, hər adamın içində bir ilan yatır, amma heç bir ilanın içində adam yatdığını görmədim.. Yəni, anladım ki, heyvanlara mehr salmaq, əslində, adam olmaq üçündü, insaniyyətini itirməmək üçündü. Mənə görə, öz həyatını yaşayan heyvan, heyvan kimi yaşayan adamnan qat-qat yaxşıdı.
Alabaş qulaqlarını şəkləyib düz Əliheydərin ağzına baxır, arada yavaşcadan zingildəyir – güman ki, bununla, sahibinin dediklərinə biganə qalmadığını bildirir.
— Bunlar bir azca mübahisəli məsələdi…Məncə, tərki-dünyalıq çıxış yolu deyil, Əlheydər əmi… Hardasa oxumuşdum, yazılmışdı ki, “uça bilirsənsə, uç, uça bilmirsənsə, qaç. Qaça bilmirsənsə, yeri, yeriyə bilmirsənsə, sürün…”
— Əhsən! Amma dediyin, o qaçmaq, yerimək, sürünmək elə tərki-dünyalığa çatmağ üçündü də, mənim balam. Dünyadadan uzaqlaşmağa yox, dünyaya yaxınlaşmağa çağırışdı də, mənim balam… Məsələ dünyanı çirkləndirən adamlardan qaçmaqdı!.. Nöşün ki, elə eləməsən, həyatın dadını-duzunu bilməzsən!..
Elçin bir müddət eşitdiklərini həzm eləməyə çalışır.
— Hə, Əlheydər əmi, bayağ dedin ki, söhbətləşməyə adam tapmırsan… Kənddə səni istəyən o qədər adam var ki…Yəni…
— Əlbəttə, əvvəllər bir cüt-iki tək dost-tanışım vardı, indi onlar haqq dünyasındadı. Bircə ürək dostum qalıb… o da elə hey hansısa atın ağlamasınnan danışır, hansısa xəstəliyin yalan çıxmasınnan danışır. Daha doğrusu, danışırdı!.. Nə bilim, vallah…
Elçinin ürəyinə nəsə damır:
— Danışırdı, deyəndə… indi danışmır bəyəm?..
— Yox. Düz üç gündü ki, susub, dinib-danışmır…
— Kimdi ki o dostun, Əlheydər əmi?..
— Sənin atan.
Və bu iki kəlmə… sözdən daha çox, “ah” kimi səslənir…
Yenə də tənha evin aynəbəndindəyik.
Atadan savayı ailənın bütün üzvləri süfrə arxasındadır…
Ata pəncərənin qarşısında köhnə kürsüdə oturub, tərpənmir. Dalğındı…
Haşiyə: Bu epizodda baş verənlər — qardaşların bir-birinə qarşı dözümsüzlüyü, ortaq məxrəcə gələ bilməməsi, səhvi özündə yox, özgəsində axtarması, yersiz iddia və mənasız davranışlar… ssenaridə detallı şəkildə təsvir ediləcək.
Təəssüf ki, ailə üzvləri arasında səmimi ünsiyyət bağları zədələnib, kommunikasiya və münasibətlər sistemində nə isə sınıb, nələrsə pozulub, dağılıb…
Ancaq bu qərəzli mübahisə və məntiqsiz dialoqlar lakmus kağızı kimi, obrazların xarakterini üzə çıxarmalıdır…
Ata, əlbəttə ki, övladlarının mübahisəsini eşidir, ancaq… qulaq asmaq istəmir. Onu nə “hər şey səliqə-sahmanlı, hər şey öz yerində olmalıdır” söyləyən Fuadın məsələyə rəsmi mövqeyi maraqlandırır, nə də Raufun şübhəli və təhlükəli alverçi fəaliyyəti. Onun üçün, Raufun “qaz vurub qazan doldurmayan adam, həyatda boş qazan kimi danqıldayar” məsəli də bir məna kəsb etmir.
…Ata bütün bu epizod boyu cəmi iki dəfə diksinəcək: bir: Ananın için-için ağladığını duyanda, bir də, kiçik oğlu Elçin: “- Bizim günahımız yoxdu, çünkü biz özümüz günahın özüyük!..” deyəndə…
… Hələ də aynəbənddəyik… Axşamçağıdır.
…Ananın baxışları, heykəl kimi donub qalmış Atanın kürəyinə zillənib… Hər ikisinin gözü yol çəkir… Rauf yaxınlaşıb əlini ehmalca atasının çiyninə qoyur. Qocalmış, zəif və bu an bütün vücuduna kədər çökmüş doğma insanın dinməsini, bircə kəlmə kəsməsini istəyir.
— Ata… bilirəm, danışmaq istəmirsən…amma səbəbi… yəni, nədən küsdüyünü, kimnən incidiyini desəydin… Heç olmasa, bir kəlmə…nəsə de…
Atanın üzündə bircə əzələ də tərpənmir.
…Rauf anasına tərəf dönür:
— Ana, əgər mən, ya biz, bura tez-tez gəlmiriksə, bu o demək deyil ki, sizi yaddan çıxarmışıq!.. Yox. Vallah, yox! İstəyirsiz, lap diz çöküb üzr istəyim sizdən… İstəyirsiz?..
Ana dinmir. Heç kim dinmir.
…– Hər dəfə bura gələndə utandığımnan az qallam, yerə girəm. Yerə girəm ki, xiffət elədiyinizi görməyəm…. Deyirəm, niyə, axı, mənim valideynlərim bu yarıuçuq evdə yaşamalıdı?!
…Elçin çeçələ barmağının ucuyla tərli pəncərə şüşəsinə cızıqlar çəkir… Dairəvi cızıqlar.
— Əgər ata-ananı düşünürsənsə, apar onları öz yanına. Allaha şükür, gözəl-göyçək dördotaqlı mənzil almısan, bəy kimi yaşayırsan. – bunu Fuad deyir.
— Pah, qorxdum! Elə bilirsən, aparmaram? Sənin acığına, elə günü bu gün apararam! Hər ikisini! – Rauf birdən duruxur, qaşlarını çatıb diqqətlə qardaşının üzünə baxır. – Mənə bax, sən mənim dördotaqlı ev aldığımı hardan bilirsən?.. Neçə ildi bir dəfə də gəlib qapımı açmamısan…
— Yəni, heç, əlini mənə bəsdəricik də deməyib?..
Fuad Elçinin atmacasını qulaqardına vurur:
— Cinayət yoluna qədəm qoymuş şəxs haqqında məlumatları onun qapısını açmadan da toplamaq olar. Amma o şəxslə qohum olduğunu gizlədəndə adamın öz qapısı bağlanar. Problem bundadı. Bəli, sən mənim qardaşımsan, bu, faktdır. Sənin hansı kriminal işlərə baş qoşduğunu, sərvətini hansı yolla topladığını yaxşı bilirəm. Mənim işim belədi. Ancaq səni cinayətə cəlb etməyə ürəyim gəlmir… oğru olduğunu, əliəyri olduğunu ovcumun içi kimi bilsəm də!.. Neynim, heyif ki, qardaşı seçmirlər!..
… Ata sahil tərəfə baxır, yanağı səyriyir..
…Dəniz qırmızı rəngə boyanıb…
Günəş tələsir – dənizin bitib-tükəndyi üfüqə tələsir…
…Ana boynunu büküb süfrəninin saçaqlarını didişdirir. Əllərinin dərisi qırış-qırışdı və bu əllərin üstündə görünən qan damarları quru ağac budağını xatırladır…
Elçin süni ruh yüksəkliyi ilə:
— Əziz qardaşlar, durun gedək hoppalara… yəni, dəniz qırağına, bir azca gəzişək, qoy ata da dincəlsin. Haydı, durun!..
Təklif qəbul olunur. Qalxırlar.
— Hara belə? – oğullarının qapıya yön aldığını görən Ana narahat olur. – Nərddən-daminodan oynayaydız…
Fuad:
— Beş-on dəqiqə gəzib qayıdırıq, ana, – deyir. – Narahat olma, biz artıq o yaşda deyilik ki, problemimizi yumruğla həll edək…
Dəniz sahili. Axşamçağıdır.
Dalğalar iri bir ağac kötüyünü ağzına alıb allada-allada sahilə tərəf itələyir…
…Sahildə üç qardaş addımlayır… Onlar yeridikcə nəm qumun üstündə ayaq izləri qalır…
…Qardaşlar elə bil qəsdən yaş sırasına düzülüblər: irəlidə, əllərini arxasında çarpazlamış Fuad, ortada əlləri cibində Rauf, axırda isə əllərini yelləyə-yelləyə yeriyən Elçin…
— Ata belə mehriban olduğumuzu görsəydi, sevindiyinnən “Məlikməmməd” nağılını danışardı bizə… Maraqlı olardı. Üç gün susub-susub birdən nağıl danışmaq! Çox heyif…
Fuad dönüb tərs-tərs Elçinə baxır:
— Sən vaxt itirmə, atalar və uşaqlar haqqında bioqrafik bir roman yaz, – deyir. – Xod gedər.
— Bizim ailə haqqında roman yox, ssenari yazılmalıdı, kino çəkilməlidi ki, tamaşaçılar baxıb ibrət götürsünlər; yəni, necə yaşamağı yox, necə yaşamamağı öyrənsinlər.
Elçin öz cavabından məmnun halda atılıb kiçik bir qum təpəciyinin üstünə çıxır və nə üçünsə əllərini göyə qaldırıb pafoslu səslə deyir:
— Əvvəlcə insan torpağı eşib qurd tapır. Sonra həmin o qurdla dəryada balıq tutur. Sonra oturub həmin o balığı yeyir… Və heç ağlına da gətirmir ki…bununla özünü həmin o qurd üçün bəsləyir!..
Fuadla Rauf əvvəl mat-mat Elçinə, sonra bir-birilərinə baxırlar…Və sinxron şəkildə qəfildən atılıb onu yerə yıxırlar… Elə yıxan kimi də ləzzətlə döyməyə başlayırlar. Əlbəttə, bu hücum doğruçu yox, pantomim hərəkətləri ilə həyata keçirilir.
(rapidlə çəkiliş)
…Elçin guya müqavimət göstərir. Hətta arada imkan tapıb cavab “zərbələri” də endirir…
…Sonra onlar qaçırlar, yıxılıb-durur, gülürlər… bir-birilə tutaşır, “dava-dava” oynayırlar…Və bu an onlar, əlbəttə ki, hansı sehrli qüvvənin əsarətində olduqlarını bilmirlər… üst-başlarının, üz-gözlərinin quma, palçığa batdığının fərqində deyillər…
…Bu an onlar uşaqdılar…
…Fuad məmur təkəbbürünü, Rauf var-dövlət arzusunu, Elçin isə həyatına rəng qatmaq çabasını unudub… sevinc dolu o keçmiş günlərə baş vuran, balaca, qayğısız, xoşbəxt uşaqdı…
…Və əgər bir neçə dəqiqəlik keçmişə qayıtmaq imkanımız olsaydı, onda görərdik ki…
“…isti bir yay günüdür…
…dəniz sahilində qələbəlikdir…
…balaca Fuad, ondan balaca Rauf və bapbalaca Elçin dəniz sahilindədilər…
..Onlar gülə-gülə suya baş vurur, çığıra-çığıra sahil boyu “qaçdı-tutdu” oynayır, yıxılıb-durur, şənlənirlər…
…budur, bapbalaca Elçin suyun dayaz yerindən sahilə çıxmaq üçün çabalayır. Amma haradansa “tərbiyəsiz” bir dalğa peyda olub onun güllü tumanını əynindən çıxarır…
…balaca Fuadla balaca Rauf onu bu kritik vəziyyətdə görüb, qəşş eləyib yıxılırlar…
…bapbalaca Elçin, bapbalaca əlləriylə bapbalaca duduşunu gizlətməyə çalışır… alınmır. Ağlamaq istəyir… amma qardaşlarının güldüyünü görüb özü də gülməyə başlayır… elə gülə-gülə də gəlib qardaşlarının yanında uzanır…”
O vaxtdan neçə illər keçib…
…Budur, qardaşlar yenə də yan-yana uzanıblar. Əllərini eyni cür başları arxasında daraqlayıb səmaya baxırlar. Saçları dağınıq, əyin-başları qumlu-palçıqlı olsa da, çöhrələrində qaibanə bir işıq sayrışır…
Və bu an onlar eynilə bir-birinə oxşayırlar…
Və bu an onlar, güman ki, eyni xatirələri, eyni duyğuları yaşayırlar… Emosional yaddaş!
… Qağayılar birdən-birə sakitləşir, dəniz nəfəsini içinə qısır… Hətta göy üzünün quşları belə qeybə çəkilir. Ən qəribəsi, nağıl qəhrəmanlarına bənzər, ala-tala buludların qəfildən dağılıb əriməsi olur… Elə bil kimsə dünyanın rəngi-ruhunu qəsdən dəyişir…
Hər yerə şəffaf bir sükut ələnir. Hər yerdə vaxt dayanır, vaxt ölür…
Və bütün bu mənzərədə zəncirotu çiçəyinin zərif kövrəkliyi var; sanki toxunsan, ya nəfəs alsan… anındaca hər şey dağılar, sınar, çiliklənər…
…Qardaşlar ovsunlanmış kimi mas-mavi göy qübbəsinin tamaşasına dalıblar…
Elçin yavaşdan, az qala, pıçıltıyla dillənir:
— Uşaq vaxtı atadan soruşdum ki, görəsən, göyün üzü niyə belə təmizdi? Bilirsiz, nə dedi? Dedi ki, çünki orda insanlar yaşamır!..
Fuad:
— Onunçün, “mən kosmonavt olmaq istəyirəm” deyirdin?..
Rauf:
— Amma deyillər, kosmonavtların yaxşı cak-çuku olur ha.
… Günəş al-qırmızı saçları ilə son dəfə dənizi sığallayıb… qürub edir!..
…Dalğaların sahilə çıxardığı yaş kötüyün üstündə bir çəyirtkə oturub…
…Bir az sonra qardaşlar bir-birini qova-qova, “Nikolaydan qalma” avtobusa tərəf qaçırlar…
Nə vaxtsa, həqiqətən, avtobus olmuş bu metal konstruksiya korroziya nəticəsində başdan ayağa deformasiyaya uğrayıb; zaman onu təkərsiz, motorsuz, qapı-pəncərəsiz maşın skeletinə çevrib…
…Elçin avtobusa birinci yetişir, içəri girib küncə sıxılır. Raufla Fuad eyni vaxtda çatırlar.
… Rauf avtobusun ön tərəfinə – nə vaxtsa sürücü oturacağı olan hissəyə keçir:
— Hə, ya Allah, getdik!..- deyir.
— Dayan, sürmə hələ… Deyəsən burda bir dənə “zayçik” var.- Fuad ehmalca Elçinın qulağından yapışıb təntənəli şəkildə onu bayıra atır. – Tovariş, bezbilet nelzya!
Rauf bərk-bərk xəyali sükandan tutub maşını işə salmağa çalışır. Ağzı ilə bir neçə dəfə motor səsi çıxarsa da, xeyri olmur – avtobusun “xoddanmaq” fikiri yoxdur…
— Mən bunu yaxşı tanıyıram, bizləsən də, tərpənən deyil…
— Bəlkə düşüb itəliyəsiz, hə? – Bunu, başını arxa pəncərənin paslı çərçivəsindən içəri soxan Elçin deyir.- El bir olsa, dağ oynadar yerinnən!
Təbii ki, onun dedikəri qulaqardına vurulur.
Fuad məzəmmətlə Raufa:
— O vaxt şüşələri sındırmasaydın, indi sözünə baxardı,- deyir.
Rauf:
— Şüşələr deyəndə… mən sındırdığım qabaq şüşələr idi… Yandakıların hamısını sən sındırmısan.
Elçin yenə də (bu dəfə qabaq pəncərədən) boylanıb bərkdən deyir:
— Özü də raqatkayla!
Fuad söhbəti dəyişir:
— Kəndə atamıza görə gəldik…amma indi daha çox anam üçün narahatam…Son vaxtlar yaman sınıxıb…
Rauf ciddiləşir:
— Sabah onların ikisini də şəhərə aparacam. Bir otağımızı onlar üçün ayıracam, istəsələr, lap iki otağ verərəm. Qoy gözümün qabağında yaşasınlar.
Fuad plaşına bürünüb, fikirli-fikirli:
— Gedək evə, – deyir, – soyuqdu.
— Bu dəqiqə isinərik, darıxma…
Rauf üzünü turşudub gücənə-gücənə motor səsi çıxarmağa başlayır və bu dəfə maşın guruldayıb, dırıldayıb “işə düşür”.
— Getdik ee!
Elçin guya maşının yanıyla qaçır və guya hərəkətdə olan avtobusa minmək istəyir…
Qışqırır:
— Bə mən? Mən qaldım, axı! Məni də götürün də, noolar! Pulum yoxdu, zato vicdanım var!..
Rauf xəyali sükanı sağa-sola döndərə-döndərə çəmkirir:
— Zalım oğlu, indi vicdana bir şey verən var?.. Vicdan çoxdu, alan yoxdu!
— Alan azdır, – Fuad bunu astadan deyir, elə bil kiminsə eşidəcəyindən qorxur.
Nəhayət, Elçin özünü içəri ata bilir.
Rauf maşını, üzündə ciddi ifadə və məsuliyyətlə “idarə edir”. Fuad maraqla qardaşının hərəkətlərini izləyir və birdən nə fikirləşirsə, qeyri-ixtiyari özü də oyuna qoşulur:
— Ehtiyatlı ol, soldan maşın gəlir… sağını gözlə, sağını!..Qabaqda QAİ var…
Elçin:
— Eee…bəyəm o, sağ-sol biləndi?.. O, labavoy gedənşikdi, harda qırıldı-qırıdı…
— Qələtivi elə! – Rauf çönüb hirsli-hirsli deyir. – O sənsən ey, həmişə başın girməyən yerə bədənivi soxursan!..
…Bayaq kötüyün üstündə oturan çəyirtkə indi də tullanıb-uçub, avtobusun paslı kapotuna qonub təəccüblə qardaşlara baxır. Bəli, məhz təəccüblə! Yəni, qapısız-pəncərəsiz, sükansız-təkərsiz maşının içində atılıb-düşən bu “saqqallı uşaqlara” başqa cür necə baxmaq olar ki?!
— Dayan, dayan! Tormoz elə! – Fuad yumruğunu dizinə vura-vura bağırır. – Qabaqda adamlar var, adamlar!..Astarojna!
— Maroojna, marrojna! Eskimo, slivoçni, plombir Moskoviskiy! – Elçin atmacasından qalmır…
…Rauf tormoz ciyiltisini peşəkarlıqla ifa edir…
Avtobusun qarşısında, həqiqətən, iki nəfər (plakat daşıyan fəhlələr) dayanıb. Onlar heyrətdənmi, qorxudanmı, yerlərindəcə donub qalıblar … Güman ki, maşın skeletini belə həvəslə sürən sürücü və sərnişinləri ilk dəfədi görürlər.
Fəhlələr bir müddət “zamri” pozasında quruyub, bir-birilə ağızucu danışırlar:
— Qaçıblar!
— Hardan?
— Dispanserdən.
— Hansınnan?
— Dəlixanadan.
— Bəlkə piyandılar?..
— Piyan olsaydılar, doğruçu maşın sürərdilər…
Rauf başını avtobusun “qapısından” çıxarıb qışqırır:
— Yoluvuza baxın də! Dəvə boyda avtobusu görmürsüz?!
Fəhlələrdən biri günahkarcasına:
— Bağışla, brat, fikirliydik…- deyir.
–Fikirliydik… -Rauf donquldanır. – Bə bilmirsiz, yüz fikir bir borcu ödəmir?..
— Onu bilirik, amma “Proletariat” küçəsinin ha tərəfdə olduğunu bilmirik. Bayağdan avara qalmışıq… Bəlkə siz deyəsiz, ha tərəfə gedək?..
–Tərsinə gəlmisiz, çönüb dala qayıtmalısız.
Digər fəhlə bic-bic qımışıb soruşur:
— Deməzsiz, sizin avtobus hara gedir?
— Vəssalama!
— Şüttəmamın yanınnan keçmirsiz ki?..
— Şüttəmamın yox, hamamın yanınnan keçirik. Şüttəmam axırıncı astanovkadı.
Fəhlələr çiyinlərində daşıdıqları plakatı (banneri) tarazlayıb pıqqıldaya-pıqqıldaya əks istiqamətə üz tuturlar…
Bu dəfə plakatda “ПАРТИЯ – УМ, ЧЕСТЬ И СОВЕСТЬ НАШЕЙ ЭПОХИ!” (“Partiya dövrümüzün ağlı, şərəfi və vicdanıdır!”) şüarını görürük.
…Biz hələ bir müddət də “motor gurultusu”, “tormoz ciyiltisi” və qardaşların hay-küyünü eşidəcəyik…
…Aхşamdır.
Tənha ev.
Kəfkirli saatın yeknəsəq səsini nəzərə almasaq, evdə sakitlikdir.
…Kilim və xalça döşənmiş otaqda səliqəli yataq yerləri salınıb…
Ana dizləri üstə oturub yorğan-döşəyi, ağappaq üzlük çəkilmiş balışları yerbəyer edir. Bu işi xüsusi nəvazişlə, sevgiylə gördüyü açıqca sezilir. Qardaşlar yatmağa hazırlaşırlar…
Ana ah çəkir:
— Dedim, qoy bir dəfə də balalarımın birgə yatdıqlarını görüm…əvvəllər olduğu kimi…
Qardaşlar Ananın kövrəldiyini hiss etmirlər; hiss etsələr də, büruzə vermirlər…
Sübh çağıdır.
Uğultudan qulaq tutulur…
Qarınqulu duman dünyanı udsa da, “doydum” demir…
Dəniz əsəbidir. Güman ki, gecə hansı qüvvə isə bərk əsəbləşdirib onu. O da öz növbəsində, öz hikkəli dalğalarına sahilə doğru hücum əmri verib…
… döyüşkən dalğalar özlərini sahilə çırpır… amma cavab zərbələrilə ləpələnib köməyə əlavə qüvvələr gələnəcən gözləmə mövqeyinə çəkilirlər…
… Dumanın məngənəsi və dalğa zərbələrindən rəngi qaçmış bozumtul sahil isə daha çox, müdafiə taktikasına üstünlük verir…
Hələ də sübh çağıdır.
…Ata yataq otaqından aynabəndə keçir, əvvəl həyətə nəzər salır, sonra oğlanlarının yatdığı otağa yaxınlaşır, ehmalca qapını açır.
Kadr arxasından Ananın səsi gəlir:
— Getdilər…
Və bu kəlmə, tarım dartılıb qəfil qırılan sim kimi səslənir…
Həyətdəyik.
…Ana və Ata divara bitişik skamyada oturublar. Yan-yana.
Ana qolunun üstündə saxladığı pencəyi Atanın çiyninə salır:
— Gedəndə xahiş elədilər ki, səni oyatmayım…
Ata dillənmir.
…Biz onu iri planda görürük: 24 saat ərzində üzünün qırışları daha da dərinləşib, gözləri çuxura düşüb…
…Ana əllərini dizinin üstə qoyub, dinməz-söyləməz oturub.
Ata harasa baxır, üz ifadəsindən heç nə oxunmur…
… Yəqin ki, bu anlar kimsə onun hara baxdığını, nə düşündüyünü, nə yaşadığını deyə bilməz… Heç Atanın özü də bu dəqiqələrdə hansı məkan, hansı zaman labirintində ilişib qaldığını kəsdirə bilmir…
…Birdən araba çarxlarının cırıltısı eşidilir… Tanış səsdi! Qocanın gözləri canlanır, baxışları ilə səsin haradan gəldiyini arayır…
… Sivrilib dumanın ağuşundan çıxan at arabası görünür….
…Arabaçı – əynində köhnə meşin gödəkçə, gözündə yumru sağanaqlı eynək… Ancaq bu dəfə o, gənc oğlan yox, artıq orta yaşlı kişidir. Yanında kəlağayılı-yaşmaqlı bir qadın da var.
Arabanın yük yerində isə, (kağnıda) üç balaca uşaq – uzanıb yan-yana yatıblar…
… dənizin ram olub qurğuşun kimi qatılaşması…
… dumanın yamaqlı örpəyi…
Yerlə səmanın qucaqlaşmasından yaranan intəhasız boşluq…
…göydən yağış kimi yağan bərkiyib maddiləşmiş səslər, hənirtilər…
Bu sürrealist mənzərələr yuxumu, reallıqmı? Bəlkə də bunlar reallığın yuxusudur, kim bilir?..
…Arabacı dalğın-dalğın irəli baxır, – eynən Ata kimi. Güman ki, o da hardan gəldiyindən, hara getdiyindən xəbərsizdi… Üz tutub gələcəyəmi gedir, dönüb keçmişəmi qayıdır? — bunu Allahdan başqa bilən yoxdu…
…Dənizin ləpədöyənində tək-tənha ev…
Evin həyətində divara söykənmiş skamya… Skamyada yan-yana oturmuş iki kədərli insan…
Hə, bir də artırmanın məhəccərinə qonmuş bir çəyirtkə…
…Ata nigaran baxışlarla arabanı yola salır. Amma, deyəsən, Ana da bu mənzərəni görür…
…Arabadakı kəlağayılı-yaşmaqlı qadın gözlərini qırpmadan, heyrətlə Anaya baxır…
Ana gözlərini qırpa-qırpa, heyrətlə qadına baxır…
Arabaçı qanrılıb çiyni üstündən Ataya baxır…
Ata dərdli-dərdli arabaçıya baxır…
…Və nəhayət, araba uzaqlaşıb, uzaqlaşıb…qatı dumanın içində yox olur…
SON