Zvyagintsev, miflər və katarsis

Görkəmli rusiyalı kinorejissor Andrey Zvyagintsevin Anton Dolinə verdiyi müsahibəsində yaradıcılıq metodunun mühüm aspektlərini açıqlayıb. O deyib: Mifoloji əsatirlər yaradıcı insan üçün zəruri bir mənbədir. Ədəbi kontekst, məna, məzmun zəmini kimi. Hətta deyərdim ki, alət və materialdır. Hər bir əsərin özülündə mif gizlənib, sadəcə olaraq onu axtarıb tapmaq lazımdır. Bunu mən teatr institutunda təhsil alanda əxz etmişəm. Xüsusilə “Gümüş əsrin” ədəbiyyatını öyrənəndə. Hətta simvolizmin ən görkəmli nümayəndələrindən biri Valeri Bryusov bir məqaləsində yazır ki, mif yaradıcılığın hərəkətverici qüvvəsidir, yaradıcı fəhm mifdən güc alır. Sonralar kinorejissor kimi fəaliyyətə başlayanda anladım ki, çəkəcəyim hər bir süjet mütləq hansısa böyük bir mətləbi özündə ehtiva etməlidir. Hər bir əhvalatın açarını tapmalısan, alt qatına varmalısan. Əgər süjetdə iki balıqçı oğlan və onların atası varsa (söhbət A.Zvyagintsevin “Qayıdış” filmindən gedir – red.), axtarıb, araşdırıb tarixdə, milli kimlik yaddaşında dini əsatirlərdə bu vəziyyətin mənbəyini tapmalısan. “Leviafan”da da belə oldu. Oleq (filmin ssenari müəllifi Oleq Negin – red.) ssenarini yazdı. Sonra araşdırmalara başladıq ki, tapaq görək çəkəcəyimiz süjetdə kim kimdir? Gəlib-çıxdıq Henrix fon Kleystin “Mixael Kolxaas” əsərinə. Və anladıq ki, tam uyğunluq məhz bu əhvalatla bağlıdır. Hətta ssenarinin ilkin nüsxəsini çəkəndə belə bir fikrimiz vardı ki, Nikolay qarajından traktorla çıxıb meriyanın binasını yerlə-yeksan etməyə yönələndə traktorun çalovunun üzərinə “Mixael Kolxaas”da bayrağın üstündə yazılmış belə bir cümlə həkk edilmiş olsun: “Təbiətin mənə verdiyi hüquqla”. Bunu yuxuda da görürdüm. Kleyst öz povestinin əsasını XVI əsrə aid rəvayətdən götürüb. Həmin dövrdən bir az da irəli gedib Əyyub peyğəmbərin Tanrı ilə söhbətinə çatırsan. Günlərin bir günü nəhayət ki, Allah Əyyuba diqqətini yönəldib xəbər alır ki, sən burda nə gileylənib durmusan, Leviafanı da, bütün dünyanın əzəmətini də mən yaratmışam, sən nə cürətlə demək istəyirsən ki, mənim yaratdıqlarımda qüsur var? Niyə zənn edirsən ki, sənin nizən mənim yaratdığım Leviafanın pulcuqlarının altına keçməyə qadirdir?! Yeri gəlmişkən, böyük sınaq imtahanı kimi nəzərdən keçirilən “Əyyub kitabı” İblisin Tanrı ilə söhbətindən başlayır. İblis Allaha deyir ki, sən öz bəndənlə çox öyünürsən, mən onu elə “sındıraram” ki, heç xəbəri də olmaz. Allah deyir: “Buyur, cəhd elə və dediyini həyata keçir, amma onun ruhu və qəlbi ilə işin olmasın, onları qoruyub-saxla”. Bütün bu dini mətləblərin filmimizin qəhrəmanı Nikolayla çox paralel olduğunu anladıq. Bizi belə eyniləşdirmələrdə ittiham edib Nikolayı əməli-saleh insan kimi görməkdən qorxanlara üzümü tutub xəbər almaq istərdim: “Bəs siz özünüz bu personajların hansı ilə eyni yolun yolçususunuz?”.
…Və əgər tamaşaçı bu süjetlərə baxa-baxa özünü o qəhrəmanların yerində təsəvvür edib empatiya ovqatına düşürsə, deməli o, katarsis anını yaşayır. Katarsis isə sarsıntıdan keçən təmizlənmə aktıdır. Aristotelə istinad etsək, bu məhz belə qavranılır: insan içində yığılıb-qalan məcazi və ya müstəqim mənada göz yaşlarını boşaldaraq problemlərinə yeni nəzərlə baxmağa başlayır – artıq ekranda gördüyü və halına yandığın personaja çevrilir sanki…”
Rus dilindən tərcümə: Samirə Behbudqızı