Vüqar Hüseynov: “Personaj maraqlı olanda, dialoqlar su kimi axır”

Müsahibimiz “Kəklikotu”, “Qaragöz” kimi uğurlu filmlərin, “Qonşular”, “Son hədd”, “Üç bacı” və s. serialların ssenari müəllifi olmuş Vüqar Hüseynovdur. Onun ssenari heyətində olduğu “Mən, Lalə və Şerlok Holms” adlı serial son illərdə televiziya tamaşaçıları tərəfindən böyük maraqla qarşılanan ekran işlərindən biridir. Bu müsahibədə Vüqar bəy ssenarinin yazılma prosesi ilə bağlı şəxsi təcrübələrini bölüşür.
– Ssenari üçün hekayələri, ideyaları haradan götürürsünüz?
– İdeya fantaziyalara bağlıdır, hər hansı bir həyat hekayəsindən, yuxudan, xayallardan ilhamlanaraq tapılır. Bəzən, danışdığın hər hansı yalan da sənə cazibədar gələ bilər, onu köklü ssenari halına salmaq olar. Hər hansı istiqamətdə bir boşluq hiss edəndə də ideya yaranır. Məsələn, vətənpərvərlik mövzusunda boşluq görəndə, ya alınmamış bir film görəndə. Ailə-məişət mövzusundan başqa bütün sahələrdə, janrlarda boşluq var. Öz ideyalarını təqdim etməyə bir qurum olmadığı üçün, ya olsa da, hər dəfə ehtinasızlıq, diqqətsizlik gördükləri üçün, bu təşəbbüsün yarımçıq qalacağına inandırıldıqları üçün ssenaristlər uzun illər yalnız sifariş gözləməklə məşğul oldular. Sifarişlə yazılan ssenari isə, adətən, prodüserin və ya rejissorun istəkləri əsasında olur və ssenarist stenoqrafist rolunu oynayır. Son illər bu problem aradan qalxmaq üzrədir, deyəsən, müəlliflərə inam artır. Şəxsən öz yanaşmamı deyim, bəlkə də bu bir sirr olmalı idi. Dəfələrlə özüm üçün təsdiqləmişəm deyə əminəm ki, hər hansı bir mövzuda uğurlu ssenari yazmaq üçün ilk növbədə banal olmamaq və özünü çətinə salmaq lazımdır. Filmin ikinci aktında özünü elə bir vəziyyətə salmaq lazımdır ki, çıxış yolu olmasın. Onda ən yaxşısı tapılacaq. Əgər hamı müharibədən yazacaqsa, təxmin etməlisən ki, onların hekayələrində döyüş, əsgər, ölüm olacaq. Deməli, sən eyni şəraitdə sülh, adi müəllim və doğuşdan yazacaqsan. Zəfər Gününün ilk ildönümündə sosial çarxlar sifariş olunanda bunları təxmin etmişdim deyə ən uğurlu çarx mənim ssenarim əsasında çəkilmişdi.
– Mövzu ilə bağlı araşdırma aparırsınızmı? Aparırsınızsa, bu nədən ibarət olur?
– Təbii ki! İlk olaraq mövzunun nə dərəcədə rezonans yarada biləcəyini, banal olub-olmadığını, bu mövzuda ssenarinin olub-olmadığını, siyasi tərəflərini, ölkənin reytinqinə zərər dəyib-dəyməyəcəyini, satılıb-satılmayacağını və əlbəttə, sonda bu mövzuya xərclənəcək büdcəni mütləq araşdırıram. Risk etmək yaxşı şeydir, amma ağıllı risk olarsa. Tamaşaçısı olmayacaq mövzuya müraciət etmişəmsə, deməli, bu, sadəcə mənim öz istəyimdir, deməli, mən qazancı düşünmürəm, deməli, mən artıq yaşlı və varlıyam. Belə müəllifləri çox gördük. “Əşşi, bizim tamaşaçı bunu başa düşməz” deyən prodüserlərin acığına, millətinin alçaldılmasından boğulan vətənpərvər müəllif, məsələn, “Pandoranın qutusu” adlı art-haus üslubunda film çəkir və uduzur. Düzgün araşdırma aparılsa, film çəkilməmişdən qabaq özünü doğrulda, hətta satıla da bilər.
– Ümumiyyətlə, ssenari sizin üçün nədir – rejissor üçün yol xəritəsi, yoxsa ayrıca tamhüquqlu bir əsər?
-Məncə, hər ikisi. Hərçənd bu, əksər rejissorların xoşuna gəlmir, amma film ssenaristi tam da yazıçı deyil, axı! O, ekranda nəyi görür, onu yazır. O öz hekayəsini kadrlarsız danışan rejissordur. Bəzən səhnəni tam aydın göstərmək üçün rakursu da, işığı da izah etməyə məcbur olur. Bu heç bir dərslikdə düzgün sayılmır, amma mən bu səhvi həmişə həvəslə edirəm. Öz yaratdığına tamhüquqlu əsər kimi baxmaq, məncə, hər bir ssenaristin haqqıdır. Bir azca obyektiv olarsa, təbii ki.
– Bir hekayədə sizin üçün ən vacib olan nədir? Ən çox necə hekayələr diqqətinizi çəkir?
– Əgər hekayənin gedişatını asanlıqla təxmin edirəmsə, mənə görə bu, zəif ssenaridir. Ona görə, bu mənim subyektiv fikrimdir, mən avtobioqrafik filmləri bəyənmirəm. Bioqrafiya, məncə, oxunmalıdır, baxılmalı deyil. İdeyanın özü orijinal olmalıdır. “Su” dediyimiz, mesajsız, hekayənin gedişatına təsir etməyən, vacib detalları açıqlamayan, qəhrəmanın yüksəlişinə təsir etməyən istənilən hissələr “uff” demədən çıxarılmalıdır, əvvəli, ortası və axırı tutarlı olmalıdır. Belə olan istənilən hekayə diqqətimi çəkir. Treylerdə çox kiçik bir dialoq məni elə valeh edə bilər ki, sevmədiyim arthaus janrında filmə də baxa bilərəm. Dəhşətli dərəcədə dialoq “ölüsüyəm”.

– Dialoq demişkən, son illlərdə çəkilən filmlərdə lakonik və tutarlı dialoqlara rast gəlmək, demək olar ki, mümkün deyil. Adətən, dialoqlar sanki boşluq doldurmaq xarakteri daşıyır. Halbuki dialoq bədii mətnin vacib hissəsidir, personajın xarakterinə uyğun, situasiyaya adekvat və çoxqatlı olmalıdıt. Sizcə, niyə bizdə belə dialoqlar çox azdır? Və tutarlı dialoq yazmaq üçün nə lazımdır?
– Deyəcəklərim bir-biri ilə zəncirvari bağlıdır və hər şey yenə də tələskənliyə, ssenarinin dünənə lazım olmağına gətirib çıxarır. Personajın dialoqunun dolğun olması üçün onun kimliyi vacibdir. Onu təkmilləşdirmək, özün kimi tanımaq lazımdır ki, buna da xeyli vaxt tələb olunur. Sən qəhrəmanı tanıyanda dialoqlar tam, dolğun, məqsədyönlü olacaq. Personaj maraqlı olanda, hər hansı bir vərdişi, bir daxili konflikti olanda dialoqlar su kimi axacaq. Kreativliyin olmalıdır ki, adi killer yox, məsələn, gey killer yaradasan. Müasir tendensiyaya uyğundurmu? Bəli. Daxili konflikt kimi ilk ağıla gələn, təbii ki, ətrafda qınanılması ola bilər. Bir az da, məsələn, şahmatçı olmasını əlavə etsən, deməli, onun dialoqları daha çox təxminlərdən ibarət olacaq. Zəncirvari davam etsək, müəllifin maraqlı personaj yaratması üçün indi də dünyagörüşü olmalıdır, “bayırlığ”ı olmalıdır ki, məncə, bu, elə ən vacibidir. Dünyagörüşü olmayan müəllif, dediyimiz misalda qəhrəmanı əzilib-büzülən göstərməyə çalışacaq ki, bu da belə deyil. Avaranı “vuraram-yıxaram”, narkotik aludəçisi kimi, babanı mütləq saqqallı, əsasına söykənən, fahişəni mütləq saqqızla və açıq-saçıq geyinən, iş adamını Don Barzini kimi banal göstərəcək, klişedən kənara çıxmayacaq. Sonda “yaradılan” personaj öz fantaziyasının, öz dünyagörüşünün yox, hansısa film personajının azərbaycanlı versiyası olacaq. Rezüme edim: ideal dialoqlar üçün beş barmağın kimi tanıyacağın ideal obraz yaratmaq lazımdır. Bir şeyi də əlavə edim: subyektiv fikrimdir – real həyatda danışıq qabiliyyəti maraqlı olmayan ssenari müəllifi və rejissor hekayəni yaxşı danışa bilməz.
– Həmmüəlliflə işləmək prosesi rahatdır, ya çətin? Üstünlükləri və çatışmazlıqları nədən ibarətdir?
-Bir baş yaxşıdır, ikisi daha yaxşı. Həmmüəllif ideya çatışmazlığına görə yox, tezliklərinin tutuşması, eyni kreativliyə malik olmasına görə seçilməlidir. Həmmüəlliflikdə o vaxt çətin olur ki, müəlliflərdən biri və ya hər ikisi işi yox, özünü düşünür – obyektiv yanaşmadan öz fikrinin daha uyğun və uğurlu olmasını israrla sübut etməyə çalışır. Digər hallarda aralarında olan mübahisə, əksinə, yalnız işin xeyrinədir. Elə olur ki, həmmüəllifin əsnəməsi belə, ideya verir. “Beyin fırtınası” zamanı həmmüəllif əvəzolunmaz insandır. Dialoq yazanda mən təkliyi seçirəm.
Müsahibəni hazırladı: Sevda Sultanova