Vudi Allen və onun nevrozları

Vudi Allen, onun nevrozları və qadın qəhrəmanları haqqında bilmək istədiyiniz hər şey
Onun filmlərində həmişə danışırlar. Bu filmlərin qəhrəmanları bohema nümayəndələri, ziyalılar, dekorasiyaları isə, demək olar ki, həmişə Nyu-York şəhərinin mənzərələridir. Elə təsəvvür yarana bilər ki, bu məşhurluğun sirrinin kino sənəti ilə əlaqəsi yoxdur, intellektualların darıxdırıcı boşboğazlıqları getdikcə maraqlı görünməyə başlamır və guya Vudi Allenin bir filmini görmüsənsə, elə bil, hamısını görmüsən. Amma səhv təəssüratdır. Allen kino mədəniyyətinə gülməli monoloqlardan qat-qat böyük töhfələr verib. Allenin filmlərinin əsas mövzuları, Berqmanın güclü təsiri altında olması, Nyu-Yorkun və qadınların onun filmlərindəki rolu haqqında Nikita Smirnov danışır.
Panç ustası
Panç – zarafatın və ya dialoqun gözlənilməz, gülməli, kəskin son replikası deməkdir)
Onun monoloqları da əntiqədir. Vudi Allen on yeddi yaşında həmin zarafatları ilə və ata-anasından daha çox qazanırdı. Elə o vaxtdan pasportdakı adını dəyişərək, Allan Stüart Koniqsberq əvəzinə Heyvud Allen yazdırmışdı və iki il idi ki, zarafatlarını Brodvey prodüserlərinə, jurnallara və televiziya kanallarına satırdı. 1950-ci illərdə televiziya yeni inkişaf dövrünü yaşayırdı: sitkom janrının çiçəkləndiyi dövr idi. Axşam efirində ulduzlar çıxış edir, tok-şoular yaranırdı. Yaxşı zarafatın yaxşı da qiyməti vardı, iyirmi yaşlı Allen isə bir ilə o vaxt üçün kifayət qədər böyük məbləğ – 6000 dollar qazanırdı. Hara gəldi, kimin üçün oldu yazırdı, gündə qısa qəhvə fasilələrini və piyada gəzintiləri çıxmaqla on beş saat işləyə bilərdi.
Gənc yumoristin FİƏ göstəricisini (faydalı iş əmsalı) həmkarları “10-dan 8-ə kimi” qiymətləndirirdilər, yəni Allenin yazdığı hər 10 zarafatdan 8-i qəbul olunurdu. İyirmi beş yaşında Allen kölgədən çıxmaq qərarına gəlir və özünü səhnədə – stendapda sınayır. Özünə zarafatlar sifariş verir və on zarafatından yalnız birini bəyənib qəbul edirdi.
Səhnədə Vudi Allen təkcə zarafatlar, gülməli replikalarla çıxış etməməli, həm də tamaşaçının başa düşə biləcəyi bir obraz təqdim etməliydi. Onun boyu, arıqlığı, optik eynəyi, nazik səsi və yəhudi mənşəyi nəzərə alınarsa, seçim gün kimi aydın idi: Allen “nebbish” roluna girdi. Amerikanın yəhudi icmasının ivritcəsində bu söz – heç vaxt işi gətirməyən, tanrının da unutduğu əfəl adam deməkdir.

Amma Vudi yəhudilərlə bağlı bayağı zarafatlara baş qoşmurdu. Onun bu yanaşması sonradan kinoda da istifadə edəcəyi vacib bir tapıntıya çevrildi və onun ekran obrazını formalaşdırdı.
Bəli, onun stendaplarının tamaşaçıları, qarşılarında gülməli və yöndəmsiz yəhudinin dayandığını anlayırdı (halbuki, Allen əla beysbol oynayır və bu gün belə, idman zalında çoxumuzdan daha çox vaxt keçirir). Amma Vudi Alenin obrazında birbaşa özümüzü olmasa da, hər halda rəğbətimizi qazanmağa layiq olan, ümumbəşəri “kiçik insanı” asanlıqla görmək olurdu.
“Mən psixoanalitikə müraciət etmişəm, çünki illərlə balacaboy və arıq olduğum illüziyasından əziyyət çəkmişəm”.
Tanrı böyükdür, Vudi isə kiçik
Psixoanalitiklərlə görüş mövzusu Allenin komediya filmlərində dərhal ortaya çıxdı. Allen 1967-ci ildəki çıxışında deyirdi ki, illərlə psixoloqa gedir və bunu gizlətmir.
Bu cür seanslar o dövrdə kifayət qədər dəbdə idi: Amerikanın 1950-ci illərini bu gün, əbəs yerə, “bolluq və təlaş dövrü” adlandırmırlar. Amerikalılar məişət problemlərini yoluna qoyub qurtarandan sonra şəxsi həyatlarına, frustrasiya və psixoz kimi psixoloji pozuntularına (dövrün gərgin siyasi şəraiti – makkartizm, “cadugər ovları”, soyuq müharibə, nüvə müharibəsi isteriyası da buna az təsir etməmişdi) daha çox fikir verməyə başlamışdılar. Beləliklə, həmin illərdə psixoanaliz qızıl dövrünü yaşayırdı.
Stendap çıxışlarına psixoanalitik fiqurunu da əlavə etmək tamaşaçı ilə məsafə saxlayaraq, şəxsi mövzulardan danışmağa imkan verirdi. Məsələn, “Manhetten” filmində həm Allenin canlandırdığı Ayzek, həm də onun sevgi münasibəti qurmağa çalışdığı Meri psixoanalitikin (beyin “düzəldənin”) daimi müştəriləridir, onların həkimlərinin fərqli terapiya üsulları da filmdə ayrıca komik xətt yaradır.
Vudi Allenin filmlərində tez-tez toxunduğu mövzulardan biri də dindir. 1940-cı illərdə valideynləri onu yəhudi dininin adət-ənənələrinə uyğun şəkildə böyütməyə çalışsalar da, məqsədlərinə axıra qədər çata bilməmişdilər: məktəb illərində Allen həmişə çantasında tanax gəzdirirdi, amma böyüdükcə dindən uzaqlaşdı.
Stendap çıxışlarında Vudi zarafatla deyirdi ki, ilk sevgilisi ilə münasibətləri aralarındakı dini fərqlərə görə alınmayıb. «O, ateist idi, mən isə aqnostik». Onun ən məşhur zarafatlarından biri müqəddəsliklə gündəlik həyatın birliyini yaxşı təsvir edir: “Tanrının olmamağı azmış kimi, bir də şənbə günü santexnik çağır gör, o daha çətindir”.
Allenin qəhrəmanları gah əbədi və gündəlik məsələlər qarşısında təslim olur, gah da dağları aşmağa qadir olduqlarını hiss edirlər. Yenə “Manhetten” filmində uğurlu televiziya ssenaristi Ayzek hirslənib “ruhsuz, mənasız” işindən istefa edir, növbəti səhnədə isə bu qoçaqlığına görə kor-peşman olur.
Bununla belə, onun kiçik qəhrəmanları çox vaxt tamaşaçıya böyük problemləri və qlobal miqyaslı hadisələri göstərirlər. Ümumilikdə siyasətdən uzaq olan Allen (və bu, coşğun 1960-cı illərdə baş verir) stendap çıxışlarından birində belə deyir: “Hazırda bir kitab üzərində işləyirəm… Bu, Vorren Komissiyasının hesabatının non-fikşn (sənədli) versiyası olacaq” (Vorren Komissiyası prezident Kennedinin qətlini araşdırırdı; yekun hesabat 888 səhifədən ibarət idi və konspirasiya nəzəriyyələrinin mövzusuna çevrilmişdi).
1983-cü ildə Vudi Allen ən məşhur filmlərindən birini – “Zeliq”i təqdim edir. Bu filmin qəhrəmanı gözə çarpmayan, əhəmiyyətsiz, adi insandır, amma onun başqalarına çevrilmək bacarığı var. Yəhudi Zeliq, Hitleri görəndə “İstədiyin adam ola bilərsən” motivasiyası, sözün əsl mənasında, absurd həddə çatır.
Sənədli və psevdosənədli çəkilişlərdən ibarət olan “Zeliq” filmində, dövrün Syuzen Sontaqdan tutmuş Bruno Bettelheyma kimi nüfuzlu intellektualları qəhrəmanın “buqələmunluq” qabiliyyətini ciddi şəkildə müzakirə edərək, Allenə dəstək olurlar.
Allen və Berqman
Allenin zarafatları o qədər məşhurdur ki, xalq arasında yayılıb və illərlə müxtəlif versiyalarla yaşamağa davam edir. Məsələn, 1973-cü ildə “The Times” qəzetində çıxan həmin məşhur santexnik zarafatının bir variantı Tanrının “olmaması” ilə yox, onun “öldüyü” ilə başlayır. Tanrının susması və ya yoxluğu mövzusu Allenin filmlərini İnqmar Berqmanın yaradıcılığına yaxınlaşdırır – o, Berqmanı – bu söz oyununa görə üzr istəyirəm – ilahiləşdirir.
“Nyu-Yorkda, Berqmanın filmlərinin ilk pərəstişkarlarından idim. Ona çox gənc yaşımdan aludə olmuşam. Komediyaçı və rejissor kimi peşəkar həyatımda saysız-hesabsız müsahibələr vermişəm və hamısında onun dahiliyindən danışmış, insanlara onun filmlərini izləməyi tövsiyə etmişəm.”

“Monika ilə yay” və “Təlxəklərin axşamı” filmlərinə Allen ilk dəfə 1950-ci illərin ortalarında, iyirmi yaşı tamam olmamış baxıb. İlk filmə çılpaq səhnələrin olduğunu eşitdiyinə görə gedib. 1960-cı illərdə Avropa kinosu Amerikanın intellektual və bohem çevrələrində məşhurlaşmağa başlayır. Ancaq, Allen üçün Berqman təkcə dəbdə olan ad deyildi. Mənəvi məsuliyyət, Tanrının Şərə müdaxilə etməməsi, insan münasibətlərinin dərin tədqiqi – bütün bunlar Allenin öz filmlərində də mühüm mövzulara çevrilir.
“Sevgi və ölüm” komediyasında Allen, Berqmanın “Yeddinci möhür” və “Persona” filmlərini parodiya edir. “Manhetten”də ekrandan Berqmanı “müasir kinonun yeganə dahisi” adlandırır, sonra isə onunla mübahisəyə girişən təkəbbürlü Meri adlı qızı “ikinci kontakt linzasını da vurub çıxarmaqla” hədələyir. 1982-ci ildə o, “Yay gecəsində seksual komediya” filmini çəkir və burada “Yay gecəsinin təbəssümləri” filmini yumorla yenidən qurur. 1991-ci ildə isə o, Pol Mazurskinin “Mağazada səhnələr” filmində oynayır. Filmin qəhrəmanı qəfildən arvadına başqa qadınla münasibətdə olduğunu etiraf edir. Filmin həm adı, həm də süjet xətti açıq-aşkar “Evlilik həyatından səhnələr” filmindən qaynaqlanır, sadəcə Amerika istehlakçılığı ilə “zənginləşdirilmiş” formada.
Amma Allenin, İnqmar Berqmanın üslubuna və tematikasına ən çox bənzəyən işi məhz 1978-ci ildə çəkdiyi, ilk allensayağı ciddi dram olan “İnteryerlər” filmi hesab olunur. Dövrün bir çox tənqidçiləri filmi yaş yuyub quru sərdilər: kimsə (Cin Siskel) filmin ortasına kimi qəşş edib güldü, kimsə də (Riçard Şikel) əsəri biabırçı tamaşa adlandırdı. Təkcə “İnteryerlər”dəki problemlərlə dolu ailənin Berqman personajları və süjet xətti ilə (depressiya, xəyanət, intihar cəhdləri) müqayisəsi deyil, həm də filmin ətrafında yaranan hekayə özü maraqlıdır. Öz filmlərini əzab çəkmədən yarada bilməyən – onun gündəlikləri də bunu sübut edir – Berqman kimi, Allen də bu filmini əzab-əziyyətlə ərsəyə gətirmişdi. Allen müsahibələrində dəfələrlə “İnteryerlər” filmindən söz açır, bəzi səhv qərarlarından gileylənir (“Bilirəm, bu filmi indi çəksəydim, bundan qat-qat yaxşı alınardı” – deyə 2005-ci ildə etiraf etmişdi), amma heç vaxt bu filmdən üz döndərmirdi. Zaman öz sözünü dedi: bu gün “İnteryerlər”, Allenin mütləq izlənməli filmləri siyahısına daxildir.

Allenlə işləyən və ya onu yaxından tanıyan insanlar onun necə zəhmətkeş insan olduğunu tez-tez vurğulayır. Bu yerdə istər-istəməz hələ qırx yaşı tamam olmamış özünü yorub xəstəxanaya düşmüş Berqmanı xatırlayırsan. Allen isə deyir: “Adətən fasiləsiz yazıram. “Gəlsənə, tətilə çıxım” demirəm. Ssenarini bir həftəlik kənara qoya bilərəm, amma 18 günlüyünə – əsla!”
1960-cı illərin sonlarında Vudi təkcə kino karyerasına başlamır, eyni zamanda öz qələmindən çıxmış və baş rolda özünün oynadığı pyesini Brodveydə səhnəyə qoyur və bu tamaşa səhnədə dörd yüz dəfədən çox oynanılır. Elə həmin dövrdə o, televiziyada mütəmadi olaraq stendap çıxışları edir və caz-klublarda klarnet çalırdı. Aktrisa Dayan Kiton onu “Tanıdığım ən intizamlı insan” deyə təsvir edir. Bundan başqa, Allen illüzionizmlə də maraqlanır. Bu da bir daha sübut edir ki, onun ekrandakı obrazı əsl Vudi ilə üst-üstə düşmür.
Nyu York, Nyu York
Vudi Alenin harada yaşadığını kimdən soruşsan, deyəcək: “Nyu-Yorkda”. Daha məlumatlı biri isə əlavə edəcək: “Manhettendə”. Onun filmlərinin çoxu məhz Nyu-Yorkun müxtəlif rayonlarında cərəyan edir. Allenin Los-Ancelesə köçməyib, kino karyerasını Nyu-Yorkda davam etdirməsi onun şəxsi mövqeyidir.
Nyu-York rayonlarının iyerarxiyası olan elə böyük şəhərdir ki, Allen bütün filmlərini çəkmək üçün bu şəhərdən kənara çıxmağa ehtiyac hiss etməyib. “Enni Holl” filmində Allen Nyu-York ilə Los-Ancelesi müqayisə edir və bu müqayisə qətiyyən Los-Ancelesin xeyrinə olmur. Los-Anceles filmdə dadsız-duzsuz, süni, Milad bayramında belə gün işığına bələnən, “Santa Klausu belə gün vura bilən” yer kimi təsvir olunur və baş qəhrəmanda “xroniki ürəkbulanma” hissi yaradır.

1979-cu ildə Allen ilə “Xaç atası” filminin operatoru Qordon Villis bu vaxta qədər heç kimin etmədiyini – geniş formatda romantik film çəkmək qərarına gəlirlər və nəticədə Brodvey teatrının məşhur bəstəkarı Corc Gerşvinin möhtəşəm musiqilərinin müşayiət etdiyi “Manhetten” filmi meydana çıxır. “Hanna və bacıları” filmində Allen tamaşaçını Brodvey küçəsi, Kraysler binası, Potter binası və Beşinci prospektdəki sinaqoqu göstərməklə bütün İst-Sayt rayonunda qısa memarlıq turuna çıxarır. İndi bu yerlərə turist turları təşkil olunur. “Brodvey Denni Rouz” filmində Allen 1950-ci illərdən etibarən günlərlə sərasər işlədiyi, hətta faktiki olaraq yaşadığı məşhur “Carnegie Deli” restoranını əbədiləşdirir. Hərdən Allen yeni filmlərində əvvəlki filmlərinin çəkildiyi yerlərə qayıdırdı, məsələn, “Brodvey üzərində güllələr” filmindəki rəqs zalını tamaşaçı bundan əvvəl “Radio dövrü” filmində də görmüşdü.
Allenin sayəsində sevgililər Kuinsboro körpüsünün fonunda eyni rakursdan şəkil çəkdirməyə, nyu-yorklular kiçik kitab dükanlarına diqqət yetirməyə, köhnə birzallı kinoteatrlara maraq göstərməyə, turistlər isə Allenin filmlərində çəkilmiş yerlərə piyada turlar təşkil etməyə başladılar. Allenin özünü isə həftədə bir dəfə, Eddi Devisin caz qrupu ilə birgə çıxış etdiyi “Carlyle” hotelinin kafesində görmək olar.
Vudi Allenin işgüzar adam olduğunu yuxarıda da qeyd etmişdik. Son onillikdə Avropa şəhərləri haqqında bir sıra filmlər çəkməsinin də başadüşülən səbəbi vardı: maliyyə.
“Filmin harada çəkiləcəyini – pulun haradan gəldiyi müəyyənləşdirir. Məsələn, əgər filmi britaniyalılar maliyyələşdirirsə, adətən filmin orada çəkilməsini şərt kimi qoyurlar. Əgər filmin maliyyəsi fransız tərəfdaşlardan gəlirsə, çəkilişlər də Fransada aparılır. Hərdən isə pul axtarırsan və maliyyələşdirən tərəf üçün filmi harada çəkəcəyinin əhəmiyyəti yoxdur, onda elə burada – Nyu-Yorkda da çəkə bilərəm. Amma dəftərimdə cürbəcür ideyalarım var. Barselona üçün bir ideyam, Paris üçün başqa ideyam var. Hətta London üçün də plan var”.
Qadınlarla bağlı məsələ
Bundan başqa, Allen qadınlara göstərdiyi dərin diqqətlə də Berqmanı xatırladır. O da öz həyatındakı qadınları – həyat yoldaşlarını, sevgililərini tez-tez filmlərinə çəkib. Məsələn, Luiza Lasseri (“Pulları götür və qaç”, “Seks haqqında həmişə bilmək istədiyiniz, amma soruşmağa qorxduğunuz hər şey”), Dayan Kitonu (“Manhetten”, “Enni Holl”), Mia Ferounu (“Qahirənin bənövşəyi qızılgülü”, “Cinayətlər və pis əməllər”). Ferrou istisna olmaqla, digərləri Allenlə münasibətləri qurtarandan sonra da onun filmlərində çəkilməyə davam ediblər.
1970-ci illərdə Allen, demək olar ki, feministlərin dostuna çevrilir: maçoluqdan uzaq olan müəllif, filmlərindəki münasibətləri həm qadın, həm də kişi tərəfin gözü ilə eyni dərəcədə diqqətlə təsvir edir. Məşhur kino tənqidçisi Polin Keyl yazırdı: “O, öz gücünü dərk edir, amma bunu dünyaya göstərməyə qorxur”. Onun “Enni Holl” filmi (Ən yaxşı film, ssenari və rejissor işinə görə “Oskar” mükafatına layiq görülüb) Allenin bir rejissor kimi Dayan Kitona, onun anasına və bacılarına bəslədiyi heyranlıqdan yaranmışdı. Allen özü demişdi: “Kitonla çəkdiyim filmləri əvvəlcə özüm haqqında filmlər kimi düşünmüşdüm, Kitonun məni kölgədə qoyduğunu demirəm, amma hər halda filmlər nəticədə daha çox onun haqqında alınırdı”.
Allen Amerika kinosunda məxsusi olaraq qadın aktyorlar üçün dərin, ciddi rollar yazan ilk rejissorlardan biridir. O, başqalarının onu kölgədə qoya biləcəyinə alışmışdı. Yeniyetmə yaşlarında Allen onu “savadsız” hesab edən qadınlarla görüşməyə başladı: “Qızı görüşə çağırıram, o isə deyir: “Bu gün bir şey istəyirəm, o da Segoviyanı dinləmək”. Mən isə soruşuram: ‘Kimi?’ O cavab verir: “Andres Segoviyanı”. Mən isə onun nə dediyini başa düşmürdüm. Başqa biri deyirdi: ‘Folknerin filan romanını oxumusan?’ Mən cavab verirdim: ‘Mən komikslər oxuyuram. Ömrümdə bir kitab da oxumamışam.”
Beləliklə, gələcək rejissor ilk dəfə Çexovla və ona dərin təsir göstərmiş başqa yazıçılarla tanış olur. Allen özü-özünü yetişdirir və bu onda çox yaxşı alınırdı: həmin illərdə hər gün Metropoliten muzeyinə gedir və düz yarım saat bir eksponatı diqqətlə araşdırırdı. Ertəsi gün başqa eksponata, sonra üçüncüsünə keçir, aylar sonra artıq daimi sərginin bütün əsas incilərini əzbər bilirdi. O ki qaldı ədəbiyyata, Çexova Allenin təkrar-təkrar oxuduğu Tolstoy və Dostoyevski də əlavə olunur. (“Corc Staynerin bir tədqiqatını təzəcə oxuyub qurtarmışam, məni “İdiot”u yenidən oxumağa vadar etdi”, – deyə o, 1980-ci illərin sonlarında verdiyi müsahibədə deyirdi). Allen, Berqmana müraciət etmədiyi vaxtlarda, çox vaxt rus ədəbiyyatına üz tutur: “Sevgi və ölüm”, “Cinayətlər və pis əməllər”, “Kassandranın arzusu” kimi filmlər buna nümunədir.
Lakin bu gün, Vudi Allen qadınları filmlərində necə təsvir etdiyinə görə tez-tez tənqid olunur. Ötən il “The Washington Post” qəzetində bir məqalə çıxdı: müəllif Allenin arxivindən 56 qutu sənədi oxuyub və belə nəticəyə gəlib ki, Allen əslində çox bayağı insandır, çünki “qadınlardan ancaq seks istəyir”. Onun filmlərinin qadın personajlarını tez-tez elə Allenin özünün “avatarı” hesab edirlər, rejissorun sevimli aktrisalarının və ilham pərilərinin (yuxarıda sadaladığımız adlara Skarlett Yohanson və Emma Stouna da əlavə edirlər) olmağını bəzi tənqidçilər mizoginiya kimi şərh edir və onların “dahi kişinin ilham qaynağı olmaq” kimi alçaldıcı rolda olduğunu deyirlər.
Amma əslində bir rejissor kimi Alleni seks deyil, daha çox seksin mümkünsüzlüyü maraqlandırır. Nevroz daim onun filmlərinin qəhrəmanlarına həzz almağa mane olur. Məsələn, “Manhetten” filmindəki Ayzek obrazı yataqda ya yaş fərqinə görə (çünki sevgilisi onun qızı yaşındadır), ya da krandan gələn paslı suya görə narahat olur. Nəhayət, bütün bu problemləri həll edəndə isə işıqlar sönür və biz artıq növbəti səhnənin başladığını görürük. “Hanna və bacıları” filmində isə Mikki adlı obrazın görüşü alınmır, çünki onun fikri guya beynində şiş olması və həyatın mənasızlığı barədə düşüncələrlə məşğuldur.

Allenin qəhrəmanları çox vaxt qərar verə bilmirlər: bu qadınla münasibət qursunlarmı? Yoxsa ondan uzaq dursunlar? Bəlkə heç nə etməyib Marks qardaşlarının filminə getsinlər. Qısası, Allenin filmlərində seks ya qorxunc şey, ya da ən azı saysız-hesabsız problemlər mənbəyidir.
Allenin hansı filmlərinə (və hansı ardıcıllıqla) baxmalı:
“Manhetten”, “Sevgi və ölüm”, “Hanna və bacıları”, “Qahirənin al-qırmızı qızılgülü”.
Rus dilindən tərcümə etdi: Çimnaz Vəliyeva
Mənbə: https://www.kinopoisk.ru/media/article/4003505/