Ümid yalnız o tara idi…
Biri var idi, biri yox… Sahilsiz gecələri dindirən tar, tarzənin ifası ilə ümidə pənah aparan bir qız vardı. Kimsəsiz qalandan sonra həyatı alt-üst olmuş qızcığaz, hələ on beş yaşı olarkən cəmiyyət tərəfindən çirkli əllərə verilmiş, sabahı əzab olan gecələrə atılmışdı. O, onun qurbanı olduğu cəmiyyətin elə bir pəncərəsi vardı ki, həmin cəmiyyət yalnız görmək istədiklərini görər, eşitmək istədikləri üçün qulaqlarını şəkləyər, gözlərini qınanmalı olana kor edərdi. Bütün çirkinliklərin fərqində olan qadın illər sonra başqalarının həyatında öz həyatını məhv etmiş cəmiyyətin üzvünə çevrilir; özü də yuxu kimi olan dünyanın yatan sakininə tərəf boylanaraq. Amma onun yuxusu dünya kimi şirin yox, xatirələr qədər acıdır. Axı, L.Tolstoy söyləyib ki, “İstər yaxşı, istər pis olsun, xatirələr həmişə ağrı verir.” Vay o günə ki, yuxuna qonaq olan xatirələr ayılanda hafizəndən silinməsin, ya da özünü zehninin əbədi sakini zənn edib, kölgəntək addım-addım səni izləsin. Bax onda başlayır, necə deyərlər, həyatının keşməkeşli günləri. Eynən Zibeydənin həyatı kimi.
İnsanlar hələ də bir-birlərini cinsiyyətinə, statusuna, qabiliyyətinə və s şeylərə görə müxtəlif təbəqələrə bölürlər. Bu təbəqələrin alt qatında, yəqin ki, bədənlərini satmaqla pul qazanan, bununla da cəmiyyətin əxlaq normalarına zidd davranan fahişələr yer alır. İncəsənətin bütün sahələrində rastımıza çıxan bu mövzu Azərbaycan kinosundan da yan keçmir. Söhbət Şahmar Ələkbərovun 1989-cu ildə çəkdiyi “Sahilsiz gecə” filmindən gedir.
Onun yaradıcılığında xüsusi yer tutan “Sahilsiz gecə”, ekranlara çıxandan sonra təzyiq və tənqidlərin ünvanına çevrilsə də, bu, müəllifi bir o qədər də məyus etmirdi. Zibeydə obrazının ifaçısı Mehriban Xanlarovanın söylədiklərinə görə, Şahmar Ələkbərov xəstəliyinə baxmayaraq narahat olmur və bu cür halları normal qəbul edirdi.
Dram janrında olan film, yazıçı Elçinin “Toyuğun diri qalması” povesti əsasında ekranlaşdırılmışdır. Filmi əhəmiyyətli edən səbəblərdən biri, tabu sayılan səhnələrin mövcudluğu, həmçinin, rejissorun “fahişəlik” mövzusuna fərqli müstəvidən yanaşması idi. Kinematoqrafiyada bu mövzuda çəkilmiş şah əsərlərdən biri də İtaliya kinosunun incisi, Federiko Fellininin “Kabiriyanın gecələri” filmidir. Dahi Fellininin filmi mövzu baxımından “Sahilsiz gecə” ilə səsləşsə də, qəhrəmanların yaşadıqları talelər biri-birindən fərqlənir. Kabiriya yağışdan sonra günəşin işıq saçacağına ümid bəsləsə də, Zibeydə üçün bütün sabahlar vaxtsız solan gülə dönüb. Fellininin qəhrəmanı hər nə qədər fahişə həyatı yaşasa da, gələcəyə ümid bəsləyir və hər dəfə də “səni sevirəm” yalanlarına inanır. Sonda uğursuzluğa düçar olsa da, Kabiriyanın inamı, əslində, içində heç vaxt söndürmədiyi ümidin işarəsidir. Ümid dolu Kabiriyadan fərqli olaraq, Zibeydə onu sevən adama şans vermir. Bununla da üzünə açılan bütün qapıları bağlayır. Kabiriyanı digər tale yoldaşlarından və Zibeydədən fərqləndirən əsas xüsusiyyəti əsl sevgi tapmaq istəyidir. Zibeydədən fərqli olaraq onun bir məqsədi var. Onun üçün tanış olduğu kişilər xəyanətkar çıxmayana qədər əsl sevgilidirlər. Zibeydənin isə istər cavanlığının, istərsə də qocalığının seçəcəyi, ailə adlandıra biləcəyi ciddi münasibəti yoxdur. Kabiriya sahib olduğu şeylərlə xoşbəxt olmağı bacarır, Zibeydə isə bədbindir və hər şeyin çoxdan bitdiyini düşünür. Məhz buna görə də cəmiyyətin və insanların ondan gözlədiyi kimi davranır.
“Sahilsiz gecə” filmi baş qəhrəman Zibeydənin yuxugörmə səhnəsi ilə başlayır. Realda yataqda qıvrılan Zibeydənin röyasında onun qaranlıq gecələrinə işıq salan qızcığazı görürük. Bu qızcığaz qarşıdakı dəqiqələrdə sujetin sadiq xəyali obrazı, flashback səhnələrin açar personajına çevriləcək. Zibeydə daxilən özü ilə mübarizə aparsa da, taleyindən, eləcə də cəmiyyətdən küskün olsa da, üzdə alın yazısına biganə, vecsiz insan təsiri bağışlayır. O, daima dünən və bu gün arasında get -gəl yaşayır. Onun ahıl yaşda da rahatlıq tapmamasının səbəbi dünəndə qoya bilmədiyi, həyatını zəhərə çevirən puç olmuş gəncliyidir. Pulun satın aldığı gənclik… Tək qaldıqdan sonra asan yolla pul əldə etməyə başlayan Zibeydə müharibə dövrünü xüsusi vurğulayaraq yolunu “fahişəlik”dən salmağın qaçılmaz olduğunu düşünür. Rejissor, Zibeydənin cəmiyyət haqqında düşüncələrini kənddə bir-birlərini sevən iki gəncin sevgisi kimi ortaya qoyur. Belə ki, Zibeydə Ağagülü sevdiyi qızla birlikdə görəndə onları hədələyir və gördüklərini bütün kəndə yayacağını deyir. Ağagül onu susdurmaq məqsədilə məqsədilə “rüşvət” olaraq ona toyuq verir. Əslində, Ağagül bunu etməsə də, Zibeydə onların münasibətini kimsəyə söyləməyəcəkdi, çünki vaxtı ikən onun həyatını məhv edən cəmiyyətə yaxşı bələd idi.
Cəmiyyətdən “təcrid” olunmuş yeganə insan Zibeydə deyil. Tamaşaçı Zibeydənin gənclik illərindən gələn qadınlarla – vaxtilə onunla eyni taleyi yaşamış digər qəhrəmanlarla tanış olur. Bunlardan biri Dürdanə, digəri isə Dürdanəni kişilərə təqdim edən erməni Rozadır. Onlar arasında yalnız Dürdanə getdiyi yolun onu işığa yox, zülmətə apardığını bilir, taleyi ilə barışmır, mübarizə aparır və qələbə qazanır. Bu barışmazlıq, Roza ilə Dürdanə arasında fiziki münaqişəyə səbəb olur. Bir yanda Roza və Dürdanənin saçyolduya çıxmasını “tale və savaş”, digər tərəfdə Zibeydənin mahnı qoşaraq oynamasını “tale və sülh” adlandırmaq olar. Dürdanə, Zibeydə və Rozanın istehzalarına, ironiyalarina baxmayaraq, öz ayaqları üstdə dayanmağa, halal yolla pul qazanmağa çalışır. İki qadının illər sonra bazarda qarşılaşdığı səhnədə Zibeydənin oturaraq, Dürdanənin isə ayaq üstə duraraq danışması, yəni, Zibeydənin “aşağıdan yuxarı” baxması onların həyatda tutduqları mövqeni ifadə edir. Hər iki qadının həyatında mənfi rol oynayan, eyni zamanda öz həyatını puç edən üçüncü personaj Rozadır. Roza qayğısız və duyğusuz görünsə də, tamaşaçı onun duyğularını Zibeydə sonuncu ümidini itirəndə görür.
Qonşuda tar çalan oğlan, cəmiyyətin digər üzvlərindən fərqli olaraq, Zibeydənin yaşayış tərzini yox, daxilini görür. Zibeydə oğlanın ondan xoşu gəldiyini bilsə də, ona biganə yanaşır. Hətta bacısı, qardaşından uzaq durmağı tələb edəndə Zibeydənin münasibəti birmənalı olmur. O, oğlanın yoxsulluğundan şikayət edəndə həm özünə, həm də bacısına, əslində, oğlanı sevdiyini etiraf edir. Kabiriyanın ən böyük zəifliyi oğlanlara və insanlara güvənmək olduğu kimi, Zibeydənin də ən böyük səhvi heç kimə güvənməməsidir. Bu güvənsizlik ucbatından o, ailə sevgisi qazanmaq ehtimalını da itirir. Oxşar talenin rastlaşdırdığı bu üç qadın müharibə dövründə təkcə aclıqla yox, onları alçaldan insanlarla da savaşırlar. Həmin insanları biz tarçı oğlanın bacısı və Ağagülün sevgilisinin simasında görürük. Filmi maraqlı edən məqamlardan biri də odur ki, qadınları qınayanlar daha çox qadınlardır. Necə deyərlər, “Qadının düşməni qadındır”. Zibeydə ilə söhbətdən sonra Ağagülün ona yazığı gəlsə də, bu, Nisəyə təsir etmir. Baxmayaraq ki, Ağagül ona işi düşdüyü üçün qulaq asırdı. Eyni ilə bu qadınlarla əylənib, sonra onlara nifrət edən “insanlar” kimi. Rejissor “fahişələri” baş rolda göstərməklə, əslində, cəmiyyəti təqdim edir. Filmdə sırf günahkar, ya da sırf saf insanlar yoxdur. Bir yandan yaxşı olan hər kəs digər tərəfdən pisdir. İnsanların bir-birlərinə münasibəti, qeybətləri onları digərlərindən uzaqlaşdırır. Zibeydə də qeybət və önyarğılardan payını alır. İllər keçib çox şey dəyişsə də, gəncliyində Roza ilə Dürdanənin dalaşdığını eşitməsinlər deyə, mahnının səsini artırdığı qonşular ilə, Ağagülə göstərərək “o pəncərədən bu həyətə baxırlar” dediyi qonşuları eyni qalır. Zibeydə isə artıq sərtləşir və əvvəl kinayəli gülüşlər arxasında gizlətdiyi o ağrıları indi daşlaşmış qəlbinin bir küncündə gizlədir. Yalnız onunla eyni taleni seçən qadınlarla söhbətdə real mənliyinə qayıdır. Tamaşaçı Zibeydəni yalnız yuxularında gördüyü qız kimi tanıyır. Yazının əvvəlində “açar personaj” adlandırdığımız qızcığaz, on beş yaşında cəmiyyət tərəfindən kirlədilməzdən əvvəlki Zibeydədir. O hələ də qəhrəmanın yuxularının qaranlıq tərəfində, əlində çıraqla yaşayır.
Filmboyu Zibeydə taleyinə üsyan edən qəhrəman kimi görünsə də, əvvəldə olduğu kimi sonda da evini fahişələrə təqdim etməklə, əslində, “əməldə” heç nəyin dəyişmədiyini, əksinə başqalarının həyatında öz həyatını məhv edən cəmiyyətin üzvlərindən birinə çevrildiyini göstərir. Filmdə Zibeydənin cavanlığını – Mehriban Xanlarova, uşaqlığını İnarə Zeynalova, ahıl yaşını isə Oğuldurdı Məmmədquliyeva canlandırır. Zibeydənin cavanlığını oynamaq üçün cəsarətli aktrisa tapılsa da, yaşlı vaxtını ifa etmək üçün Türkmənistandan aktrisa dəvət olunub.
“Sahilsiz gecə” filmi bugünkü tamaşaçının mühakiməsinə verilsə, zənnimcə, ssenari müəllifinin, rejissorun və aktyorların dərin qatlarda gizlətdikləri və demək istədikləri bir çox mətləblərə geniş prizmada işıq sala bilər.
Elza Axundova / redaktə: Aygün Aslanlı