İNDİ OXUYUR
“Toz bezi” haqqında…

“Toz bezi” haqqında…

Yaylıq, dəsmal bir çox zamanlarda və coğrafiyalarda  sevgi nişanəsi olaraq əhd-peyman, ayrılıq, razılıq rəmzi sayılır. Şekspirin “Otello”sundan bizim bayatılara qədər, ədəbiyyatda hər cür dəsmal var. Bəs sarı rəngli toz bezi necə, qadından xatirə ola bilərmi? Həm də, bir yox, yüzlərlə qadından?

Ahu Öztürkün rejissorluğu ilə 2015-ci ildə çəkilən “Toz bezi” adlı türk filmi buna cəhd edir. Müəlliflər evlərə təmizliyə gedən Nəsrin və Xatunun əhvalatı ilə Türkiyənin sosial gerçəkliyinin ən müxtəlif qatlarına toxunur. Sinfi, gender, etnik ziddiyyətlər onların simasında dərinləşir.

Nəsrin (Asiyə Dinçsoy) kiçik qızı ilə şəhərə gəlib kirayədə qalan və evlərə gedib xadimə işləyən kürd əsilli qadındır. Film onun əri Cəfonu axtarması ilə başlayır. Cəfo Nəsrini yaşamaq uğrunda mücadilədə tək buraxıb. Nəsrin ona qəzəblidir. Həm də, onu işləməməkdə, evə pul gətirməməkdə danladığı üçün, getməsinə səbəb olduğu üçün özünü qınayır. Cəfo itkindir. Filmin sonunda Nəsrin də itkin düşəcək. Toz kimi yoxa çıxacaq. Gerçəkliyin silib atdığı yüzlərlə cəfolar, nəsrinlər kimi. Amma bundan əvvəl film asta templə, Nəsrinə nəfəs qədər yaxınlaşır, onun rəfiqəsi, məsləkdaşı Xatunun (Nazan Kesal) münasibətlərinin incəliklərində, qırılmaz bağlarında “ayaq saxlayır”. Ən vacib olan odur ki, bu asta temp müəllifdən, onun rejissor üslubundan yox, qəhrəmanın özündən, sabit, dayanıqlı çarəsizliyindən, ağır həyat yükündən gəlir.

“Toz bezi” filmindən kadr

Nəsrin də, Xatun da orta sinfə mənsub olanların evinə təmizliyə gedirlər. Xatunun daha əvvəl şəhərə köçdüyünü, bu işdə artıq təcrübəsinin olduğunu Nəsrinlə söhbətlərindən də artıq aktrisa Nazan Kesalın ustalıqla ötürdüyü təmkinindən, arxayınlığından, bivec rahatlığından öyrənirik. Daha sonra isə çalışdığı evlərin sahibələrinə yarınmasından, vəziyyətə uyğunlaşmaq bacarığı və sahibələrə bəslədiyi nifrətdən onun artıq çoxdan bu işdə çalışdığını yəqinləşdiririk. Görürük ki, ev sahibələri arasındakı məzmunsuz çəkişmədə alət olmağa razılaşan Xatun ona ikinci sinif yanaşmanı da qəbul edib. Hətta ev sahibələrinin qəhvə stoluna “gəl sən də otur” kimi aşağılayıcı tonla dəvət olunan Xatun, onu çərkəz sanmalarından sonra hansısa fəhmlə öz etnik kimliyini gizlədir, özünü çərkəz kimi tanıdır. Xatun onunla eyni qayğıları bölüşməyən ərinin mütləqiyyətini laxlatsa da, tanımağa məcburdur. Dolayısı ilə, Xatun ərinə partnyor, həyat yoldaşı kimi yox, barışmalı olduğu gerçəklik kimi yanaşır.

“Toz bezi” sıradan həyatların üzərindən sosial gerçəkliyin dərin bağlarını, əlaqələrini göstər bilir. O göstərir ki, bütün sinfi, gender, etnik, status bölgüləri şərtidir, şəraitdən asılı olaraq dəyişə bilər, amma həm də onların davranışda, yanaşmadakı təzahürləri yolxucudur, psixologiyada, sosial normalarda kök salır.

Məsələn, bir epizoda nəzər salaq. Nəsrin Xatunun evində qonaq olarkən Xatunun öz əri Seronu danlamasına şahid olur. Mübahisədə Nəsrin Seronu müdafiə edərkən Xatun dözmür, Nəsrinə öz ərini necə qovduğunu, evdən didərgin daldığını xatırladır və Nəsrini təhqir edir. Daha sonrasa, ondan borc istəyən Nəsrinə pulu varkən, imtina edir. Çarəsizliyini bilə-bilə ondan acıq çıxır.

Azacıq iqtisadi və resurs üstünlüyü olan Xatunun Nəsrinə bunu həməncə xatırlatması nə deyir? Iki eyni sosial sinfə, etnik kimliyə, cinsə xas adamların bu toqquşması nədir? Mənəvi deqradasiya? Psixoloji böhran? Yoxsa daim onu aşağılayan ev sahibələrinin yerində olmaq həvəsi? Ya da hamısı?

Bütün hallarda Nəsrinə dayaq olacaq adam yenə də Xatun olur. Onları həddən çox şey birləşdirir. Nə evində işlədiyi hüquqşünasın sığortalı iş vədi özünü doğruldur, nə onun yalançı feminist motivasiyası Nəsrinə güc verir.

Nəsrin ümidsiz bu günü ilə tutqun sabahı arasında çıxış yolu axtarır. Borclar üst-üstə gəlir, həyat yoldaşı ortada yoxdur, ən yaxın rəfiqəsi  Xatun da onun yoluna işıq sala bilməz. Bir də qızı… Nəsrin çıxış yolunu qızı ilə gizlənpaç oynarkən tapır: qızı ilə oynayan ananın fikirli-qüssəli “Biz kayb olduq. Biz kayb olduq” təkrarlarına birdən sevinc tonu qoşulur-yol bu imiş-yox olmaq. Cəfo kimi…

“Toz bezi” filmindən kadr

Beləliklə, “Toz bezi” filmi yalnız  sosial gerçəkliyi yox,  onun mürəkkəb məzmun əlaqəsini göstərmək çabasıyla seçilir. Ahu Öztürkün bu fimi toz kimi görünməz olan bu qadınların adından yaylıq əvəzi toz bezini yelləyir – onları görsünlər deyə. Deyəsən nail də olur: mən filmlə kino xəbərlərindən deyil, tv verilişlərindən birindən tanış oldum; sosial sığorta haqda müzakirələr açan, evlərdə təmizlikçi kimi çalışan qadınların sosial sığorta qazana bilməməsini vurğulayan  verilişdə “Toz bezi” filmi izləmiş təmizlikçi qadınlardan biri“Bizi anlatırdı o film…”-  deyə ağlamışdı.

Kinonun gücü məhz budur: “Sizi düşünən biri var” – deyə təsəlli etmək…

Toza çevrilən həyatları haraylamaq…

Yolun insanlardan keçdiyini anlatmaq (icazənizlə, Fellininin Celsominasını xatırladım)…

“Sevgi yoxdusa, yol yoxdu”- pıçıldamaq…

Və ekranın işığını onlardan əsirgəmədən onlara sevgi dolu qucaq açmaq…

 Razılaşın ki,  bu, onlara sosial sığorta qazandırmaqdan daha böyük işdir. Ki, yerli kinomuzda hansısa sosial qrupun həyatına fokuslanan, onun problemlərini verilişdə müzakirəyə çevirən film onsuz da yoxdur. “Toz bezi”nə ehtiyacımız var. İstər film kimi, istər görünməyən işçi sinfin əmək bayrağı kimi…

Aliyə Dadaşova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya