İNDİ OXUYUR
Tanrının qisası

Tanrının qisası

Bir canavardan daha vəhşi olsam belə, mənim də yaşamağa haqqım yoxdur?

On beş il müddətində bir otağa bağlı olaraq keçirdiyiniz hayatın ardından, azadlıqdan məhrum olmağınızı “alın yazısı” adlandırıb bunu sizə yaşadanların izinə düşməyərək onları əfv edərdiniz, yoxsa bu illərin içinizdə bəslədiyi canavarın istəyini – qisas almağı seçərdiniz? Sualı cavablandırmağa tələsməyin, belə ki sizə danışacaqlarımda Tolstoyun “insanı yaşadan sevgidir” prizması Pak Çxan Ukun yaradıcılığı ilə birləşərək intiqamı, yaratdığı zövqdən doğan fəlakətlərlə birlikdə gözlər önünə sərir. Filmin ilk səhnələrində biz içki audəçisi olan, irəliləyən dəqiqələrdə tamaşaçının halına yanacağı Dae-su adlı personajı qızına ad günü üçün aldığı mələk qanadları ilə birlikdə  polis şöbəsində görürük. Həmin gecə o naməlum insanlar tərəfindən qaçırılaraq on beş il bir otağa həbs edilir. Bu illərin tamamında hafizəsi silinərək azadlığa buraxılan Dae-su, əslində, azadlıq adlı daha böyük həbsxanaya məhkum olur. Belə ki, əfvi deyil, qisası seçən qəhrəman, düşmənlərlə oyun oynamağa çalışarkən əslində özüylə oyun oynadığının fərqində deyil. Hələlik isə iki əks qütbün yaratdığı ahəngin müəllifi olan Pak Çxan Ukla  tanış olaq. Şiddət mövzulu hekayələri, qan və vəhşət dolu səhnələrinə görə Koreya kinosunun Tarantinosu adlandırılan rejissorun beynəlxalq aləmdə ilk debütü 2003-cü ildə lentə aldığı “intiqam” trilogiyasının ikinci filmi olan “Oldboy” filmi olmuşdur.


Trilogiyanın 3-cü filmi olan “İntiqam” xanıma mərhəmət” filmində də mövzu digər iki film də olduğu kimi intiqamdır. “İntiqam” xanıma mərhəmət” filmində Jeum-ja 13 illik ədalətsiz həbsxana həyatından sonra intiqam almaq üçün  planlar qurur onu Dae-sudan fərqləndirən əsas xüsusiyyətlərdən biri də budur. Dae-su 15 illik türmə həyatıboyu yalnız bir neçə dəfə intihara cəhd etdikdən sonra intiqam arzusuna qapılır və Jeum-jadan fərqli olaraq Dae-su intiqamdan sonrakı həyatı haqqında düşünmür. Mido ilə bağlı bir xəyalı, ya da gələcək arzusu yoxdur. Daha sonra həbsxanada etdiyi çıxışda Jeum-ja dedi: “Biz bilirik ki, içəridəki hər kəs, hamımız günahkarıq”.  Kamera ilə göz təması quraraq bu sözləri birbaşa deyən Jeum-ja əslində, birbaşa tamaşaçını hədəf alır.  “İçəridə olan hər kəs” dediyi yer təkcə həbsxana ilə məhdudlaşmır.   “Oldboy” filmində olduğu kimi, Jeum-ja daha böyük otaqdan və otaqda həbs olunmaqdan danışır. Bu dünya həbsxanadır və içindəki hər kəs günahkardır. Trilogiyanın bütün filmlərində qəhrəmanlar intiqam alsalar belə, xəyal etdikləri ya da əvvəl mövcud olan həyata qayıda bilmirlər. Rejissor trilogiyanın ümumi ideyasını belə təsvir edir: İntiqam arzusu sizi xoşbəxt edir və ancaq xəyallarınızda olanda sizi cavanlaşdırır. Amma həqiqətən intiqama gəldikdə, səni heç vaxt xoşbəxt etmir. Çünki, bu  axmaqlıqdır İntiqam real olmadığı təqdirdə psixi sağlamlığınız üçün yaxşıdır. Ancaq, onu əbədi olaraq təxirə salmaq lazımdır.


Hələ gənc yaşlarından filmlərə marağı olan Pak Çxan Uk ingilis dili biliyi aşağı olduğu üçün personajların jest və mimikalarından hadisələri anlamağa çalışırdı. Və təsadüfi deyil ki “Oldboy” filmində tamaşaçı, sözlərdən çox bədən dilinin təsirinə düşür. Bunlara misal olaraq irəlidə haqqında danışacağım Vu-Jinin intiharöncəsi iri planda göstərilən simasındakı təlatümü və filmin final səhnəsində Dae-sunun yaşadığı qeyri-müəyyənliyi üz cizgilərində sezə bilirik. Rejissoru özəlləşdirən xüsusiyyətlərdən biri də Qədim Yunan faciələrindən təsirlənərək insest kimi tabu bir mövzunu filmin mərkəzinə qoymasıdır. (Yeri  gəlmişkən, ilk insest mövzulu Azərbaycan filmi Abbas Mirzə Şərifzadənin  müəllifi olduğu 1923-cü ildə lentə alnan “Qız qalası” filmidir.) Filmdə Dae-su ilə qızı, Vu-Jin ilə bacısı arasında insest münasibət mövcuddur. Qədim sivilizasiyalarda insest geniş yayılmışdır. Misirdə fironlar adətən qanı qorumaq və hakimiyyəti gücləndirmək üçün öz qohumları ilə evlənirdilər. Qədim  Yunanıstanda isə insest, krallığın müsbət bir əlaməti olaraq qiymətləndirilirdi. Hətta Qədim Yunan mifologiyasına nəzər yetirsək, insestin onlar üçün olduqca normal olduğu qənaətinə  gələ bilərik. Bu miflərdən biri də baş tanrı olan Zevs və onun bacısı, eyni zamanda həyat yoldaşı olan Heradır. Yunan faciələrinə müraciət eyni zamanda xarakter analizində də nəzərə çarpır. Dae-Sunun adı Sofoklun məşhur əsəri Oedipus Rexə (Edipə) istinad olaraq seçilmişdir. Edip Apollon tərəfindən lənətlənmişdir. Onun taleyində Atasını öldürüb anası ilə evlənmək yazılmışdır. Edib bu taledən qaçmaq üçün şəhər dəyişdirsə də əslində doğma atasını öldürüb anası ilə evlənərək kəhanəti yerinə yetirir. Həqiqəti eşidəndən sonra isə gözlərini çıxararaq dilənçi kimi dolanmağa başlayır. Və uca tanrı Apollonu təmsil eden Vu-Jin Dae-su üçün taleyin iplərini incə-incə toxuyan tanrı ya da sadəcə vicdanını rahatlamaq və yaşamaq üçün “günah keçisi” tapan bir aşiq və qardaşdır. Dae-su ilə eyni yaşda olmasına baxmayaraq, geyimi və daim səliqəli saç quruluşu ilə Dae-sudan gənc və baxımlı görünür.  On beş illik əsarətin əvvəlindən intiqamını aldığı günə qədər  Dae-su ilə Mi- donu izləyir. Intiqamını alsa belə rahat ola bilmir, çünki dərinlərdə bir yerdə bacısını tuta bilməyən özünü günahlandırır və o əli ilə öz canını alaraq məskəni olan Olimp dağının zirvəsindən yerə enir. Mido, filmin digər personajlarından fərqli olaraq daim rəngli geyimlər geyinir. Hekayənin əvvəlindən sonuna qədər intiqam hissindən uzaqda qalan yalnız o olur və filmin əvvəlində Dae-suda olan mələk qanadları sonda Mi-doya çatır. Dae-su artıq aldadılan yox aldadan tərəfə keçir və həqiqəti Mi-dodan gizlədir.


Diqqət cəlb edən mövzulardan biri də hipnozdur. Hipnoz – təlqinə əsaslanan süni yuxu və ya yuxu-oyanıqlıq arası prosesdir. Filmdə biz iki səhnədə hipnoz görürük birinci hipnozu Vu-jin Dae-sunu azadlığa buraxmazdan əvvəl hafizəsini silmək üçün istifadə edir. Bu hipnoz Dae-sunu həbsxanadan xilas edərkən, ikinci hipnoz isə onu vicdan yükündən xilas edir.  Rejissor, intiqamı əsas mövzu kimi seçsə də onu çıxış yolu kimi göstərmir. Dae-su həqiqəti öyrənib Vu-jin ilə üzləşməyə gedərkən Mido vasitəsilə ona seçim şansı verilir və o, Midonu dinləyib onunla yeni bir həyat üçün getsəydi bəlkə də sona qədər içindəki canavarla üzləşmədən xoşbəxt yaşayacaqdı. Vu-jinin ofisinə getmək üçün yığılan 64 rəqəmi öz müqəddəratını təyinetmə və azadlıq mənasını verir. Həqiqətlər üzə çıxıb sevdiyi qadının əslində qızı olduğunu öyrənən Dae-su  cəsarət və hirsini unudub ilk səhnədəki aciz halına qayıdaraq Vu-jinə yalvarmağa başlayır. Bundan sonra Dea-su Edipdən fərqli olaraq, taleyin iplərini əlinə alır və hipnoz vasitəsilə hafizəsini sildirir. Son səhnədə filmboyu həyat fəlsəfəsi olaraq qəbul etdiyi “Gülsən, dünya səninlə gülər, ağlayanda yalnızsan” fikrinə sadiq qalaraq ağlayan gözlərlə kameraya gülümsəyir. Gülənin Dae-su yoxsa canavar olduğunu təyin etməksə tamaşaçıya buraxılır.


On il sonra, 2013-cü ildə rejissor Spayk Li “Oldboy” filminin remeykini çəkdi. Ancaq bu film ilk filmə nisbətən uğursuz alındı. Xüsusilə, Pak Çxan Ukun filmində tamaşaçını şoka salan hesablaşma və final səhnəsinin yerini verə bilmədi. Final bölümündə tamaşaçı on üç il həbs edilib dili kəsilən Dae-suya rəhm etməklə, qızını aldadaraq onunla olmağa davam edən adama nifrət etmək arasında qalarkən, Spayk Linin versiyasında Co Douset qızını tərk edib gedir.

Elza Axundova

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya