İNDİ OXUYUR
Təbiət/insan – 1:0

Təbiət/insan – 1:0

Mixael Dyudok de Vit, 6-cı “Animafilm” festivalı çərçivəsində Bakıda qonaq idi. Oskar namizədi, seçilmiş tammetrajlı filmini yerli auditoriyaya özü təqdim etdi, masterklass keçdi. Onun Bakıda təqdim etdiyi “Qırmızı tısbağa” filmi kino aləmində xeyli rəğbət qazanmış, haqqında müsbət rəylər yazdırmağı bacarmış bir işdir. Bu filmin dünyasına girmək bir qədər çətindir, çünki ənənəvi təhkiyədən uzaqdır. 2016-cı ildə dialoqsuz film çəkmək cəsarəti elə bu ənənədən qaçmağa dair ən böyük dəlillərdən biridir. Rejissorun “Qırmızı tısbağa”dan daha əvvəl diqqətçəkən başqa bir filmi də var.

“Ata və qız”


Söhbət 2001-ci ildə “Ən yaxşı qısametrajlı animasiya” kateqoriyasında Oskar qazanmış “Ata və qız” animasiyasından gedir. Səkkiz dəqiqəlik bu filmə baxan zaman, rejissorun filmlərə baxışını, istifadə etdiyi süjetləri qurmasını və yanaşmasını sezmək olur. “Ata və qız” da eynilə “Qırmızı tısbağa” kimi dialoqsuzdur. Maraqlı məqam odur ki, rejissor dialoqdan qaçmağa çalışsa da, səslərdən və musiqilərdən effektiv şəkildə istifadə etməyi bacarır. “Ata və qız” filmi, velosipedlə bir təpəyə çıxan, daha sonra sağollaşaraq qayığa minərək uzaqlaşan ata ilə qızın melanxolik və emosional hekayəsidir. Gün batımında uzaqlaşan qayığa baxan qız, atasının bir gün geri qayıdacağına ümid edir. O, həyatını bu ümidlə keçirir. gəncliyindən ahıl yaşınacan velosipedlə həmin təpəyə gəlir. Gedən və bir daha geri qayıtmayan atasının xiffətini çəkir. Rejissor bütün bu hissləri elə ustalıqla ötürür ki, vaxtsız itirilən bütün yaxınların üçün keçirdiyin bu hissi yaşadığını xatırlayırsan. Filmdə velosiped siqnalı sanki bir leytmotiv rolunu oynayır və vaxtın keçdiyinə işarədir. Hər dəfə bu səslə zamanın bir az daha ötdüyünü, atanın isə geri qayıtmadığını vurğulayır. Üstəlik, sahilin müxtəlif fəsillərdə və havalarda olan gözəlliyi də “Ata və qız”ı vizual olaraq cəlbedici edir. Finalda onlar nəhayət qovuşurlar. Rejissor bu həlli də özünəməxsus edib və qısa vaxtda vurucu film çəkməklə öz ustalığını təsdiq edib.

Dyudok de Vit, baş verən təkrarlara, vərdişlərə xüsusi diqqət ayırır, üstəlik, həyatın silsiləviliyini qabardaraq insan ömrünün faniliyini vurğulayır. Bu fanilik qarşısında isə insan acizdir. İtirdiklərimiz, qazandıqlarımız, keçmişdə olanlar və gələcəkdə baş verəcəklər bizdən əvvəl də gerçəkləşib, bizdən sonra da olacaq. Belə olan halda isə biz ən yaxşı halda başımıza gələnləri qəbul edərək ondan dərs çıxarmalı, yeni həyata uyğunlaşmalı və yaşadığımız hər andan zövq almalıyıq. Hər nə qədər həyat təkrarlansa da, bizim sadəcə bir dəfə yaşamaq şansımız var və onu boşa vermək – əlimizdəki dəyərli sərvəti saymamaq kimi bir şeydir. Rejissorun bu münasibətini faş etməyim təsadüfi deyil, çünki “Qırmızı tısbağa” filmində də məhz bütün hekayəsini bunun üzərində qurur.

“Qırmızı tısbağa”


Filmin giriş səhnəsində Hokusayın “Kanaqavada böyük dalğa” rəsmindən qopub gəlmiş kimi görünən canlı dalğalar bir binəvanı öz ağuşuna alıb, o boğulmaq üzrədir. Onun bura necə düşdüyü, başına nə gəldiyi tam aydın olmasa da, gəmisi batmış adam olduğu aydındır. Müəllifin yapon incəsənətinə xüsusi marağı var və buna görə də, Hokusayın məşhur əsəri ilə oxşarlıq anlaşılandır. Həm də “Qırmızı tısbağa”nın məşhur yapon “Studio Ghibli” animasiya studiyasının istehsal etdiyi ilk xarici film olduğunu nəzərə alsaq, mənzərə daha da aydın olar. Studiyanın digər animasiya filmlərində də gördüyümüz ekoloji problemlər, təbiətin füsunkar təsviri və insanın yaşadığı mühitlə, ələlxüsus, təbiətlə əlaqəsi “Qırmızı tısbağa” üçün də xarakterikdir.

Gəmisi batmış adam özünü kimsəsiz, bambuk ağacları ilə dolu, sıldırım qayalarla əhatələnmiş bir adada tapır. Bu adada balaca yencəklərdən, üfüqdə uçan quşlardan, ada yaxınlığında üzən balıqlardan savayı heç kim yoxdur. Burada insan izi yoxdur və sanki heç olmayıb. Adsız qəhrəman isə adada yaşamaq istəmir. Onun üçün yenidən “əsl həyat”a qayıtmaq vacibdir. Buna görə də dəfələrlə sal düzəldərək adadan uzaqlaşmağa çalışır. Ancaq bu adamın salı hər dəfə müəmmalı qüvvə tərəfindən parçalanır və adadan uzaqlaşmaq mümkünsüzləşir. Bir neçə cəhddən sonra sirri-xudanın səbəbini açılır: Onun qarşısını alan böyük dəniz tısbağasıdır, üstəlik, rəngi də qırmızıdır. Artıq, “günahkar” məlumdur. Sahilə yumurta qoymaq üçün çıxanda isə adam ondan qisasını alır. Onu dəyənək zərbəsi ilə vurur, sonra isə ölümə tərk edir. Bundan sonra baş verənlər isə filmin əsas sehrli məqamları olduğu üçün təfərrüatlara varmıram.

“Qırmızı tısbağa”


Müəllif filmboyu tez-tez geniş mənzərələrinə, təbiətin böyüklüyünə vizual vurğular edir. Təbiət daxilində isə insan hər zaman kiçik yer tutur. İnsan və təbiət arasındakı bu kontrastı vizual dillə göstərərək filmin əsas qayələrindən birini də ifşa etmiş olur. İnsan heç də həmişə düşündüyümüz kimi hər şeyə sahib olan, qüdrətli bir varlıq deyil. Bizim etməli olduğumuz böyüklük iddiasından imtina edərək təbiətlə harmoniyada yaşamağı seçməyimiz, onu sevməyimiz olmalıdır. “Qırmızı tısbağa”da da yuxarıda qeyd etdiyim kimi hadisələr dövriləşir. İnsan həyatının müxtəlif dövrləri göstərilir. Sonda isə bütün hadisələr təkrarlandıqdan sonra balans bərpa olunur.

Dyudok yenə səslərdən və musiqidən eleqant şəkildə istifadə edir. Quşların səsi, insanın çığırtısı, qəzəbi, xırda həşəratların torpağa toxunuşları, həyatın qulaq verməli olduğumuz gözəllikləri yenidən canlanır və “Qırmızı tısbağa”nın füsunkarlığına yeni çalarlar əlavə edir. Filmdə hekayədən-süjetdən daha çox, əhval əsas yer tutur. Rəng seçimləri, yuxu kimi gecələr, reallığın yuxu ilə qarışaraq birlikdə əriməsi vizual olaraq çoxqatlı dünya yaratmağı bacarır. Hekayəni mənalandırmaq və yekdil qərara varıb mövzunun nə olduğunu bəyan etmək çətindir. Çünki burada gənclik həvəsini də, insan təbiətinin amansızlığını da, sevgini də, təbiətə məftunluğu da qabartmaq mümkündür. Hər izləyici üçün ayrı mənaya açıq olması, filmin gücündən xəbər verir. Nə məna çıxarmaqdan asılı olmayaraq, sonda hipnotik və füsunkar vizuallıqdan zövq alaraq zalı tərk etmək “Qırmızı tısbağa”nın bizə əsas vəd etdiyi təcrübə və zövqdür.

Mixael Dyudok de Vit, VI “Animafilm” festivalında


“Animafilm” festivalının təşkilatçılarına bu cür maraqlı filmi seçib yerli auditoriyaya geniş ekranda nümayiş etdirdiyinə, müəllifi Bakıya dəvət edərək onunla insanlar arasında ünsiyyətə şans yaratdığına görə xüsusi təşəkkür düşür. Bu cür nümayişlər də, ünsiyyətlər də yeni nəsil animatorlarımız, rejissor arzusunda olmaq istəyənlərimiz üçün ilham mənbəyidir. Bu cür nümayişlərin və qonaqların daha çox olmasını diləyirəm. Animasiyalarda olan və başqa heç yanda təkrarı olmayan bu gözəllikləri tamaşaçılarımız üçün yaxın etmək təqdirəlayiqdir.

Hacı Səfərov

© 2024 Azərbaycan Kinematoqrafçılar İttifaqı.
Bütün Hüquqlar Qorunur.

Yuxarıya